Zərifə
xanım Əliyevanın xatirəsi ürəklərdə əbədi
yaşayacaq
Xətai
Rayon İcra Hakimiyyətinin
və YAP Xətai rayon təşkilatı
qadınlar şurasının təşkilatçılığı
ilə görkəmli oftalmoloq alim, ictimai xadim,
akademik Zərifə xanım
Əliyevanın anadan olmasının 89-cu
ildönümünə həsr edilmiş
tədbir keçirilmişdir. Tədbiri YAP Xətai
rayon təşkilatı qadınlar
şurasının sədri Aida
Hüseynzadə açaraq bildirmişdir ki, görkəmli
ictimai və dövlət xadimi
Əziz Əliyevin ailəsində dünyaya
göz açmış Zərifə
xanım Əliyeva çox zəngin həyat
yolu keçmişdir.
Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən geniş danışan natiq onun müstəqil dövlətimizin banisi və yaradıcısı, böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, etibarlı silahdaşı kimi də daim xatirələrdə yaşadığını, müasir Azərbaycan qadınlarına nümunə olduğunu diqqətə çatdırmışdır. Bütün ömrünü oftalmologiyaya həsr etmiş Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, qayğıkeş insan, təcrübəli həkim kimi bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa bəxş etmişdir.
Sonra çıxış edən Xətai rayon qadınlar şurasının sədr müavini Vüsalə Məcidova, YAP Xətai rayon gənclər birliyinin sədr müavini Nuranə Şıxəliyeva və başqaları qeyd etmişlər ki, Zərifə xanım Əliyeva istər elmdə, istərsə ictimai həyatda həmişə fədakarlığı ilə seçilmiş və məhz bu fədakarlığı sayəsində oftalmologiya elminə çox böyük töhfələr vermiş, mənsub olduğu xalqın adını daim uca tutmuşdur.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, elmin inkişafındakı xidmətləri ilə tanış olduqca bir daha əmin olursan ki, bu insan genişmiqyaslı şəxsiyyət olmaqla bərabər, həm də zəmanəsinin bütün dövrlər üçün örnək olası insani keyfiyyətlərini özündə birləşdirmişdir. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın nurlu xatirəsinin ürəklərdə əbədi yaşayacağını bildirmişlər.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2012.- 29 aprel.- S. 5.