Şəkidə
M.F.Axundzadəyə həsr olunmuş konfrans
keçirilmişdir
Şəki Şəhər
İcra Hakimiyyəti, Azərbaycan Müəllimlər
İnstitutu və bu təhsil müəssisəsinin Şəki
filialının birgə təşkilatçılığı
ilə "M.F.Axundzadə və Şərqdə ədəbi-bədii,
estetik fikrin intibahı" mövzusunda elmi-praktik konfrans
keçirilmişdir.
Böyük mütəfəkkirin 200 illiyinə həsr edilmiş tədbirin iştirakçıları əvvəlcə foyedə dahi ədibin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olmuşlar.
Konfransı şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açmışdır. O, bildirmişdir ki, M.F.Axundzadə zəngin və böyük ədəbi irs yaratmış, estetik fikrimizin inkişafında böyük xidmətləri olmuşdur. Daha sonra böyük ədibin yalnız Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində də maarifçilik hərəkatının görkəmli nümayəndəsi kimi tanınmasından danışan natiq M.F.Axundzadənin ədəbiyyat tariximizdə misilsiz yer tutduğunu xüsusi vurğulamışdır.
Elxan Usubov əlavə etmişdir ki, ölkə Prezidenti İlham Əliyevin 2010-cu il aprel ayının 13-də imzaladığı Sərəncama uyğun olaraq M.F.Axundzadənin 200 illik yubileyinin təntənəli surətdə keçirilməsi məqsədi ilə böyük ədibin yubileyinin onun Vətəni olan Şəkidə keçirilməsini təmin etmək üçün təşkilat komitəsi yaradılıb, tədbirlər planı təsdiq edilmişdir. İlk olaraq M.F.Axundzadənin adını daşıyan prospektdə, parkda geniş abadlıq-quruculuq işlərinə başlanmış, onun ev-muzeyində təmir-bərpa işləri aparılmışdır. Eyni zamanda, müxtəlif tədbirlər, o cümlədən elmi konfranslar, seminarlar, müsabiqələr keçirilmiş, sərgilər təşkil olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı çıxışında böyük şəxsiyyətlərin, tarixdə öz xüsusi yeri olan insanların əməyinə layiqli qiymət verilməsinin ulu öndər Heydər Əliyevin həyat devizi olduğunu bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin bu ənənəni uğurla davam etdirdiyini söyləmişdir. Qeyd etmişdir ki, görkəmli şəxsiyyətin 200 illik yubileyi ilə bağlı imzalanan sərəncam dediklərimizin bariz nümunəsidir.
Konfransda çıxış edən digər natiqlər də Mirzə Fətəli Axundzadənin fəlsəfi, estetik fikir tarixindəki yerindən, o cümlədən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olmasından danışmışlar.
İlqar
MUSAOĞLU
Xalq qəzeti.- 2012.- 25 aprel.- S.7.