Balakən:
üzü işığa doğru...
Balakəndə mənim
nə qədər dostum varsa, bilmirəm. Amma onu bilirəm ki,
bu gözəlliklər diyarında olanda heç zaman tək gəzməmişəm.
Hansı ünvana üz tutmuşamsa, mütləq yerli
dostlarımla birlikdə getmiş, yolboyu həmsöhbət
olmuşam. O biri dostlar - yoldaşlar inciməsinlər, nədənsə
fotoqraf Ramazan Abalovla yola çıxanda işin nə vaxt
başlayıb - nə vaxt qurtardığını bilmirəm.
Çünki o, yaxşı sənətkar olmaqla bərabər,
həm də yaxşı həmsöhbətdir. Ötən
payızda bir dəfə ona dedim ki, Ramazan, vaxtın olanda Katex
şəlaləsinin şəklini çəkərsən.
Dedi - Onu da çəkmişəm, Talalar kəndindəki Nur
kilsəsini də, Pəri qalasını da,
Qoşabulağı da...
Maraqlıdır, mən bu adamdan bir ünvanın şəklini istədim, o, dörd-beş ünvan söylədi. Bunun mənasını soruşanda isə: - "Katex şəlaləsinin şəklini istəyirsinizsə, deməli, Balakəndə turizmin inkişafı ilə bağlı nə isə yazacaqsınız. Ona görə də turistlərin marağını daha çox cəlb edən ünvanları yada saldım" - dedi.
Rayona budəfəki səfərim zamanı Ramazanı yenə də arzuladım. Çünki aprelin Balakənə biçdiyi donun rənglərini qələmlə və ya sözlə ifadə etmək qətiyyən mümkün deyildi. Talalar, çöllər, meşələr, bağlar zümrüd kimi yamyaşıl, yuxarıda - Balakənin başı üstündə keşik çəkən dağlar isə ağ çalmada, qara bürünmüş şəkildə. Ramazanla yenə də görüşdük. Yenə də yol yoldaşlığı, yenə də bir-birini çəkən sözlər, söhbətlər və sən demə... illərdən bəri yazı hazırladığım Balakən haqqında hər şeyi bilmirəmmiş. Sən demə, bu dağlar diyarının 65 faizində subtropik iqlim qurşağı mövcud imiş. Respublikada ərazisinə görə ikinci olan Zaqatala qoruğunun dörddə-üçü də Balakən rayonunun ərazisinə düşür. Yaxud, Balakən SSRİ dövründə bütün ittifaqda 18 nəfər Sosialist Əməyi Qəhrəmanı olan yeganə rayon olub. Belə maraqlı faktları çox sadalamaq olar. Ramazanla birlikdə Balakənin bu günü, tikinti-quruculuq işlərinin miqyası, turizm imkanları və təbii ki, təbii gözəllikləri əks etdirən foto-şəkillərlə bağlı işləri başa çatdırsaq da, söhbətimiz başa çatmadı. Eybi yox, qabaqdan Balakənin daha çal-çağırlı, daha gözəl günləri gəlir...
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevlə söhbətimizdə əsasən Balakənin soial-iqtisadi inkişafı ilə bağlı məqamların üstündə dayandıq. İslam müəllim qeyd etdi ki, bu tərəqqinin təməli əslində ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə qoyulmuşdu: "- Ötən əsrin 70-80-ci illərində Balakən iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başlamışdı. Həmin dövrdə Balakənçay və Mazım çaylarının üzərində böyük körpülər salındı, əhalinin həyat səviyyəsi kifayət qədər yaxşılaşdı, kəndlər öz simasını tamamilə dəyişdi, rayonun bütün yaşayış məntəqələrində o dövr üçün müasir olan minlərlə ev tikildi. Məhz həmin illərdə Balakəndə onlarla inzibati bina, sənaye müəssisəsi, yeni tipli məktəb binası, uşaq bağçası və digər sosial obyektlər tikilib istifadəyə verilib. Ən başlıcası, bu gün bizim rayona və ümumiyyətlə, Şəki - Zaqatala iqtisadi rayonuna turist və qonaq axınını təmin edən Bakı - Balakən dəmir yolu məhz həmin illərdə çəkilib. Mən bütün bunları rayonumuzun bugünkü sosial-iqtisadi inkişafının təməli kimi xatırladıram. Balakənin indiki uğurları barədə özünüz dəfələrlə yazmısınız. Təkcə bir əlaqəli məqamı yada salım. Heydər Əliyev Bakıdan Balakənə - yəni respublikamızın xəritəsinin bu başından o biri başına dəmir yolu çəkdirib, regionun sosial-iqtisadi inkişafına möhtəşəm təkan vermişdi. Prezident İlham Əliyev isə Balakəndə bütün Qafqazın ən uzun və ən hündür kanat yolunun tikilib istifadəyə verilməsinə nail olmaqla bizim rayonda turizmin inkişafına heç zaman görünməyən və hətta, heç kəsin xəyalına belə gəlməyən bir zəmin yaradıb. Görürsünüzmü, dövlət başçımızın Balakənə hər səfəri və ya rayonumuzla bağlı imzaladığı istənilən sənəd Balakənin növbəti uğurlarına işıq salır. Yaşadığımız ilin birinci rübündə də biz bu qayğı və diqqəti daim görmüşük".
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevlə danışdıqca yadıma son vaxtlar görülmüş işlər düşdü. Sayım, siz də bilin. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan prospekt başdan-başa yenidən qurulub. Yeni işıqlandırma sistemi, prospekt boyu evlərin fasadlarının üzlənməsi, səki daşlarının yeniləri ilə əvəz olunması buranın əvvəlki görkəmini tamamilə dəyişib. Prospektdə nəqliyyatın ikitərəfli hərəkəti təmin olunub. Daha sonra R.Səmədov və M.Əsədov küçələrində də 5,5 kilometr məsafədə yeni işıqlandırma sistemi qurulub, elektrik və rabitə xətləri yeraltı xətlərlə əvəz olunub.
Bu gün fərəhlə qeyd etmək lazımdır ki, Dövlət Bayrağı meydanı Balakənə xüsusi yaraşıq verir. Meydanda ucaldılan dövlət atributları ilə bəzədilmiş abidə sözün həqiqi mənasında zövqlə düzəldilib. Baxdıqca, baxmaq istəyirsən.
Balakənlilər daha bir hədiyyə də alıblar. Belə ki, Nərimanovun adını daşıyan park müasir üslubda yenidən tikilib. Hələ mən 4 bulaq kompleksinin istifadəyə verilməsini demirəm.
Bax, beləcə görülən işlər bir deyil, beş deyil. Nə qədər istəsən saymaq olar. Bir sözlə, balakənlilər hər gün bir yeniliyin, bir uğurun şahidi olurlar.
Bu ilin birinci rübündə də uğurlara imza atılıb. Rayon icra hakimiyyətinin başçısı bu barədə söz açarkən öncə Prezident İlham Əliyevin martın 28-də imzaladığı sərəncamı yada saldı. Bildirdi ki, Prezidentin həmin sərəncamı əsasında 2012-ci ildə Balakən Qazma - Darvazbinə yolu tamamilə yenidən tikiləcək. Bu sərəncam rayonda infrastrukturun inkişafına mühüm töhfə, birinci rübdə rayonun sosial-iqtisadi həyatının ən mühüm hadisəsi kimi qiymətləndirilir. "Görürsünüzmü, heç nə Prezidentin diqqətindən kənarda qalmır", - dedi.
Balakənin iqtisadi həyatının əsasını
kənd təsərrüfatı təşkil etdiyindən
yaxşısı budur bir az da bu sahədən danışaq.
Hər halda maraqlı olar. Bu ilin məhsulu üçün
493 hektar payızlıq taxıl, o cümlədən 242 hektar
buğda, 256 hektar arpa, ümumilikdə 1614 hektar sahəni əhatə
edən qarğıdalı, kartof, yonca, lobya və başqa
yazlıq bitkilər əkilib. İlin ilk üç ayı
heyvandarlığın inkişaf etdirilməsi
üçün atılan müvafiq addımlarla müşayiət
olunub. Həm iribuynuzlu mal-qaranın, həm də
qoyun-keçilərin baş sayı, eləcə də
arı ailələrinin sayı ötən ilin müvafiq
dövrü ilə müqayisədə kifayət qədər
artıb. Üç
ayda 1229 ton ət, 4103 ton süd, 1 milyon 686 min yumurta istehsal
edilib. Kənd təsərrüfatı məhsullarının,
xüsusən, meyvələrin səmərəliliyini
artırmaq məqsədiylə rayonda soyuducu və qurutma
kameralarının tikintisi diqqət mərkəzində
saxlanılıb. Bununla yanaşı yeni intensiv bağ təsərrüfatları
yaradılır. Mövsüm ərzində Balakəndə
Yaponiya, Hollandiya, Çexiya və ABŞ-dan gətirilmiş
26 növ yüksək məhsuldar meyvə ağacları və
tingləri əkilib. Onların damcılama metodu ilə
suvarılması təmin edilib. Quşçuluğun
inkişaf etdirilməsi məqsədiylə rayonun Şərif
kəndində inqubasiya sexi yaradılıb ki, bu da
qarşıya qoyulan məqsədə çatmaq
üçün atılan mühüm addımlardandır.
Bu gün
Balakən haqqında söz açarkən abadlıq və
yaşıllaşdırma işləri barədə söz
açmamaq mümkün deyil. İlin ilk üç ayında
Heydər Əliyev adına mədəniyyət və istirahət
parkının ərazisində, eləcə də şəhərin
müxtəlif ünvanlarında 1500-ə qədər gül
kolu və dekorativ ağac əkilib. Bütün bayram və əlamətdar
günlərin yüksək səviyyədə keçirilməsini
daim diqqət mərkəzində saxlayan balakənlilər
Novruz bayramı ərəfəsində paytaxt sakinlərinin
süfrələrini zənginləşdirmək
üçün Bakıda keçirilən yarmarkalara ötən
ildəkindən daha çox kənd təsərrüfatı
məhsulu göndəriblər.
Tarixən
daim qurub-yaratmaq eşqiylə yaşayan balakənlilər bu ənənəni
indi də davam etdirirlər. 480 yerlik Xalatala, 80 yerlik Qullar və
180 yerlik Katex - zavod kənd məktəbləri
üçün yeni məktəb binalarının tikintisi
davam etdirilib. Nizami adına şəhər 1 saylı tam orta məktəbin
əsaslı təmiri başa çatmaq üzrədir. Şəhərdəki
1 və 3 saylı uşaq bağçalarının təmiri
də artıq yekunlaşır. Bundan başqa, 2 saylı Qullar
məktəbi üçün 220, Hənifə məktəbi
üçün 480, Qazma 2 saylı məktəbi
üçün 360 və Qaracabinə məktəbi
üçün 80 yerlik olmaqla 4 yeni məktəbin layihələndirilməsi
aparılır. Birinci rübün son günlərində isə
daha 2 yeni məktəbin - 180 yerlik Şambul və 220 yerlik
Qazbinə kənd orta məktəbləri üçün
yeni binaların tikilməsi haqqında sərəncam
imzalanıb.
Balakənin
ən abad guşələrindən olan Heydər Əliyev
meydanının daha müasir şəkildə
abadlaşdırılması istiqamətində işlər
davam edir. "Balakən-1" su-elektrik stansiyasının və
rayon mədəniyyət evinin tikintisinə, eləcə də
Məhəmməd Əsədov küçəsindəki 8 mənzilli
yaşayış evinin əsaslı təmirinə
başlanılıb.
"Aqrolizinq"Açıq
Səhmdar Cəmiyyətinin Balakən rayon "Aqroservis"
filialının, əhalinin sosial müdafiəsi mərkəzinin,
rayon təhsil şöbəsinin, məcburi
köçkünlər üçün çoxmənzilli
yaşayış və YAP rayon təşkilatının yeni
inzibati binalarının tikintisi üçün
torpaqayırma sənədləri hazırlanıb. Şəhərin
su-kanalizasiya sisteminin layihələndirilməsi işləri
başa çatdırılıb. İlin sonunadək həmin
obyektlərin tikintisinə başlanılacaq. Əkin sahələrinin,
müxtəlif müəssisələrin və xüsusən,
əhalinin sel sularından zərər görməməsi
üçün aparılan qabaqlama tədbirləri intensiv
şəkildə davam etdirilib. Çünki yaz aylarında
düşən uzunmüddətli yağmurların sel təhlükəsi
yaradacağı barədə proqnozlar tez-tez səslənir.
Rayon əhalisinə elektrik enerjisi, təbii qaz, istilik və
içməli su verilməsinin zamanın tələbi səviyyəsində
qurulması rəhbərliyin daim diqqət mərkəzindədir.
Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı yeniyetmə və gənclərin təlim-tərbiyəsinin təkmilləşdirilməsi, onların pis vərdişlərdən uzaqlaşdırılması məsələləri Balakəndə də bir nömrəli vəzifə kimi hamının qarşısına qoyulub. Bu məqsədlə məktəblərin müvafiq qurumlarla birgə fəaliyyəti təşkil olunub.
Bir sözlə, bu gün Balakən heç zaman görünməyən bir sürətlə inkişaf edir. Həmin inkişafın rəmzini məhz Ramazan Abalovun çəkdiyi bir fotoşəkildə də görmüşdüm. Bir dəfə ondan xahiş etdim ki, Balakənlə bağlı hazırlayacağım yazı üçün şəkil çəksin. Ertəsi gün həmin şəkli mənə verdi. Yay gecəsində Balakən çayının üstündəki körpüdə körpəsinin əlindən tutan gənc ananın işığa doğru getməsi əks olunmuşdu. Baxdım, duyğulandım. Ramazan hiss etdi. "Bəs nə bilmisiniz-dedi-bu, Balakənin inkişafının rəmzidir. Hamı işığa, daha aydın sabaha, daha xoş günlərə doğru gedir.
Balakəndən ayrılanda yuxarıda qeyd etdiyim qarlı dağlara bir də boylandım. Uzun illər rayondakı uşaq musiqi məktəbinə rəhbərlik etmiş saçları dümağ olan Abbas Abbasov haqqında qələmə aldığım sətirlər yadıma düşdü. O vaxt yazmışdım ki, Abbas müəllimin saçlarına baxanda nədənsə həmişə Balakənin dağları gözlərimin qarşısına gəlir. Bunu onun özünə də demişdim. Onu da demişdim ki, bu bənzərlikdə bir fərq var. Fərq ondadır ki, dağların "ağ saçına" baxanda adamın ürəyi üşüyür, sənin ağ saçların isə yüzlərlə sənətsevər gəncin ürəyinə hərarət, istilik verib...
... Aradan xeyli vaxt keçib. Bu görüşdən sonra dəfələrlə Balakəndə olsam da Abbas müəllimi axtarmamağımı özümə bağışlaya bilmirəm ki, bilmirəm.
Nə bilmək olar. Bəlkə də ömrünün ixtiyar çağında olan Abbas Abbasov heç məni xatırlamır da...
Odur ki, söz verirəm... Balakənə növbəti səfərimdə mütləq Kortala kəndinə gedəcəyəm. Onu mütləq tapacağam. Qəribədir, görəsən dünyanın hər üzünü görmüş ağsaqqal məni və onunla olan görüşümü xatırlayacaqmı? Bilmirəm...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2012.- 28 aprel.- S. 9.