Suraxanı rayonunda 2012-ci ilin birinci
rübünə yekun vurulmuşdur
Suraxanı rayonunda Nazirlər
Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə
həsr olunmuş hesabat yığıncağı
keçirilmişdir. Hesabat yığıncağında
Suraxanı rayonunda cari ilin birinci rübündə
görülmüş işlərə yekun vurulmuş və
qarşıda duran vəzifələr müzakirə
olunmuşdur.
Hesabat məruzəsi
ilə çıxış edən rayon icra hakimiyyətinin
başçısı İlqar Abbasov məlumat vermişdir
ki, qəbul edilmiş dövlət proqramlarının
icrası ilə əlaqədar Suraxanı rayonunda ötən
dövr ərzində xeyli iş görülmüşdür.
Rayonun müəssisələri tərəfindən
sözügedən dövrdə 83,9 milyon manatlıq iş
yerinə yetirilmiş, bir işçinin orta aylıq əmək
haqqı 497 manata çatmış, müəssisələrdə
və firmalarda 773 nəfər yeni iş yerləri ilə təmin
olunmuşdur.
Rayon icra
hakimiyyətinin və İqtisadi İnkişaf Naziriliyinin
Sahibkarlığa Kömək Milli Fondunun birgə təşkilatçılığı
ilə sahibkarlar üçün növbəti kredit
yarmarkası keçirilmiş, 4 sahibkara 50 min manat məbləğində
güzəştli kreditlər verilmişdir.
Zığ
dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil
yolunun və Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən
keçən hissəsinin ətrafında dekorativ divarların
tikilməsi, xüsusi layihə əsasında növbəti
5-ci parkın salınması işlərinə
başlanılmış, yolun kənarlarının
yaşıllaşdırılması və
abadlaşdırılması işləri davam etdirilmişdir.
Yeni Günəşli yaşayış sahəsində yeni
parkın salınmasına başlanılmışdır.
Hövsan
qəsəbəsinin İ.Əhlimanov, E.Qasımov və E.Məmmədov
küçələrində yerləşən çoxmərtəbəli
yaşayış binalarında 9 964 kvadratmetr
ölçüdə dam örtüyü metal keramika ilə
örtülmüşdür. "Atəşgah məbədi"
tarix-memarlıq qoruğunun ətrafının
abadlaşdırılması, Heydər Əliyev prospektini
"Atəşgah məbədi" ilə birləşdirən
S.Bəhlulzadə və V.Balandin küçələrində
yerləşən qeyri-yaşayış obyektlərinin
fasadlarının təmir olunaraq rənglənməsi işləri
davam etdirilmişdir.
Qəsəbələrarası
yollara və məhəllədaxili ərazilərə 20 min
kvadratmetr asfalt örtüyü salınmış, Yeni
Suraxanı qəsəbəsinin "Aşağı qəsəbə"
və "Yuxarı mədən" küçələrində
2551 metr yeni kanalizasiya xətti çəkilmiş, qaz və
elektrik şəbəkələrinin qurulması davam
etdirilmişdir.
Natiq
bildirmişdir ki, Hövsan-Binə-Dədə Qorqud-Bahar qəsəbələrinin
ətrafında 300 hektar ərazidə müvafiq torpaq işlərinin
görülməsi, suvarma sisteminin qurulması və ərazinin
yaşıllaşdırılması, Hövsan qəsəbəsində
və Hövsan kəndində əkin və həyətyanı
sahələrin su təminatının
yaxşılaşdırılması məqsədi ilə
215,7 kilometr uzunluğunda boru xəttinin yenidən qurulması
və digər müvafiq işlərin görülməsi
işlərinə başlanılmışdır. Hazırda
Bülbülə qəsəbəsində 640 şagird yerlik
yeni məktəb binasının, 85 saylı məktəb
üçün 480 şagird yerlik əlavə tədris
korpusunun tikintisi davam etdirilir. Rayonun 89, 101, 104, 279, 280, 290
saylı məktəblərin, 2 saylı uşaq evinin, 262, 273
saylı körpələr evi-uşaq
bağçalarının, 12 saylı birləşmiş
şəhər xəstəxanasının, 31 saylı şəhər
poliklinikasının əsaslı təmirinə, 2 saylı bərpa
xəstəxanası üçün yeni binanın tikintisinə
başlanılmışdır.
Hövsan
qəsəbəsində şəhid ailələri və
Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli
9 mərtəbəli yaşayış binası inşa edilir.
Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava
Limanı avtomobil yolundan Qala stansiyasına və dənizin
sahilinə gedən avtomobil yolu tikilir.
Ümumi
sahəsi 160 hektar olan Zığ gölünün və onun ətrafında
neftlə çirklənmiş torpaqların təmizlənməsi
məqsədi ilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən layihə hazırlanmış və
işlərin görülməsinə
başlanılmışdır.
Başçı
həmçinin diqqətə çatdırmışdır
ki, göstərilən dövrdə rayonda bir çox
ictimai-siyasi tədbir keçirilmiş, idarə və müəssisələrin
kollektivləri, rayon sakinləri, o cümlədən gənclərlə
aparılan təbliğat işləri zamanı rayonun Heydər
Əliyev Mərkəzinin geniş imkanlarından istifadə
edilmişdir. Vurğulanmışdır ki, ölkəmizdə
idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının
genişləndirilməsi, gənclərin müntəzəm
şəkildə idmana cəlb olunması, əhalinin
bütün təbəqələri arasında sağlam həyat
tərzinin formalaşdırılması məqsədi ilə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
2012-ci il "İdman ili" elan edilmişdir. Hər il
olduğu kimi, bu il də rayonu təmsil edən
idmançılar beynəlxalq yarış və turnirlərdə
mühüm uğurlar qazanırlar. Aprel ayının 8-16-da
Türkiyədə keçirilmiş
ağırlıqqaldırma üzrə Avropa
çempionatında iştirak edən "Nəhəng"
İdman klubunun yetirmələri Əfqan Bayramov birinci yerə,
İntiqam Zairov isə üçüncü yerə layiq
görülmüşlər. Dövlət Proqramına əsasən
rayonda "Gənclər evi"nin tikintisinə
başlanılmış, Bülbülə qəsəbəsində
mini-futbol meydançasının, Qaraçuxur qəsəbəsində
Olimpiya idman zalının, Yeni Günəşli
yaşayış sahəsində Şahmat məktəbinin və
süni örtüklü mini-futbol meydançasının
tikintisi üçün torpaq sahəsi ayrılmış və
yaxın günlərdə tikinti işlərinə
başlanacaqdır.
Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların problemlərinin həlli, onlara göstərilən diqqətin artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi işi də rayonun dövlət orqanlarının daim diqqətindədir. Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 266 nəfərdən 150 nəfəri işlə təmin olunmuş, 32 nəfərə işsizlik müavinəti təyin edilmiş, 12 nəfər peşə hazırlığı kurslarına göndərilmişdir. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən rüb ərzində 204 yeni sosial müavinət təyin edilmiş, ailələrə 1,278 milyon manat məbləğində ünvanlı sosial yardım, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 28103 təqaüdçüyə 12,54 milyon manat pensiya ödənilmişdir.
Göstərilən dövr ərzində RİH başçısı tərəfindən 195 nəfər vətəndaş qəbul olunmuş, səyyar görüşlər keçirilmiş, qaldırılan məsələlərin həlli yolları birgə müzakirə edilərək aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Görülmüş və görüləcək işlər, mövcud problemlər və onların həlli yolları barədə sakinlərə ətraflı məlumat verilməsi üçün KİV-dən, rayon ərazisində quraşdırılmış məlumat lövhələrindən və müasir informasiya köşklərindən geniş istifadə edilir.
Hesabat yığıncağında Milli Məclisin deputatı Fərəc Quliyev və digər şəxslər çıxış etmişlər.
İclasın sonunda icra hakimiyyətinin başçısı İ. Abbasov rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə, böyük qətiyyətlə ölkəmizi irəliyə aparan Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmiş və əmin etmişdir ki, həmişə olduğu kimi, bundan somra da dövlət başçısının ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcək.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 24 aprel.- S. 6.