Azərbaycanda təsviri sənətin qədim tariximüasir ənənələri var

 

Bəşər mədəniyyətini öz dəyərli inciləri ilə zənginləşdirən Azərbaycanımız qloballaşan dünya mədəniyyətinə sürətlə inteqrasiya etməkdədir. Tarixən formalaşan milli-mənəvi dəyərlərimiz arasında rəssamlıq sənəti özünəməxsus yer tutur. Son illər ölkəmizdə təsviri sənətin tarixinin öyrənilməsi, onun gələcək nəsillərə çatdırılması istiqamətində davamlı iş aparılır.

 

Yaradılmış muzeylərimiz bu sənət əsərlərinin saxlanılmasında və nəsillərdən-nəsillərə ötürülməsində çox əhəmiyyətli rol oynayır. Müasir mədəniyyətşünaslıq elmi təsviri sənətimizin tarixinin öyrənilməsinə onun gələcək inkişafının istiqamətləndirilməsinə öz töhfələrini verməkdədir. Təsviri sənətimizin tarixi kökləri həqiqətən çox qədim dövrlərə təsadüf edir.

Öz tarixi kökləri ilə Qobustan, Gəmiqaya abidələrinə bağlı olan Azərbaycan rəssamlığının son dərəcə maraqlı sahəsi orta əsr miniatür sənəti hesab edilir. Azərbaycan miniatürlərinin hələlik məlum olan ilkin nümunələri "Vərqa və Gülşa" (XIII əsrin əvvəlləri), "Mənafi əl-heyvan" (XIII əsrin sonları), "Cami ət-təvarix" (XIV əsr) əlyazmasına çəkilən miniatürlərdir. "Vərqa və Gülşa" öz başlanğıcını Azərbaycan xalqının zəngin folklorundan götürür. Burada 71 miniatür vardır. Miniatürlərin təhlili göstərir ki, bu dövr Azərbaycan miniatür sənətinə ərəb-mesopatam və çin-eqmeh rəssamlıq sənətinin bədii ənənələri təsir göstərmişdir. Lakin bir qədər sonrakı - Hülakülər dövrünə aid olan miniatürləri, Demott Şahnaməsinin, XV əsrə aid Abdulbaği Bakuvinin miniatürlərini nəzərdən keçirdikdə XVI əsr Təbriz miniatür məktəbinin təşəkkül tapmasına aparan yol qabarıq şəkildə özünü biruzə verir. Sonralar bu məktəbin Kəmaləddin Behzad, Əli Mirək, Soltan Məhəmməd və b. görkəmli nümayəndələri təsviri incəsənətimizi daha da şöhrətləndirmişlər. Məsələn, ustad Soltan Məhəmmədin dahi Azərbaycan şairi Nizami Gəncəvinin məşhur "Xəmsə"sinə çəkdiyi miniatürləri Səfəvilər dövrü Azərbaycan təsviri sənətinin yüksək inkişaf səviyyəsindən xəbər verir.

Azərbaycan tarixinin sonrakı dövrlərində də təsviri sənət nümunələrinin yaradılmasına xüsusi diqqət yetirilmişdir. Məsələn, Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayıl dövlət işləri ilə yanaşı, mədəniyyət və incəsənətin qayğısına da qalırdı. O, dövrün tanınmış alimləri, şairləri ilə yanaşı miniatür rəssamları, xəttatları da saraya cəlb edərək onlara geniş imtiyazlar vermiş, özü də Xətai təxəllüsü ilə şeirlər yazmışdır.

Azərbaycanın zəngin mədəniyyəti bir çox Avropa səyyahlarının əsərlərində də qeyd olunur. İntibah dövrü rəssamlarının əsərlərində biz Azərbaycan xalçalarının təsvirlərinə rast gəlirik ki, bu da qədim İpək Yolunun üzərində yerləşən ölkəmizin mədəni əlaqələrinin göstəricisidir.

Azərbaycanın miniatür ustası Sadıq bəy Əfşar da rəssamlıq sənətinə eyni nəzərlə baxaraq "Qanun əs-süvər" adlı risalə yazmış və öz yaradıcılıq konsepsiyasını açıqlamışdır. Onun "Qatıra minmiş dərviş" adlı miniatürü orta əsr Azərbaycan miniatürlərinin şərti, sxematik təsvir qanunlarının sərhədlərindən kənara çıxmış və realistik təsvir üsullarına əsaslanmışdır.

Usta Qənbər Qarabağionun şagirdləri tərəfindən işlənmiş, XVIII əsrə aid olan Azərbaycan memarlığının nadir incisi olan Şəki xan sarayının interyeri nəbati, ornamental naxışlarla və müxtəlif məişət və ov səhnələri ilə bəzədilmişdir ki, bu da Azərbaycan divar rəngkarlığının unikal nümunəsidir.

Sonralar təsviri sənətimizin inkişafında xüsusi xidmətləri olan Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvanın adlarını qeyd etmək yerinə düşərdi. Xurşidbanu Natəvan məşhur fransız səyyahı Aleksandr Düma ilə görüşmüş, ona öz əl işlərindən ibarət hədiyyə vermişdir. Şairənin incə zövqü, geniş dünyagörüşü qarşısında heyranlığını gizlətməyən Aleksandr Düma ona sümükdən hazırlanmış şahmat hədiyyə etmişdir.

XX əsr Azərbaycan rəssamlıq sənətinin inkişafında Bəhruz Kəngərlinin məxsusi rolu olmuşdur. O, ilk peşəkar təhsilli azərbaycanlı rəssam idi. Çox qısa-cəmi 30 il ömür sürməsinə baxmayaraq o, özündən sonra zəngin bədii irs qoyub getmişdir.

Ötən əsrin əvvəllərində Azərbaycan təsviri sənətində əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdir. Monumental və dəzgah rəngkarlığı və heykəltəraşlığı meydana gəlmiş, Bakıda ilk dəfə ötən əsrin 20-ci illərinin əvvəllərində rəssamlıq məktəbi açılmışdır.

Qrafika, plakat sənəti, kitab tərtibatı sahəsində əsaslı nailiyyətlər qazanılmışdır. Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin satirik əhval-ruhiyyəli qrafik işləri, xüsusilə onun "Molla Nəsrəddin" jurnalındakı fəaliyyəti Azərbaycan incəsənətində yeni yolun əsasını qoymuşdur.

Bir çox rəssamlarımız keçmiş SSRİ-nin nüfuzlu ali rəssamlıq təhsili verən məktəblərində oxumuş və Azərbaycan təsviri sənətində önəmli dəyişikliklərin əsasını qoymuşlar. Onların arasında Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Qəzənfər Xalıqov, Elbəy Rzaquliyev, Tağı Tağıyev, Maral Rəhmanzadə, Baba Əliyev, Vəcihə Səmədova, Lətif Feyzullayev, Xalidə Səfərova, Mahmud Tağıyev və başqaları öz fərdi üslubu, orijinal ideyaları, zəngin yaradıcılıq axtarışları sayəsində xeyli uğurlar qazanmışlar. Azərbaycan rəssamlarının sırasına qoşulan Səttar Bəhlulzadənin adını xüsusilə qeyd etmək lazımdır. Səttar Bəhlulzadə respublikanın bütün guşələrini gəzən və parlaq obrazlı peyzajlarını yaradan ilk rəssamlardan olmuşdur. Azərbaycanın əsrarəngiz təbiət gözəlliyindən aldığı ilham və təəssüratın ilkinliyini qoruyub saxlayan Səttar Bəhlulzadə daha çox impressionist - təəssürat rəssamı kimi məşhur idi. Tahir Salahov, Toğrul Nərimanbəyov kimi dünya şöhrətli rəssamların incəsənətimizin inkişafına gətirdikləri yenilikləri və əvəzsiz töhfələri sözlə ifadə etmək bir o qədər də asan deyil. Tahir Salahov nəinki Azərbaycanda, hətta keçmiş SSRİ-də "şərt üslub" adlandırılan yaradıcılıq üslubunun əsasını qoymuşdur.

1970-80-ci illər milli rəssamlıq sənətində yeni meyllər yaranmağa başladı. Azərbaycan rəssamları arasında sənətdə artıq yeni yolla getməyi üstün tutan Rasim Babayev, Tofiq Mircavadov, Cavad Mircavadov, Murad Əfşar, Kamal Əhməd, Fərhad Xəlilov, Elçin Aslanov, Sənan Qurbanov, Mais Ağabəyov, Ağaəli İbrahimov, Faiq Ağayev, Siruz Mirzəzadə və başqaları orta əsr miniatür sənətinin ənənələrinə, mifoloji mövzulara, şərti, sxematik təsvir üsullarına, assosiativliyə, simvolikliyə müraciət etməklə əsl sənət əsərlərini yaratmağa nail olmuşlar.

Sovetlər İttifaqının dağılması isə Azərbaycan rəssamlarının yaradıcılıq imkanlarını daha da genişləndirdi. Rəssamların yaradıcılıq qrupları meydana gəldi: "Peykər" qrupu, "Yeddinci mərtəbə" və s. adlar altında rəssamlar tamamilə yeni təsvir metodlarına əsaslanan orijinal sənət əsərləri yaratmağa nail olmuşlar. "Lənd art", "Zamanın qanadları" yaradıcılıq assosiasiyasının həyata keçirdiyi "Alüminiy", "Orientalizm daxildən və kənardan", "Foto art", "Video art" adlı layihələr müasir təsviri sənətimizin inkişafı yolunda əldə olunan nailiyyətlərdəndir. Bu qruplarda təmsil olunan rəssamlardan Eldar Qurbanov, Səbinə Şıxlinskaya, Namiq Məmmədov, Həsən Haqverdiyev, Elyar Əlimirzəyev, Niyaz Nəcəfov, Vüqar Muradov və başqaları müasir Azərbaycan təsviri sənətinə yeni orijinal yaradıcılıq ideyalarını gətirmişlər.

Son illərdə ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Misir, Ərəb Əmirlikləri, İran, Türkiyə, Polşa, Rusiya, və s. ölkələrdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət çoxsaylı sərgilər böyük uğurla keçirilmiş, rəssamlarımız bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülmüşlər.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin işləyib həyata keçirdiyi iri miqyaslı layihələr, müxtəlif sərgilər nəinki Azərbaycanda, həmçinin dünyanın bir çox tanınmış sərgi salonlarında rəssamlarımızın əsərlərinin nümayiş olunmasına şərait yaradır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin təşəbbüsü və yaxından köməyi ilə BMT-nin Cenevrə bölməsinin binasında "Qobustandan yol gələn naxışlar" adlı sərginin keçirilməsi müxtəlif dövlət qurumlarının milli mədəniyyətimizin təbliği yönümündə birgə atdığı addımlardır.

Heç şübhə yoxdur ki, milli mədəniyyətimizin inkişafı yolunda yeni-yeni uğurların qazanılması nəinki Azərbaycan incəsənəti, həm də dünya incəsənəti xəzinəsinə verilən əvəzsiz töhfələr olacaqdır. Bu baxımdan cəsarətlə deyə bilərik ki, Heydər Əliyev Fondunun fəaliyyətə başlaması ilə mədəniyyət və incəsənətimiz yeni inkişaf mərhələsinə yüksəlmişdir.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi mədəni-ictimai tədbirlər dövlətimizin inkişafına, müstəqilliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr sanballı və geniş əhatəlidir.

Mehriban xanımın təşəbbüsü ilə dünyanın bir çox mədəniyyət mərkəzlərində Azərbaycan mədəniyyəti davamlı olaraq təbliğ edilir. Fransanın, İngiltərənin, ABŞ-ın, Avstriyanın və digər dövlətlərin böyük sərgi salonlarında keçirilən Azərbaycan rəssamlarının sərgiləri milli incəsənətimizin beynəlxalq miqyasda təbliğində əhəmiyyətli rol oynayır. Mehriban xanım bu sərgilərin açılış mərasimlərindəki çıxışları mədəniyyətşünaslığımızın inkişafına böyük töhfədir.

Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyətə başlaması ilə milli mədəniyyət və incəsənətimizdə yeni bir inkişaf mərhələsinin əsası qoyulmuşdur. Bu sözləri inamla təsviri incəsənətimizə də şamil edə bilərik.

Azərbaycanda rəssamlıq sənətinə qayğı gündən-günə artır. Yeni sərgi salonları açılır, rəssamların sosial vəziyyəti getdikcə yaxşılaşır. Bütün bunlar ölkədə həyata keçirilən davamlı mədəniyyət siyasətinin tərkib hissəsidir.

 

 

Rafiq QULİYEV,

Mədəniyyətşünaslıq üzrə

Elmi-Metodiki Mərkəzin

şöbə müdiri, beynəlxalq

festivalların laureatı

 

Mədəniyət.- 2012.- 26 aprel.- S. 7.