Ən böyük milli sərvətimiz
Azərbaycan dili xalqımızın mənəvi sərvəti,
dünya azərbaycanlılarının həmrəyliyinin
sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin
başlıca rəmzlərindən biridir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
1 avqust Azərbaycan dili
günüdür
Müasir
dövrdə dünya xalqlarının və dövlətlərinin
taleyində son dərəcə mühüm rol oynayan, ölkələrin
sosial-siyasi,mədəni inteqrasiyasına və iqtisadi tərəqqisinə
stimul verən qloballaşma prossesləri bütün
böyük hadisələr kimi, müsbət xüsusiyyətləri
ilə yanaşı bəzi mənfi cəhətlərə də
malikdir. Bu sırada ilk növbədə xalqların milli-mənəvi
dəyərlərinin aşınmaya məruz qalma və
unudulma təhlükəsini qeyd etmək lazımdır. Bu hal
milli-mənəvi dəyərlərin yabançı təsirlərdən
qorunması zərurətini çağdaş dövrdə
dünya xalqlarının qarşısında duran ən vacib
vəzifələrdən birinə çevirmişdir.
Şübhəsiz
ki, hər bir xalqın mənəvi sərvətləri
sırasında ana dilinin heç bir dəyərlə
müqayisəyə gəlməyən müstəsna əhəmiyyəti
vardır. Ana dili xalqın varlığını təmin edən
ən önəmli amildir. Xalq bütün maddi və mənəvi
sərvətlərini, hətta torpaqlarını itirib
yalnız dilini saxlasa, öz varlığını qoruyub
mühafizə edə bilər. Lakin tarixin də dəfələrlə
sübut etdiyi kimi, bütün sərvətlərini
saxlayıb, dilini itirən xalq məhvə məhkumdur. Ana dili
yalnız sadəcə ünsiyyət vasitəsi deyil,
xalqın dünyagörüşünün, düşüncə
tərzinin, ümumən mənəvi varlığının
ifadə vasitəsidir. Buna görə də müasir beynəlxalq
inteqrasiya şəraitində ana dilimizin qorunması, əsas mənəvi
dəyər kimi onun toxunulmazlığının və
işləkliyinin təmin edilməsi bir millət və
dövlət olaraq bizim ən başlıca vəzifəmizdir.
Bu mənada
"Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişasına dair
Dövlət Proqramı haqqında " Azərbaycan
Respublikasi Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı və
bunun ardınca verilmiş "AMEA Nəsimi adına
Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi
haqqında" növbəti sərəncam Azərbaycan
Respublikasının və onun rəhbərinin dövlət
dilimizin qorunmasına və inkişafına
qayğısının bariz nümunəsi kimi dəyərləndirilməlidir.
Sərəncamda qeyd olunduğu kimi, " ölkəmizin
zaman-zaman müxtəlif imperiyaların tərkibində
yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta
bu ağır vaxtlarda belə milli məfkurənin, milli
şüurun və milli mənəvi dəyərlərin
layiqincə yaşamasını və inkişafını təmin
etmişdir. Bu gün onun qorunması və qayğı ilə
əhatə olunması müstəqil Azərbaycanın hər
bir vətədaşının müqəddəs
borcudur."
Bəhs
olunan sərəncam Azərbaycan dövlətinin ana dilimizlə
bağlı həyata keçirdiyi növbəti hüquqi sənəddir.
Buna qədər də dövlət dilinin qorunması və
işləkliyinin təmin edilməsi ölkəmizdə
müstəqil dövlət quruculuğunun prioritet istiqamətlərindən
biri olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev hələ
Sovet İttifaqı zamanında, mərkəzin ciddi müqavimətinə
baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili
statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola
bilmişdi. Azərbaycan dilinin Müstəqil Azərbaycan
Respublikasının ulu ondərin rəhbərliyi ilə
hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş
Konstitusiyasının 21-ci maddəsində təsbit edilmiş
Dövlət Dili statusu isə artıq deklorativ yox, tam əməli
xarakter daşımağa başladı və ana dilimiz
mümkün olan ən yüksək ictimai dəyər
qazanmış oldu.
Konstitusiyanın
qəbulundan keçən illər ərzində bu məsələnin
ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə
qayıdılması, ana dilimizin statusunun təminatı və
tətbiqinin təkmilləşdirilməsi ilə bağlı
müxtəlif qanunların qəbulu, fərman və sərəncamların
verilməsi dövlətimizin ana dilimzə - dövlət dilinə
nə qədər böyük önəm verdiyini sübut
edir:
-"Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyul
2001-ci il tarixli fərmanı ;
-"Azərbaycan
əlifbası və Azərbaycan dili gününün qeyd
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı; -"Azərbaycan
Respublikasında dövlət dili haqqında" Qanun (30
sentyabr 2002-ci il) ; -"Azərbaycan Respublikasında dövlət
dili haqqında" Qanunun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanı.
Bütün bu sənədlər müstəqil Azərbaycan
dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən
imzalanmışdır.
Ana
dilimizin ən möhtəşəm daşıyıcıları
olan "Kitabi - Dədə Qorqud"un 1300 və Məhəmməd
Füzulinin 500 illik yubileylərinin beynəlxalq səviyyədə,
böyük təntənə ilə qeyd olunmasını da
dövlətin ana dilimizə göstərdiyi diqqət və
qayğının daha bir nümunəsi kimi qiymətləndirmək
lazımdır.
Prezident
İlham Əliyev dövlət siyasətinin bütün sahələrində
olduğu kimi, dil siyasətində də ulu öndərin
strateji xəttini inam və uğurla davam etdirir. 12 yanvar
2004-cü ildə "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" Prezident sərəncamı
imzalanmış, 5 avqust 2004-cü ildə isə həmin sərəncamın
tətbiqini reallaşdırmaq məqsədilə "Azərbaycan
dilində orfoqrafiya qaydalarının təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti
xüsusi qərar qəbul etmiş və bunun əsasında
uzun müddətli fasilədən sonra dilimizin yeni orfoqrafiya
lüğəti tərtib edilərək nəşr
olunmuşdur.
Latın
qrafikalı yeni Azərbaycan əlifbasının həyata
keçirilməsinin xalqımızın ümumi mədəni
inkişafına və ölkəmizin dünya birliyinə mədəni
inteqrasiyasına yardımçı olmasını praktikada təmin
etmək məqsədilə Prezident İlham Əliyev
sonrakı iki ildə dünya ədəbiyyatı
klassikasının Azərbaycan dilində nəşri ilə
bağlı daha iki sərəncam imzalamışdır.
Xalqın
böyük əksəriyyəti tərəfindən tam
razılıq və məmnunluqla qarşılanan bu sənədlər
dövlət dilimizin rəsmi statusunun həyatımızın
bütün sahələrində qeyd-şərtsiz təmin
olunmasını, tədrisinin və öyrənilməsinin
yaxşılaşdırılmasını, işləkliyin
genişlənməsini və saflığının
qorunmasını nəzərdə tutur. Bu sənədlər
dövlət dilinə məhz dövlətçilik atributu
kimi yanaşmanın, ona ən yüksək səviyyədə
himayədarlığın əyani nümunəsidir.
Müstəqillik
illərində ana dilimizin dövlət dili statusunun təmin
edilməsi üçün qeyd etdiyimiz rəsmi sənədlərdən
başqa, bir sıra mühüm əməli tədbirlər də
həyata keçirilib. Bu baxımdan ali məktəblərə
qəbul zamanı Azərbaycan dili üzrə imtahanın
bütün ixtisas qrupları üçün mütləq
olmasını, rus bölməsi üzrə orta məktəblərin
buraxılış, ali məktəblərin qəbul
imtahanlarında Azərbaycan dili üzrə sualların zəruri
xarakter daşımasını, telekanallarda veriliş və
filmlərin Azərbaycan dilində yayımlanmasını
xüsusi vurğulamaq lazmdır.
Görülən
tədbirlərin praktik nəticələri də göz
önündədir. Ölkəmizdə toplu halında
yaşayan digər xalqların (milli azlıqların) ünsiyyət
vasitəsi kimi Azərbaycan dilindən istifadə edilməsi nəzərəçarpacaq
qədər artmışdır. Əvvəllər Azərbaycan
dilində danışa bilməyən, yaxud danışmaq istəməyən
çoxlu sayda ictimai xadimlər, siyasətçilər,
ziyalılar, sənətçilər, məmurlar, sıravi vətəndaşlar
indi bu dilə danışırlar (ən azı buna cəhd
edirlər). Ancaq ana dilimizin taleyinə maksimum tələbkarlıq
mövqeyindən yanaşmaq zərurəti göstərir ki,
bütün bunlar hələ kifayət deyildir. Görüləsi
işlər hələ də çoxdur.
Dövlət
dilinin işlədilməsinə biganə münasibətə
bütün sahələrdə qəti olaraq son
qoyulmalıdır. Bu dili işlətməyin şərəfliliyini,
nüfuz və hörmət gətirdiyini insanların beyninə
yeritmək, ictimai şüurun atributuna, ümumi
davranış normasına çevirmək lazımdır. Məhz
bu amillər dövlət başçımızın
haqqında bəhs etdiyimiz sonuncu sərəncamı
imzalanmasını zəruri etmişdir. Sənəddə qeyd
olunduğu kimi, son dövrlərdə müasir ədəbi
dilimizin tükənməz ifadə imkanlarından
lazımınca və düzgün istifadə edilməməsi
diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus
inkişaf qanunauyğunluqlarına xələl gətirə
biləcək yad ünsürlərin üzə
çıxarılması və qarşısının
alınması istiqamətində mütəxəssislər
heç də həmişə çeviklik və qətiyyət
gostərə bilmirlər. Nəticədə dövlət
dilimizin tətbiqi sahəsində bir sıra problemlər
müşahidə olunur.
Dilin
böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın
mühim amili olduğunu nəzərə almayan bəzi mətbuat
orqanlarında, telekanallarda, elektron informasiya vasitələrində
ədəbi dil normalarının pozulması halları
müşahidə edilir. Tərcümə və dublyaj
nümunələrinin mətni dilimizin zəngin ifadə
imkanları ilə müqayisə edilməyəcək qədər
aşağı səviyyədədir. Küçə və
meydanlardakı bir sıra reklam lövhələrində,
müxtəlif müəssisələrin ad göstəricilərində,
digər tərtibat elementlərində Azərbaycan dilinin
leksik və qrammatik normaları, dövlət dilinin tətbiqi
prinsipləri kobudcasına pozulur.
Bir
çox hallarda dilimizin tarixinə və mənşəyinə
dair səsləndirilən yanlış və qərəzli
mülahizələrə vaxtı-vaxtında tutarlı cavab
verilmir. Bəzi hallarda elmi tədqiqatlar üçün
müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən
geri qalan, heç bir ciddi praktik əhəmiyyət
daşımayan bəsit mövzular seçilir.
Azərbaycan
dilində müasir dövr üçün zəruri
kommunikasiya vasitəsi sayılan intrenet resurslarının
azlığı, dilimizi öyrənmək istəyən əcnəbilər
üçün tədris vəsaitlərinin müasir tələblərə
cavab verməməsi real problemlərdir. Bütün bu
çatışmazlıqların aradan qaldırılması
məqsədilə Prezident sərəncamında Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkəmizdə
dilçiliyin inkişafına dair Dövlət
Proqramının hazırlanaraq qəbul edilməsi nəzərdə
tutulur. Proqramın məqsədi dövlətçiliyimizin
başlıca rəmzlərindən olan ana dilimizin istifadəsinə
və öyrənilməsinə dövlət
qayğısının artırılmasını, ölkəmizdə
dilçilik sahəsində vəziyyətin əsaslı surətdə
yaxşılaşdırılmasını, dilçi mütəxəssislərimzin
bu elm sahəsinin aparıcı istiqamətlərində
fundamental və tətbiqi araşdırmalarının
inkişafına yönəlmiş yaradıcılıq səylərinin
stimullaşdırılmasını, linqivistikanın müasir
aktual ictimai problemlərlə
bağlılığının gücləndirilməsini,
qloballaşma şəraitində ana dilimizin dövrün tələblərinə
uyğun istifadəsini təmin etməkdir.
Azərbaycan dövlətinin dil siyasəti ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi - "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. " - prinsipinə əsaslanır.
İlham ABBASOV
Xalq qəzeti.- 2012.- 1 avqust.- S. 4.