Avropa musiqi
yarışmasının Bakıda keçirilməsi milli maraq baxımından çox böyük əhəmiyyət
kəsb edir
"Eurovision-2012" mahnı
müsabiqəsinin keçiriləcəyi vaxta artıq bir
aydan da az qalıb. Böyük maraq doğuran bu beynəlxalq tədbirin
yüksək səviyyədə keçirilməsi
üçün bütün hazırlıq işləri
yüksək səviyyədə başa çatıb.
Hazırda dünya ictimaiyyətinin nəzər - diqqəti Azərbaycana
dikilib. Avropanın mühüm mədəni tədbiri ilə əlaqədar
ölkəmizə səfər edəcək xarici turistlərin
yerləşdirilməsində də heç bir problem olmayacaq
.
Ümumiyyətlə,
ölkəmiz "Eurovision-2012" mahnı müsabiqəsinin
keçirilməsinə tam hazırdır.Azərbaycan
mühüm əhəmiyyət kəsb edən ictimai, siyasi,
iqtisadi və mədəni tədbirlərin istənilən səviyyədə
keçirilməsinə qadir olduğunu dəfələrlə
təsdiqləyib. Bunu beynəlxalq qurumların ekspertləri də
bəyan ediblər.Təəssüf ki, böyük əhəmiyyət
kəsb edən beynəlxalq tədbirləri gözdən
salmaq, bundan qazanc əldə etmək məqsədi güdən
müəyyən qruplar, antiazərbaycan dairələr və
onların nəzarətində olan kütləvi informasiya vasitələri
"Eurovision-2012" mahnı müsabiqəsini də boykot
etmək üçün müxtəlif vasitələrə əl
atıblar. Belələrinin ölkəmizdə də özlərinə
tərəfdar tapmaları adamda ikrah hissi oyadır. Antiazərbaycan
qruplar "Eurovision-2012" mahnı müsabiqəsini siyasiləşdirməyə,
bundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi
istifadə etməyə çalışırlar.
Dünyanın bir sıra kütləvi informasiya vasitələrində
ölkəmizlə bağlı dərc olunan məqalələrdə
yalana, böhtana daha geniş yer verilir, heç bir
araşdırma aparılmadan qeyri - obyektiv mövqe nümayiş
etdirilir. Azərbaycanın sürətli inkişafından,
beynəlxalq aləmdə reytinqinin artmasından təşvişə
düşən belələri ölkəmiz haqqında
yanlış təsəvvür formalaşdırmağa
çalışırlar. Lakin onların bütün cəhdləri
iflasa uğrayır. Çünki mötəbər nüfuzlu
qurumların nümayəndələri də
"Eurovision-2012" mahnı müsabiqəsini boykot etmək
fikrinə düşənlərə ilk növbədə
öz ölkələrində baş verən proseslərə
diqqət yetirməyi tövsiyə edirlər.
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay "Eurovision-2012" mahnı müsabiqəsini boykot etmək istəyənlərə kəskin etirazını bildirərək deyib: "Mənim qənaətimə görə, bu cür tədbirlər boykot olunmamalıdır. Əksinə, bundan istifadə edib, ölkənin dünyaya tanıdılması və demokratik dəyərlərə daha sürətlə inteqrasiya olunmasına çalışmaq lazımdır. Bu gün Azərbaycana diqqətin artması istər hökumətin, istərsə də vətəndaşların üzərinə müəyyən məsuliyyət qoyur. Boykot niyə edilməlidir, guya başqa ölkələrin problemləri yoxdur? Burada vahiməli vəziyyət yoxdur və boykot doğru nəticələr verməz. Heç keçmişdə də bu yarışmanın boykot edildiyini görmədim".
"Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand da Avropanın böyük mədəni tədbirinin Azərbaycanda yüksək səviyyədə keçiriləcəyini əminliklə bildirib: "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işləri yüksək səviyyədə aparılır. Bu il insanlar Bakıda əvvəlki illərdə görmədikləri bir şou izləyəcəklər. Onlar builki "Eurovision" şousu ilə fəxr edəcəklər". Azərbaycanda keçirilmiş digər mötəbər qurumların tədbirləri kimi Avropanın böyük mədəni tədbiri də uğurla başa çatacaq. Boykot fikrinə düşənlərin xəbis niyyətləri ürəklərində qalacaq. Belə fikrə düşənlərin məqsədləri hər birimizə aydındır. Onlar ölkəmizə gələn kütləvi informasiya vasitələri, həmçinin digər təşkilatların nümayəndələrinin Azərbaycan həqiqətlərinin, reallıqların, inkişafın canlı şahidi olmasını istəmirlər. Axı, ölkəmizə həddindən artıq turistin gəlməsi gözlənilir. Artıq erməni analitikləri və politoloqlorı da Ermənistanın "Eurovision-2012" mahnı müsabiqəsini boykot etmək istədiklərinin əsl səbəbini açıqlayıblar . Onların qənaətinə görə, ölkələrinin "Eurovision-2012" mahnı müsabiqəsini boykot etməsi və bu yarışmaya qatılmamalarının səbəbi Ermənistan hakimiyyəti tərəfindən düşünülmüş şəkildə qəbul edilən qərardır. İşğalçı ölkənin rəhbərliyi çox yaxşı bilir ki, Azərbaycana gələcək erməni musiqiçiləri və onların fanatları ölkəmizin inkişafını, mədəniyyətə, incəsənət xadimlərinə göstərilən qayğını, uğurları, nailiyyətləri, bütün sahələr üzrə inkişafı görəcəklər. Bu da Ermənistanda onsuz da ağır olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirəcək. Hələ də işğalçılıq siyasətindən əl çəkə bilməyən bu ölkənin rəhbərliyi özü üçün ciddi ittihamlar, əlavə baş ağrısı yaratmamaq üçün Avropanın böyük mədəni tədbirindən kənarda qalmağa üstünlük verdi. Onsuz da Ermənistan regionda həyata keçirilən bütün iri layihələrdən kənarda qalıb. Bu da işğalçı dövlətin gündən - günə ağırlaşan iqtisadi vəziyyətini daha da gərginləşdirib. Bütün bunlar insanların həyat səviyyəsinin getdikcə pisləşməsinə də öz təsirini göstərir. Məhz bunun nəticəsidir ki, Ermənistan əhalisi acından ölməmək üçün xarici ölkələrə üz tutub. Yerli ictimai - siyasi xadimlərin dediklərinə görə, yaxın gələcəkdə Ermənistan əhalisinin yarıdan çoxu ölkədən köçəcək. Artıq erməni lobbisinin "Eurovision-2012" mahnı müsabiqəsini siyasiləşdirmək cəhdləri də heç bir nəticə vermədi.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyir ki, artıq Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibi olan dövlətlərdəndir. Dünyanın ən nüfuzlu təşkilatları dəfələrlə öz tədbirlərini Azərbaycanda keçiriblər. Bu, dünya birliyində ölkəmizə olan inam və etimadın nəticəsidir. Avropanın böyük mədəni tədbirinin də yüksək səviyyədə başa çatacağına heç bir şübhə ola bilməz. M.Qurbanlının fikrincə: "Bakıda keçiriləcək Avropa musiqi yarışması 57-ci musiqi yarışması olacaq. İndiyə qədər ayrı - ayrı ölkələrdə 56 belə musiqi yarışması keçirilib. Aparılan araşdırma zamanı məlum olub ki, 56 ölkənin heç birində musiqi yarışması ərəfəsində Azərbaycanda olduğu qədər belə süni ajiotaj yaradılmayıb. Bunun səbəbi nədir? Mənə elə gəlir ki, möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial - iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bunun əsl səbəbini çox tutarlı şəkildə bildirdi. Bu, Azərbaycana qarşı informasiya müharibəsinin aparılması, bunun arxasında duran dairələr və bu dairələrin əsas niyyəti və məqsədidir. Buna heç nə əlavə etməyə ehtiyac duymuram. Sadəcə onu demək istəyirəm ki, çox təəssüf ki, Azərbaycanda bəzi dairələr sinxron şəkildə ölkəmizin milli maraqlarına zidd olan dairələrlə birlikdə fəaliyyət göstərir. Milli maraq ən böyük anlayışdır. Bunu hər kəs bilməlidir. Avropa musiqi yarışmasının Bakıda keçirilməsi milli maraq baxımından, əlbəttə çox böyük əhəmiyyət kəsb edir. Bu, ideoloji bir hadisədir. Bu, işğalçı Ermənistan üzərində mənəvi üstünlüyümüzü göstərən hadisədir. Hər bir azərbaycanlı bundan qürur duymalıdır. Bu yarışmanı hansı hakimiyyətin keçirməsi, kimin hakimiyyətdə olması dövründə keçirilməsi əsas deyil. Əsas odur ki, bu yarışma Azərbaycanda keçirilir". M.Qurbanlı bu yarışmanın əleyhinə yerli kütləvi informasiya vasitələrində məqalələrin dərc olunmasını da pislədi. O dedi ki, Azərbaycanda aparılan quruculuq - abadlıq, yenidənqurma işləri ilə əlaqədar baş verən hadisələri şişirtmələr olur, xarici mətbuat orqanlarına yalan məlumatlar ötürürlər və digər çirkin üsullara əl atırlar. Əlbəttə, bütün bunlar yolverilməzdir. Bakı şəhərində aparılan tikinti - abadlıq işlərini "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqələndirənlər bundan sui - istifadə edərək bu əhəmiyyətli tədbiri gözdən salmağa çalışır, insanlarda süni narazılıqlar yaratmağa cəhd edirlər. Son vaxtlar mitinq keçirmək istəyən dairələr bu çirkin üsula əl atıblar . Onlar şəhərin müxtəlif yerlərində söküntü işləri aparılan ərazilərdə peyda olur və həmin evlərin sakinlərində hakimiyyətə qarşı mənfi rəy yaratmaqla onları öz aksiyalarına cəlb etmək istəyirlər. Bu söküntüləri "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqələndirən antimilli qruplar bununla da bu əhəmiyyətli tədbiri siyasiləşdirməyə can atırlar. Əslində isə bu söküntülərin və həyata keçirilən yenidənqurma işlərinin mahnı müsabiqəsinə heç bir aidiyyəti yoxdur. Evləri sökülən sakinlərə kompensasiya ödənilir, onlara yeni mənzillər təklif olunur. Bəzi qrupların Azərbaycanda baş verən bütün müsbət hadisələrə qara yaxmaq cəhdləri iflasa uğrayır. Onlar ölkəmizin qazandığı hər bir uğuru özlərinin faciələri kimi qəbul edirlər. 40- dan artıq ölkənin nümayəndəsinin və dünyanın ən aparıcı kütləvi informasiya vasitələri əməkdaşlarının Azərbaycana gəlməsi çox böyük siyasi hadisədir. Hər birimiz bununla fəxr etməli və qürur duymalıyıq.
Bakı şəhərində aparılan yenidənqurma işləri paytaxtımızı daha da gözəlləşdirir. Bunu "Rossiyskaya qazeta"da bu ilin mart ayının 6-da dərc olunmuş bir məqalədən sitat gətirməklə də əsaslandırmaq istərdik. Həmin məqalədə yazılıb": "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi Bakı şəhəri müasir dünya standartlarına uyğun yenidən qurulur və gözəlləşir. Çoxlu sayda turist gözləyən Azərbaycanın paytaxtında təhlükəsizliyin təmin edilməsi, yerləşdirmə, nəqliyyat, viza və digər məsələlər uğurla həll olunur. Müsabiqənin keçiriləcəyi "Baku Crystal Hall" təkcə gözəl bina olmayacaq, həm də özünəməxsus kontinentlər və sivilizasiyalararası körpü ideyasını əks etdirəcək. Son illər sürətlə inkişaf edən Azərbaycan həm ölkə vətəndaşları, həm də xarici qonaqlar üçün əsl bayram məkanına çevriləcək. Azərbaycanın dünyanın ən nüfuzlu mahnı müsabiqəsini ləyaqətlə qəbul edəcəyinə heç bir şübhə yoxdur".
Avropanın böyük və şərəfli mahnı müsabiqəsi hesab olunan "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhə ola bilməz. Ölkəmiz bununla öz müstəqillik tarixinə daha bir şərəfli səhifə yazacaq və mötəbər tədbirlərin keçirilməsinə qadir olduğunu bir daha təsdiqləyəcək.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 29 aprel.- S. 3.