Biləsuvar: məqsəd uğurları daha da möhkəmləndirməkdir

 

Biləsuvar rayonunun son illər, o cümlədən 2012-ci ilin birinci rübü ərzində iqtisadi göstəriciləri yüksək inkişafdan, uğurlardan xəbər verir. Bu barədə rüblük hesabat yığıncağında ətraflı danışılmışdır. İcra hakimiyyətinin başçısı Mahir Quliyevin məruzəsi maraqla dinlənilmişdir. O, diqqəti ölkəmizin qazandığı nailiyyətlərin vacib aspektlərinə cəlb edərək, sosial-iqtisadi inkişaf göstəricilərinin müqayisəli şəkildə icmalını vermiş, Biləsuvarın hazırkı tərəqqi yürüşünün sürətlənməsindən bəhs etmişdir.

 

Respublikamızda aparılan ardıcıl iqtisadi siyasət nəticəsində 2012-ci ilin birinci rübündə rayonda ümumi məhsul buraxılışının həcmi 22,7 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz çoxdur. Əhalinin gəlirləri 25,6 milyon manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz artmışdır. Orta aylıq əmək haqqı 240,4 manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,5 faiz çoxalmışdır.

Ailə üzvlərinin sayı 8800 nəfər olmaqla 1954 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 120 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sovet dövründən qalmış əmanətlərə görə kompensasiya ödənilməsi barədə sərəncamı Biləsuvar əhalisi tərəfindən də böyük sevinc və razılıq hissi ilə qarşılanmışdır. Dövlət başçısının bu sərəncamına uyğun olaraq Biləsuvar rayonunda 9914 nəfər əmanətçiyə 28 milyon manat kompensasiya ödəniləcək.

2012-ci ilin birinci rübündə Biləsuvar rayonunda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 sahibkarlıq subyektinə 3 milyon 94 min manat kredit verilmişdir. Görülmüş tədbirlər nəticəsində 388 yeni iş yeri açılmışdır.

Kəndlərdə yolların əsaslı təmiri məqsədi ilə vəsait ayrılmış, layihə-smeta sənədləri hazırlanmışdır və yaxın vaxtlarda işlərə başlanılacaq.

Rayonun vaxtilə qaz almış 7 kəndinin mavi yanacaqla təmin edilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda daha 12 kəndi təbii qazla təmin etmək məqsədi ilə layihə-smeta sənədləri hazırlanır.

Biləsuvar şəhərinin içməli su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işlərinə başlanılmışdır. Rayon kəndlərində içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Aranlı-Çinarlı kəndlərində "Modul" tipli sudurulducu qurğunun tikintisi başa çatdırılmışdır. Bağbanlar, Ovçubərə və Dərvişli kəndlərində isə işlər davam etdirilir.

Birinci rüb ərzində rayon ərazisində tikinti və abadlıq sahəsində xeyli iş görülmüşdür. Belə ki, Ələt-Astara və Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yollarında cari təmir işləri aparılmışdır. İndi Bəhrəmtəpə yolunun əsaslı təmiri reallaşdırılır.

Rayon baytarlıq idarəsi üçün yeni inzibati binanın, Bitkilərin Fitosanitar Karantin məntəqəsinin tikintiləri, şəhər 1 saylı uşaq bağçasının və Xırmandalı kənd 1 saylı orta məktəbinin əsaslı təmir işləri davam etdirilmişdir. Şəhərin H.Əliyev küçəsinin dolama yol ilə kəsişdiyi ərazidə yeni işıqlandırma sistemi qurulmuş, digər abadlıq işləri davam etdirilmişdir. Şəhər 2 saylı uşaq bağçasının yeni binasının tikintisinə başlanılmışdır.

Məruzəçi sonra dedi ki, cari il ərzində şəhərin mərkəzi hissəsində müasir tipli istirahət parkının və həmin parkın ərazisində şahmat məktəbi, rayon icra hakimiyyəti və Heydər Əliyev fondu üçün yeni inzibati binaların tikintilərinə başlanılacaq.

Kənd yollarının abadlaşdırılması da daim diqqətdə saxlanır. Yaxın günlərdə rayonun Əsgərabad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd və Ovçubərə kəndlərini birləşdirən 21 kilometr, Çaylı, Ağayrı, Nəsimi, Bağbanlar, Çinarlı-Aranlı kəndlərində isə ümumilikdə 9,6 kilometr yolun əsaslı təmir işlərinə başlanılacaq.

Biləsuvar rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatından gələn gəlirlər təşkil etdiyindən bu sahənin inkişafı üçün zəruri tədbirlər həyata keçirilir.

Bu ilin məhsulu üçün 22010 hektar sahədə payızlıq taxıl əkilmişdir. Yazlıq əkinlər üçün 12000 hektar sahədə şum aparılmışdır. Bunun yarısı pambıq şumudur. Rayonun kəndlərində suvarmanın lazımi səviyyədə aparılması, kollektor-drenaj sisteminin lildən təmizlənməsi üzrə tədbirlər davam etdirilir.

Birinci rübdə rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrində, həmçinin gənclərlə işin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Həmin sahələrin fəaliyyətinin canlandırılmasına, maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət gücləndirilmişdir.

Sonra M.Quliyev tədbir iştirakçılarının diqqətini qarşıda duran mühüm vəzifələrə yönəltdi. Hər kəsin ona tapşırılan sahədə məsuliyyət hissini daha da artırması vacibliyini önə çəkdi.

Məruzədən sonra Biləsuvar rayonu üzrə Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, Rayon Qaz İstismar sahəsinin rəisi İxtiyar Seyfullayev, Mərkəzi rayon xəstəxanasının baş həkimi Şamil Cəfərov çıxış etmiş və rəhbərlik etdikləri qurumların fəaliyyətindən danışmışlar.

Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov iştirak etmişdir.

 

 

Ə.ƏLİYEV

 

Xalq qəzeti.- 2012.- 28 aprel.- S. 8.