Nərimanov rayonunda cari ilin birinci rübünə yekun vurulmuşdur

 

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirildi. Yığıncaqda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrdən bəhs olundu, rayonun cari ilin ilk üç ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binası foyesindəki büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər. İdarə, müəssisə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanları rəhbərlərinin və rayon fəallarının iştirak etdikləri tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrin ölkənin bütün şəhər və rayonlarında geniş müzakirə edildiyini diqqətə çatdırdı.

Sonra hesabat məruzəsi ilə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A. Fərzəliyev aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən həmin iclasda müzakirə edilən hər bir məsələnin Nərimanov rayonunun sosial-iqtisadi həyatı üçün də müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayan natiq diqqəti rayonun sosial-iqtisadi inkişafı istiqamətində cari ilin üç ayı ərzində görülmüş işlərə, əldə olunmuş uğurlara yönəltdi.

Qeyd olundu ki, 2012-ci ilin birinci rübünün yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş, bu müddət ərzində xidmətlər də daxil olmaqla 422,9 milyon manatlıq məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrünə nisbətən 1,6 faizlik artım qeydə alınmışdır. Bu dövrdə istehlakçılara 416,3 milyon manatlıq sənaye məhsulu göndərilmişdir ki, bu da ümumi məhsulun 98,4 faizini təşkil etmişdir. Sənaye müəssisələrində işləyən 9104 nəfərin orta nominal əmək haqları 17,5 faiz artaraq 381,8 manata çatmışdır. Ötən müddətdə rayon ərazisində yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 631 daimi iş yeri yaradılmışdır. Hesabat dövründə əsas kapitala ümumi investisiya qoyuluşunun həcmi 6,2 milyon manat təşkil etmişdir. Rayonun inşaat sektorunda da yüksək göstəricilər əldə edildiyini diqqətə çatdıran məruzəçi bildirdi ki, cari ilin ilk üç ayında tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcmi 144,9 milyon manat təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 2,7 faiz artım müşahidə olunmuşdur.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi 62,2 milyon manata çatmışdır ki, bu da keçən ilin ilk rübü ilə müqayisədə 17,2 faiz çoxdur. İlin əvvəlindən rayonun ticarət sahəsində də əhəmiyyətli inkişafın baş verdiyini diqqətə çatdıran natiq bildirdi ki, yanvar-mart aylarında ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 204,2 milyon manat, əhaliyə göstərilən ictimai-iaşə xidmətinin həcmi isə 18,2 milyon manat təşkil etmiş, bu sahələrdə müvafiq olaraq 3,5 və 88,9 faizlik artım qeydə alınmışdır.

Hazırda Nərimanov rayonunda mühüm sosial və digər infrastruktur layihələrinin uğurla həyata keçirildiyini diqqətə çatdıran natiq ölkə Prezidenti İlham Əliyevin bu ilin ilk rübü ərzində dörd dəfə adı çəkilən rayonda olaraq bir sıra vacib obyektlərin rəsmi açılışlarında şəxsən iştirak etməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Rayonda dövlət başçısının tapşırığı və bilavasitə nəzarəti altında iri infrastruktur layihələrinin icrasının uğurla davam etdirildiyini vurğulayan məruzəçi Azərbaycanın simvoluna çevriləcək Heydər Əliyev Mərkəzinin inşası ilə bağlı həyata keçirilən işlərdən bəhs etdi, rayon ərazisində aparılan digər abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə bağlı ətraflı məlumat verdi. Bu baxımdan Koroğlu Rəhimov küçəsi ilə Fətəlixan Xoyski prospektinin kəsişməsində, metronun "Gənclik" stansiyası ərazisində yeraltı yol ötürücüləri və avtomobil dayanacağının inşa olunması, Vaqif prospektinin genişləndirilməsi, Ziya Bünyadov prospektinin, eləcə də "Dədə Qorqud" parkının və yaxınlıqda yerləşən binaların fasadlarının yenidən qurulması işlərinin sürətlə davam etdirildiyini diqqətə çatdırdı.

A.Fərzəliyev rayonun abadlaşdırılmasının, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılmasının, həmçinin bir sıra ünvanlarda zərurət üzündən sökülməsinə qərar verilmiş yaşayış binalarının sakinlərinin tam təmirli mənzillərlə təmin olunmasının razılıqla qarşılandığını bildirdi. O da qeyd olundu ki, yaxın zamanlarda rayon üzrə daha 400-450 ailənin mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. 2012-ci ilin ilk üç ayı ərzində Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda transformatorlar quraşdırılmış, hava xətləri əsaslı təmir edilmiş, yeni elektrik dirəkləri basdırılmış, köhnə sayğacların elektron tipli sayğaclarla əvəz olunması davam etdirilmişdir. Yanvar-mart ayları ərzində Nərimanov Rayon Su Kanal Departamentinin su şəbəkələri və qurğularının istismarı xidməti tərəfindən müxtəlif ünvanlarda 120 ədəd nasos, 96 ədəd mühərrik və 126 ədəd siyirtmə təmir olunmuş, 282 paqonometr boru dəyişdirilmiş, kanalizasiya şəbəkəsinin yeniləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Rayon Qaz İstismar İdarəsi tərəfindən isə yeni magistral qaz kəmərləri çəkilmiş, tənzimləyici şkaf və qurğular təftiş edilmiş, yeniləri quraşdırılmışdır.

Məruzəçi rayonun təhsil və səhiyyə sahələrinin fəaliyyətindən də söhbət açdı, əldə olunmuş uğurlardan bəhs etdi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirləri diqqətə çatdırdı.

Məruzə ətrafında çıxış edən digər natiiqlər də cari ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində uğurlu göstəricələrin əldə olunmasını son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərin məntiqi nəticəsi kimi dəyərləndirdilər. Ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirdilər.

Şura iclasına yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev qeyd etdi ki, rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, sakinlərin daha rahat və firavan yaşamaları, çalışmaları və istirahətlərinin təşkili üçün qarşıda çox mühüm və ciddi vəzifələr qoyulmuşdur. Həmin vəzifələrin yerinə yetirilməsi, dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək. Şura iclasında qarşıda duran vəzifələrdən söhbət açıldı, onların həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verildi.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 22 aprel.- S. 5.