Klassik aktyor sənətinin
görkəmli nümayəndəsi
İsmayıl
Osmanlı - 110
Bilmirəm nədənsə, o, mənim
yaddaşımda ağsaqqal, müdrik, mehriban bir insan kimi
qalıb. Elə bilmişəm ki, o,elə bu cür də
dünyaya gəlib. Cavanlar tanımaz, orta və yaşlı nəsil
isə, yəqin ki, hələ unutmayıb İsmayıl
Osmanlını. O, bənzərsiz teatr və kino aktyoru,
gözəl insan idi. "Osmanlı" soyadını
daşıyan bir aktyor (sovetin nomenklatur işçıləri
bu soyaddan eymənib xoflana bilərdilər) ömrü boyu səhnədə,
ekranda nə oynamışdı, bəyənilmişdi.
İsmayıl
Osmanlı səhnədə və kinoda tamaşaçıda
həmişə xoş hisslər oyadırdı. Bu gün də
onun çəkildiyi filmlər bizim milli kino sənətimizin
çox dəyərli nümunələri kimi
tamaşaçıların maraq göstərdiyi filmlərdir.
Tənqidçilərdən kimsə yaxşı deyib ki, onun
qəhrəmanlarında bir ipək yumşaqlığı
vardı. Personajları, adətən, həlim, sakit, zəif,
utancaq, naəlac, kimsəsiz və yetim təəssüratı
oyadırdılar. Amma qərıbədir, onlarda özgə
xarakterik cizgilər də var. İsmayıl Osmanlının
zarafatı, məzəsi, ağrısı, istehzası,
rişxəndi, rəhmi və zəhmi yalnız ona xas təbəssümündə
aşkarlanardı. Kipriklərıni bir-birinə
yaxınlaşdırıb xırda, gözlərıni
yığardı, dodaqları "qaçardı",
arıq üzünə bir nur ələnərdi: məlum eləməzdi
ki, içində ağlayıb gülümsünür, yoxsa
sevinir. Onun yaradıcılığı ilə tanış
olanlar zavallı Novruzəlini ("Poçt qutusu") və
Kələntər lələni ("Yeddi oğul istərəm")
yaxşı xatırlayırlar. Necə də uğurlu ekran qəhrəmanlarıdır.
"Xəfif
təbəssümlü maska"nı İsmayıl
Osmanlı, əksərən, öz qoca personajlarının
üzünə taxırdı. Bu tip rollarda onun misli-bərabəri
yoxdu. Osmanlı ilk növbədə epizod xarakterlər
ustasıydı. Ən kiçik epizodda da səhnəyə
çıxanda salona canlılıq, xoş ovqat və
çox cazibəli, könül oxşayan səmimiyyət bəxş
edirdi. Xalq gülüşünün bütün vasitələrindən
səmərəli yaradıcılıqla barınırdı.
Obrazın danışığındakı sözlərlə
yumor, satira və məsxərəni rəsmi hərəkətlərlə
paralel verməklə rola psixoloji təsir, həyatilik və təbiilik
gətirirdi. Çeşidli ifadə vasitələrini
obrazın dramatizmınə sərf edir,
yaradıcılığının mayasında olan təbii
yumoru inandırıcı səmimiyyətlə
tamaşaçıya çatdırmağı ustalıqla
bacarırdı.
"26-lar"
filmi ekranlara çıxan kımi Osmanlının öz xəfif
təbəssümünü bic-bic mənalandınran qoca
Şahbazov (guya ki, Hacı Zeynalabdin Tağıyevin obrazı)
məzəli atmacaları, zarafatyana müraciətlərilə
bütün tamaşaçıların sevimlisinə
çevrildi və Osmanlı sənətınin sayəsində
dönüb oldu folklor personajı. Fəzlullah Nəimi də
isə ("Nəsimi") o, tamam başqa tip obraz yaradıb.
O, zülm, istibdad, kin, ədavət çölündə
yumaq boyda ağ mənəviyyat işığıdır. Və
qəribədir, onun üzündə xəfif təbəssümlü
maska olduqca gözəldir. Təbii ki, İsmayıl
Osmanlının ifasında.
O,
Şəkidə 24 aprel 1902-ci ildə doğulmuşdu. Mükəmməl
təhsil görməyib. On bir yaşından yetimliyin
acısını dadan gənc İsmayıl Şəki ipək
fabrikində, dabbaqxanada bir qarın çörək
üçün olmazın əziyyətlərə
qatlaşıb. Təbiətən şux olan, məzhəkələr,
duzlu Şəki lətifələri söyləməyi
xoşlayan İsmayıl Osmanlı 1920-ci ildə rayondakı fəhlə-kəndli
klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə
Gəncəyə köçən Osmanlı altı il
buradakı həvəskarlar teatrında
çalışıb. Müəyyən aktyorluq təcrübəsi
toplayan aktyor 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram
Teatrına dəvət alıb.
1929-cu
ildə isə Bakıya gələrək Milli Dram
Teatrının truppasına qəbul olunub və həyatının
sonuna qədər burada işləyib. İsmayıl Osmanlı
dram və faciə janrında xarakterik obrazların, dramatik
pyeslərdə yumorlu surətlərin, həm də
komediyalarda məsxərəli və satirik rolların
ifaçısı olub. Keçəl Aslan, Fon Hols, Şaliko
("Xanlar", "İnsan" və "Vaqif", Səməd
Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim
bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan",
"Səyavuş" və "Knyaz", Hüseyn Cavid),
Munis, Kərim Rəhimli ("Nizami" və "Alov",
Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd",
Zeynal Xəlil) və başqa rolları bu qəbildəndir.
İsmayıl
Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər"
(daxili işlər naziri), "Bir məhəlləli iki
oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy),
"Həqiqi dost" (Usta Şirəli), "Yenilməz
batalyon" (Yusif), "Mən ki gözəl deyildim"
(Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar
sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi"
(Nəimi), "Tütək səsi" (poçtalyon),
"Yeddi oğul istərəm" (Kələntər) və
sair filmlərdə çəkilib.
Onun əməyi
həmişə yüksək qiymətləndirilib.
İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə
xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri
adları ilə təltif olunub.
Bu
böyük sənətkar 22 iyun 1978-ci ildə Bakıda vəfat
edib. Məzarı Fəxri Xiyabandadır. Azərbaycan xalqı
onun əziz xatirəsini həmişə uca tutacaqdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 29 aprel.- S. 7.