Masallı: qarşıda duran vəzifələr müəyyənləşdirildi

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında qarşıya qoyulmuş vəzifələrlə əlaqədar Masallı Rayon İcra Hakimiyyətində yığıncaq keçirilmişdir.

 

Rayona yeni təyin olunmuş icra hakimiyyətinin başçısı Rafil Hüseynov yığıncaqda məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə, uğurla və yüksək işgüzarlıqla davam etdirilməsi nəticəsində müstəqil Azərbaycan gündən-günə inkişaf edir və qüdrətlənir. Bu tərəqqi və yüksəlişi hər bir vətəndaş öz həyatında, sosial vəziyyətinin yaxşılaşmasında aydın hiss edir. Regionlarda genişmiqyaslı quruculuq işlərinin aparılması, problemlərin həlli, rayon mərkəzlərinin yenidən qurulması, kənd və qəsəbələrin abadlaşdırılması ölkəmizin sürətli inkişafının əyani sübutudur. Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınır.

Məruzəçi dedi ki, ilin ilk rübü respublikamızın hər yerində olduğu kimi, Masallı rayonu üçün də uğurlu olmuşdur. Tikinti, abadlıq işlərinin sürətlə davam etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilmişdir.

Martın 13-də dövlətimizin başçısının Masallıya növbəti səfəri unudulmaz tarixi hadisəyə çevrilmiş, rayon ictimaiyyətinin yaddaşında silinməz izlər buraxmışdır. Cənab Prezident rayon mədəniyyət evində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olmuş, Masallı şəhərində su-kanalizasiya sisteminin təməlqoyma mərasimində, Gənclər Mərkəzinin açılışında iştirak etmiş, bölgə gənclərinin nümayəndələri ilə görüşmüşdür. Ölkə başçısı həmçinin "Masera" MMC-nin soyuducu anbarı və istixana komplekslərinin açılış mərasimlərində iştirak etmişdir.

Son vaxtlar şəhərin Heydər Əliyev prospektində bəsit görkəmli tikililər sökülərək yerində müasir üslubda ticarət obyektləri inşa olunmuşdur. Prospektin səkilərinə tamet plitələr döşənmiş, müasir işıqlandırma sistemi qurulmuş, yeni hasarlar tikilmişdir. Qarabağ küçəsində yaşayış binalarının fasadlarında təmir işləri aparılmış, müasir işıq dirəkləri quraşdırılmışdır. Rayonun inkişaf proqramında nəzərdə tutulan sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Rayon mədəniyyət evinin əsaslı təmiri yaxın vaxtlarda başa çatdırılacaq.

Hesabat dövründə iqtisadiyyatın bütün sahələrində yüksəliş təmin olunmuşdur. Rayonda məhsul istehsalı və göstərilən xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artaraq 89,9 milyon manata çatmışdır. Ümumi məhsulda sənaye məhsulunun həcmi 7,4 faiz, kənd təsərrüfatı məhsulları 13,9 faiz, ticarət dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlər 72,9 faiz, tikintiyə yönəldilən investisiyalar 3,1 faiz, nəqliyyat, rabitə və digər xidmətlər 2,7 faiz təşkil edir. Hesabat dövründə adambaşına düşən pul gəlirləri 436 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 261 manat olmuşdur.

Respublikayerli əhəmiyyətli avtomobil yollarında cari təmir işləri davam etdirilir. Ələt-Astara magistralının tikintisi ilə əlaqədar Sərçuvar kəndi ərazisində hazırlıq işlərinə başlanılmışdır. Bəzi kənd yollarının da əsaslı təmirə ciddi ehtiyacı var.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması ilə əlaqədar ardıcıl tədbirlər görülmüşdür. Masallı şəhərində SİP kabelləşmə və yeni Smart kart tipli sayğacların quraşdırılması işləri davam etdirilir.

Rayonda 20901 abonent təbii qazdan istifadə edir. Dövlət Proqramı əsasında rayon mərkəzinə 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xətlərinin çəkilməsi işləri davam etdirilir. Seybətin yaşayış məntəqəsində 410 abonent, Musaküçə kəndində isə 750 abonent üçün sayğaclar quraşdırılaraq qaz verilişi bərpa edilmişdir. Həsənli, Təkdam, Hacıtəpə, Məmmədxanlı, Ərəb, Xırmandalı kəndlərinə qaz xətlərinin çəkilişi başa çatdırılmış, tənzimləyici şkafların quraşdırılmasına başlanılmışdır. Yaxın vaxtlarda daha 2082 mənzildə qaz təchizatı bərpa ediləcək.

Rayonda mövcud ATS-lərin montaj tutumu 29092-yə çatdırılmışdır. Onlardan 23860 abonent istifadə edir. Kənd yaşayış məntəqələrinin qısa vaxtda sürətli internet şəbəkəsinə qoşulması üçün rabitəçilər ciddi tədbirlər görməlidirlər.

Hazırda Masallı şəhərinin içməli su təchizatı kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev rayona səfəri çərçivəsində layihə ilə yaxından tanış olmuş, yeni sistemin təməlqoyma mərasimində iştirak etmişdir. 5000 kubmetr tutumu olan sutəmizləyici qurğunun tikintisində torpaq işləri başa çatdırılmışdır. Yaxın günlərdə bünövrənin tikintisinə başlanılacaq.

Rayon kəndlərinin əksəriyyətində içməli su problemi mövcuddur. "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC tərəfindən Təzə Alvadı Yusifli su mənbələrindən ayrı-ayrı istiqamətlərdə yaşayış məntəqələrinə içməli su xəttinin çəkilməsi üçün müvafiq tədbirlər görülür.

Təhsil sahəsində islahatlar davam etdirilir. Dövlət Proqramı çərçivəsində altı kənddə yeni məktəb binaları tikilir. İki uşaq bağçası əsaslı təmir olunur. Yaxın günlərdə daha dörd kənddə təzə məktəb binalarının inşasına başlanılacaq.

Tibbi xidmətin səviyyəsini yüksəltmək, səhiyyə müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək üçün müəyyən işlər görülür. Mərkəzi rayon xəstəxanasının şöbələrində, poliklinikanın kabinetlərində təmir işləri aparılmışdır. Hişkədərə kəndində həkim məntəqəsinin tikintisi başa çatmaq üzrədir.

Masallı rayonu 2012-ci ildə Azərbaycanın "Folklor Paytaxtı" elan edilmişdir. Rayonda təşkilat komitəsi yaradılmış tədbirlər planı təsdiq edilmişdir. İlk tədbirdə "Folklor Paytaxı"nın kuboku loqosu təqdim olunmuşdur. İlboyu mədəni-kütləvi tədbirlərin festivalların keçirilməsi nəzərdə tutulmuşdur.

Prezident sərəncamı ilə cari ilin "İdman ili" elan edilməsi rayonun idman həyatında mühüm hadisəyə çevrilmişdir. Artıq rayonda boks, taekvando güləş mərkəzlərinin inşasına başlanılmış daha bir neçə idman obyektinin tikintisi nəzərdə tutulmuşdur. Tədbirlər planına uyğun olaraq il ərzində Masallıda müxtəlif miqyaslı yarışlar keçirmək nəzərdə tutulur.

Azərbaycan Prezidentinin Masallıya növbəti səfəri iki gün sonra rayonda sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsaitin ayrılması haqqında sərəncam imzalaması sakinlər tərəfindən çox böyük razılıqla qarşılanmışdır. Bu yüksək diqqət rayon sakinlərini daha işgüzarlıqla çalışmağa ruhlandırmışdır.

Qarşıda görüləsi işlər çoxdur. Məruzəçi inam ifadə etdi ki, bütün bu işlərin həyata keçirilməsi üçün Masallı əhalisi bundan sonra da inkişaf tərəqqiyə töhfələr verəcək.

Yığıncaqda mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, gənclər idman idarəsinin rəisi Camal Manafov, meşə mühafizəsi bərpası müəssisəsinin direktoru Hidayət Novruzov çıxış edərək görülmüş işlərdən danışmış, perspektiv məsələlərə toxunmuşlar.

Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov yığıncaqda çıxış edərək qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 28 aprel.- S. 8.