Xəzərin ekologiyasına yönəlmiş yeni informasiya mərkəzi yaradılmışdır

 

Son illər Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatının intensivləşməsi ilə əlaqədar ekoloji tarazlığın qorunmasına da xüsusi diqqət yetirilir. Bu günlərdə "Əsrin müqaviləsi" və "Şahdəniz" layihələrinin operatoru olan bp şirkəti və onun tərəfdaşları veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzini (XEİM) təsis etmək üçün "GRİD-Arendal" təşkilatı ilə yeni bir ətraf mühit müqaviləsi imzalamışlar.

 

Xatırladaq ki, bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanmış və onun nəticəsi olaraq Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə ediləcək onlayn ekoloji məlumat bazasının yaradılması da gözlənilir.

Xəzər hövzəsində ətraf mühitin vəziyyəti haqqında ən son məlumatların etibarlı mənbəyi kimi xidmət göstərməkdən əlavə, XEİM ətraf mühitlə bağlı məlumatların toplanmasının yaxşılaşdırılması və ətraf mühitin idarə edilməsi üzrə ən yaxşı təcrübələrin mübadiləsi üçün yaradılır. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsi kimi istifadə ediləcək.

bp-nin normativ uyğunluq və ətraf mühit məsələləri sahəsində Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Faiq Əsgərov bu barədə demişdir: "bp və onun tərəfdaşları bu əməkdaşlığın yaradılmasından məmnundur və inanırlar ki, bu, Xəzər ekologiyası üzrə mütəxəssislərin regionda ekoloji monitorinq və metodikaları standartlaşdırmaq və uzlaşdırmaq səylərini gücləndərəcək. Zənnimizcə, bu mərkəz ətraf mühitlə bağlı regional məlumatlardan daha geniş istifadə imkanları yaradacaq, şəffaflığı artıracaq və ictimaiyyət də daxil olmaqla əsas maraqlı tərəflərlə əlaqələri gücləndirəcək. Ən əsası, inanırıq ki, bu yeni mənbə vasitəsi ilə əhatəli və etibarlı məlumatlardan istifadə etmək imkanı ictimaiyyətin regiondakı ətraf mühitlə bağlı fəaliyyətlərdə iştirakının yaxşılaşdırılmasına kömək edəcək"

"GRİD-Aredal"ın bacarıqların yaradılması və qiymətləndirilməsi şöbəsinin rəhbəri və XEİM-in layihə meneceri Valentin Yemelin də öz növbəsində təmsil etdiyi qurumun ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərdə BMT-yə dəstək missiyasını yerinə yetirərək regiondakı ölkələrə ətraf mühitlə əlaqədar məlumatların idarə edilməsi və əlaqələrin qurulması sahəsində bacarıqların yaradılmasında kömək etməyə çalışdığını bildirmişdir.

Yeri gəlmişkən, "GRİD-Arendal" Norveç qeyri-kommersiya təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının əməkdaşlıq mərkəzidir. Xəzər Ekoloji Proqramı isə 1997-ci ildə yaradılmış regional təşəbbüsdür. Bu proqram Xəzəryanı ölkələr tərəfindən hazırlanıb və onlar tərəfindən də idarə olunur. Proqram Xəzərin ekologiyasını yaxşılaşdırmaq və regionda davamlı inkişafı təşviq etmək məqsədi daşıyan fəaliyyətləri əhatə edir. bp və tərəfdaşları XEP təsis olunduğu gündən onunla uğurlu əməkdaşlıq edirlər. Bu əməkdaşlığın bir hissəsi kimi, bp, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin operatoru kimi, XEP rəhbər komitəsinin keçirdiyi iclasların fəal iştirakçısı olmuşdur. Xatırladaq ki, indiyədək Xəzər Ekoloji Proqramı çərçivəsində layihənin əlaqələndirilməsi bölümünün 1-ci mərhələsini Bakıda qurmaq məqsədilə layihəyə dəstək verilməsi; trans-sərhəd xarakterli diaqnostik analizlər, neft dağılmalarına cavab tədbirləri üzrə region və Azərbaycan üçün dövlət planlarının və Xəzər konvensiyasının hazırlanması, aqressiv invaziv növlər və biomarkerlər üzrə seminarlar, eləcə də Xəzər ekologiyası sahəsində mütəxəssislər üçün ətraf mühitin monitorinqi üzrə təlim kursları kimi layihələrə dəstək verilmişdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 28 aprel.- S. 12.