Toy kimindir?

 

Məşhur komediyanın adını yazının sərlövhəsinə təsadüfən çıxarmamışam. Əslində Almaniyadan gələn qonağım olmasaydı və onu bir toya aparmasaydım, bəlkə də bu mövzunu hələ uzun müddət beynimdə götür-qoy edəcək, "yazım, yazmayım" dilemması qarşısında qalacaqdım.

 

... Təyyarə vağzalında qarşılayıb mehmanxanada yerləşdirdikdən sonra "yaxın bir adamın toyudur, amma tez gələcəyəm" - deyib ayrılmaq istəyirdim ki, qonağım "bəlkə məni də aparasınız, görüm azərbaycanlıların milli toyu necə olur" dedi. Ürəyimdə razı qalmasam da qonağın xahişini yerə sala bilmədim. Ona görə narahat idim ki, son vaxtlar keçirilən toyların böyük əksəriyyəti millilikdən, adət-ənənədən uzaqdır, cansıxıcıdır, necə deyərlər, ağız deyəni qulaq eşitmir.

Vaxtilə Moskvada təhsil aldığından rus dilini pis bilmirdi. Tərəddüd etməyimi sanki hiss etmişdi və yolda dedi ki, "tez qayıdarıq, siz də, mən də yorulmuşuq".

... Toy yenicə başlamışdı. İçəri daxil olanda qonaq heyrətlə mənə baxıb zalı göstərdi. Musiqinin səsi imkan verməsə də, belə başa düşdüm ki, toyda bu qədər qonağın olduğunu birinci dəfə idi görürdü. Stollardan birinin arxasına keçib əyləşdik. Qəlyanaltıların, salatların, içkilərin, meyvələrin əlindən stola yaxınlaşmaq mümkün deyildi. Mənim üçün çoxdan tanış olan mənzərə yanımdakı üçün yeni və həm də heyrətamiz idi. Nəsə dedi, yenə eşitmədim. Masabəyinin yanında kimsə çığıra-çığıra mənasız bir şeir deyirdi. Qonağımın bu dəfə cidd-cəhdlə qışqıraraq qulağıma dediyi sözləri eşitdim: "Niyə ona heç kim qulaq asmır, hərə öz işindədir" sualına sadəcə gülümsəməklə cavab verdim. Bir də başımı qaldıranda gördüm ki, stolumuza qulluq edən oğlan meyvələri doğrayıb, onlara müxtəlif bəzək-düzək vuraraq, giləmeyvələrə, üzüm dənələrinə çöplər sancaraq iri bir vazaya yığaraq üzümə irişir, "Müəllim, şəxsən sizin üçündür" dedi. Düzü utandım. Axı başqa stollar da var idi. Qulluq edən özünü toy sahibi kimi aparırdı. Sanki bu mer-meyvə onun pulu ilə alınmış və o da qonağının qulluğunda dayanmışdı.

Mikrofonu əlinə alan cılız bir qız oxumur, sadəcə bağırırdı. Qonaq artıq nə deyirdisə, heç birini eşitmirdim. Masabəyinin bir-bir hamıya söz verməsi, bəylə-gəlinin bütün qohum-əqrəbasını, dost-tanışını təkidlə zalın ortasına çağırması qonağı xeyli təəccübləndirdi.

Artıq bir saata yaxın idi burada idik. Qonaq bir-iki dilim almadan başqa heç nə yeməmişdi. Birdən "sizin milli yeməyiniz hansıdır?" - deyə soruşdu. Çaşıb qaldım, stola bir də baxdım. Milli yeməkdən savayı hər nə desən vardı. "Olacaq, dedim, - axırda aş gətirirlər, bax, o bizim milli xörəyimizdir".

Vəziyyətin yaxşı olmadığını görüb foyeyə çıxdım və evə zəng edərək yemək süfrəsi açmağı tapşırdım. Sonra da başımın ağrıdığını bəhanə edərək qonağı tələsik şadlıq evindən uzaqlaşdırdım...

Bu hadisədən neçə ay keçməsinə baxmayaraq, hələ də unuda bilmirəm və mənə ağır gələn odur ki, toylarımız əldən gedir. İndi onlar sanki özünü reklam, dəbdəbəli paltarlar, 40-50 çeşiddə yeməklər və bahalı maşınların yarışına çevrilib. Dəqiq desək, nənə-babalarımızın yaratdığı, uzun illər qoruyub saxladığı bu mərasimlər təəssüf ki, son zamanlar öz mahiyyətini dəyişərək eybəcər hala salınmaqdadır. Digər tərəfdən toylarımıza yad ünsürlərin yol tapması narahatlıq doğurur.

Qədimdən bəri xalqımız sevgi-məhəbbət anlayışını çox uca tutmuş, ailəni müqəddəs hesab etmiş, iki gəncin vüsal saatını, hər bir yeni ailənin yaranması məqamını toy adlandırmışdır. Ümumiyyətlə, hər bir xalqın toy və ya yas mərasimləri, digər adət-ənənələri onun dünyagörüşünü, fəlsəfi baxışlarını, bütövlükdə dəyərlər toplusunu özündə əks etdirir. Amma bu gün toylarımız, necə deyərlər, əldən gedir. Toylarda, obrazlı desək, toy edənlərə də, toyda iştirak edənlərə də "toy tutulur".

Toylardakı israfçılıq elə bir həddə çatıb ki, artıq onun qarşısını da almaq olmur. Əslində yeni ailə quranların gələcəyi üçün yığılan pullar elə həmin gün şadlıq evlərinə, görünməmiş yemək-içməyə, musiqiçilərə gedir. Mən ailə tanıyıram ki, bir ildir oğul evləndirib, amma hələ də borc qaytarır. Bunun bir günahı restoran sahiblərində, musiqiçilərdə olsa da, digər günahı elə toy yiyəsindədir. "Qonşudan geri qalma" prinsipi ilə hərəkət edən toy sahibi borca-xərcə düşür, bahalı restoranda həmin ziyafəti təşkil edir, 5-10 min manata müğənni dəvət edir və s.

Bir baxın. Əslində təzə qurulan ailənin təməli israfçılıqla qoyulur. Sanki hamı bir-biri ilə yarışa girişib: kim daha çox, daha müxtəlif, çeşidli yemək verə bilər?! Məgər bir stolda da on cür salat olar? Axı bunların əksəriyyətinə heç əl də vurulmur. Amma onun pulu toy sahibindən alınır. Başqa yeməklər, qəlyanaltılar, içkilər də onun kimi. Qəribədir ki, restoranların və şadlıq evlərinin öz menyuları var. Toy sahibi keçsə də ondan kənara çıxa bilməz. Bir dəfə dostumun oğlunun toy məclisini təşkil etmək üçün şadlıq saraylarından birinin sahibinə dedim ki, salatların sayını azalt. Qayıtdı ki, müəllim, bu salatın ikisi bizim şadlıq evinin özünün resepti əsasında hazırlanıb, adını da özümüz qoymuşuq, onu süfrəyə qoymasam olmaz, bu bizim bir növ reklamımızdır. Təəccüblüdür, istəmədiyin yeməyin pulunu sən verməlisən ki, kimsə özünü reklam edəcək.

Toylarımıza yad, bayağı ünsürlərin daxil olması onları, sanki, bizdən uzaqlaşdırır. Çoxlu misallar çəkmək olar. Lakin bir yanda bunların hamısını sadalamaq mümkün deyil. Məsələn, son vaxtlar bəyin gəlin maşınını özü sürməsi dəbə minib. Bəyin öz maşını olsa, yenə dərd yarıdır. Bir də görürsən, heç bir sürücülük vərdişi olmayan, hətta sürücülük vəsiqəsi olmayan bir adam başqasının maşınına əyləşir, şəhərdə hərəkət edir. Amma heç kim fikirləşmir ki, bu, həmin günün qanqaraçılığına, hətta yasa səbəb ola bilər. Bu işdə ağsaqqallar, ağbirçəklər öz sözlərini deməli, ağıllı məsləhətlər verməlidirlər.

Toy mərasimlərində "ən yaralı yerlərdən" biri musiqiçinin səsinin həddindən artıq uca olmasıdır. Yəqin fikir vermisinizsə, toyun şıdırğı getdiyi bir vaxtda foyedə əyləşib kofe içənlərin, söhbətləşənlərin sayı içəridə olanlardan çox olur. Mən heç kimi qınamıram. Axı bu səs-küyə, mənasız çıxışlara, bayağı mahnılara kim dözər?!

Bir dəfə eləmədim tənbəllik, özümlə toya bir disk apardım, verdim musiqiçilərə ki, yazın. Sevindilər. Elə bildilər ki, onların çıxışının pərəstişkarıyam. Toy qurtaranda diski götürüb musiqiçilərə qaytarıb dedim: aparın evdə qulaq asın, özünüz bu səsə dözə bilsəniz, qaytararsınız mənə. Təəccüblə bir-birlərinin üzünə baxdılar.

Toy əylənmək, istirahət etmək üçün bir mərasimdir. Ora yaşlı da gəlir, cavanı da. Ziyalısı da olur, fəhləsi də. Gərək burada dinlənilən hər musiqi, ayrı-ayrı adamların ürək sözləri ölçülüb-biçilsin. Hər adama mikrofonu vermək düzgün deyil. Bəzən sərxoş olan birisi mikrofonu götürüb ağzına gələni danışır, şeir deyir, bəzən oxuyur. Ətrafdakılar - qadın, uşaq, qoca onu qətiyyən maraqlandırmır. Belə olmaz.

Toy böyük bir tədbirdir. Ona uzun müddət hazırlaşmaq lazımdır. Hətta ssenari yazılmalıdır. Kimlərin çıxış etməsi, danışması nəzərə alınmalıdır. Əslində belə çıxışlara heç ehtiyac da yoxdur.

Toy kimindir? Yəqin sualın konkret də cavabı var: əlbəttə, yeni evlənənlərin, onların valideynlərinin. Bəs belədirsə, onda nə üçün şadlıq saraylarında nəyi diqtə eləsələr, musiqiçilər necə çalsalar, qulluq edənlər özbaşınalıq etsələr, biz dözməliyik və normal insanın ömründə bir dəfə olan unudulmaz mərasim xoş təəssürat kimi yaddaşımızda qalmamalıdır?

Lap yaxın vaxtlara kimi yas mərasimləri də bu vəziyyətdə idi. Artıq bir çox bölgələrdə, o cümlədən yaşadığım Gəncə şəhərində vəziyyət düzəlir. Yas mərasimi ilk 3 gün ərzində yekunlaşır. Hüzr sahibinin ona dəyən ikinci ağır zərbədən canı qurtarır.

Toylarımızı da qaydaya salmaq mümkündür. Biz demirik ki, əvvəlki kimi çadır toylarına qayıdaq, keçmişi olduğu kimi təkrar edək. Yox, zaman, dövr dəyişir. Yaxşı nə varsa, onunla ayaqlaşmaq lazımdır.

Amma keçmişimizi, adət-ənənələrimizi unutmamalıyıq. Milli xörəklər, milli rəqslər yaşadılmalıdır. Müxtəlif məzmunlu, lakin soy-kökümüzlə bağlı, xalqın ənənəsinə yad olmayan elementlərə üstünlük verilməlidir.

Son vaxtlar Gəncədə evlənənlər toydan əvvəl Nizami Gəncəvinin məqbərəsini ziyarət edir, onun sanki xeyir-duasını alırılar. Şəhər rəhbərliyi məqbərənin özünü, onun ətrafını sanki cənnətə döndərib. Elə ulu Nizaminin yeri behiştlikdir, müqəddəsdir, belə də olmalıdır. Toy karvanının məqbərədən şənlik evinədək uzandığını görəndə insanın qəlbini fərəh, iftixar hissi bürüyür.

"Xalq qəzeti"ndə bu mövzuda yazılara geniş yer verilməsi təqdirəlayiq haldır. Təbliğatımız güclü olmalıdır ki, yuxarıda bəhs etdiyim hallar tədricən aradan qaldırılsın. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun qəzetinizdə dərc olunmuş "Sevinc və kədər - hara qədər?" yazısından sonra bu qənaətə gəlmişdim ki, mən də həmin mövzuda öz fikirlərimi bildirim. Yalnız alman qonağı gəldikdən sonra bəzi fikirlərimi kağız üzərinə köçürə bildim. Nə dərəcədə alındı, deyə bilmərəm.

 

 

Ramiz MƏMMƏDOV,

Azərbaycan Müəllimlər İnstitutu

Gəncə filialının direktoru,

fizika-riyaziyyat elmləri doktoru,

professor, respublikanın əməkdar

müəllimi

 

Xalq qəzeti.- 2012.- 22 aprel.- S. 5.