Ölkəmizdə
müasir ödəniş sisteminin yaradılması istiqamətində
mühüm tədbirlər həyata keçirilir
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi, siyasi strategiyanın ən əsas prinsiplərindən biri şəffaflıqdır. Bu, cəmiyyətlə, vətəndaşlarla qarşılıqlı münasibətlərdə mənfi halların, korrupsiya elementlərinin yaranmasının qarşısını alan başlıca amillərdən biridir. İndiyə kimi şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılması məqsədilə bir neçə normativ hüquqi akt qəbul edilmiş, bir sıra mühüm institusional tədbirlər həyata keçirilmişdir.
Bununla bağlı bir fakta diqqət yetirək. Heç kəsə
sirr deyil ki, pul hesablaşmalarının, dövlət
qurumlarına məcburi ödənişlərin nağd qaydada
aparılması şəffaflığın təmin edilməsində,
korrupsiya hüquqpozmalarına qarşı səmərəli
mübarizənin aparılmasında maneələr törədir,
qeyri-leqal gəlirlərin gizlədilməsinə, vergidən
yayınmalara şərait yaradır. Belə halların
aradan qaldırılması məqsədilə bu ilin əvvəlində
Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə
dövlət yol polisinə, gömrük xidmətinə və
digər dövlət qurumlarına cərimələrin,
rüsumların və digər ödənişlərin
pos-terminal vasitəsilə, yaxud elektron qaydada həyata
keçirilməsi tapşırığı verilmişdir. Bundan başqa, ölkəmizdə müasir milli
ödəniş sisteminin yaradılması məqsədilə
elektron hesablaşma mexanizmi yaradılmışdır. Bu isə öz növbəsində ödənişlərin
real vaxt rejimində elektron qaydada və ya plastik kartlar vasitəsilə
şəffaf, təhlükəsiz, səmərəli
reallaşdırılmasına geniş imkanlar açır.
Son dövrlərdə əhalinin mütləq əksəriyyətinin
plastik kartlarla təmin edilməsi nağdsız pul
hesablaşmalarının kütləviliyi üçün əlverişli
şərait yaradır.
Yeri gəlmişkən,
respublikamızda nağd hesablaşmaların məhdudlaşdırılması
və alqı-satqı əməliyyatlarının əsasən
nağdsız ödəmələr vasitəsilə
aparılması sisteminə keçilməsinə təxminən
6 il əvvəl start verilib. Dövlət
başçısının sərəncamı ilə
2004-cü ilin dekabrında "Azərbaycan Respublikasında
Milli Ödəniş Sisteminin inkişafı üzrə
2005-2007-ci illər üçün Dövlət
Proqramı"nın təsdiq edilməsi
isə nağdsız hesablaşmaların tətbiqi prosesini
gücləndirib. Xatırladaq ki, istənilən
prosesdə şəffaflıq yaratmaqla yanaşı, nağd
hesablaşmaların məhdudlaşdırılması
antiinflyasiya tədbirlərindən biri kimi də həyata
keçirilir ki, bu prosesin də tərkib hissəsi
pos-terminalların tətbiqidir.
Yaxud, dövlət başçısının
imzaladığı "Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" Fərmana nəzər
salaq. Adı çəkilən sənəddə elektron
xidmətlərin göstərilməsi və ödəmələrin
elektron qaydada təşkili ilə bağlı dövlət
orqanlarına və Nazirlər Kabinetinə
tapşırıqlar verilmişdir. Həmin
tapşırıqların icrası ilə bağlı
bütün dövlət qurumları tərəfindən vahid
koordinasiya şəklində qarşıya qoyulan tələbləri
yerinə yetirmək istiqamətində əməli tədbirlər
həyata keçirilmişdir. Onu da xatırladaq ki, Nazirlər
Kabineti 2011-ci il 24 noyabr tarixli qərarı ilə dövlət
orqanları tərəfindən elektron xidmətlər göstərilməsi
barədə qaydaları və elektron xidmət növlərinin
siyahısını təsdiq etmişdir.
Artıq dövlət orqanlarının rəsmi internet səhifələrində
elektron xidmətlər bölməsi yaradılaraq, göstərilən
xidmət barədə məlumatlar yerləşdirilmişdir. Məsələn,
Vergilər Nazirliyi tərəfindən əhaliyə,
xüsusilə sahibkarlara göstərilən elektron xidmətlər-sahibkarlıqla
məşğul olmaq istəyən hər bir vətəndaş
heç bir yerə getmədən internet vasitəsilə
adı çəkilən nazirliyə müraciət edərək
vergi ödəyicisi kimi qeydiyyatdan keçə bilər,
elektron qaydada vergi bəyannamələrini təqdim edə və
vergiləri ödəyə bilər. Bu,
müasir informasiya texnologiyalarından istifadə etməklə
vətəndaşlara birbaşa təmas və əlavə
vaxt itkisi olmadan elektron xidmətlərin həyata keçirilməsinin
nə dərəcədə səmərəli olmasına dair
yalnız bir misaldır. Eyni zamanda, Dövlət
Gömrük Komitəsinin, Rabitə və İnformasiya
Texnologiyaları, Ədliyyə, Səhiyyə nazirliklərinin
və digər qurumların həyata keçirdiyi elektron xidmətləri
də bu sıraya əlavə etmək olar.
Bu il aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev yekun
nitqində bildirmişdir: "...Pos-terminalların
quraşdırılması, nağdsız ödəmələrin
daha da geniş yayılması prosesi sürətlə getməlidir.
Qısa müddət ərzində 20 minə
yaxın pos-terminal tətbiq edilib. Hazırda bu proses
geniş vüsət alıbdır. Əminəm
ki, bu, pos-terminalların fəaliyyətə
başlamasının nəticəsidir. Ümumiyyətlə,
bizim həm istehlak bazarımız, həm maliyyə sistemimiz
daha da şəffaflaşacaqdır... Pos-terminalların
geniş şəkildə tətbiqi Bakıda, böyük
şəhərlərdə və ondan sonra
bütövlükdə ölkə üzrə bu məsələnin-nağdsız
ödəmələrin həlli bizim bütün maliyyə
sistemimizə çox müsbət təsir göstərəcəkdir".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri
Vüqar Bayramov bildirdi ki, pos-terminalların
quraşdırılması obyektlərin vergidən
yayınmasına imkan vermir. Həm Vergilər Nazirliyi, həm də
Mərkəzi Bank ticarət obyektlərinin dövriyyəsinə
nəzarət etmək imkanı qazanır. Əksər
inkişaf etmiş ölkələrdə pos-terminalların
quraşdırılması prosesi artıq başa
çatıb. Eyni zamanda, ABŞ və
Avropa Birliyinə üzv olan ölkələrdə əməliyyatların,
demək olar ki, 80 faizi bu terminallar vasitəsilə
aparılır. ABŞ-da əhalinin çox az hissəsi üzərində nağd vəsait
gəzdirir. Onlar əsasən kredit
kartlarından istifadə edərək əməliyyatları həyata
keçirməyə üstünlük verirlər. Azərbaycanda da pos-terminalların
quraşdırılması ilə bağlı ümumi vəziyyəti
təhlil edən zaman son illər onların sayında kəskin
artımın olması nəzərə çarpır.
Vüqar Bayramov vurğuladı ki, əgər əvvəllər
ticarət obyektləri və digər qurumlar pos-terminalların
quraşdırılmasından yayınmağa
çalışırdılarsa, indi onlar bu prosesdə
maraqlıdırlar. Bu, həm də qeyri-nağd ödənişdən
istifadə edənlərin sayında artımın olması ilə
bağlıdır. Baxmayaraq ki, bu artım
da hələ əhəmiyyətli dərəcədə
deyil. Amma bütün hallarda 2009-2010-cu illərdə
pos-terminallar quraşdırılan obyektlərin, ödəniş
kartlarından istifadə edənlərin sayında
artımın olması nəzərə çarpır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədrinin
fikrincə, pos-terminalların quraşdırılması bir
sıra ticarət obyektlərinə inam yaratmaqla yanaşı,
onların nüfuzunu da müəyyənləşdirir. Məsələn,
Bakı şəhərinin mərkəzində yerləşən
iri ticarət mərkəzlərinin hamısı
pos-terminallardan istifadə edir. Çünki
bu, həm də həmin ticarət obyektinin nüfuzunu göstərən
bir amildir. Belə ki, pos-terminal varsa, deməli,
burada əməliyyatlar kredit, plastik kimi kartların vasitəsilə
aparılır. Bu da həmin mərkəzin
kifayət qədər ciddi və sanballı olmasına dəlalət
edir. Pos-terminalların
quraşdırılması üçün tələb olunan
xərcləri hətta sonradan qaytarmaq mümkün olmasa belə,
əksər ticarət mərkəzləri bu baxımdan
pos-terminallardan istifadədə maraqlıdırlar.
İnsanların
pos-terminallardan istifadə ilə bağlı məlumatlılıq
səviyyəsindən danışarkən, Vüqar Bayramov
dedi ki, bu sahədə vəziyyət o qədər də
ürəkaçan deyil. Amma
bütövlükdə tendensiyanı qiymətləndirsək,
son illər plastik kartlardan yararlanan şəxslərin
sayında artım var. Mərkəzi Bankın rəsmi məlumatları
da göstərir ki, əhali onlardan istifadəyə
maraqlıdır. Bu, həm ölkə
daxilində plastik kartlardan istifadə imkanlarının
olması, həm də xarici səfərlər zamanı
insanların özləri ilə nağd pul gəzdirməmləri
ilə əlaqədardır. Plastik kartların
digər müsbət cəhəti odur ki, pulların
qorunması etibarlı şəkildə təmin edilir. Belə ki, əgər nağd pul itərsə, onu
geri qaytarmaq mümkün deyil. Amma işlədilən
plastik kartla bağlı belə bir hal baş verərsə, təkcə
itən kartın şifrəsini bilməklə vəziyyətdən
çıxmaq olar.
Ödəniş
kartlarından istifadəni ləngidən digər amil bəzi
müəssisələrin hələ də ikili
mühasibatlıq üzərində iş aparmasıdır.
Hazırda əksər iş yerlərində
çalışanlar əməkhaqlarını bu kartlar vasitəsilə
əldə edə bilirlərsə, bu xidmətin, ümumiyyətlə,
həyata keçirilmədiyi müəssisələr də
kifayət qədərdir. Kartlardan zəif istifadə
bu amilin rolunun olmasını da təsdiqləyir. Ödəniş kartları, eləcə də
pos-terminallardan istifadə tam dövriyyənin qeydiyyata
alınmasıdır. Başqa sözlə, bu, o deməkdir
ki, iş yerləri və ticarət obyektləri artıq
nağd ödənişlərdən imtina edir. Bu
isə ikili mühasibatlığın qarşısını
alır, əməliyyatların qeydiyyatını
reallaşdırır. Belədə isə
təbii ki, vergidən yayınma halları olmur. İkili mühasibat sisteminə malik şirkətlərə
gəlincə, onlar şübhəsiz ki, nağd ödənişlərdən
istifadə edirlər. Burada nəzarətin
gücləndirilməsi vacibdir.
Bəli, inamsızlıq da kartlardan istifadəni əngəlləyir. Əhalinin plastik kartlarla məlumatsızlığının
bir səbəbi KİV-də buna az yer
verilməsidir.
Kartlardan az istifadənin digər səbəbi isə əhalidə
belə xidmətlərdən yararlanmağa vərdişin
olmamasıdır. Etiraf edək ki, Azərbaycan vətəndaşlarında
plastik kartlardan istifadə ilə bağlı vərdiş
aşağı səviyyədədir. Amma
bu hal təkcə bizim respublikada deyil, eyni zamanda, MDB ölkələrinin
hamısında belədir. Ümumiyyətlə, vətəndaşların
plastik kartlardan, iş adamlarının isə pos-terminallardan
istifadəsi bir növ vərdişdir. Başqa
sözlə, insan plastik kart gəzdirməyə vərdiş
edərsə, nağd pul gəzdirməyə marağı
olmur. Amma burada inam məsələsi də
mühüm rol oynayır. Belə ki, az
istifadənin digər səbəbi odur ki, vətəndaşlar
pos-terminaldan alış-veriş edən zaman onlar plastik
kartlarından daha çox vəsaitin götürülməyəcəyinə
əmin deyillər. Ona görə də
inamsızlıq kartlardan istifadəni əngəlləyən əsas
amillərdən hesab edilir.
Fikrimizcə,
kartlardan istifadəyə marağın artırılması
üçün vacib olan tədbirləri yalnız iş
adamlarının və bankların üzərinə
düşən məsuliyyət kimi dəyərləndirmək
düzgün deyil. Burada bayaq qeyd edildiyi kimi, mətbuatın üzərinə
böyük iş düşür. Sözügedən
məsələnin işıqlandırılması, əhalinin
inamının artırılması vacibdir. Amma Mərkəzi Bankın bununla bağlı
kampaniyalar keçirməsi də məqsədəuyğun
olardı. Məsələn, inkişaf etməkdə
olan ölkələrdə keçirilən belə
kampaniyalarda məlumatlandırıcı broşüralar
hazırlanır, bank müştərilərinə, əhaliyə
paylanır. Yerli telekanalllarda bununla bağlı məlumatlar
yayımlanır...
Pos-terminalların tətbiqində kredit sistemindən
istifadə oluna bilər. Bu sistemin quraşdırılması isə
təbii ki, xərc tələb edir. Amma nəzər
alaq ki, obyektlərin bir çoxunun bu xərci ödəmə
imkanı yoxdur. O zaman həmin aparatları
quraşdırmaq istəyən satış və xidmət
obyektlərinə avadanlıq üçün vəsaitin
ödənilməsi məqsədilə müəyyən
güzəştlər edilməsi məqsədəuyğundur.
Başqa sözlə, obyekt xərci həmin sistem qurulan vaxt
deyil, quraşdırılandan sonra müəyyən müddət
ərzində ödəsin...
Bank
ekvayerlərinin prosesə fəal şəkildə
qoşulması nəticəsində zəruri sayda
pos-terminalların ölkəyə gətirilməsi təmin
edilmiş, 2012-ci ilin fevral ayından 2012-ci ilin may
ayının 15-dək Bakı şəhərində 14 min
obyektdə 17 mindən çox pos-terminal qeydiyyatdan
keçirilmişdir. Bütövlükdə respublikanın
bütün ərazisində, xüsusilə Bakı şəhəri
və turizm xəritəsinə aid olan mərkəzlərdə
fəaliyyət göstərən mehmanxanalarda, ticarət,
iaşə, istirahət və əyləncə obyektlərində,
taksilərdə, yanacaqdoldurma məntəqələrində,
tibb xidməti göstərən, əczaçılıq
mallarının satışı ilə məşğul olan
müəssisələrdə və digər sahələrdə
pos-terminalların quraşdırılması işi əsasən
yekunlaşdırılmışdır. Hazırda respublika
üzrə 26443 obyektdə 30940 aktiv pos-terminal qeydiyyata
alınmışdır ki, bunun da 93,7 faizi
və ya 28 min 976 ədədi Bakı şəhərinin ərazisində
yerləşən obyektlərdədir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 2 avqust.- S. 5.