Sabunçu rayonu: inkişafın yeni mərhələsi

 

Azərbaycan gündən-günə inkişaf edir. Şəhərlərimiz, qəsəbələrimiz öz simasını dəyişir, insanların sosial durumu getdikcə yaxşılaşır. Bu yaxınlarda Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışında respublika Prezidenti cənab İlham Əliyev demişdir: "Bizim inkişafımız hərtərəflidir, çoxşaxəlidir". Doğrudan da, Azərbaycanda bütün sahələr inkişafdadır, təkcə iqtisadiyyatda deyil, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə islahatlar uğurla davam etdirilir. Bu inkişaf, bu tərəqqi Bakının Sabunçu rayonunda da aydın hiss edilir. Rayonda keçirilən 2012-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda bu inkişafdan, problemlərdən, qarşıda duran vəzifələrdən geniş danışılmışdır.

 

İclası giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev son illər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlardan danışdı.

Sonra icra hakimiyyəti başçısının birinci müavini Qəzənfər Həsənov 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı geniş məruzə ilə çıxış etdi. O, bildirdi ki, cari ilin birinci rübündə rayonun sənaye müəssisələri və idarələri tərəfindən məhsul istehsalı 93,9 faiz artaraq 71,4 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 18,2 faiz artaraq 54,7 milyon manat, rabitə xidmətinin həcmi 11,2 faiz artaraq 1,4 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi təxminən 13 milyon manat olmuşdur. Bununla yanaşı digər sahələrdə də inkişaf qeydə alınmışdır. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi 54,5 faiz artaraq 12 milyon manat, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 61,8 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 160,2 milyon manat təşkil etmişdir. Rayon üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 411,5 manat olmuş, 3 ay ərzində cəmi 1135 yeni daimi yerləri yaradılmışdır ki, bunlar da rayonun həm iqtisadi, həm də sosial sahələrinin dinamik inkişaf etdiyini göstərir.

Rayonun Məşğulluq Mərkəzində 245 nəfər qeydiyyata alınmışdır. Rüb ərzində qeydiyyata alınmış qeyri-məşğul əhalinin 94 nəfəri daimi işlə təmin olunmuş, 26 nəfərinə işsizlik statusu verilmiş, 36 nəfərinə isə işsizlik müavinəti təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Ünvanlı dövlət sosial yardım haqqında"kı 16 noyabr 2005-ci il tarixli fərmanına əsasən 3005 ailənin 13703 nəfər üzvünün hər birinə 127 manat ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.

Natiq qeyd etdi ki, cənab Prezidentin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ümumən nəzərdə tutulmuş 16 sahəni əhatə edən 801 bənddən 119 bəndi Sabunçu rayonunun qəsəbələrində bütün sahələri əhatə edən tədbirlərin həyata keçirilməsinə aiddir. Rayon üzrə proqramdakı bu 119 bənddən 66 bəndinin icrasına 2011-ci ildə başlanması və bunlardan da 28-nin həmin ildə başa çatdırılması nəzərdə tutulmuşdur. İl ərzində həmin tədbirlərdən 15-i üzrə işlər başa çatdırılıb, 39-u üzrə isə, işlər davam edir, Yeni məktəblər, səhiyyə ocaqları tikilmiş, yollar çəkilmiş, kommunal xidmətlər yaxşılaşdırılmış, qaz, su, elektrik enerjisinə olan ehtiyacların ödənilməsi üçün tədbirlər həyata keçirilmişdir.

Hazırda proqram çərçivəsində Balaxanı qəsəbəsi yaxınlığındakı Yanardağ adlanan yüksəklikdə hər birinin tutumu 10 min kubmetr olan 8 ədəd su anbarı tikilir ki, bununla da bütün ətraf qəsəbələrin içməli su təchizatındakı mövcud çətinliklər tam aradan qalxacaq. Eyni zamanda, Balaxanı qəsəbəsi ərazisində inşası davam etdirilən Məişət tullantıları emalı zavodunun layihəsi çərçivəsində Balaxanı qəsəbəsinin su təchizatı sistemikanalizasiya şəbəkəsinin yaradılması da nəzərdə tutulmuşdur.

Ümumilikdə bu müddət ərzində 5600-ə yaxın fərdi ev qazlaşdırılaraq "smart-kart" tipli qaz sayğacları ilə təchiz edilmiş, bu işlər bu gündavam etdirilir.

Əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədi ilə rayon üzrə 20 ədəd yeni KTM-lər quraşdırılmış, 25790 metr yüksək gərginlikli və 6550 metr alçaq gərginlikli kabellər, 33360 metr yüksək gərginlikli hava xətləri çəkilmiş və təmir edilmiş, 47 TM və KTM-də yenidənqurma və təmir-bərpa işləri aparılmışdır.

Yaşayış binalarının və sosial obyektlərin istiliklə təminatını yaxşılaşdırmaq məqsədilə 5 yaşayış binasının məhəllədaxili istilik paylama xətləri əsaslı təmir olunmuş və 2 uşaq bağçasında, bir məktəbdə yeni istilik mənbələri yaradılmış, binadaxili istilik sistemlərində yenidənqurma işləri aparılır. Növbəti 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıq işləri indidən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq aparılmalıdır. İstiliklə təmin olunacaq yaşayış binalarının sayının 135-dən 140-a, sosial obyektlərin sayının isə 56-dan 60-a çatdırılmasına çalışırıq.

Əhalinin rabitə xidmətinin yaxşılaşdırılması üçün Sabunçu rayon telefon qovşağı üzrə ATS-lərin ümumi tutumu 68464 ədədə, əhalinin istifadəsində olan nömrələrin sayı isə 62992 ədədə çatdırılmışdır

Qəzənfər müəllim bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev ötən ilin aprel ayında Sabunçu qəsəbəsində aparılan abadlıq işlərinin gedişatı ilə tanış olarkən sakinlərin müraciətini nəzərə alaraq 12 saylı şəhər poliklinikasının sökülərək yerində yenisinin tikintisi üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılmasına sərəncam vermişdir ki, hazırda həmin poliklinikanın da ümumi tikinti işləri başa çatmaq üzrədir.

Hazırda "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsindəki 112 saylı məktəbin köhnə binası sökülərək yerində yeni 3 mərtəbəli tədris korpusunun tikintisi davam etdirilir. Hazırda rayon icra hakimiyyəti tərəfindən qəsəbə nümayəndələri və bələdiyyələrin, eləcə də digər əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbərləri qarşısında çox vacib bir məsələ qoyulmuşdur: hər kəs öz işində dönüş yaratmalı, bu vaxta qədər buraxılan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və bir daha təkrar olunmaması, küçə və meydanlarda, məhəllədaxili ərazilərdə səliqə-sahman, təmizlik yaratmalı, qanunsuzluqların kökünü birdəfəlik kəsməklə rayonun simasını dəyişib əvvəlki görkəminə gətirməli, bununla da rayonumuzu Bakı şəhərinin ən yaraşıqlı rayonlarından birinə çevirməliyik.

O da nəzərə alınmalıdır ki, cari ilin may ayında Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı paytaxta on minlərlə qonağın gəlişi gözlənilir. Qəzənfər müəllim iclasda idarə, müəssisə, təhsil, səhiyyə və digər təşkilat rəhbərlərinin də iştirakını nəzərə alaraq onlara müraciətlə dedi ki, hər kəs rayon ərazisində səliqə-sahman yaratmaq üçün əlindən gələni əsirgəməməlidir.

Natiq bir məsələyə də toxundu. Bildirdi ki, rayon ərazisində 50 müxtəlif binada məskunlaşmış 2100 məcburi köçkün ailələsi var. Onların məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması, binalarda müəyyən təmir-bərpa işlərinin aparılması, bu ailələrə enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanmışdır.

Məruzəçi son olaraq dedi ki, gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə daha da genişləndirərək 2012-ci ilin sonuna kimi qarşıda duran bütün vəzifələrin yerinə yetirilməsi üçün qüvvələrimizi səfərbər etməliyik.

İclasda Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin müdiri Məhərrəm Məhərrəmov, "Neftqazmaş" ASC-nin İdarə Heyətinin sədri Vahid Hacıyev, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Bəxtiyar Qasımov, Milli Məclisin deputatı Eldar Quliyev çıxış edərək 2012-ci ilin birinci rübündə həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Sonda rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək tapşırıq və tövsiyələrini verdi.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 28 aprel.- S. 8.