Azərbaycan -
NATO əməkdaşlığın inkişafı Cənubi
Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə
xidmət edir
NATO ilə Azərbaycan arasında
münasibətlərin çox yaxşı tarixi vardır.
Bu, uğurlardan ibarət tarixdir. 1990-cı illərin əvvəllərindən
Azərbaycan Avratlantik strukturlara inteqrasiya olmaqda çox fəal
idi. Bu baxımdan biz nəzərəçarpan irəliləyişi
əldə etmişik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bizim bir çox siyasi
prioritetlərimiz və təhlükəsizlik sahəsində
maraqlarımız üst-üstə düşür. Uzun illər ərzində əməkdaşlığımızı
və dialoqumuzu qurmuşuq. Münasibətlərimiz
Avropa və Avratlantik təhlükəsizliyinə töhfə
verir. Əlaqələrimizi eyni qaydada
inkişaf etdirmək əzmindəyik.
Anders Foq RASMUSSEN,
NATO-nun Baş katibi
Güclü dövlətin qurulması və dünyada özünəlayiq yer tutması üçün onun güclü iqtisadiyyata, qüdrətli orduya, çevik xarici siyasətə daim ehtiyacı var. Azərbaycan Respublikası da 1993-cü ilin iyunundan başlayaraq iqtisadiyyatın inkişafı, ordunun formalaşması, xarici əlaqələrin ölkəmizin milli maraqlarını təmin edəcək şəkildə möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Nəticədə, bu gün ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu regionda maraqları olan istənilən dövlət və ya beynəlxalq təşkilat Cənubi Qafqaza dair siyasətlərini rəsmi Bakının mövqeyinə uyğun formalaşdırır, bütün məsələlərdə Azərbaycan rəhbərliyinin fikrini əsas götürür. Şimali Atlantika Alyansı - NATO ilə əlaqələrimiz də məhz bu çərçivədə daha da möhkəmlənir.
Mövcud təhlükəsizlik mühitində yeni tələblərin ortaya çıxması və bu mənada Azərbaycanın regionda və dünyada xüsusi rola malik olması qarşılıqlı əməkdaşlığı zərurətə çevirir. Şimali Atlantika Alyansı Azərbaycanın geostrateji mövqeyini və Cənubi Qafqaza, hətta ətraf regionlara təsir imkanlarını nəzərə alaraq, onunla əlaqələrə xüsusi əhəmiyyət verir. Təbii ki, istənilən dövlətin istər ölkələrlə, istərsə də beynəlxalq hərbi-siyasi, iqtisadi-mədəni və digər təşkilatlarla əlaqələri onun milli mənafeyinin tələblərindən irəli gəlir. Bu baxımdan, Azərbaycanın xarici siyasəti düzgün və düşünülmüş əsaslar üzərində qurulub. Rəsmi Bakı ölkəmizin milli mənafeyi və Avratlantik məkana inteqrasiya siyasəti çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf edən Azərbaycan - Şimali Atlantika Alyansı əlaqələri bərabərtərəflilik prinsiplərinə əsaslanmaqla müasir dünyanın tələblərinə tam cavab verir. NATO ilə münasibətlərdə rəsmi Bakı qarşı tərəfin müxtəlif səviyyəli əməkdaşlıq təkliflərini özünün maraqları prizmasından dəyərləndirir.
Bu bir həqiqətdir ki, Şimali Atlantika
Alyansı ilə əməkdaşlıq Azərbaycan
üçün nə qədər lazımdırsa, Azərbaycanla
sıx əlaqələr də NATO üçün bir o qədər
vacib və zəruridir. Azərbaycan Qafqazda, Şərq ilə
Qərb arasında çox mühüm strateji və geostrateji
mövqedə yerləşir. Azərbaycan Şərqin
Qərbə, Qərbin də Şərqə açılan
qapısıdır. 2001-ci il sentyabrın 11-də ABŞ-da
baş verən dəhşətli terror hadisələrindən
sonra "təhlükəsizlik sərhədləri"nin
böyük Şərqi də əhatə etdiyinə inanan Qərb
dövlətləri ölkəmizin əvəzolunmaz tərəfdaş
olduğunu bir daha anladılar.
Azərbaycan -
NATO əlaqələri yüksələn xətt üzrə
inkişaf edir
Şimali Atlantika Alyansı ilə ölkəmiz arasında münasibətlərin tarixinə nəzər yetirsək, qətiyyətlə deyə bilərik ki, bu təşkilatla əlaqələrin qurulması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın tələbiylə hakimiyyətə gələn böyük öndər Qərbə inteqrasiyanın Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan etdi. Ötən dövr ərzində Avratlantik məkanın mühüm təşkilati strukturlarından biri olan NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Ölkəmiz əvvəlcə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olduqdan sonra 1994-cü il mayın 4-də "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşuldu. Beləliklə, Azərbaycan bu proqrama qoşulan 16-cı ölkə, Sovet İttifaqının keçmiş respublikaları arasında isə sənədi imzalayan 4-cü ölkədir. Bu fakt da göstərirdi ki, həmin gündən etibarən əsaslı dayaqlara söykənən NATO - Azərbaycan əməkdaşlığı inkişaf edəcək və keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaqdır.
Qeyd edək ki, "Sülh Naminə Tərəfdaşlıq" Proqramının əsas məqsədi Avratlantik məkanda siyasi və hərbi əməkdaşlığın genişləndirilməsi, sabitliyin bərqərar olunması, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, müasir təhlükələrin azaldılması, eləcə də demokratik prinsiplərə sadiqlik ruhunda münasibətlərin möhkəmləndirilməsidir. Əsas mexanizmləri isə "Fərdi Tərəfdaşlıq Proqramı" və "Planlaşdırma və Analiz Prosesi", "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"dır. Azərbaycan 1996-cı ildə yuxarıda sadaladığımız fəaliyyət planlarına qoşulmaqla ölkəmizin təhlükəsizlik və müdafiə strukturlarının Qərb standartları səviyyəsinə yüksəldilməsinə şərait yaratdı.
Bu gün hər sahədə olduğu kimi, Avratlantik məkana inteqrasiya məsələsində də ümummilli lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Təsadüfi deyil ki, yuxarıda sadalanan planların icrasında əsas hüquqi çərçivəni Prezident İlham Əliyevin 3 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" təşkil edir. Sənədin qəbul olunması ilə birlikdə Şimali Atlantika Alyansı ilə Azərbaycanın əməkdaşlığı həm keyfiyyət, həm də həyata keçirilən tədbirlərin həcmi baxımından daha səmərəli və tamamilə yeni mərhələyə qədəm qoydu.
Onu da qeyd etmək yerinə düşər ki,
"Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat
Planı" Şimali Atlantika Alyansı ilə əməkdaşlığı
daha da dərinləşdirmək məsələsində
siyasi iradəsi olan dövlətlərə təklif olunur. Bu
iradəni nümayiş etdirmiş Azərbaycan Respublikası
NATO ilə siyasi dialoq proqramını müəyyən edib.
Plan böyük spektri əhatə edən sahələrdə
praktik əməkdaşlığı nəzərdə tutur
ki, onun da bir hissəsi bilavasitə müdafiə və təhlükəsizlik
sektoruna aiddir.
Uğurlu əməkdaşlığın
yüksək nəticələri
Hazırda NATO ilə əməkdaşlıq çərçivəsində ölkəmizin sülhməramlı və humanitar xarakterli çoxmillətli təlimlərdə iştirakı və təcrübə mübadiləsi davam etdirilir. Bu və digər əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr - tibbi, mühəndis və təminat üzrə bölmələr yaradılır, çoxmillətli təlimlərin keçirilməsi üçün Azərbaycan Respublikası ərazisində təlim bazaları hazırlanır və Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir. Ölkəmiz beynəlxalq təhlükəsizlik və sülhyaratma əməliyyatlarında yaxından iştirak edir. 1999-cu ildən 2008-ci ilin martınadək bir sülhməramlı tağımımız Kosovoda uğurla xidmət edib. Bundan başqa, 2003-cü ildən İraqda və 2002-ci ildən isə Əfqanıstanda bir sülməramlı bölüyümüz sülhyaratma prosesinə öz töhfəsini verir. Azərbaycan hərbçilərinin nizam-intizamı, yüksək döyüş hazırlığı və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri dəfələrlə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, ölkəmizə minnətdarlıq bildirilmişdir.
Qarşılıqlı faydalı əməkdaşlıq sayəsində ötən 16 il ərzində Avratlantik təhlükəsizlik strukturları ilə sıx münasibətlər qurulub. "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində NATO və ona üzv olan dövlətlərlə, həmçinin tərəfdaş ölkələrlə siyasi, iqtisadi, mədəni, hərbi və hərbi-texniki əməkdaşlıq gücləndirilib və bu proses davam etdirilir. Şimali Atlantika Alyansının "Əməliyyat İmkanları Konsepsiyası" Proqramı çərçivəsində Silahlı Qüvvələrimizin müvafiq bölmələrinin əməliyyata uyarlılığı artırılıb, əməliyyat imkanları təkmilləşdirilib. Ordumuzun müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, NATO qüvvələri ilə birgə uzlaşma səviyyəsinin artırılması və Avratlantik məkana inteqrasiyanın dərinləşdirilməsini təmin etmək istiqamətində tədbirlər davam etdirilir.
Təəssüf ki, bu gün beynəlxalq aləmdə elə bir vəziyyət yaranıb ki, yaranmış şəraitdən bəhrələnərək ortaya çıxan beynəlxalq terrorçu təşkilatlar bütün dünyanı təhdid edir. "Terrorçuluğa Qarşı Tərəfdaşlıq Əməliyyat Planı"nda da iştirak edən Azərbaycan Respublikası terrorçuluğa qarşı mübarizəyə də əvəzsiz töhfələr verir. Bu plana NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi, terrorçuluğa qarşı milli təlim imkanları, sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi istiqamətində müttəfiq ölkələr ilə əməkdaşlıq məsələləri daxildir.
Bu gün NATO rəhbərliyi xüsusi vurğulayır ki, Azərbaycan nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda da mühüm siyasi iştirakçıdır və ölkəmiz ilə qurum arasında qlobal səviyyədə qarşılıqlı əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Onlar qeyd edirlər ki, ölkəmizin geostrateji mövqeyi Şimali Atlantika Alyansına üzv olan dövlətlər üçün xüsusilə əhəmiyyət qazanmışdır və həm NATO, həm də quruma üzv olan dövlətlər Azərbaycanın geostrateji mövqeyini, Cənubi Qafqaza, ətraf regionlara təsir imkanlarını nəzərə alaraq, onunla əlaqələrə xüsusi əhəmiyyət verirlər. Bu il fevralın 15-də Belçika Krallığında işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin NATO-da keçirdiyi görüşlər və alyansın mənzil-qərargahında səsləndirilən bəyanatlar bir daha dediklərimizi təsdiq edir.
NATO-nun Baş katibi Anders Foq Rasmussen Azərbaycan Prezidenti İlham Əliyev ilə qurumun mənzil qərargahında keçirdiyi görüşdə bu həqiqəti bir daha ifadə etmişdir. Azərbaycan - NATO tərəfdaşlığını yüksək qiymətləndirən Baş katib keçən ilin dekabrında NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan - NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulamış, bir çox siyasi prioritetlərimizin və təhlükəsizlik sahəsində maraqlarımızın üst-üstə düşdüyünü qeyd etmişdir. Həmin fikirlərini keçirilən birgə mətbuat konfransında da təkrarlayan cənab Rasmussen bildirmişdir ki, münasibətlərimiz Avropa və Avratlantik təhlükəsizliyinə töhfə verir. O, Azərbaycanı mühüm regionda əhəmiyyətli tərəfdaş adlandıraraq gələcəkdə əməkdaşlığı və dialoqu yüksək səviyyədə davam etdirəcəyimizə əminliyini bildirmişdir.
Azərbaycan Cənubi Qafqaz regionundan kənarda da NATO-ya dəstək verir, onunla yaxın əməkdaşlıq edir
Qeyd etdiyimiz kimi, Azərbaycan təkcə regional məsələlərdə deyil, həm də bizim regiondan kənardakı mühüm əhəmiyyətə malik tədbirlərdə NATO-nun yaxın tərəfdaşı kimi çıxış edir, təşkilata dəstəyini əsirgəmir. Bu gün Azərbaycan hərbçiləri dünyanın müxtəlif yerlərində, o cümlədən Əfqanıstanda NATO-nun apardığı hərbi əməliyyatlarda uğurla iştirak edirlər. Azərbaycan, həmçinin ölkəyə yükdaşımaların həyata keçirilməsində öz hava məkanından istifadəyə icazə vermişdir. Hazırda Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artmaqdadır. Qeyri-rəsmi məlumatlara görə artıq yüklərin 50 faizi ölkəmizin hava məkanından keçirilməklə Kabilə aparılır. Azərbaycan bu sahədə əməkdaşlığın genişləndirilməsində yeni təklifləri müzakirə etməyə həmişə hazır olduğunu dəfələrlə bəyan etmişdir.
Dövlət başçımız NATO-nun mənzil-qərargahında olarkən bəyan etmişdir ki, rəsmi Bakı Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna töhfə vermək məsələsini ciddi şəkildə nəzərdən keçirir. Gələcəkdə bu cür maliyyə töhfəsinin davam etdirilməsini də nəzərdən keçirə bilərik. Eyni zamanda, biz Diplomatik Akademiyamızda və Sərhəd Qoşunları Akademiyamızda əfqan diplomatları üçün təlim kursları təşkil edirik. Biz, həmçinin istehkamçı və digər humanitar məsələlər üzərində işləyirik və əməkdaşlığımızı genişləndirməyə hazırıq.
Sürətli iqtisadi inkişafa və böyük maliyyə mənbələrinə malik olan Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatlarına hərbçilər, təlimlər və xüsusən də tranzit baxımından mühüm töhfələr verməsi ilə yanaşı Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna yardım göstərməyə hazır olduğunu bəyan etməsi Şimali Atlantika Alyansında böyük əks-səda doğurmuşdur. Baş katib Anders Foq Rasmussen NATO-da ölkəmizə duyulan rəğbəti belə ifadə etmişdir: "Mən bu gün çox məmnun oldum ki, Azərbaycan Prezidenti ölkəsinin Əfqanıstanın təhlükəsizlik qüvvələrinin formalaşmasına maliyyə töhfəsini verəcəyini elan etdi. Bu, həmin qüvvələr üçün çox əhəmiyyətlidir. Mən bu gün verilən bəyanatı səmimi qəlbdən alqışlayıram. Mən Azərbaycan tərəfinin humanitar əməliyyatlara verdiyi töhfəni də yüksək dəyərləndirirəm. Bir sözlə, Azərbaycan öz hüdudlarından kənarda, Əfqanıstanda çox mühüm rol oynayır".
Onu da deyək ki, bu il mayın 21-də ABŞ-ın Çikaqo şəhərində dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən NATO Sammitində 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası müzakirə olunmuşdur. Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğulamışdır. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən dövlət başçımız bildirmişdir ki, ölkəmiz Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir.
Eyni zamanda, Azərbaycan əfqan hərbçilərinin
müxtəlif sahələrdə hazırlanması və
treninqlərin keçirilməsi ilə Əfqanıstana
öz töhfəsini verir. Prezident İlham Əliyev onu da
vurğulamışdır ki, Azərbaycan Kabilə
yardımını 2014-cü ilədək davam etdirəcək,
lazım gəldikdə ondan sonra da əlindən gələni
əsirgəməyəcəkdir. NATO-nun
Çikaqoda keçirilən sammitinin gedişini yaxından
izləyən beynəlxalq səviyyəli hərbi və siyasi
ekspertlər belə hesab edirlər ki, Azərbaycan liderinin bu bəyanatı
alyans üzvləri tərəfindən alqışlarla
qarşılanmışdır ki, bu da ölkəmizə, onun
rəhbərinə göstərilən
hüsnü-rəğbətin işarəsi idi.
Çünki Əfqanıstan məsələsində rəsmi
Bakının tutduğu mövqe böyük önəmə
sahibdir və birbaşa Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələrinin fəaliyyətinə təsir
göstərir.
NATO-nun
Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli
mövqedən çıxış etməsi əlaqələrimizin
genişlənməsinə şərait yaradır
Məmnuniyyətlə qeyd etməliyik ki, NATO həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, problemin daim beynəlxalq hüquq normaları çərçivəsində yoluna qoyulmasına tərəfdar olduğunu bəyan etmişdir. Bundan başqa, Şimali Atlantika Alyansı Cənubi Qafqaz regionunda ən təhlükəli münaqişənin qısa zamanda həllini arzuladığını da dəfələrlə bəyan etmişdir. Onu da deyək ki, NATO problemin həllində birbaşa rol oynamasa da təşkilata üzv olan dövlətlər münaqişə ətrafında aparılan danışıqları maraqla izləyir, bəzən isə konkret mövqe ortaya qoyurlar. Bugünədək Şimali Atlantika Alyansının rəhbərliyinin verdiyi bəyanatlardan isə məlum olur ki, təşkilat problemin həllində ölkələrin ərazi bütövlüyü prinsipinin əsas götürülməsi məsələsində daim qətiyyət nümayiş etdirmişdir. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdır.
Xatırlayırsınızsa, Ermənistanın ciddi etirazlarına baxmayaraq, 2010-cu il noyabrın 20-də Lissabonda keçirilən zirvə toplantısında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi İrəvanı təşvişə salan çox əhəmiyyətli bəyanat qəbul edilmişdir. Bəyanatın 35-ci maddəsində NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıdığını bir daha təsdiq etmişdir. Lissabon sammitində bir daha qeyd olunmuşdur ki, Azərbaycan sammitə beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinin əhəmiyyətli bir üzvü, önəmli bir müttəfiqi kimi qatılıb. Bəyan edilmişdir ki, münaqişələrin qarşısının alınması və Avrasiya məkanında təhlükəsizliyin təminatında müttəfiqlik vacib rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 29-da Belçika Krallığına səfəri çərçivəsində NATO-nun o zamankı Baş katibi Yaap de Hoop Sxefferlə görüşündə də bu məsələ müzakirə mövzusu olmuşdu. Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın dövlət başçısı Şimali Atlantika Alyansının ədalətli mövqeyinə görə təşkilat rəhbərliyinə təşəkkürünü bildirərək demişdir ki, biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinə əsaslanan qəti mövqeyinə görə NATO-ya minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır. Hesab edirəm ki, biz həmin münaqişənin həlli istiqamətində yalnız bu prinsip əsasında irəliyə doğru gedə bilərik.
Dövlət başçımızın bu ilin fevral ayında Belçikaya səfərində də NATO-nun Baş katibi Anders Foq Rasmussenlə alyansın Brüsseldəki mənzil-qərargahında keçirdiyi görüşdə bir daha regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar müzakirə olunmuşdur. Görüşdə bu münaqişənin mümkün qədər tez həll olunacağına və Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə böyük ümid bəslənildiyi bir daha vurğulanmışdır.
Yeri gəlmişkən, bu il may ayının 21-də NATO-nun Çikaqoda keçirilən sayca 25-ci sammiti Əfqanıstan məsələsinin müzakirəsi ilə yanaşı, Azərbaycan üçün digər mühüm bir hadisəylə - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Şimali Atlantika Alyansının ədalətli mövqeyinin növbəti dəfə bəyan edilməsi ilə də yadda qaldı. Sammitin yekununda qəbul olunan bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təkrarən bu beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanınmışdır. Bəyannamənin 47-ci bəndində qeyd olunurdu ki, NATO Cənubi Qafqazda və Moldovadakı həlli yubanan regional münaqişələr barədə narahatlığını bəyan edir: "Biz Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiq qalırıq və BMT-nin Nizamnaməsi və Yekun Helsinki sənədinə, bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanan regional münaqişələrin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə davam edirik".
Qeyd edək ki, Çikaqo sammitinin yekun bəyannaməsini beynəlxalq aləmdə böyük nüfuza malik ölkələr, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa və ABŞ kimi nəhəng dövlətlər də imzalamışlar. Sənədi ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin imzalaması onu deməyə əsas verir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən tərəflər ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bir daha qeyd etməklə yanaşı, münaqişənin də məhz ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardırlar. Bu, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqq işinin, həm də ümumilikdə, beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə dəstəklənməsi deməkdir.
Dünyanın nüfuzlu hərbi, siyasi təşkilatı olan Şimali Atlantika Alyansının Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə yanaşmada ədalətli mövqedən çıxış etməsi rəsmi İrəvanda təlaşla qarşılanmışdır. Erməni mətbuatında yayılan məlumatlardan belə anlaşılırdı ki, Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun Çikaqo Sammitinin yekun bəyannaməsində qeyd olunan "Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi" məsələsi ilə razılaşmadığı üçün toplantıya qatılmayıb. Rəsmi İrəvan sənəddə "xalqların öz müqəddəratını təyin haqqı" məsələsinə toxunulmamasından da çox narahatdır. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bunun Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərkibində Dağlıq Qarabağ probleminin həlli üçün qurulan Minsk qrupunun fəaliyyəti ilə ziddiyyət təşkil etdiyini bildirib. Çikaqonun erməni icması ilə görüşən Nalbandyan deyib: "Bu fikirlər təkcə danışıqlar prosesinə mənfi təsir göstərmir, həm də Azərbaycanın hərbi xərcləri inanılmaz dərəcədə artırması fonunda regionda onsuz da kövrək olan situasiyanı təhdid edir, bölgədəki qeyri-sabit vəziyyəti təhlükəyə atır".
Məsələyə operativ reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdir ki, NATO-nun Çikaqo Sammitinin yekun bəyannaməsinin 47-ci bəndi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin gedişinə, onun ruhuna tamamilə uyğundur. Bildirilmişdir ki, Ermənistanın dövlət məmurunun belə bir açıqlaması tamamilə əsassızdır. Bu məntiqsiz bir yanaşmadır. Sözügedən maddə Akvill və Muskok bəyannamələrinə, danışıqlar prosesinə və yenilənmiş Madrid prinsiplərinə tamamilə uyğundur.
Son olaraq, NATO-dan erməniləri məyus edən
açıqlama bu yaxınlarda verildi. Azərbaycanın ayrılmaz hissəsi
olan Dağlıq Qarabağın ərazisində keçirilən
seçkilərlə bağlı bəyanatla
çıxış edən NATO Baş katibinin Cənubi
Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi
nümayəndəsi Ceyms Appaturay bildirdi ki, "Digər beynəlxalq
təşkilatlar kimi NATO da Dağlıq Qarabağda
keçirilən qondarma "seçkiləri"tanımır".
O əlavə etdi ki, bu cür "seçkilərin"
keçirilməsi nizamlanma prosesinə maneçilik törədir,
məsələnin sülh yolu ilə nizamlanması prosesi ilə
ziddiyyət təşkil edir.
Bütün bunlar NATO - Azərbaycan əlaqələrinin
inkişafına müsbət təsir göstərir, əməkdaşlığın
möhkəmlənməsinə şərait yaradır. Onu da əlavə edək
ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təminatında mühüm rol oynayır və Avropadakı
istehlakçılarımız, həmçinin NATO-nun
üzvü olan dövlətlər olduğuna görə,
qurumla münasibətlərin inkişafı hər iki tərəfin
maraqlarına tam cavab verir. Bu mənada, Qərb
dövlətlərinin ümumi hərbi, siyasi, iqtisadi və təhlükəsizlik
maraqlarının təmsilçisi kimi çıxış
edən Şimali Atlantika Alyansı ilə Azərbaycan
arasında əməkdaşlıq daim inkişaf edəcəkdir.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 3 avqust.- S. 3.