"Elektron hökumət" portalı istifadəyə
verildi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
tərəfindən "Elektron hökumət"
portalının təqdimatı keçirilib
və birinci fazası istismara
verilib.Bu məlumatı nazirliyin
rəsmi saytı(mincom.gov.az) yaymışdır.
Tədbirdə
"Elektron Azərbaycan" Dövlət Proqramının və
"Elektron hökumət" Fəaliyyət
Proqramının Əlaqələndirmə
Şurasının, digər dövlət qurumlarının və
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak edib. Rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov istifadəyə verilən "Elektron hökumət"
portalının "Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının
icrası ilə əlaqədar yaradıldığını
bildirdi.
Nazir
elektron xidmətlərin göstərilməsi üzrə
işlərin dövlət başçısının daim
diqqət mərkəzində olduğunu və onun Nazirlər
Kabinetinin aprelin 16-da keçirilən 2012-ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət orqanlarında
elektron xidmətlərin təşkilində mövcud olan
problemlərin tezliklə aradan qaldırılması ilə
bağlı verdiyi tapşırıqların ölkə
başçısının görülən işlərə
verdiyi əhəmiyyəti bir daha təsdiq etdiyini bildirdi.
Hazırda portal vasitəsilə 60-a yaxın elektron xidmət
göstərilir və onların siyahısı tədricən
genişlənəcək. E-hökumət portalı artıq
istifadə üçün açıqdır və
www.ehdis.az ünvanında fəaliyyət göstərir.
Tədbirdə
həmçinin portalın yaradılması üzrə
görülən işlərlə bağlı məruzə
dinlənildi, əyani şəkildə onun iş prinsipi
nümayiş olundu. Bundan başqa, bir sıra nazirliklər və
komitələrdə aparılan işlərlə bağlı
fikirlər səsləndirildi. Tədbirin yekununda nazir
"Elektron hökumət"in formalaşdırılması
üzrə verilmiş tapşırıqların
icrasının sürətləndirilməsi, qurumlar
arasında qarşılıqlı əlaqələrin
gücləndirilməsi və elektron xidmətlərin tətbiqinin
sürətləndirilməsi ilə bağlı səylərin
artırılmasını vurğuladı. Dövlət
başçısının sərəncamı ilə yenicə
yaradılmış Elektron Hökumət üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təşkili, onun e-xidmətlərin
göstərilməsinin daha da sürətləndirilməsi ilə
bağlı fikirlərini bölüşdü və tam həcmdə
e-xidmətlərin göstərilməsi üçün
işlərin davam etdirilməsinin zəruriliyini qeyd etdi.
Tədbir
çərçivəsində "E-hökumət"
portalının fəaliyyətini təmin edən infrastruktura
baxış da keçirildi.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.-29 aprel.- S. 6.