Dünya Turizm Təşkilatının
VII Ümumdünya konqresi
Məlum olduğu kimi, Dünya
Turizm Təşkilatının təşəbbüsü və
təşkilatçılığı ilə Andorra
knyazlığında keçirilən "Qar və dağ
turizmi: - müvəffəqiyyət üçün yeni
strategiyalar" mövzusuna həsr olunan VII Ümumdünya konqresi
öz işini uğurla yekunlaşdırmışdır.
La
Massano şəhərində gerçəkləşən
konqresə dünyanın 30 ölkəsindən 4 nazir, o
cümlədən nüfuzlu turizm müəssisələrinin
nümayəndə və ekspertləri
qatılmışdılar. Bu tədbirdə ölkəmizi Azərbaycan
Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər
Cəfərov təmsil etmişdir.
C.Cəfərov
səfərlə bağlı təəssüratlarını
bizimlə bölüşərkən bildirdi ki, "iki
günlük tədbirdə 18 məruzə dinlənildi.
İnformasiya-kommunikasiya texnologiyaları əsasında dağ
turizminin inkişaf strategiyası, yay mövsümü
üçün nəzərdə tutulan məhsul və xidmətlərin
yeni çeşidlərinin təqdim olunması, dağ turizmi
destinasiyasının aşkarlanması və s. mövzular
müzakirə predmeti idi". O səfər etdiyi ölkə
haqqında daha sonra əlavə olaraq qeyd etdi ki, Andorra
knyazlığı cənub-qərbi Avropada yerləşir.
İspaniya və Fransa ilə həmsərhəddir.
Qışı qarlı və şaxtalı keçir. Qar
fırtınaları və uçqunlar bu ərazi
üçün səciyyəvi sayılır. Əhalisinin
sayı 75.000 nəfər olsa da, hər il Andorra
knyazlığına on milyon turist axın edir. Bask dilində
"boş yer" mənası verən Andorra cazibədar
turizm məkanı kimi dəyərləndirilir. VII
Ümumdünya konqresinin növbəti toplantısının
müzakirəyə çıxarılan mövzusundan da
bilinir ki, qar və dağ turizmi bu ölkəni məşhurlaşdıran,
dünyanın hər yerindən turistləri özünə
cəlb edən başlıca amildir. Sonda o, tədbirin
axırıncı günündə Valnordakı xizək
kurortunda keçirilən mədəni toplantının
bütün iştirakçıların böyük
marağına səbəb olduğunu bildirdi.
Z. BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 25 aprel.- S. 7.