Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu

 

Milli dünyagörüşü zəminində milli ideya, milli ideya zəminində isə milli ideologiya yaranır. Milli ideologiyanın təşəkkül tapması heç də onun altlayı olan milli dünyagörüşünün "unudulması" və ya "silinməsi" anlamına gəlmir. Bütün zamanlarda milli ideologiya yenidən milli dünyagörüşünün dərin qatlarına enərək onu "içəridən bərkidir", toplumun şüurunda möhkəmləndirir. Nəticə etibarilə milli mənəviyyatın, dünyagörüşünün və şüurun daxili keyfiyyətlərini artıq özündə ehtiva edən milli ideologiya sarsılmaz olur.

Bu il 200 illik yubileyini qeyd etdiyimiz böyük mütəfəkkir, milli dramaturgiyamızın, yeni dövr ictimai-siyasi və ədəbi-tənqidi fikrimizin banisi, filosof Mirzə Fətəli Axundzadə məhz milli ideologiyanı yaradan milli ideyanın və milli ideyanı yaradan milli dünyagörüşümüzün təməlçisidir.

Onun təkcə yaradıcılığının deyil, həm də həyat və fəaliyyətinin başlıca məramı mənsub olduğu xalqın ümumi dünyagörüşünün milli dayaqlarını möhkəmlətməkdən, milli özünüdərkin "kilidlərini" açmaqdan ibarət olmuşdur. Mirzə Fətəli Axundzadə Azərbaycanın ilk yaradıcı nümayəndəsidir ki, yaşadığı mühiti, cəmiyyəti, ölkəni, bu ölkənin daxil olduğu bölgəni - Qafqazı və bütünlükdə İslam Şərqini, onun dünyagörüşünü, yaşam və sənət meyarlarını kökündən dəyişmək, yenidən qurmaq, yenidən yaratmaq istəmiş, bunu etmək üçün bütün həyatını və enerjisini əsirgəməmişdir. Mirzə Fətəli ilk dəfə İnsanın dəyərini milli Şəxsiyyət rakursunda açır və onun missiyasının mahiyyətini daxil olduğu cəmiyyətin problemlərinin məsuliyyəti altına öz çiynini verməkdə görür. Onun maarifçilik meyarına görə, məhz Milli Şəxsiyyət dərk etdiyi ictimai funksiyasında öz inkişafının yeni fazasına yüksəlir. Yaşadığı cəmiyyəti kökündən dəyişdirmək kimi böyük milli ideya inqilabına başlayan Axundzadə özü elə o Şəxsiyyətin ilk prototipiarxetipi olur.

Mirzə Fətəli Axundzadənin dünyaya gəldiyi tarixi zaman - siyasi hadisə kimi Azərbaycanın iki hissəyə parçalanaraq, onun Güneyinin İran, Quzeyinin Rusiya imperiyasına qatıldığı və mədəni hadisə kimi Şərq və Qərb mədəniyyətlərinin bu coğrafi məkanda qovuşmağa başladığı mürəkkəb bir dövrdür. Milli tarixin tragediyası Mirzə Fətəlinin yaradıcılığında yəqin ona görə daha çox komediyaya çevrilir ki, bu dövrdə "parçalanan Azərbaycanla" "qovuşan mədəniyyətlər" hadisələri üst-üstə düşüronun bütün həyatı bu təzadlı hadisələrin dramatizmində yaşanır. Mirzə Fətəli "parçalanan Azərbaycan" hadisəsinə ümumşərq siyasətsizliyinin, sosial-mənəvi deqradasiyasının bu böyük coğrafi məkanı iflasa uğratması kontekstində baxırsa da, eyni zamanda həm də güclü bir istinad nöqtəsi kimi "qovuşan mədəniyyətlər" hadisəsinin bütün pozitiv dəyərlərindən bəhrələnir və əslində Şərq və Qərb mədəniyyətlərinin vəhdət məqamını yaradan ilk memarlardan biri olur. Əgər bu gün Azərbaycan sivilizasiyalararası dialoqun həyata keçirildiyi optimal bir mədəni məkan statusu qazanırsa, heç şübhəsiz, bu prosesin başlanğıcında onun ilk təməl daşını qoyanların sələfi - məhz Mirzə Fətəli Axundzadə dayanır.

1834-cü ildən başlayaraq 26 il ərzində Rusiya imperiyası canişinliyinin mərkəzində - Tiflisdə fasiləsiz olaraq Qafqaz hakiminin baş dəftərxanasında çalışan Axundzadə mülki, inzibati, diplomatik və hərbi işlər kimi müxtəlif istiqamətlərdə məhsuldar fəaliyyət göstərmişdir. Çox maraqlıdır ki, əvəzsiz xidmətlərinə görə vaxtilə bir-birinə düşmən olmuş, sonra isə sülh müqaviləsi bağlamış hər iki dövlətin mükafatları ilə- Rusiya imperiyasının hərbi-inzibati rütbələri, orden və medalları ilə, həm də iki dəfə İranın "Şiri-Xurşid" ordenləri ilə təltif edilmişdir. Elə öz zamanında görkəmli şəxsiyyət kimi nüfuz sahibi olan Mirzə Fətəli Axundzadə Rusiya İmperator Coğrafiya Cəmiyyəti Tiflis şöbəsinin həqiqi üzvü, Tiflis Arxeoqrafik Komitəsinin üzvü, Qafqaz hərbi dairəsinin hərbi topoqrafiya şöbəsinin üzvü seçilmiş və Azərbaycanın ilk mətbuat orqnı olan "Əkinçi" qəzetinin (1875), bir çox Azərbaycan ziyalılarının təhsil aldığı Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin yaranmasında bilavasitə iştirak etmişdir.

Əlbəttə, Mirzə Fətəli Axundzadə adi bir yerdə sadə bir tərcüməçilik vəzifəsini yerinə yetirmirdi: onun 1860-cı ilədək çalışdığı Qafqaz hakiminin baş dəftərxanası Rusiya imperiyasının Qafqaz və Şərq siyasətinin həyata keçirildiyi, siyasidiplomatik informasiyaların toplandığı və metropoliyaya (Peterburqa) ötürüldüyü bir qərargah idi. İmperialist dövlətlərin (xüsusilə, Böyük Britaniya, Fransa və Rusiyanın) Şərq və bütövlükdə Asiya uğrunda mübarizəsinin bütün görünməz trayektoriyası və gedişlərindən bu qərargah məlumatlanırdı və Rusiya tərəfindən müəyyən adekvat tədbirlər haqqında bütün məlumatlar burada toplanırdı, məxfi sənədləşmələr və yazışmalar da məhz burada aparılırdı. Axundzadənin bu hadisələrin içərisində olması ona İslam Şərqinin və nəhəng Asiyanın həmin imperialist dövlətlər tərəfindən necə didilərək bölüşdürüldüyünü, Şərqin getdikcə siyasi və mənəvi cəhətdən çökdüyünü müşahidə etmək üçün praktiki imkan yaradırdı. Beləcə, Axundzadə Şərqin Qərbə "yem olduğunu" ilk görən və bu fəlakətin faciəsini ilk yaşayan, həm də bu prosesə öz müdrik münasibətini bəyan edən bəsirət və cəsarət sahibi idi. Mirzə Fətəli Axundzadə İslam Şərqinin taleyini həll edən bir sıra proseslərin bilavasitə şahidi olmuş, 1840-1859-cu illərdə rus-türk və 1842-1856-cı illərdə İran-rus sərhəd münaqişələrini qaydaya salan Komissiyada, 1845-ci ildə vəliəhd İkinci Aleksandrla İran şahzadəsi Nəsrəddin Mirzə arasındakı siyasi-diplomatik danışıqlarda, 1848-ci ildə Rusiya çarı Birinci Nikolayın İrana göndərdiyi nümayəndə heyətinin tərkibində, 1866-cı ildə Tiflisdə İkinci Aleksandrla İran şahı Nəsrəddin şah arasındakı görüşdə bir tərcüməçi kimi iştirak etmişdir. Bütövlükdə, Mirzə Fətəlinin məmur həyatı onun yaradıcılıq fəaliyyəti ilə qanad-qanada xalqına və insanlığa xidmət vəzifələrinə yüklənmişdi. O həmişə çalışırdı ki, işlədiyi mötəbər idarədə sənədlər xalqın güzəranına faydalı olan istiqamətdə hazırlansın, bu idarəyə daxil olan müraciət, ərizə və şikayətlərə ədalətlə baxılsın və vətəndaşların xeyrinə həll olunsun.

1846-cı ildə "Kəndli Əsasnaməsinin" hazırlanmasında, Azərbaycanın satirik şairi Qasım bəy Zakirin həbs və sürgündən qurtulmasında, 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun ailəsinin, xan qızı Natəvanın hüquqlarının müdafiəsində, 1803-cü ildə Gəncənin rus qoşunları tərəfindən işğalından sonra özü və oğulları həlak olmuş Cavad xan Ziyad xan oğlunun müsadirə olunmuş varidatının onun sağ qalmış varislərinə çatdırılmasında Mirzə Fətəli Axundzadənin əvəzsiz xidməti olmuşdur. Məhz dərin milli mənəviyyata malik olduğu üçün Mirzə Fətəli ikinci ailəlik həyatında Rusiya imperiyasının ordusuna qarşı son nəfəsinədək vuruşmuş Gəncə xanı Cavad xan Ziyad xan oğlunun nəslindən olan Nazlıbəyimlə evlənmiş, qızı da şahzadə Xanbaba Qacarla ailə qurmuşdur. Böyük ədib oğlu Rəşidi də öz idealları ruhunda tərbiyə edib böyütmüş, onun Brüsseldə və Peterburqda təhsil almasına, Avropa dillərinə və mədəniyyətinə mükəmməl yiyələnməsinə nail olmuşdur.

Mirzə Fətəli Axundzadə bütün həyatı boyu dünyanın mütərəqqi fikir yaradıcılarından bəhrələnmiş, Şərqi sarmaşıq kimi bürüyən cəhalətin kökünü kəsmək üçün məhz bu ideya qaynağına söykənmiş, xüsusilə zəmanəsinin mübariz insanlarını özünə örnək sanmışdır. Şərq ətrafında qurulan siyasət toru, Avropada başlanan inqilablar, Qafqazda Şeyx Şamil hərəkatı, Peterburqda dekabristlər üsyanı və dünyanın müxtəlif guşələrində közərməkdə olan ictimai, siyasi, milli hərəkatların ilk rüşeymləri və nəhayət, azadlıqsevər insanların imperialistmonarxist quruluşlara qarşı üsyanı, fransız maarifçilərinin inqilabi ideya arsenalı, Puşkin, Lermontov, Çaadayev, Gertsen, Bestujev-Marlinski, Odoyevski kimi yeni fikir və mədəniyyət daşıyıcılarının Çar imperiyasına qarşı barışmaz tendensiyanı gücləndirməsi, şübhəsiz, Mirzə Fətəli kimi təfəkkür sahibinin milli dünyagörüşündə və mənəviyyatındakı oyanışlara təsir göstərməyə bilməzdi. Odur ki, hələ gənc Mirzə Fətəlinin - şair Səbuhinin elə 25 yaşında (1837) yazdığı ilk elegiyasında - "Aleksandr Sergeyeviç Puşkinin ölümünə Şərq poeması"nda inqilabi pafos, ideallar uğrunda coşqun mübarizlik artıq kifayət qədər qabarıq görünürdü. O zaman böyük şairin faciəli ölümünə iki qüvvətli poetik reaksiya doğdu: Peterburqdan Lermontov, Qafqazdan isə Axundov! Qafqaz ədəbi mühitinə güclü təsir edən və bu mühitdən təsirlənən Lermontovun özüsonradan Puşkin taleyini yaşayacaqdı. Axundov isə belə bir taleyin acılarını bütün həyatı boyu çəkdi və əsərlərində əks etdirdi. Axundov bu əsərində sadəcə Puşkinin ölümünə ağı demirdi, onun rus poeziyasındakı həqiqi mövqeyini göstərərək, əslində, gerçək sənətin ictimai-milli düşüncədə necə böyük yeniləşdirici rol oynadığını diqqətə çatdırırdı.

Beləliklə, Mirzə Fətəli Axundzadə yaradıcılığına şeirlə başlasa da, kəskin milli-ictimai problemlərə köklənən düşüncəsi ənənəvi poeziya qəliblərinə sığmadı və o özünü tezliklə nəsr və dramaturgiya orbitində tapdı. O, klassik şeirin poetikasında "irəliləməyə", fəza sonsuzluğunda süzməyə, bu poetikanı kamilləşdirməyə və təzələməyə yox, bütövlükdə bədii-fəlsəfi, ictimai-estetik düşüncə tərzini, bu düşüncənin genişlənən imkanları boyunca onun özünüifadə modellərini dəyişməyə qərar verdi. Bundan sonra Axundzadənin bütün yaradıcılığı yeni forma və məzmunun özünün təyin etdiyi ideya ölçüsündə və janr biçimində - yəni təbii doğuluşunda meydana çıxır.

Şərq-İslam mədəniyyəti tarixində yeni milli dünyagörüşü sistemini, həyata və sənətə yeni yanaşmanın meyar və prinsiplərini yaradan Mirzə Fətəli Axundzadə 1850-1855-ci illər arasında altı klassik komediyasını - "Hekayəti-molla İbrahimxəlil-kimyagər", "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", "Hekayəti-xırs-quldurbasan", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara") və "Mürafiə vəkillərinin hekayəti"ni yazmışdır. Daha sonra 1856-cı ildə "Aldanmış kəvakib" povestini yazmış, 1857-ci ildə əlifba islahatını həyata keçirmək üçün fəaliyyətə başlamış, 1860-cı illərdən ömrünün sonuna (1878) qədər fəlsəfə, tənqid, sosiologiya sahəsində yeni fikirli əsərlər yaratmış, 1864-1865-ci illər arasında "Kəmalüddövlə məktubları"nı başa çatdırmış, daha sonra Şərq və dünya fəlsəfi fikrinin problemləri üzrə ayrı-ayrı filosof və ədiblərlə polemika ruhunda əsərlərini - "Həkimi-ingilis Yuma cavab", "Məsəli-həkim Sismondi" (burada həkim - hikmət sahibi, filosofya mütəfəkkir mənasındadır), "Con Stüart milli azadlıq haqqında", "Mollayi Rumionun təsnifinin babında", "Kritika" və s. məqalələrini qələmə almışdır.

Ümumiyyətlə, Mirzə Fətəli Axundzadənin zəngin yaradıcılığı dörd əsas sütun üzərində dayanır: altı komediyanın toplusu - dramaturqun özünün adlandırdığı kimi, "Təmsilat" (yəni "Pyeslər"), "Aldanmış kəvakib", "Kəmalüddövlə məktubları" və ən müxtəlif mövzu və problemləri əhatə edən sosial-fəlsəfi publisistika.

Axundzadə bu əsərləri ilə Azərbaycanda, eləcə də bütün Şərqdə orta əsrlərin bitdiyini elan edir. Həm də çağdaşlarının qarşısına bu sualla çıxır: Siz yeni zamana daxil olmağa, insanlığın əxz etdiyi yeni həyat tərzinə keçməyə hazırsınızmı? Yeni zamana daxil olmaq üçün siz nə etməlisiniz? Axundzadə bu sualları ilə özü bir cinahda dayanır, hələ oyanmamış, lakin oyanması qaçılmaz olan Şərq isə əks cinahda. Ancaq bu qütblər nə qədər bir-birinə əks olsalar da, böyük mütəfəkkirin əsərlərində onların bir o qədər də doğmalığı açıq-aşkar bilinir. Mirzə Fətəli sadəcə tənqid etmir, sevə-sevə, ağrıya-ağrıya tənqid edir. Onun ən sərt inkarçılığında belə doğma münasibətin hərarəti duyulur. Engels təsadüfən demirdi ki, "bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır". Mirzə Fətəli Axundzadə də öz keçmişindən ayrılmaqda olan Azərbaycan cəmiyyətinin həyat mənzərələrini məhz gülə-gülə təsvir ediröz komediyaları ilə Azərbaycan mədəniyyətinə ictimai gülüş estetikasını gətirir. Axı, bu estetikanın həm də dərin milli ənənəsi var: Molla Nəsrəddin və Şəki lətifələri. Mirzə Fətəlini belə bir klassik ənənədən kənarda təsəvvür etmək mümkün deyil. Bir qədər keçəcək, Azərbaycanın Axundzadə ənənələrini davam etdirən başqa bir komediya-satira ustası - Cəlil Məmmədquluzadə deyəcəkdi: "Öz nöqsanlarını görən, duyanyazan xalq yetkin xalqdır". M.F.Axundzadə də yaxşı dərk edirdi ki, "çatışmazlıqlar kompleksini" açmadanyetkin insan, nə yetkin xalq olmaq mümkündür. Baxtinin də söylədiyi kimi, "gülüş mədəniyyəti" - cəmiyyəti özü-özünə tanıdan, öz-özündən utandıran ən mühüm bədii-estetik vasitədir. Ona görə biz bu prosesi qanunauyğunluq hesab etməliyik ki, Azərbaycan dramaturgiyası da ilk addımını məhz bu həqiqəti dərindən dərk etmiş Axundzadənin simasında komediya ilə atdı, ikinci addımını isə Nəcəf bəy Vəzirovun simasında faciə ilə. Daha sonrakı mərhələlərdə milli dramatik janrın əlvan palitrası yarandı. Bu da bir həqiqətdir ki, dramatik əsərlər ədəbi-ictimai fikrin daha yüksək mərhələsində, sosial-siyasi münasibətlərin, cəmiyyətdəki konfliktlərin, kəskin qarşıdurmaların, insan xarakterlərindəki təzadlanmanın, fərdi psixologiyanın mürəkkəb qatlarının daha dərindən duyulması prosesində yaranır. Böyük dramaturq bu prosesi həyatdan ədəbiyyata, daha sonra səhnəyə gətirən ilk Azərbaycan sənətkarı oldu.

O, eyni zamanda, ilk Azərbaycan mütəfəkkiri idi ki, Azərbaycan mədəniyyətində maarifçiliklə realizmin təbii qaynağını yaradır, maarifçilik dünyagörüşünü realist ədəbiyyatda özünün ən dolğun milli-estetik parametrlərində təcəssüm etdirirdi. Maarifçiliyin Avropa təcrübəsindən yaradıcı şəkildə bəhrələnən Axundzadə bu tendensiyanın Azərbaycanda bir fikir inqilabı yaradacağına, şüur və mənəviyyatları əsaslı şəkildə dəyişdirəcəyinə dərin inam bəsləyir, onun ümumbəşəri və ümumşərq əhəmiyyətini dərk edirdi. Maarifçilik hərəkatının dayaqları olan elm və mədəniyyətdə reformatorluq ideyaları Mirzə Fətəli Axundzadənin Azərbaycanda və ümumən Şərqdə həyata keçirməyə çalışdığı məqsədlərin təməlində dayanırdı. Buna görə də onun bütün əsərlərində maarifçi zəka nur saçır. Bu zəkanın işığı cəhalətin iliklərinə qədər işləyir, zülmət səltənətinin dərinliklərində qaynaşan eybəcərlikləri üzə çıxarır, daşlaşmış ehkamları sındıraraq, onların bütün sükunət coğrafiyasında "zəlzələlər" yaradır. Bu baxımdan demək olar ki, Mirzə Fətəli həm də incə bir romantikdir. Əgər onda romantizm olmasaydı, o zaman yalnız işartıları görünən sağlam zəkanın qüdrətinə bu qədər böyük inam bəsləməzdi və ona söykənib, cəhalət dünyasının üzərinə bu qədər cəsarətlə, bir qartal yenilməzliyi ilə şığımazdı.

Böyük dramaturqun "Təmsilat"ına daxil olan altı komediyasının hər biri özünəməxsus "gülüş atomuna", özünəməxsus süjetkompozisiyaya, axarlı fabulaya, gözlənilməz finala və xüsusilə, bənzərsiz komik personajlar dəstinə malikdir. Dramatik estetikanın bütün komponentləri bu komediyaların hər birində sistem bütövlüyü yaradır. Burada sanki heç bir təsadüf yoxdur, hər təsadüfün öz məntiqi var. Bütün məntiqsizliklər isə komik situasiyaların açarıdır.

 

(ardı var)

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı, fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 3 avqust.- S. 5.