Şamaxıda Şirvanşahlar dövlətinin ən böyük sarayı aşkar olunmuşdur

 

Min ilə yaxın mövcud olan Şirvanşahlar dövlətinin ən böyük sarayı Şamaxı şəhərində məktəbin həyətində yeni tədris korpusunun bünövrəsi qazılarkən aşkar olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəhbəri Şirzad Əhmədov APA-ya bildirib ki, şəhərdəki 1 saylı orta məktəbin ərazisində yeni tədris binası inşa edilərkən ağır texnikanın apardığı qazıntı işləri zamanı təsadüf nəticəsində yerin altından tarixi abidənin qalıqları üzə çıxıb. Ərazidə aparılan arxeoloji tədqiqat işləri zamanı müəyyən edilib ki, həmin abidə məhz Şirvan şahlarının XI-XII əsrlərdə inşa etdirdiyi saraydır. Bugünədək 900 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntı işləri zamanı məişət və təsərrüfat qabları, sikkələr, su xətləri aşkar edilib. Torpağın altından aşkara çıxarılan və dəfələrlə dağıntıya məruz qalan sarayın divarlarının qalınlığı 2,5, hündürlüyü 4 metrdir.

Arxeoloq Şirzad Əhmədov sarayın 7-8 metrlik qalan hissəsinin isə müxtəlif illərdə zəlzələ və düşmən hücumu zamanı, eləcə də yerli insanlar tərəfindən dağıldığını bildirib. O, kəşfiyyat xarakterli qazıntıların nəticələrinə əsaslanaraq, sarayın daha 100 kvadratmetrlik bir hissəsinin şəhər 1 saylı məktəbin binasının altında qaldığını bildirib. Arxeoloqun sözlərinə görə, tariximizin silinməsi üçün məkrli siyasət yeridən keçmiş sovet rəhbərliyi 1939-46-cı illərdə məhz Şirvanşahlar sarayını dağıdaraq onun yerində məktəb binasının inşasına qərar verib. Yoxlamalar onu göstərir ki, məktəbin inşası zamanı sarayın divarları sökülüb, onun daşlarından material kimi istifadə edilib. Bundan əlavə, saraya daxil olan 13 içməli su xəttindən (tüng) 7-sini sökərək məktəbin tüstü borusunun inşasında istifadə ediblər. Şirzad Əhmədov bildirib ki, 1192-ci ildə Şamaxıda baş verən güclü zəlzələ zamanı Beyləqanda səfərdə olan Şirvanşah I Axsitanın ailə üzvləri məhz bu sarayın dağılması nəticəsində məhv olub. Şirzad Əhmədov yeni tapılan Şirvanşahlar sarayında restavrasiyakonservasiya işlərinin aparılmasının mümkün olduğunu qeyd edib.

Hazırda Şamaxıda Şirvanşahlar dövründə inşa edilən məscidlər, körpülər, hamamlar, karvansaraylar, "Gündəyməz" müdafiə istehkamı, "Gülüstan", "Quşçu", "Başıbağlı" qalaları və digər tarixi abidə və maddi mədəniyyət nümunələri mövcuddur.

 

 

Xalq qəzeti.- 2012.- 2 avqust.- S. 6.