Lerik: görülmüş işlər fərəh doğurur

 

Yeni əsrin əvvəllərindən dağlar diyarı Lerik özünün yeni növrağını yaşamağa başlayıb. Regional inkişaf üzrə Dövlət Proqramının ardıcıl icrası sayəsində bu rayonun da sosial, iqtisadi və mədəni həyatında mühüm irəliləyişlərə nail olunmuş, əhalinin rifahı xeyli yaxşılaşmışdır. Cari ilin ilk yarısının yekunlarına və qarşıdakı vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu barədə ətraflı danışılmışdır.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra rayon mədəniyyət evində tədbir davam etdirildi. İcra hakimiyyəti başçısı Rövşən Bağırov birinci yarımildə respublikada və rayonda əldə olunan uğurlar, həmçinin görüləcək işlər barədə geniş məlumat verdi.

Məruzəçi dedi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir. Ev sahibliyi etdiyimiz ən müxtəlif beynəlxalq tədbirlər Azərbaycanın nüfuzunu dünya dövlətləri arasında daha da yüksəldir, tərəfdaşlığını artırır. İyulun 11-də cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilk yarımilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin iqtisadi, siyasi, sosial və mədəni sahədə qazandığı uğurlar bir daha diqqətə çatdırılmış, on illərə hesablanmış xarici siyasətimiz haqqında geniş məlumat verilmişdir. Dövlətimizin başçısı cari ilin ötən dövründə əldə olunmuş uğurları göstərməklə yanaşı, qarşıda duran həlli vacib məsələlərə də geniş toxunmuşdur. Prezident İlham Əliyev proqram xarakterli yekun nitqində qeyd etmişdir ki, ilin sonuna kimi makroiqtisadi vəziyyəti sabit saxlamaqla yanaşı, ölkəmizin hərtərəfli inkişafı üçün son dərəcə vacib olan infrastruktur layihələrini də başa çatdırmalıyıq. Rövşən Bağırov sonra dedi:

-Respublikamızın sürətli tərəqqisi Lerik rayonunun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır. İlin ikinci rübündə rayonda əsas sahələr üzrə məhsul buraxılışı xeyli artmışdır. Pərakəndə əmtəə dövriyyəsi 4,3, pullu xidmət 3,2, təmir-tikinti işləri 3,4, sənaye məhsulunun ümumi həcmi 0,3 faiz artmışdır. Əhalinin orta aylıq nominal əməkhaqqı 262, gəlirləri 33 milyon 37 min manata çatmışdır.

Artıq 2012-ci ilin məhsulu üçün əkilmiş payızlıq dənlilərin yığımı başlanılmışdır. Sahələrdə taxıl biçini davam etdirilir.

Son dövrdə rayonda 301 ailənin 3478 üzvünə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Ümumilikdə 1218 ailəyə dövlət sosial yardımı ödənilir.

Sosial-iqtisadi inkişaf üzrə II Dövlət Proqramının icrasına uyğun olaraq keçən vaxt ərzində rayonda 2659, o cümlədən cari ildə 704 yeni iş yeri yaradılmışdır. Ümumilikdə isə 2004-cü ildən bəri 7405 iş yeri açılmışdır. Bunun 40 faizdən yuxarısı daimi iş yerləridir.

Lerik şəhərinə və ona bitişik ərazidə yerləşən 6 yaşayış məntəqəsinə qaz xətti çəkilmiş, Lənkərandan Piran, Vizəzəmin ərazisinə orta təzyiqli qaz xəttinin, Piran, Hamarmeşə kəndlərinin daxili qaz xətlərinin çəkilməsi başa çatdırılmışdır. Ötən ilin dekabrından daha doqquz kəndə qaz çəkilir. Şəhərdə 300 nəfərlik xeyir-şər evi tikilir. Hər cür avadanlıqla təchiz edilmiş, 150 nəfər qonaq üçün nəzərdə tutulmuş çadır daxili imkanlar hesabına alınaraq sakinlərin istifadəsinə verilmişdir.

Nazirlər Kabinetinin tapşırığına əsasən şəhərin bütün küçələrində suaxarlar, kanallar inşa olunmuş, sakinləri narahat edən sel sularının axıdılmasına şərait yaradılmışdır. Rayon baytarlıq idarəsi yeni ikmərtəbəli binaya köçmüşdür. 6 saylı vergilər idarəsi üçün Lerik şəhərində kompyuter terminalının, statistika idarəsi üçün binanın tikintisində tamamlanma işləri aparılır. Təhsil şöbəsinin yeni binası üçün torpaq sahəsi ayrılmışdır, tikintiyə tələb olunan sənədlər hazırlanır. Yaponiya dövlətinin maliyyə dəstəyi ilə Şingədulan kəndində tikilən tibb məntəqəsində tamamlama işləri aparılır. Rayonun bütün ATS-ləri elektron tiplilərlə əvəzlənib ki, bu da sürətli internet xidmətindən istifadəni asanlaşdırmışdır.

Rayonda 18 ümumtəhsil məktəbi əsaslı təmir edilmiş, 2 məktəb inşa olunmuşdur. Yeddi kənddə cəmi 800 şagird yerlik məktəb binalarının tikintisində son tamamlama aparılır. Məktəblərin yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur. Bu il daha yeddi kənddə 960 yerlik məktəblərin tikilməsi üçün torpaq sahələri ayrılmış, texniki məsələlər qismən həll edilmişdir. Artıq bir neçə məktəbin inşasına başlanmışdır.

Sevindirici haldır ki, aprel ayında Azərbaycan Prezidentinin sərəncamı ilə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Hazırda tikintinin layihə-smeta sənədləri hazırlanır, digər texniki işlər həyata keçirilir. Yolun əksər hissəsinə örtük materialı daşınmış, bir çox sahələr hamarlanmışdır. Bu, dövlət rəhbərinin rayonumuza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Ümumilikdə 162 yaşayış məntəqəsi olan rayonun 496 kilometrlik daxili yol infrastrukturu yararsız vəziyyətdədir. On illərcə əsaslı təmir aparılmayıb. Prezident Administrasiyasının tapşırığına əsasən bununla bağlı zəruri məlumat hazırlanıb təhvil verilmişdir.

Bundan başqa, kənd sakinlərinin maliyyə dəstəyi ilə daxili yollarda əsaslı və cari təmir işləri aparılmış, Lərmərud-Masallı yolunda avtomobil körpüsü inşa edilmişdir. İcra hakimiyyətinin köməyi ilə Əliabad-Ağcay yolu da təmir olunmuşdur. Yaxın günlərdə Əliabad-"50-ci kilometr" yolunun təmiri nəzərdə tutulmuşdur.

Lənkəran-Lerik yolu boyunca, Qosmalian və Bilnə kəndlərində yeni turizm-istirahət mərkəzləri, şəhərdə və digər ərazilərdə ticarət mərkəzləri, iaşə obyektləri tikilmişdir. "Relax" turizm mərkəzində "AKVA-park" tikilmiş, qarşıdakı illərdə kanat yollarının çəkilməsi nəzərdə tutulmuşdur. Önəmli haldır ki, ildən-ilə rayona gələn turistlərin sayı artır. Onlar rayonun füsunkar təbiəti, tarixi abidələri ilə heyranlıqla tanış olurlar. Əgər 2003-cü ildə rayonun istirahət mərkəzlərinə cəmi 800 turist gəlmişdisə, bu rəqəm 2012-ci ilin altı ayında 3734 nəfər olmuşdur.

Rayonumuzda süfrə suyu və şirə istehsal edən müəssisə tikilir. Lerik şəhərində iş adamları tərəfindən yeni bazar inşa olunmuşdur. Yöndəmsiz köşklər ərazidən götürülmüş, abadlıq və tikinti-quraşdırma işlərinə başlanmışdır. Köhnə tədarük məntəqəsi olan tikililərdə də yenidənqurmaya start verilmişdir. Burada mebel, plastik qapı və pəncərə sexləri olacaq, əhaliyə xidmətlər göstəriləcək. Yeni, müasir şadlıq sarayının tikintisində işlər sürətlə aparılır. Mərkəzdə ikimərtəbəli gözəl iaşə obyekti də tikilir. Onu da əlavə edim ki, daxili imkanlar hesabına şəhər uşaq bağçasının əsaslı təmirinə başlanmışdır.

Müharibə əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması daim diqqətdə saxlanır. Molalan kəndində Qarabağ müharibəsi əlili üçün yaşayış evi tikilir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan daha 6 Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisi üçün ilkin sənədlər hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur.

Yaşayış məntəqələrində istismar müddəti bitmiş və yanmış 12 transformator yeniləri ilə əvəzlənmiş, bir neçə kənddə daha güclü transformator quraşdırılmış, hava xətlərində təmir işləri aparılmışdır. Lerik şəhərində inşası ötən il başlanan 17 meqavatlıq elektrik stansiyasında işlər sürətlə davam etdirilir. Lerik-Yardımlı yüksək gərginlikli elektrik hava xəttinin də inşasına başlanmışdır.

Daxili imkanlar hesabına 8 kənddə, "Azərsu" ASC tərəfindən isə 2011-ci ildə üç kənddə artezian quyuları qazılmışdır. Qosmalian-Lerik su xəttinin çəkilişində qızğın iş gedir, şəhərdaxili su xətləri çəkilir, kanalizasiya sistemi qurulur. Rayona suyun çəkilməsi sakinlərin illər boyu arzuladığı problemin həlli deməkdir. Lakin bu işlərin nəticəsində şəhər infrastrukturuna dəymiş ziyanın operativ aradan qaldırılmaması haqlı narazılıq yaradır. Piran kəndində yumurta, ət, quş istehsalı ilə məşğul olacaq broyler fabrikinin tikintisində son tamamlanma işləri aparılır. Obyektdə indi 80-dən yuxarı yerli sakin çalışır. Müəssisə işə düşəndən sonra burada 150-dən yuxarı daimi iş yeri yaradılacaq.

Məruzəçi daha sonra yerlərdə keçirilən səyyar qəbullar və əhali ilə görüşlər barədə məlumat verdi. Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin təşkili üzrə müəyyən iş görüldüyüni nəzərə çatdırdı.

Məruzə ətrafında müzakirələrdə maliyyə idarəsinin rəisi Elman Abbasov, "Kapital bank"ın rayon filialının müdiri İlham Dadiyev, paylayıcı elektrik şəbəkəsinin müdiri İxtiyar İmanov, su-kanal idarəsinin müdiri Asif İmanov iştirak edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 3 avqust.- S. 6.