Ölkəmizin
turizm imkanları genişlənir
Son illər Azərbaycanda turizmin
inkişaf etdirilməsi istiqamətində geniş tədbirlər
həyata keçirilir. Xatırladaq ki, iqtisadiyyatın ən
gəlirli sahələrindən sayılan turizmin
inkişafı üçün ölkəmizdə hər
cür şərait mövcuddur. Azərbaycanın yerləşdiyi
əlverişli coğrafi mövqe, iqlim şəraiti və
digər təbii amillər buna əyani sübuttdur. Mütəxəssislərin
qənaətinə görə, ölkəmizin zəngin turizm
potensialını hərəkətə gətirməklə
bu sahədə çox yüksək gəlir əldə etmək
olar. Elə son zamanlar ölkədə turizmin inkişafına
göstərilən dövlət qayğısı da məhz
bu məqsədə xidmət edir. Ötən illər ərzində
turizm sektoruna göstərilən dövlət
qayğısı, bu istiqamətdə həyat
keçirilmiş tədbirlər müsbət nəticə
vermiş, ölkəmizə turist axını xeyli güclənmişdir.
Bununla belə, Azərbaycanın zəngin turizm potensialından tam istifadə edilməsi istiqamətində tədbirlər getdikcə intensiv xarakter alır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə 2011-ci il "Azərbaycanda turizm ili" elan olunmuşdur. Xatırladaq ki, adı çəkilən sənədə əsasən, ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurəti nəzərə alınaraq turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılması nəzərdə tutulurdu. Prezident sərəncamından irəli gələn vəzifələrin həlli ilə bağlı ötən il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, nazirlik tərəfindən işlənib hazırlanmış tədbirlər planına əsasən, ölkədə turizm sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara güzəştli kreditlər ayrılmış, turizm məqsədilə səfər edənlərə əlverişli şərtlərlə bilet satışı həyata keçirilmişdir. Azərbaycanla Gürcüstan arasında mövcud turist axını nəzərə alınaraq Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutları üzrə ixtisaslaşdırılmış turist vaqonları xəttə buraxılmışdır. Bundan əlavə, beynəlxalq və yerli hava, dəniz və dəmir yolu daşımalarında turist qruplarına xüsusi tarif qiymətlərinin tətbiqinə başlanılmışdır. Həmçinin Azərbaycan üçün prioritet sayılan Avropa İttifaqı ölkələri, ABŞ, Yaponiya, Kanada, Rusiya və Fars körfəzi ölkələrində milli turizmin təbliği üçün lazımi tədbirlər görülmüşdür. Ölkə ərazisindəki mövcud tarixi abidələrin abadlaşdırılması və bərpası, turizm və nümayiş obyektlərinə gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilərin və yol nişanlarının qoyulmasına da tədbirlər planında xüsusi yer ayrılmışdır. Həmin tədbirlərin reallaşdırılması istiqamətində işlər hazırda da davam etdirilir.
Məlum olduğu kimi, 2010-cu ildə dövlət başçısının müvafiq sərəncamına əsasən "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Bu mühüm dövlət sənədinin də əsas hədəfləri Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələrinin formalaşdırılması, turizmin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi, qeyri-neft sektorunda turizmin gəlir gətirən sahə kimi inkişaf etdirilməsi, bu sahədə xidmətin səviyyəsinin yüksəldilməsindən ibarətdir. Ötən dövr ərzində proqramın icrası ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, ölkədə yeni turist marşrutları yaradılmışdır. 2010-cu ildə Şəkidə "Atüstü turizm marşrutları"nın, eləcə də Bakı-Quba-Şamaxı-Bakı istiqamətində dağlıq ərazilərdə avtoturizm və ekstremal turizm komponentlərini özündə əks etdirən yeni turist marşrutlarının yaradılması və s. işlər bu qəbildəndir.
İqtisadiyyatın ən gəlirli sahələrindən sayılan turizmin inkişafı istiqamətində işlər ötən il də davam etdirilmişdir. Belə ki, 2011-ci il aprel ayının son günlərində Bakı şəhərində keçirilmiş 2-ci ümumrespublika daxili və 10-cu beynəlxalq turizm sərgiləri buna əyani sübutdur. Prezident İlham Əliyevin iştirakı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığında yerləşən "Şahdağ dağ-xizək turizm kompleksi"nin təməlqoyma mərasiminin keçirilməsi, həmçinin daxili turizmin inkişaf etdirilməsi məqsədilə Yanardağ və Nardaran qalası turist marşrutlarının yaradılması da bu istiqamətdə reallaşdırılan mühüm tədbirlərdəndir.
Son illər ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsi bir çox sahələr kimi, turizm sektorunda da infrastruktur imkanlarının xeyli yaxşılaşmasına, zənginləşməsinə səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olan 206 şirkət, 504 mehmanxana və mehmanxana tipli obyekt mövcuddur. Ötən il bu sahədə çalışan işçilərin sayının 7439 nəfər təşkil etməsi də turizmə olan marağın getdikcə artmasının göstəricisidir.Yeri gəlmişkən, Azərbaycanda turizmin inkişafına yaradılan münbit şərait, xüsusən də bu sahəyə dövlət dəstəyinin getdikcə gücləndirilməsi nəticəsində mehmanxana və mehmanxana tipli obyektlərin sayı ilbəil artmaqdadır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il Bakı şəhərində beşulduzlu 3 mehmanxana açılmışdır. Cari ildə isə paytaxtda bu tipli daha 3 mehmanxananın açılması gözlənilir. Eyni zamanda, ölkənin digər bölgələrində də bu istiqamətdə mühüm işlər həyata keçirilir. Belə ki, hazırda ölkənin ayrı-ayrı şəhərlərində 4 ədəd beşulduzlu mehmanxananın tikintisi sürətlə davam etdirilir. Bütövlükdə isə turizm sektoruna getdikcə artmaqda olan marağın nəticəsidir ki, hazırda paytaxtda və regionlarda 46 mehmanxana və mehmanxana tipli obyekt inşa olunur. Bütün bunları yüksək qiymətləndirən Prezident İlham Əliyev dekabr ayının 28-də Bakıda "Jumeirah Bilgah Beach Hotel" kompleksinin açılışına həsr olunmuş mərasimdə demişdir:
"...Azərbaycan yaşamaq, istirahət etmək üçün gözəl yerdir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz Bakını gözəlləşdiririk, Bakını qoruyuruq, sevirik. Belə gözəl otellərin Bakıda yaradılması şəxsən məni çox sevindirir. Onu da qeyd etməliyəm ki, təkcə Bakıda deyil, digər bölgələrdə də hazırda beşulduzlu bir neçə otel tikilməkdədir... Bu otellərin istifadəyə verilməsi Azərbaycanın turizm potensialını daha da gücləndirəcəkdir... Bu il Azərbaycanda "Turizm ili" elan edilibdir. Mən cox şadam ki, "Turizm ili"ndə dünya otel şəbəkələri Azərbaycanda gözəl otellər açırlar, gözəl memarlıq abidələri yaradırlar".
Ölkəmizin turizm potensialının hərəkətə gətirilməsində, bu imkanlardan səmərəli surətdə istifadə olunmasında Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının da əhəmiyyəti olduqca böyükdür. Təkcə onu demək kifayətdir ki, adı çəkilən sənədlərdə turizmlə əlaqədar xüsusi bəndlərin öz əksini tapması dövlətin bu vacib sahəyə yetirdiyi diqqətin daha bir parlaq təzahürüdür. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" ölkə iqtisadiyyatının, o cümlədən də turizm sektorunun inkişafı yolunda mühüm addım olmuşdur. Birinci regional inkişaf proqramında olduğu kimi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da ölkədə turizmin inkişaf perspektivləri ilə bağlı konkret tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycanda turizmin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi proqramda əsas prioritet kimi müəyyənləşdirilmişdir. İkinci regional inkişaf proqramında bununla bağlı nəzərdə tutulmuş tədbirlər turizmi iqtisadiyyatın yüksək gəlirli sahələrindən birinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli və rəqabət qabiliyyətli müasir turizm kompleksləri yaratmaq və bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi daşıyır. Həmin tədbirlərə isə mövcud turizm obyektlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, turizm xidmətləri üzrə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiqi, turizm-rekreasiya zonalarının hüquqi statusunun müəyyən edilməsi, ölkə ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunması, turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi daxildir.
Bütövlükdə isə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda ölkənin ayrı-ayrı şəhər və rayonlarında yerləşən mədəniyyət obyektlərinin təmir-bərpası, yenilərinin tikintisi və tarix-mədəniyyət obyektlərində konservasiya işlərinin aparılması, eləcə də dağ turizminin inkişaf etdirilməsinə dair 60-dək bənd nəzərdə tutulmuşdur. Həmin tədbirlərin icrası isə birbaşa Mədəniyyət və Turizm Nazirliyinə həvələ olunmuşdur. Yeri gəlmişkən, ölkənin nəqliyyat sektorunun inkişafı, yol infrastrukturunun yaradılması zəngin turizm potensialından daha səmərəli istifadə edilməsinə təkan verə bilər. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi əlverişli coğrafi mövqedə yerləşməsi, son illər ölkəmizdə istifadəyə verilən beynəlxalq səviyyəli aeroportlar turizm sektorunu dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevirmək üçün münbit şərait yaradır. Elə son illər Azərbaycanda turizm xidmətlərinin kəmiyyət və keyfiyyət etibarı ilə yüksəlməsi, həmçinin beynəlxalq tələblərə cavab verən turizm infrastrukturunun yaradılması da bu sahədə yüksək nailiyyətlərin əldə olunmasına ümid verir. Birinci regional inkişaf proqramında olduğu kimi, analoji sənəddə də turizmin inkişafı istiqamətində konkret vəzifələrin qoyulması bölgələrin tərəqqisi ilə yanaşı, milli iqtisadiyyatımızın da davamlı inkişafına təkan verəcək.
Yeri gəlmişkən, proqramın icrasına başlanılmasından ötən dövr ərzində ölkədə turizm sektorunun inkişafı ilə bağlı bir sıra işlər görülmüşdür. Şəki şəhərində ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan Aşağı Karvansaray binasında əsaslı elmi-bərpa işləri davam etdirilmiş, XV əsrə aid tarix və mədəniyyət abidəsi olan "Gələrsən-görərsən" qalasında konservasiya işlərinin aparılması məqsədilə ilkin hazırlıq işləri başa çatdırılmışdır. Bundan əlavə, şəhərin "Dağüstü park" adlanan hissəsində müasir standartlara cavab verən etnoqrafiya muzeyi üçün binanın tikintisi nəzərdə tutulur. Ötən müddətdə Qəbələnin Vəndam kəndində "Xəzər" istirahət mərkəzi tikilib istifadəyə verilmiş, Qaxda "İçəri bazar" tarixi-memarlıq abidəsində təmir-bərpa işləri görülmüşdür. Dövlət Proqramına əsasən, Siyəzən rayonunda Xəzər dənizi sahilində "Turizm və rekreasiya zonaları"nın yaradılması barədə təkliflər Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Ötən illər ərzində inkişaf etmiş nəqliyyat şəbəkəsinin, yol və digər vacib infrastrukturun yaradılması ölkənin turizm sektoruna marağı xeyli artırmışdır. Bundan əlavə, ölkəmizdə mövcud əlverişli biznes mühiti adı çəkilən sahənin cəlbediciliyinə gətirib çıxarmışdır. Elə aparılan təhlillər də son illər Azərbaycana gələn turistlərin sayının getdikcə artmasını təsdiqləyir. Belə ki, dünyada baş verən ciddi maliyyə böhranının təsirlərinin davam etdiyi 2010-cu ildə ölkəmizə 1,9 milyon nəfər əcnəbi gəlmişdir ki, onlardan da 1,5 milyon nəfərini turistlər təşkil etmişdir. 2011-ci ildə isə Azərbaycanda istirahət edən xarici turistlərin sayı təqribən 2 milyon 234 min nəfər təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 14 faiz coxdur. Heç şübhəsiz, bu amil ölkəmizə, onun təbii şəraitinə, zəngin turizm potensialına olan maraqdan irəli gəlir. Azərbaycanın turizm potensialı, ölkəmizdə bu sahənin ilbəil sürətlə inkişaf etməsi bir sıra beynəlxalq təşkilatların da diqqətini cəlb etmişdir. Ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi isə növbəti illərdə prioritet istiqamətlərdən biri kimi qarşıya qoyulmuşdur. Təsadüfi deyil ki, yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012- ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev bu vacib məqama toxunaraq demişdir: " 2011-ci il Azərbaycanda "Turizm ili" elan edilmişdir. "Turizm ili" ərzində bu sahəyə daha da böyük diqqət göstərilmişdir. Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm".
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 29 aprel.- S. 2.