Dövlət qayğısı neftçiləri yeni nailiyyətlərə ruhlandırır

 

Son illər ölkə iqtisadiyyatının lokomotivi sayılan neft sənayesinə dövlət qayğısının artırılması, neftçilərin rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bundan əlavə, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Neft Şirkəti artıq modern bir quruma çevrilmiş, neft sənayesinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütərəqqi texnologiyaların tətbiqinə diqqət artırılmışdır. Bütün bunların nəticəsidir ki, son illər ölkə neftçiləri neft və qaz hasilatına dair dövlət tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirirlər.

 

Neft sənayesində əldə olunmuş uğurlardan "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin kollektivinə də xüsusi pay düşür. "Bibiheybətneft" NQÇİ ölkəmizin neft sənayesinin ən qocaman neftçıxarma müəssisələrindən biridir. Məlumat üçün bildiririk ki, Azərbaycanda ilk dəfə neftin sənaye üsulu ilə çıxarılmasına məhz "Bibiheybət" sahəsində başlanmışdır. Gələn il dünyanın neft sənayesi üçün son dərəcə əlamətdar olan həmin hadisənin 165 ili tamam olur. Ötən illər ərzində ölkəmizin neft sənayesinə mühüm töhfələr vermiş "Bibiheybətneft" NQÇİ-nin adı həmişə qabaqcıllar sırasında çəkilmişdir. Artıq neftçıxarmanın son mərhələsini yaşamasına baxmayaraq, idarə bu gün də neft və qaz hasilatına dair proqnoz tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirir. Bu baxımdan ötən ili uğurla yola salan kollektiv həmin nailiyyətləri cari ildə də təkrarlamaq niyyətindədir. Elə müəssisənin 2012-ci ilin ilk üç ayının təsərrüfat fəaliyyətinin nəticələri də bunu deməyə əsas verir. Belə ki, hesabat dövründə idarə üzrə 29950 ton əvəzinə 31485 ton hasil edilərək proqnoz tapşırığı 105,1 faiz yerinə yetirilmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 850 ton və ya 2,8 faiz çoxdur. Bundan əlavə, ilin ötən üç ayında 37144,4 ton "qara qızıl" təhvil verən neftçilər bu göstərici üzrə proqnoz tapşırığına 124,4 faiz əməl etmişlər. Onu da qeyd edək ki, Bibiheybət neftçilərinin neftin satışı üzrə əldə etdikləri bu göstərici ötən ilin ilk rübü ilə müqayisədə 7328,3 ton çox olmuşdur.

"Bibiheybətneft" NQÇİ-nin qaz hasilatı və təhvili üzrə əldə etdiyi göstəricilər də qənaətbəxş olmuşdur. Belə ki, cari ilin birinci rübündə idarə üzrə qazın hasilatı və satışına dair dövlət tapşırıqları müvafiq olaraq 126,6 və 132,2 faiz yerinə yetirilmişdir.

İdarənin istismar etdiyi mədən sahələri uzun illər istismarda olmasına baxmayaraq, ehtiyatlar hələ tükənməyib. Mütəxəssislərin rəyinə görə, bu yataqlarda çıxarılması mümkün olan neft ehtiyatları çoxdur. Məhz buna görə də hazırda işlənmənin son mərhələsində olan həmin yataqlarda hasilatın sabit saxlanması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Hazırda idarənin istismar fondunda 664 quyu var. Onların 572-dən neft çıxarılır. Həmin quyulardan 540-ı ştanqlı dərinlik nasosu, 32-si isə elektrik dalma nasosu üsulu ilə istismar olunur. İlin əvvəlindən fəaliyyətsiz fonddan 4 quyu istismara daxil edilmiş, bunun da hesabına 153 ton əlavə neft çıxarılmışdır.

2012-ci ilin birinci rübü ərzində mədənlərdən çıxarılan neftin 99,5 faizi keçici, 0,5 faizi isə fəaliyyətsiz fondun payına düşmüşdür. İdarənin rəisi İlqar Həmzəyev kollektivin əldə etdiyi uğurların başlıca səbəbini neft sənayesinə, bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısı ilə əlaqələndirdi. Dedi ki, son illər ölkə Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin qarşısında neft və qaz hasilatının artırılması kimi mühüm vəzifə qoymuşdur. Bu vəzifənin yerinə yetirilməsi neftçilərin məsuliyyətini birə-beş artırır. Məhz bunun nəticəsində də idarə üzrə neft və qaz hasilatına dair tapşırıqları vaxtında və artıqlaması ilə yerinə yetirmək üçün bütün imkanlar səfərbər olunmuşdur. Hər şeydən əvvəl, neft hasilatının səviyyəsini sabit saxlamaq məqsədilə geoloji-texniki tədbirlərin sayı xeyli artırılmışdır. Belə ki, cari ilin ilk rübündə nəzərdə tutulmuş 112 əvəzinə 133 texniki tədbir həyata keçirilmiş, bunun da hesabına 303 ton neft hasil olunmuşdur. Bundan əlavə, hesabat dövründə mədənlərdə aparılmış 37 geoloji tədbir hesabına 885 ton əlavə neft çıxarılmışdır.Hasilatın səviyyəsini sabit saxlamağın əsas şərtlərindən biri də quyuların ahəngdar rejimdə işləməsini təmin edən yeraltı və əsaslı təmirlərin vaxtlı-vaxtında aparılması ilə bağlıdır. Neft təsərrüfatı üçün son dərəcə vacib olan bu sahədə çalışan təmir briqadaları da tapşırılan işlərin öhdəsindən layiqincə gəlirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, idarənin təmir briqadaları bu ilin birinci rübündə quyularda 1205 yeraltı və 37 əsaslı təmir işi həyata keçirmişlər. Mədənlərdə həyata keçirilmiş əsaslı təmir işləri isə 486 ton əlavə neftin hasilatına imkan yaratmışdır.

"Bibiheybətneft" NQÇİ-nin ümumi istismar fonduna daxil olan quyuların əksəriyyəti köhnə quyular olduğu üçün burada lay təzyiqinin saxlanması da xüsusi diqqət tələb edir. İlin əvvəlindən başlayaraq idarə üzrə bu istiqamətdə də zəruri tədbirlər həyata keçirilmiş, 20 quyuda laylara su vurulması üsulu tətbiq olunmuşdur. Həmin quyulara vurulmuş 96,2 min kubmetr suyun hesabına məhsuldarlıq xeyli artmış, nəticədə 3869 ton əlavə neft çıxarılmışdır. Yeri gəlmişkən, hazırda "Bibiheybətneft" NQÇİ üzrə ətraf ərazinin ekoloji tarazlığının qorunmasına da xüsusi diqqət göstərilir. Həmin məqsədlə lay sularının dənizə axıdılmasının qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilir. Bu yaxınlarda idarənin 1 saylı neft-qazçıxarma sexinin ərazisində iki ədəd 2500 kubmetrlik yeraltı tutum tikilərək istismara verilmişdir. İdarənin 1 və 2 saylı neftyığma məntəqələrindən axıdılan lay suları həmin yeraltı anbarlara doldurularaq təkrarən laylara qaytarılacaq. Bütövlükdə isə bu proses Bibiheybət mədənlərindən sutka ərzində neftlə bərabər çıxarılan 3500 ton suyun təkrarən laylara qaytarılmasına imkan yaradacaq. İdarənin kollektivi ərazidə bir sıra digər ekoloji tədbirlərdə, eləcə də abadlıq işlərində də fəal iştirak edir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 24 aprel.- S. 5.