Bizim Yefim Qurviç

 

Unutsaq, unudularıq

 

Milli jurualistikamızın canlı əfsanəsi, iki cəbhənin - Böyük Vətən müharibəsində ön cəbhənin və əmək cəbhəsinin veteranı, əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Kazım Ələkbərovun imzası yaşlı və orta nəsl Azərbaycan oxucusuna yaxşı tanışdır.

Altmış ildən çox jurnalistlik fəaliyyəti ilə məşğul olmuş Kazım müəllim Azərbaycan Teleqraf Agentliyində, "Bakı" və "Baku" axşam qəzetlərində və respublika mətbuatının bayraqdarı olan "Kommunist" qəzeti redaksiyasında çalışdığı dövrlərdə minlərlə elmi-publisistik, problematik-təhlili məqalənin, reportaj, oçerk və felyetonun müəllifi kimi geniş oxucu auditoriayası qazanmışdı. Yaşı və səhhəti ilə bağlı pensiyaya çıxdıqdan sonra da o, qələmi yerə qoymamış, bir-birinin ardınca 6 kitabı çapdan çıxmışdır. Bu əsərlərdə əsasən müəllifin zəngin, çətin və şərəfli ömür yolu, şahidi olduğu əlamətdar hadisələr və yaxından tanıdığı görkəmli insanlarla bağlı xatirələri yığcam, şirin və lakonik dillə öz əksini tapıb. Yaradıcılıq enerjisi bitib-tükənmək bilməyən 88 yaşlı veteran jurnalistin qəlbi ibrətamiz xatirələr, bugünkü gənclik üçün örnək olası hekayətlərlə doludur. Sinninin bu vədəsində qibtə ediləcək yaddaşa sahib olan Kazım müəllimin gözlərinin nurdan düşməsi onun yeni memuarlarının çapa hazırlanmasında müəyyən problemlər yaratdı. Lakin mənim inadlı təkidimdən sonra o, öz xatirələrini diktə etməyə razılıq verdi, Onları bir vaxtlar Kazım müəllimin rəhbərlik etdiyi şöbədə işləmiş Zemfira xanımın köməyi ilə yazıya köçürüb, çap olunmaq üçün təcrübəli naşir və jurnalist Hacı Mehman Fərzullayevə təqdim etdim. Bir neçə ay bundan əvvəl Kazım Ələkbərovun "Şirin, acı xatirələr" kitabı işıq üzü gördü.

Həmin kitabda Kazım müəllimin taleyində mühüm rol oynamış görkəmli jurnalist, "Bakı" və "Baku" axşam qəzetlərinin yaradıcısı və 30 il fasiləsiz redaktoru olmuş Nəsir İmanquliyev, Azərbaycanda təhsilin təşkilində və inkişafında danılmaz xidmətləri olan respublikanın sabiq maarif naziri Mehdi Mehdizadə, yaxın dostu, kənd tikinti naziri işləmiş Əlimuxtar Hüseynzadə, məşhur bəstəkar Cahangir Cahangirov və başqaları barədə maraqlı xatirələr yer alıb.

Bu yaxınlarda Kazım müəllimə baş çəkməyə getmişdim. Söhbət əsnasında o, sonuncu kitabının nəşrə hazırlanmasında göstərdiyim köməyə görə bir daha mənə təşəkkürünü bildirdikdən sonra əlavə etdi: "Hacı xanım, bir şeyə görə təəssüflənirəm ki, həmin kitabda Yefim Qurviç haqqında xatirələrim yoxdur. Şübhəsiz, günah məndədir, sadəcə unutmuşam. Amma Qurviç unudulası kişi deyildi. Bilirsən necə xeyirxah insan, gözəl təşkilatçı idi. Təkcə onu demək kifayətdir ki, Yefim Qurviç 40 il Azərbaycan Teleqraf Agentliyinə (indiki AzərTAc-a) rəhbərlik etmişdir...

Xatirələr çözələndi və mən də onları qələmə almağa başladım:

Kazım müəllim dedi ki,...

- Cəbhədən qayıtdıqdan sonra Azərbaycan Teleqraf Agentliyində işə girdim. Agentlikdə yazı-pozu əsasən rus dilində aparılırdı. Odur ki, məndə rus dilində yazmaq vərdişi aşılamağı tanınmış jurnalist Vladimir Monastırskiyə tapşırdılar. Qısa bir vaxtda bu vərdişə yiyələndim. Planım ayda respublika üçün 22, Moskva üçün 10, xarici ölkələr üçün 5 xəbər yazmaqdan ibarət idi. Günlər, aylar keçdikcə təcrübəm artır, müəssisə və təşkilatlardan, yeni-yeni sahələrdən toxunulmamış mövzularda xəbərlər hazırlayırdım.

O vaxt agentliyin direktoru Yefim Qriqoryeviç Qurviç idi. 1917-ci ildə Bakıda anadan olmuşdu, peşəkar jurnalist, gözəl təşkilatçı idi. Sənaye fəhlə fakültəsini birdikdən sonra iki il həmkarlar ittifaqları orqanlarında, 1936-cı ildən isə mətbuat sahəsinlə çalışmışdı. "Gənc fəhlə" və "Vışka" qəzetlərində ədəbi işçi və məsul katib vəzifələrində işləmişdi. 1939-cu ildə Azərbaycan Teleqraf Agentliyinə ədəbi işçi vəzifəsinə keçirilmiş və demək olar ki, ömrünün sonuna qədər - düz 47 il həmin kollektivdə çalışmışdı. Bunun 40 ilini dövlət agentliyinin direktoru olmuşdur.

Onun özünəməxsus metodu vardı. İşçilərin idarədə boş-bekar qalmasına yol verməzdi. Deyərdi ki, burada oturmayın, gedin müəssisələrə, təşkilatlara, mədənlərə, lap elə parka, bulvara, bəlkə bir maraqlı adama rast gəldiniz, sizə yeni mövzular verə bilərlər. Əməkdaşlardan makinadan çıxmış yazıları götürməzdi, əlyazmaları tələb edərdi ki, hər kəsin səviyyəsinə bələd olsun. Digər əməkdaşlar kimi, mən də hər səhər Qurviçin makinaçılara göndərdiyi qalaq-qalaq əlyazmaların üzərində apardığı düzəliş və əlavələrə baxırdım. Sevinirdim ki, ən az mənim yazılarım üzərində düzəlişlər edirdi. Digər əməkdaşların yazılarını pis günə qoyurdu, eləsi də olurdu ki, üstündən xətt çəkib təzədən işləyirdi.

Agentlikdə reportyor kimi, işim pis getmirdi. İşə məsuliyyətlə yanaşdığıma, maraqlı mövzular tapıb yazdığıma görə direktorun da mənə münasibəti yaxşı idi. Onu da deyim ki, o vaxt mən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (qiyabi) oxuyurdum. 1948-ci il idi. Məlum oldu ki, növbəti imtahan sessiyası Bakıda yox, Şəkidə keçiriləcək. Bu, mənim üçün arzuolunmaz xəbər idi. Ağır yataq xəstəsi olan anama baxan lazım idi. Ali təhsilli kiçik qardaşım yenicə işə girmişdi, kiçik bacım isə hələ orta məktəbdə oxuyurdu, onun özünə kömək lazım idi. Bir aylıq maaşımı Şəkidə xərcləyə bilməzdim, ailə pis vəziyyətdə qalardı. Odur ki, kursda qalsam belə, imtahan sessiyasında iştirak etməməyi qərara aldım.

Yefim Qriqoryeviç imtahan sessiyasına çağırılmağım haqqında institutdan agentliyin rəhbərinin adına göndərilmiş məktubu mənə verəndə ona getməyəcəyimi səbəblərini izah etdim. O, məni diqqətlə dinlədikdən sonra dedi: "Narahat olma, sənə hər cür şərait yaradılacaq. Bir aylıq Şəkiyə ezamiyyət yazarıq, maaşını alıb evdə qoyarsan, ezamiyyə pulunu isə orada xərclərsən. Bu yaxınlarda Şəkidən ətraf rayonlardan xeyli tütünçüyə "Sosialist Əməyi Qəhərəmanı" adı verilib. Həvəsin olsa, onlardan da yazı hazırlarsan..."

Qurviçin bu xeyirxahlığı, alicənablığı, sözün həqiqi mənasında, məni kövrəltdi. Ona təşəkkür edib kabinetindən çıxdım...

Elə həmin ilin payız günlərindən biri idi. Axşam evə getməyə hazırlaşarkən idarə rəhbəri məni yanına çağırtdırıb dedi:

- Üzeyir Hacıbəyov dünyasını dəyişib. Sənə çox çətin məsul bir tapşırıram. Dəfn mərasimini sən işıqlandırmalısan. Bir azdan MK-dan nekroloq gətirəcəklər. Diqqətlə oxu, bilmədiklərini öyrən. Amma orada yazılanların əsiri olmadan Üzeyir bəyin kimliyi, Azərbaycan, Sovet İttifaqı dünya mədəniyyətinə kimi töhfələr verdiyi, bu itkinin respublika ölkə ictimaiyyətinə necə təsir etiyi barədə samballı bir material hazırlamalısan. Sənə uğurlar arzulayıram...

Etiraf edim ki, Yefim Qurviçin bu dərəcədə məsul bir tapşırığı mənə - bir o qədər təcrübəsi olmayan 24 yaşlı gənc reportyora həvalə etməsi nəinki başqalarına, elə özümə təəccüblü göründü. O vaxtlar agentlikdə işləyənlərin böyük əksəriyyəti kənar millətlərin nümayəndələri - ruslar, yəhudilər, ermənilər idi, azərbaycanlıları barmaqla saymaq olardı, onlar da texniki işlərdə çalışırdılar. Təcrübəli işçilər belə bir mövzunun mənə tapşırılmasını direktora irad tutanda o, belə cavab vermişdi: "Üzeyir Hacıbəyovun böyüklüyünü azərbaycanlı jurnalist daha yaxşı duyub çatdıra bilər".

... Üç günlük möhtəşəm matəm mərasimini izləyib qeydlər apardım. Sadə əmək adamı, görkəmli ziyalılar, elm-mədəniyyət xadimləri ilə Moskva, Leninqrad, Kiyev, Minsk, Daşkənd, Tbilisi digər şəhərlərdən, habelə Türkiyə, İran, Almaniya, Fransa, İtaliya başqa ölkələrdən dəfn mərasiminə gəlmiş tanınmış insanlarla həmsöhbət olub, dahi bəstəkar haqqında onların fikirlərini öyrəndim. Mərhumun cənazəsi Fəxri Xiyabanda torpağa tapşırılandan dərhal sonra agentliyə qayıdıb reportajı yazmağa başladım. 22 səhifəlik yazı gecəyarısınadək hazır oldu ertəsi gün bütün qəzetlərdə dərc edildi. Həmin gün Qurviç kollektivin qarşısında mənə təşəkkür etdi respublika rəhbərliyinin yazıdan razı qaldığını bildirdi.

Başqa bir xatirə: Digər bir xeyirxahım, gözəl insan Rza Quliyev 1949-cu ildə "Kommunist" qəzetinə ikinci dəfə redaktor təyin edilərkən məni təkidlə redaksiyada işə dəvət etdi. Yefim Qurviç 9 ay buna razılıq vermədi. Uzun illər MK-da rəhbər vəzifələrdə işləyən Rza müəllim öz nüfuzundan Qurviçlə dostluğundan istifadə edərək istəyinə nail oldu. Mən "Kommunist" qəzetinə işə keçəndən iki il sonra - 1951-ci ilin baharında respublikada ilk stadionun təntənəli açılışına, onun böyük idman bayramı kimi qeyd edilməsinə ciddi hazırlıq gedirdi. Bununla əlaqədar Sov.İKP MK-nın Baş katibi İ.V.Stalinə Azərbaycan zəhmətkeşləri adından məktub yazılması qərara alınmışdı. Bu məktubu kim yazsın? Məsələ respublika rəhbərliyi səviyyəsində müzakirə olunarkən Yefim Qurviç deyib: "Kommunist" qəzetindən Kazım Ələkbərovu təklif edirəm. Onun qələminə bələdəm, yaza bilər". Qurviçin respublika mətbuatına dərindən bələd söz sahibi olması heç kəsdə şübhə yeri qoymayıb.

Məktubu hazırlamaqdan ötrü qapalı təşkilatların sənədlərindən, bütün arxivlərdən istifadə etmək üçün mənə xüsusi vəsiqə verildi. Bir yandan məsuliyyətin yükü, digər tərəfdən isə Yefim Qriqoryeviçin "Sənə inanıram" - deyib ürək-dirək verməsi mənə rahatlıq vermədi, gecə-gündüz çalışaraq məktubu yekunlaşdırdım. Məktubu əvvəlcə respublikanın rəhbəri Mir Cəfər Bağırova təqdim etdilər ki, oxuyub tanış olsun. Qurviç sevinclə bildirdi ki, yoldaş Bağırov məktubu bəyənib.

... Stadionun açılışı saat 11-də başladı. Təntənəli bayram tədbirinin sonunda "Stalinə məktub" oxundu. Diktor məktubun mətnini uca səslə oxuduqca, mən yazdığım əlyazmaya baxırdım. Demək olar ki, mətndə dəyişiklik edilməmişdi. Bu, məni hədsiz sevindirdi. Stadiondan çıxarkən irəlidə gedən Yefim Qurviçə yaxınlaşıb mənə göstərdiyi növbəti etimada görə təşəkkür etdim. O, sadəcə təbəssümlə razılığını bildirdi.

... 1987-ci il fevralın 12-də Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçirilirdi. Orada bir nəfərdən eşitdim ki, Yefim Qurviç həmin gün dünyasını dəyişib, bir azdan dəfn olunacaq. Tələsik Fəxri Xiyabana yollandım. Məzarı başında dayanıb Yefim Qriqoryeviç Qurviçə Allahdan rəhmət diləyərək, bu xeyirxah insanın ruhu qarşısında baş əydim.

 

 

Hacı Şəfəq CƏLİLOVA

 

Xalq qəzeti.- 2012.- 3 avqust.- S. 7.