Azərbaycanda qeyri-neft sektoru dinamik inkişaf edir

 

Ölkəmizdə son illər sənayenin qeyri-neft sektorunun lokomotivinə çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. İqtisadiyyatda inkişaf meyillərini müşahidə edərkən, sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını aydın görmək mümkündür. Hazırda Azərbaycanda ümumi daxili məhsulun tərkibində əsas yer sənaye məhsullarının payına düşür. Bu gün Azərbaycan sənayenin sürətli inkişafına görə MDB dövlətləri içərisində nəhəng sənaye komplekslərinə malik Rusiya və Ukrayna ilə rəqabətə davam gətirir.

 

İstehsal proseslərində yeni texnologiyaların tətbiqində, keyfiyyətli və rəqabətqabiliyyətli yerli istehsalın formalaşmasında və ölkə iqtisadiyyatının qlobal bazarlara inteqrasiyasında xüsusi əhəmiyyət kəsb etməsi, həmçinin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, regionların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsində yeni sənaye müəssisələrinin yaradılması ölkəmizdə reallaşdırılan iqtisadi siyasətin prioritetlərindən hesab olunur.

Bunun bariz ifadəsi kimi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş Azgüntex zavodunu misal göstərmək olar. Xatırladaq ki, aprelin 24-də Prezident İlham Əliyev həmin müəssisənin açılışında iştirak etmişdir. Burada dövlət başçısına məlumat verilmişdir ki, Azgüntex zavodunda iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcəkdir. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan Günəş modulları xətti istifadəyə tam hazırdır.

Həmçinin bildirilmişdir ki, zavodun inzibati binası bütün lazımi avadanlıq və inventarlarla təchiz olunmuşdur. Burada işçilərin səmərəli fəaliyyəti üçün hər cür imkan vardır. Zavod tam kompyuterləşdirilmiş, "Wi-Fi" şəbəkəsi yaradılmışdır. İşçilərin istirahəti üçün ayrıca sağlamlıq zalı da fəaliyyət göstərir.

Dövlət başçısı binanın foyesində zavodda hazırlanan günəş panellərinin nümunələrinə baxmışdır. Vurğulanmışdır ki, müəssisədə hər birinin gücü 42 vatdan 250 vata qədər olan və 60 fotoelementlə təchiz edilən bu panellər beynəlxalq standartlar səviyyəsində hazırlanacaq və sabit enerji verəcəkdir. Yaşayış binalarının, küçələrin, meydanların, müxtəlif iaşə və sosial obyektlərin daha səmərəli işıqlandırılması və enerji təminatının yaxşılaşdırılması üçün zavodda LED yüksək texnologiyalı lampaların istehsalı da nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevə "min ev - min elektrostansiya" layihəsi barədə də məlumat verilmişdir. Qeyd olunmuşdur ki, əsasən yaşayış binaları üçün nəzərdə tutulan bu layihə hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən, ekoloji cəhətdən təmiz və təhlükəsiz kiçik elektrik stansiyası ilə təchizinə yönəlmişdir. Bu elektrostansiyalardakı günəş panelləri vasitəsilə əldə olunan sabit enerji dəyişən enerjiyə çevrilərək istehlakçıların istifadəsinə veriləcəkdir. Artıq qalan enerji şəbəkəyə ötürüləcək, gecə saatlarında isə şəbəkədən alınacaqdır. İlk mərhələdə yığcam şəkildə salınan qəsəbələr üçün nəzərdə tutulan bu layihənin gələcəkdə daha da genişləndirilməsi imkanları böyükdür. Körpülərin, ticarət obyektlərinin üzərində də günəş panellərinin qurulması, enerjidoldurma məntəqələrinin inşası da mühüm əhəmiyyət kəsb edən layihələrdəndir.

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində zavodun Günəş modulları istehsalı xətti ilə də tanışlığı zamanı bildirilmişdir ki, hazırda müəssisədə bir növbədə 33 nəfər işləyir. Üçnövbəli iş rejiminə keçdikdən sonra işçilərin sayı 130 nəfərə çatdırılacaqdır. Alternativ və bərpa olunan enerji sahəsində dünyanın məşhur şirkətlərinin istehsal etdikləri ən müasir texnologiyalarla təmin olunan zavodda ekoloji normalara ciddi əməl edilir. Burada işçilərin sağlam və təhlükəsiz fəaliyyəti üçün yüksək şərait yaradılmışdır.

Sonra Prezident İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkının layihəsi ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verilmişdir ki, parkın ərazisində alternativ və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyasına əsaslanan 15 zavodun inşası planlaşdırılır. Parkın ərazisində yaradılacaq optik linzalar, şüşə və bazalt liflər, akkumulyator istehsalı və digər zavodlar alternativ enerjinin əldə edilməsində və istifadəsində lazım olan avadanlığın ölkəmizdə istehsalına şərait yaradacaqdır. Bu, həm tələb olunan avadanlığın daha ucuz başa gəlməsinə, həm də onların tətbiqinin xeyli asanlaşmasına imkan verəcəkdir. Alternativ enerjinin tətbiqi zamanı istifadə olunan əsas materiallardan biri də LED lampalarıdır. Hazırda sürətlə yayılan və yeni nəsil işıqlandırma sistemi hesab olunan LED lampaları enerjiyə qənaəti və uzun müddət istifadəyə yararlılığı ilə seçilir. Bu məqsədlə parkın ərazisində lampa zavodunun inşası da nəzərdə tutulur.

Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında (STP) polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işləri ilə də tanış olmuş, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak etmişdir. Dövlət başçısına məlumat verilmişdir ki, 17 zavoddan ibarət olan STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yeri açılmışdır.

Qeyd edilmişdir ki, STP kabel zavodunun tikintisinin üçüncü mərhələsi çərçivəsində yüksək gərginlikli kabellərin izolyasiya xətlərinin quraşdırılacağı qüllədə 500 kilovoltluq güc kabellərinin iki izolyasiya xətti yerləşəcəkdir. Bu layihə MDB məkanı və Yaxın Şərqdə yalnız Azərbaycanda reallaşdırılır. Qüllənin yeraltı hissəsi 40 metr dərinlikdədir. Ümumi uzunluğu 124,5 metr olan qüllənin tikintisinə 2009-cu ilin sonunda başlanmışdır. Tikinti işləri və avadanlığın quraşdırılması 2012-ci ilin sonunadək başa çatdırılacaqdır.

Ölkə Prezidentinə məlumat verilmişdir ki, 2009-cu ildə polietilen və polipropilen borular istehsal edən zavod istehsala başlayan zaman burada cəmi beş xətt var idi. Genişləndirmə işlərindən sonra bu xətlərin sayı artırılaraq ümumilikdə 25-ə çatdırılmışdır. Müxtəlif təyinatlı boruların istehsalı üzrə ixtisaslaşan zavod hazırda nəinki respublikamızın, o cümlədən regionun ən perspektivli müəssisələrindəndir. Peşəkar kadrların çalışdığı bu müəssisədə ölkəmizdə və beynəlxalq bazarda kəskin ehtiyac duyulan qaz, su, kanalizasiya və digər məqsədlər üçün istifadə olunan alüminium təbəqəli çoxqatlı polietilen və polipropilen borular istehsal edilir.

Zavodun ümumi ərazisi 2,8 hektardır. Hazırda burada 400 nəfər işlə təmin edilmişdir. Zavod sutkada 396 ton polietilen boru istehsal etmək gücünə malikdir. Burada quraşdırılan yeni xətlərdə diametri 16 millimetrdən 800 millimetrədək olan borular istehsal etmək mümkündür. Zavodun məhsulları müasir tələblərə cavab verir. Polietilen borular yüksək təzyiqə davamlı olmaqla yanaşı, korroziyaya uğramır və onlara 50 il zəmanət verilir. Buradakı xətlərin hər biri saatda 1300 kiloqram polietilen boru emal etmək gücünə malikdir. Zavodda diametri 50 millimetrdən 250 millimetrədək olmaqla istehsal edilən drenaj boruları, həmçinin qızdırıcı xətlərin çəkilməsi üçün nəzərdə tutulan polipropilen borular da ən müasir tələblərə uyğun şəkildə, yüksək keyfiyyətlə istehsal olunur.

Müəssisədə Almaniya istehsalı olan və ən son texnoloji yeniliklərə cavab verən avadanlıq quraşdırılmışdır. Bunun sayəsində müəssisədə yüksək keyfiyyətli və rəqabətə davamlı məhsul istehsal edilir. MDB-də bənzəri olmayan bu zavod daxili tələbatı tam ödəməklə yanaşı, məhsullarını bir sıra xarici ölkələrə də ixrac etməyi nəzərdə tutur. Müəssisənin idarə edilməsi tam avtomatlaşdırılmışdır. Gələcəkdə zavodun fəaliyyəti daha da genişləndiriləcəkdir. Yaxın günlərdə burada diametri 1200 millimetr olan kanalizasiya borularının istehsalına da başlanılacaqdır. Xammalı Almaniyadan alan zavod polipropilendən stadionlar üçün tamaşaçı oturacaqları və xüsusi sifarişlə bir sıra digər məhsullar istehsal etmək imkanına malikdir.

Azərbaycan Prezidenti STP-nin ağır maşınqayırma zavodunda olarkən, diqqətə çatdırılmışdır ki, tikintisinə 2010-cu ildə başlanan müəssisə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Ümumi sahəsi 4,5 hektar olan zavodda dünyanın bir sıra aparıcı şirkətlərinin avadanlıqları quraşdırılmışdır. Zavodda 900 nəfər işlə təmin olunmuşdur. Müəssisədə yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verildi ki, burada elektrik stansiyalarının inşası üçün metal konstruksiyalar və müxtəlif hissələr istehsal edilir. Zavodda, həmçinin 10, 110, 220 və 330 kilovoltluq elektrikötürücü xətlərin dayaqları hazırlanır. Burada, həmçinin energetika avadanlığının təmiri həyata keçiriləcəkdir.

Zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xarici bazarlara çıxarmağı da planlaşdırır.

STP-nin dəqiq emal mərkəzləri zavodunun açılışında da iştirak edən Prezident İlham Əliyevə bildirilmişdir ki, müəssisə maşın və mexanizmlərin işlək detallarının dəqiq emalı və hazırlanması sexindən və bu sexin tərkibində olan pəstah, xüsusi təyinatlı avadanlığın işlək hissələrinin emalından və avadanlığın işlək detallarının dəqiq emalı sahələrindən ibarətdir. Pəstah sahəsində detalların hazırlanması üçün lazım olan materiallar universal frez və torna dəzgahları vasitəsilə müvafiq ölçülərə gətirilir. Xüsusi təyinatlı avadanlığın işlək hissələrinin emalı sahəsində isə hidroturbin, alternativ enerji qurğularının hissələri yüksək dəqiqliklə və keyfiyyətlə istehsal olunur. Avadanlığın işlək detallarının dəqiq emalı sahəsində müxtəlif ölçülü valların, reduktor hissələrinin hazırlanması həyata keçirilir.

Zavodda dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin istehsal etdiyi 58 dəzgah quraşdırılmışdır. Bu dəzgahlarda energetika, maşınqayırma və neft sənayesi sektoruna aid bir çox detalların emalı mümkündür. Burada, həmçinin plastik injektorlu qəliblərin, ştampların layihələndirilməsi, hissələrin emalı, yığımı yerinə yetirilir. Zavodda kabel istehsalı üçün müxtəlif ölçülü kalibrlər, matrisa və s. istehsal olunur. Müəssisədə, həmçinin STP-nin polimer məhsulları istehsalı və kabel zavodları üçün də müxtəlif ölçülü detallar hazırlanır. Zavod İsveçrə, İsveç və Almaniyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir. Gələcəkdə fəaliyyətini genişləndirəcək bu müəssisənin işçiləri bir sıra ölkələrdə ixtisasartırma kurslarında iştirak edirlər. Daxili bazardakı tələbatı ödəyən zavod məhsullarını xarici ölkələrə də ixrac edəcəkdir.

Göründüyü kimi, regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, iqtisadiyyatın diversifikasiyası, tarazlı regional və davamlı sosial-iqtisadi inkişaf, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılması istiqamətində mühüm uğurlar əldə edilir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 28 aprel.- S. 1.