Ziyəddin Sultanovun "Qarabağnamə"si
Xalqın, ölkənin, dövlətin
tarixi təkcə keçmişi öyrənmək, dəyərləndirmək
deyil, həm də və ən ümdəsi ondan nəticə
çıxarmaqdır. Tarixi faktların konstatasiyası - sadəcə
qeyd olunması əsas deyil, bu faktları dərsə, nəticə
çıxarmağa çevirmək əsasdır. Tarix -
yaradanların və araşdıranların obyektidir. Bəzən
hansısa etinasızlığın, diqqətsizliyin
ucbatından tarixi yaradanlar unudulur, tarixi faktlar yaddan
çıxır və illər keçəndən sonra həmin
faktların ortaya çıxma zərurəti yarananda naəlac
qalıb dizimizə döyəsi oluruq. Ermənilərin
neçə əsrdən bəri Azərbaycana qarşı
davam edən torpaq iddiaları və saxta bəhanələrlə
törətdikləri qətliamlara özümüzün
uzunmüddətli etinasızlığımız son illərin
ağır faciələrinin bünövrəsi rolunu
oynadı.
Üzeyir
Hacıbəylinin "Fitnələr qarşısında"
kimi düz bir əsr bundan əvvəlki xəbərdarlıq
publisistikası, M.S.Ordubadinin Azərbaycanın müxtəlif
bölgələrində ermənilərin həyata
keçirdiyi soyqırım faktlarının
xronologiyasını ustad bir reportyor peşəkarlığı
ilə ifadə edən "Qanlı sənələr" əsərini
və neçə-neçə bu tipli klassik publisistika
nümunəsini qəsdən gizlətməyimizin bizə nəyə
başa gəldiyini izah etməyə ehtiyac yoxdur. Lakin gec də
olsa, faciəvi də olsa, Qarabağ hadisələri bizi
oyanmağa, tarixi mənbələrin qiymətini, qədrini
bilməyə səslədi. Qarabağ uğrunda
savaşın ilk illərində isə erməni vəhşətinin,
erməni xislətinin nələr törədə biləcəyinə
etinasızlığımıza son qoyuldu. Nə yaxşı
ki, bu gün Azərbaycan dövlətinin yeni inkişaf məqamlarında
milli mənafelərimizin beynəlxalq aləmdə qorunması
ilə bağlı möhtəşəm işlər
görülməkdədir. Xocalı soyqırımının
20 illiyi ilə bağlı ölkə Prezidentinin xüsusi sərəncamından
qaynaqlanan ümumxalq tədbirləri bu faciənin şəksiz
faktlarını beynəlxalq ictimaiyyətə açıb
göstərdi. Şuşanın işğalının 20
illiyi ilə bağlı Prezidentin yeni sərəncamından
irəli gələn tədbirlər məcmusu Ermənistanın
Azərbaycana qarşı daha bir vəhşiliyini dünyaya
yenidən tanıtdırmaqdadır.
Bunları
etmək və qiymətləndirmək üçün tarixi
hadisələrin fakt kimi əldə olması lazımdır.
Tarixin və tarixçilərin, siyəsətin və siyasətçilərin
söykəndiyi belə faktlar nə qədər qeydə
alınsa, ədalətin qələbəsinə inam o qədər
çox olur. Ədalətlə deyək ki, Qarabağ
uğrunda savaş tarixinin ən müasir mərhələsi
bizim jurnalistlərimizin və publisistlərimizin əsərlərində
özünün geniş əksini tapmış və
tapmaqdadır. Əlbəttə, bu əsərlərin tarixə
birbaşa fakt verəcək nümunələri də var,
üzdən işlənmiş, mahiyyəti o qədər də
dəqiq ifadə etməyən qrafoman tipləri də.
Tarix saf-çürük etməyi, həqiqəti təxəyyüldən seçməyi yaxşı bacarır. Ermənistanın Azərbaycana qarşı planlı və himayəli müharibə faktının bütün gerçəkliyini öz publisistikasında və bədii yaradıcılığında dolğun əks etdirən sənətkarlarımız sırasında Ziyəddin Sultanovu ayrıca qeyd etmək vacibdir. Onun şahidi olduğu, bəzən birbaşa iştirak etdiyi ölüm-dirim səhnələri əvvəlcə canlı reportajlar şəklində qəzetlərdə dərc edilib. Macal düşəndə isə bu faktlar genişhəcmli bədii-publisistik əsərlərin mövzusuna çevrilib. Beləliklə, onun "Qarabağın qara günləri", "Xocalı faciəsi", "Ağdərədən gələn var", "Burdan bir atlı keçdi", "Əsirlər... girovlar... itkilər", "Ölüm sevinməsin qoy", "Ürək dözmür ayrılığa...", "Göylərdən gələn gəlin" və s. kitabları meydana çıxmışdır. Bu kitabların hamısında Qarabağ savaşının canlı şahidinin göynərtili ürəyi döyünür. Bunlar hamısı qəmli bir dünyanın həqiqət dastanıdır.
Bu əsərlərin inandırıcılıq gücünü təmin edən, oxucunu hadisələrin canlı şahidinə çevirən önəmli bir fakt var. Ziyəddin Sultanov kitablarından birinə yazdığı ön sözdə bu barədə deyir: "Tale elə gətirib ki, mən hadisələrin əvvəlində də, gedişində də, elə indi də keçmiş "Kommunist", indiki "Xalq qəzeti"nin bölgə müxbiri kimi Qarabağda yaşayır və işləyirəm. Daha dəqiq desək, maşınların daşa basılmasından tutmuş, silahlı hücum və basqınlara, kəndlərin, qəsəbələrin, şəhərlərin işğal olunmasına, genişmiqyaslı döyüş əməliyyatlarına, müharibəyə, nəhayət, atəşkəs illərinə qədər hər şeyin canlı şahidiyəm..."
Zaman keçir və Ziyəddin Sultanov Qarabağda şahidi olduğu hadisələri ədəbi yaradıcılığın çeşidli janrlarında yenidən və daha böyük ustalıqla bizə təqdim edir. Tənqidçi Vaqif Yusiflinin çox dəqiq müşahidəsi ilə desək, "Ziyəddinin 90-cı illərdən üzü bəri yazdığı bədii və publisistik yazıların hamısı bir yerdə müasir "Qarabağnamə" adlana bilər.
Bəli, Ziyəddin Sultanovun "Qarabağnamə"sinin özü də bir qəhrəmanlıqdır. Azərbaycanın görkəmli tənqidçiləri, filoloq və siyasətşünasları bu əsərlərin qiymətini vermişlər. Mən bu yerdə V.Yusiflinin bir xatırlatmasını da qeyd etməyə bilmirəm. V.Yusifli Z.Sultanovun hələ 1993-cü ildə nəşr olunmuş "Xocalı faciəsi" kitabına ön söz yazmış böyük tənqidçi, yazıçı və publisist Qulu Xəlillinin iki sətrini misal gətirir: "Bu əsər ("Xocalı faciəsi"- C.M.) gələcəkdə erməni fitnəkarlığının şirin, yağlı, fitnəkar, aldadıcı, zəhərli-irinli dillərinə, sözlərinə inanmamaq üçün xəbərdarlıqdır. Bu əsər gələcəkdə yaranacaq Xocalı Epopeyasının girişi-müqəddiməsi sayıla bilər". Çox böyük, həm də dəqiq qiymətdir.
Hələ 19 il bundan əvvəl Q.Xəlillinin bu cür yüksək qiymət verdiyi "Xocalı faciəsi" Z.Sultanovun yeni nəşr olunmuş "Ürək dözmür ayrılığa..." kitabının birinci povestidir. Bu kitab yazıçı-publisistin şahidi olduğu isti hadisələrə indi bir az soyuqqanlı nəzər salmağa, onları saf-çürük edib ən önəmlilərini genişləndirməyə imkan tapdığı bir vaxta düşür. "Ürək dözmür ayrılığa" sənədli povestlərin və sənədli hekayələrin toplandığı bir kitabın adı baş vermiş hadisələrin, acı talelərin, bütöv bir elatın dərdini, ələmini, faciəsini dəqiq ifadə edir.
Kitabdakı əsərlərin həm həcm, həm də siqlət etibarı ilə ən böyüyü "Xocalı faciəsi"dir. Müəllifin yer üzərindən silinmiş bir şəhərin faciəsini sənədli povestdə ümumiləşdirməsi təsadüfi deyil. Z.Sultanov yaradıcılıq faktının bu forması ilə təkcə Xocalının-bir Azərbaycan şəhərinin deyil, belə bir tale yaşamış şəhərlərin ortaq obrazını yaratmışdır. Təsadüfi deyil ki, müəllif yeri gəldikcə, o illərin Fərqanə, Alma-Atı, Tblisi, Vilnüs hadisələrini xatırladır. Xatırladır ki, bu şəhərin hər biri Xocalı taleyini yaşaya bilərdi. Amma bu taleyi Xocalı yaşadı... Niyə? Bu suala sənədli povestdə aydın cavab tapmaq mümkündür.
Əsərdəki hər sərlövhə bir faciə faktı olsa da, bu faktların hər biri həm də xalqın, millətin igidlik nümunəsi kimi səslənir. "Haray" Xocalı sakinlərinin fəryadıdır. Amma paytaxtdan "imdad diləyən Xocalı sakinləri hər dəfə fəryad çəkdikcə səsləri Qarabağ dağlarında əks-səda verib özlərinə qayıdır, daşqəlbli millət rəhbərlərinin heç bircə tükü də tərpənmirdi". Bu sətirləri oxuyuram və o dəhşətli günlərin hadisələrini yenidən yaşayıram. Düşünürəm ki, publisistika bədii sözdən həqiqətə daha çox yaxınlığı ilə bax belə məqamlarda fərqlənir.
Xronologiyanın ardıcıllığı diqqət çəkir: "Haray"dan sonra, "Xocalı qan içində", "Telefonçu qızlar..." Bakı, Bakı! Mən Xocalıyam! Eşidirsinizmi? Xocalı od içindədir! Eşidirsinizmi? Od yağır deyirəm, od... Kömək lazımdır, kömək!
Heyhat! Bakı Xocalını eşitmirdi..."
Mən bu sətirləri nə qədər ixtisarla köçürməyə çalışıram, heç cür alınmır. Çünki, bu sətirlərdəki böyük həqiqət onların adicə bir leksemini də ixtisar etməyə imkan vermir. Digər tərəfdən, bu sətirlərdə oxucunu hadisələrin canlı şahidinə çevirən peşəkar bir reportyor üslubu var. Ona görə də həmin anı olduğu kimi təkrar etməkdən başqa əlac yoxdur.
Povestin son səhifələri Xocalı qaçqınlarının sonrakı taleyi barədə qəmli bir hekayə təsiri bağışlayır. Və bu tale, bu faciə millətin şəxsi dərdinə, harayına çevrilir. Hələ qaytarılmamış torpaq, qaçqın düşmüş adamların yurd həsrəti, düşməndən alınmamış intiqam hissi suallar doğurur: "Xəcalət tərini silməyin vaxtı çatmayıbmı?... Qulaqlarımız dəli bir nərə, kəsilməyən bir hayqırtı həsrətindədir...Gözlərimiz doğrudan-doğruya barmaqların tətiyi çəkəcəyi, qılıncın qından çıxacağı günü görmək intizarındadır.
Ürəyimiz suya həsrət torpaq kimidir, çadar-çadar olub: bir ləngərli hərəkət, bir sıçrayış, bir hücum sorağındadır. Bəs nə vaxt?!" Bu sətirlər və bu son sual içində millət, xalq, torpaq qeyrəti olan hər kəsi hər an ölüm-dirim savaşına hazır olmağa səsləyir. "Xocalı faciəsi" sənədli povestindən doğan son və böyük nəticə bu sualın altındadır.
"Ürək dözmür
ayrılığa..." kitabının ikinci
irihəcmli sənədli povesti
"Göylərdən gələn gəlin"dir. Bu əsər də Qarabağ faciəsinin publisistik ifadəsidir. Lakin povestdə
konkret insan taleləri, real obrazlar var.
Həm də sənədli povestin janra uyğun formatı kimi bu obrazlar hadisələrin
həqiqi iştirakçılarıdır,
müəllifin şəxsən
tanıdığı, kimliyini
bildiyi insanlardır.
Povest Laçının təsviri
ilə başlayır.
Və elə təkcə bu təsvirin bədii-publisistik detalları
belə bir məkanın düşmən
əlində olmasını
yenidən bir dərdə, ələmə
çevirir. Əsərin baş obrazı Səma erməni xislətinin qurbanı olmuş, öz torpağında əsir düşmüş yüzlərlə
azərbaycanlı qızlardan
biridir. O, həqiqətən,
Laçın kəndlərindən
birində doğulub, xoşbəxt bir həyat üçün böyüyüb və bu xoşbəxtliyi ermənilər tərəfindən
əlindən alınan
real qadındır.
Kitabda Z.Sultanovun
xeyli sənədli hekayəsi də təqdim olunur. Bu hekayələrin də əksəriyyəti Qarabağ
faciəsinin qurbanlarını,
qaçqın, köçkün
talelərini əks etdirir. "Üzü
bəri baxan dağlar, mənim sizdə anam qaldı". Folklordan,
aşıq yaradıcılığından
gələn "üzü
bəri baxan dağlar, mənim sizdə nəyim qaldı?" abstrakt, lirik sualına Z.Sultanov konkret cavab verir: "Mənim sizdə anam qaldı". Beləcə "İşıq
həsrəti", "Fəryad",
"Anamdan bir yaylıq qaldı",
"Kəlbəcərdən gələn var" və s. sənədli hekayələr real insan talelərinin bədii-publisistik
təqdimatı ilə
yazıçının izlədiyi,
təlqin etdiyi ideyalarını konkretləşdirir:
Düşmən amansızdır,
yağı heç vaxt sənə dost ola bilməz. Unutqanlığa son qoymaq,
düşmənin düşmən
olduğunu heç vaxt yaddan çıxartmamaq!
Z.Sultanovun öz əsərlərində
təlqin etdiyi qayə, məslək bunlardan ibarətdir.
Cahangir MƏMMƏDLİ,
Bakı Dövlət Universiteti
jurnalistika fakültəsinin
kafedra müdiri, professor,
İctimai Teleradio Yayımları
Şurasının sədri
Xalq qəzeti.- 2012.-
22 aprel.- S. 7.