"Kəlamlar"
Almaniyada nəşr olunmuşdur
İstənilən
insan öz ölkəsi,
Vətəni, xalqı və dövləti barədə xarici aləmdən hər hansı xəbəri
eşidərkən təkcə sevinmir, eyni zamanda, öz
xalqı və ya adi bir soydaşı ilə fəxr edir. Hətta bir
yapon şairi
yazırdı ki, mən Finlandiyada,
Misirdə və İndoneziyada çap olunmuş dünya xəritələrində
Yaponiyanın adını görəndə sevincimdən gözüm yaşarırdı. Bundan, yəni xəritədə ölkənin
adının görünməsindən adi
bir hal yoxdur.
Heç kəs xəritədən
hansısa ölkənin adını silə bilməz. Söhbət
milli təəssübkeşliyin
miqyasından gedir. Bu
təəssübkeşliyə heç bir hədd, hüdud yoxdur. Bu hiss
bizdə daha güclüdür.
Yazıçı-filosof,
dörd beynəlxalq akademiyanın akademiki, Azərbaycan, Rusiya
və Türkiyə Yazıçılar birliklərinin, eləcə
də Avrasiya Yazıçılar Liqasının üzvü
Hacı Fərhad Mirzənin "Kəlamlar"
kitabının dünyanın müxtəlif ölkələrində
çap olunması və geniş yayılması da bizim hər
birimizin sevincinə və məmnunluğuna səbəb olur.
Öncə "Vektor" Beynəlxalq Elm Mərkəzinin xətti
ilə müxtəlif illərdə Bakıda, sonra Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının təşkilatçılığı ilə
Ankarada (2009-cu il) böyük tirajla çap olunub yayılan bu
kitab "Türkiyədə ilin kitabı"elan edildi.
Çox çəkmədi ki, "Kəlamlar" rusiyalı
mütəxəssislərin də diqqətini cəlb etdi.
Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva
Şəhər Təşkilatının xətti ilə rus
dilinə tərcümə edilib Moskvada çap olunan
"Kalamı" (2009-cu il) kitabı öz müəllifinə
daha böyük nüfuz qazandırdı. Rusiya
Yazıçılar İttifaqının xətti ilə
Kanadada və Ukraynada keçirilən Beynəlxalq kitab sərgilərinə
göndərilən bu kitab soydaşımızın daha
geniş miqyasda tanınmasına səbəb oldu. Məhz həmin
sərgilərdən sonra Hacı Fərhad Mirzə Avropa Təbiyyat
Elmləri Akademiyasının akademiki və Roma şəhərinin
fəxri vətəndaşı seçildi. Az sonra isə Birləşmiş
Millətlər Təşkilatı yanında İctimai Təltiflər
Şurası "Kəlamlar" müəllifini
"Puşkin adına Qızıl medal"a layiq
gördü.
Bu
günlərdə isə Almaniyanın Frankfurt şəhərindən
şad xəbər alınmışdır. Rusiya
Federasiyası Yazıçılar Birliyi Moskva Şəhər
Təşkilatının, Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının, Avropa Təbiyyat Elmləri
Akademiyasının və "Vektor" Beynəlxalq Elm Mərkəzinin
birgə təşkilatçılığı ilə "Kəlamlar"
kitabı Frankfurt şəhərindəki "BMP Balta Media
& Print" nəşriyyatında ingilis dilində,
böyük tirajla çap olunmuşdur. Yeni kitab
"Vektor" Beynəlxalq Elm Mərkəzinin prezidenti,
filologiya elmləri doktoru, professor Elçin İskəndərzadənin
kəlamın və "Kəlamlar" kitabının mahiyyətinin
Avropa oxucuları üçün nəzərdə tutulan
şərhi ilə açılır. Sonra isə Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyası Ankara Bürosunun sədri, professor Xeyrəddin
İvginin, Avropa Təbiyyat Elmləri Akademiyasının
prezidenti Vladimir Tıminskinin, Rusiya Federasiyası
Yazıçılar Birliyi Moskva Şəhər Təşkilatının
sədri, Rusiyanın əməkdar mədəniyyət
işçisi, şair Vladimir Boyarinovun və fəlsəfə
elmləri doktoru, professor Əli Abbasovun Hacı Fərhad Mirzənin
ədəbi-fəlsəfi yaradıcılığı,
xüsusən, kəlamları barədə əhatəli elmi
məqalələri verilir.
İlk
dəfədir ki, avropalı oxuculara təqdim olunan yeni nəşrin
üstün cəhətləri odur ki, buraya müəllifin
1997 - 2012-ci illəri əhatə edən, təxminən 300
mövzuya aid kəlamları daxil edilmişdir. Yəni burada
2009-cu ildəki Moskva nəşrinə düşməyən
yüzlərlə kəlam vardır. Daha bir yenilik isə odur
ki, yeni kitab beynəlxalq mütəxəssislər tərəfindən
dərslik kimi təqdim olunur. Əhatə olunan
mövzuların siyahısı verilməklə yanaşı, əlifba
ilə hansı kəlamın hansı səhifədən
tapılmasını asanlaşdıran ikinci bir göstərici
də tərtib olunmuşdur. "Lent.az" internet
saytının 2010-cu ilin aprelində Bakının 8-ci kilometr
qəsəbəsindəki ticarət mərkəzində
yanğın söndürüldükdən sonra
dağıntılar arasından heç bir zərər
çəkməmiş "Kəlamlar" kitabının
tapıldığını göstərən şəkilli
xəbəri də kitabın ön səhifələrində
avropalı oxuculara təqdim olunur.
"Kəlamlar"ın
yeni nəşrinin redaktorları Cens Şristensen və Murat
Mümtaz Kök, ingilis dilinə tərcümə edəni
Firudin Ağazadə, rəyçi professor Tofiq Bakıxanov,
korrektor Səidə Sultan, texniki tərtibatçısı isə
Sənan Orucdur. Soydaşlarımıza yeni uğurlar arzu
edirik.
Natəvan İSMAYILLI
Xalq qəzeti.- 2012.- 28 aprel.- S. 10.