Prezident İlham
ƏLİYEV: Bir gün
ərzində iştirak etdiyim
açılışlar ölkəmizin dinamik
inkişafını təsdiqləyir
Regionların sosial - iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı rayonların da simasını xeyli dəyişmişdir. Hazırda respublikamızın bütün rayonlarında yenidənqurma, abadlıq və quruculuq işləri geniş vüsət alıb. Bölgələrdə sürətlə davam etdirilən tikinti işləri, yeni müəssisələrin açılması, iş yerlərinin yaradılması əhalinin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Hazırda regionlarda yaşayan gənclər daha iş axtarmaq üçün müxtəlif ölkələrə üz tutmurlar. İndi Azərbaycanda elə bir vəziyyət yaranıb ki, hətta əcnəbi vətəndaşlar da işləmək üçün ölkəmizə gəlirlər.
Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, görülmüş işlərlə yerində tanış olur, yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak edir, öz tövsiyə və tapşırıqlarını verir, "Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılması barədə sərəncam imzalayır. Bütün bunlar insanların sabaha olan inamını daha da artırır.
Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfərinin əsas məqsədi Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin icrası ilə yerində tanış olmaq, bünövrəsi qoyulan yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak etmək və rayon sakinləri ilə görüşüb onların arzu və istəkləri ilə tanış olmaq idi. Onu da qeyd edək ki, bu səfər dövlət başçısının Lənkərana səkkizinci səfəri idi. Səkkiz illik prezidentlik fəaliyyəti dövründə bir rayona səkkiz dəfə səfər etmək Prezidentin regionların inkişafını ciddi nəzarətdə saxlamasının və gərgin fəaliyyətinin nəticəsidir.
Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Azərbaycan Prezidenti Lənkəranda görülmüş işləri yüksək qiymətləndirdi. Dövlət başçısı bildirdi ki, ümumiyyətlə, ölkəmizdə aparılan yenidənqurma və abadlıq işlərinin, bütün sahələr üzrə qazanılan uğurların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev dedi: "Biz keçən il müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd edərkən, yenə də keçmişə baxarkən bir daha görürdük ki, ulu öndərin Azərbaycan dövlətçiliyinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. Ən ağır dövrdə ölkə rəhbərliyinə gəlmiş Heydər Əliyev xalqı böyük bəlalardan qurtara, dövlətçiliyin əsaslarını yarada bilmişdir, ölkəmizin bugünkü reallıqlarını təmin etmişdir. Çünki onun tərəfindən irəli sürülmüş bütün təşəbbüslər ölkəmizin inkişafına yönəldilmişdir. Ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tuta bilmişdir, daxildə proseslər müsbət istiqamətdə getmişdir, islahatlar aparılmış, böyük nailiyyətlər əldə edilmişdir. Biz hamımız ulu öndərin siyasi xəttinə sadiqik, bu xətti davam etdiririk. Lənkəranda son illər ərzində görülmüş işlər bu siyasətin bariz nümunəsidir, onun təzahürüdür".
Rayonda yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı görülən işlərin yüksək səviyyədə olduğunu qeyd edən dövlət başçısı bildirdi ki, bu gözəl mərkəz də həm memarlıq, həm də funksional baxımdan çox dəyərlidir, qiymətlidir, ulu öndərin xatirəsinə ehtiramın əlamətidir.
Həmin gün Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışı oldu. Qeyd olundu ki, mərkəz çox gözəldir, həm yaraşıqlı binadır, həm də ki, mərkəzin tərtibatı çox dəyərlidir, qiymətlidir.
Lənkəran turizmin inkişafı üçün əlverişli rayondur. Buranın gözəl təbiəti, gözəl iqlimi, turizm imkanları vardır. Bu baxımdan rayona çoxlu sayda turistlər gəlir və bu ərazidə istirahət etmək istəyənlərin sayı sürətlə artmaqdadır. Bunu nəzərə alaraq Lənkəran Aeroportu yenidən quruldu. Bunu yüksək qiymətləndirən dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən dedi: "Bu gün mən Lənkərana təyyarə ilə gəlmişəm və artıq beynəlxalq uçuşlar da təşkil edilir. Əminəm ki, gələcəkdə bu uçuşların sayı artacaqdır. Lənkəranın çox gözəl təbiəti, çox gözəl iqlimi, turizm imkanları vardır. Bu gün mənim səfər proqramımda yeni otelin təməlqoyma mərasimi də vardır və ümid edirəm ki, gələcək illərdə turizm daha da sürətlə inkişaf edəcəkdir. Hazırda daxili turizm inkişaf edir. Mən bilirəm ki, Bakıdan, Azərbaycanın digər bölgələrindən insanlar dincəlmək üçün Lənkərana gəlirlər. Amma istərdim ki, xaricdən də gəlsinlər, Lənkəranı daha çox tanısınlar və burada istirahət etsinlər. Beləliklə, turizm potensialı çox güclüdür. Bu potensial var, sadəcə olaraq infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində biz bu potensialı daha da aşmalıyıq".
Bölgənin inkişafı barədə məlumat verilərkən Lənkəranda abadlıq və yenidənqurma işlərinin davam etdiriləcəyi bildirildi. Kənd yollarının tikintisinin vacibliyi diqqətə çatdırıldı və bununla əlaqədar 40 min əhalisi olan 20 yaşayış məntəqəsini birləşdirən kənd yolunun tikintisi üçün keçən ay vəsait ayrılması diqqətə çatdırıldı . Dövlət başçısı əminliklə bildirdi ki, yaxın zamanlarda tikinti başlanacaq və yol istifadəyə veriləcəkdir. İnsanların sağlamlığının qorunmasının prioritet vəzifə olduğu Lənkəran rayonunda planlaşdırılan işlərdə də özünü büruzə verir. Məlum olduğu kimi Lənkəranda Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir və bu mərkəz insanlara yaxşı xidmət göstərir. Ancaq, buna baxmayaraq, mərkəzi rayon xəstəxanasının təmirinə, yenidən qurulmasına da ehtiyac olduğu bildirildi. Bu məsələnin də yaxın vaxtlarda öz həllini tapacağı barədə verilən xəbər lənkəranlıları sevindirdi. Bununla yanaşı, yetişən gənc nəslin mükkəmməl təhsil almaları üçün məktəblərin əsaslı təmiri qarşıya qoyulan əsas vəzifələrdəndir. Qəzalı vəziyyətdə olan məktəblərdə əsaslı təmir işləri aparılır və ya yeni məktəblər tikilir. Dövlət başçısı bildirdi ki, qəzalı vəziyyətdə olan məktəblər Lənkəranda da, başqa bölgələrdə də hələ ki, vardır. Baxmayaraq ki, son illərdə 2 mindən artıq məktəb tikilmişdir, hələ ki, qəzalı vəziyyətdə məktəblər vardır. Biz çalışacağıq ki, bütün qəzalı məktəbləri gələn ilin sonuna qədər əsaslı şəkildə bərpa edək.
Rayonun elektrik enerjisi ilə təminatındakı problem artıq aradan qaldırılıb. Astarada modul tipli elektrik stansiyasının istifadəyə verilməsi nəticəsində bütün cənub zonasının elektriklə təchizatı yüksək səviyyədə yaxşılaşdırılmışdır. İndi demək olar ki, bu sahədə ciddi problem yoxdur. Yerli sakinləri narahat edən digər problem içməli su ilə bağlıdır. Son illər həyata keçirilən əhəmiyyətli tədbirlər nəticəsində bu problem də artıq öz həllini tapmaqdadır. Buna baxmayaraq, Lənkəran şəhərinin su və kanalizasiya probleminin gələn ilin sonuna qədər əsaslı şəkildə həll olunması qarşıya qoyulan vəzifələrdən biridir.
İnsanları narahat edən əsas məsələlərdən biri də şəhər və kəndlərin təbii qazla təmin edilməsidir. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən dedi ki, indi bu proses geniş vüsət almışdır. Mən qarşıya vəzifə qoymuşam ki, Lənkəranın bütün yaşayış məntəqələri gələn ilin sonuna qədər qazlaşdırılsın. Şəhər qazlaşdırılıbdır, proses davam edir və bu məsələ də öz həllini tapacaqdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bu problemlərin həlli üçün əsas bir mexanizm olmuşdur. Mən çox şadam ki, Proqram uğurla icra edilir. İkinci Dövlət Proqramı gələn ilin sonuna qədər başa çatacaqdır. Ondan sonrakı dövr üçün də planlarımız vardır. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. 2014-2023-cü illəri əhatə edəcək yeni Dövlət Proqramı artıq hazırlanır.
Rayonda aparılan abadıq və quruculuq işləri rayon sakinlərinin sabaha olan inamını daha da artırıb. Bunu rayonun ziyalıları, əmək adamları və hər bir sakini də təsdiqləyir. Əməkdar müəllim Mənsur Ağayevin dediklərindən:" Digər bölgələr kimi, cənub bölgəsinin incisi sayılan Lənkəran da sürətlə inkişaf edir. Lənkəran Azərbaycanın mədəni mərkəzlərindən biri kimi tanınmışdır. Bu gün Sizin qayğı və diqqətiniz nəticəsində Lənkəran yenə də cənub bölgəsinin mədəniyyət mərkəzi kimi diqqəti cəlb edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı, əməyi, zəhməti nəticəsində Lənkəran abadlaşır, gözəlləşir və artıq Azərbaycanın dilbər guşələrindən birinə çevrilmişdir. Bütün bunlara görə lənkəranlılar dövlət başçısına minnətdardır.
Azərbaycan Prezidentinin Lənkərana səfəri zamanı Gənclər Mərkəzinin və otel kompleksinin təməlqoyma mərasimi oldu. Bütün bunlarla yanaşı, gələcəkdə digər obyektlərin də tikintisi nəzərdə tutulub.
Azərbaycan Prezidenti cənub bölgəsinə səfəri zamanı Cəililabad rayonunda da olmuşdur. Onu da qeyd edək ki, dövlətimizin başçısının Cəlilabada səfəri daha zəngin olmuşdur. Çünki burada bir neçə müəssisəsinin açılışı, yeni obyektlərin təməlqoyma mərasimi keçirilmişdir. Təbii ki, bütün bunlar ölkəmizin sürətli inkişaf yolunda olduğunu təsdiqləyən faktdır. Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı da bunu xüsusi vurğuladı. Dövlətimizin başçısı dedi:"Bir rayonda görülən işlər, bir gün ərzində iştirak etdiyim açılışlar ölkəmizin dinamik inkişafını təsdiqləyir. Həm iqtisadi sahədəki işlər, regionların inkişafı, iş yerlərinin açılması, abadlıq-quruculuq tədbirləri, həm də idman obyektlərinin, kənd yollarının açılışı, tikintisi ölkəmizin dinamik inkişafını göstərir. Gələcək illərdə bu inkişaf daha da sürətli olmalıdır.
Zəruri infrastruktur layihələrinin icrasından söhbət açan dövlətimizin başçısı su və kanalizasiya layihələrini həlli vacib məsələ kimi önə çəkdi. Bildirdi ki, bu məsələlər də gələn ilin sonuna qədər yekunlaşmalıdır. Artıq bu işlər başlanmışdır. Dövlət büdcəsində vəsait vardır. Cəlilabad şəhəri və ətraf kəndlər ilk növbədə su və kanalizasiya sistemi ilə təmin edilməlidir. Bu, çox böyük layihədir. Çünki bu layihə hər bir rayonda icra edilir, böyük vəsait və böyük zəhmət tələb edir. Keçmişdə, ümumiyyətlə, bölgələrdə kanalizasiya sistemi olmamışdır. Heç Bakının da kanalizasiya sistemi lazımi səviyyədə olmamışdır. İçməli su daim problem olmuşdur. Biz bu məsələni birdəfəlik həll edəcəyik. Beləliklə, biz insanları ən çox narahat edən problemləri tədricən aradan qaldırırıq.
Azərbaycan Prezidentinin Cəlilabada səfəri zamanı Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin, Cəlilabad Olimpiya İdman Kompleksi, "Cəlilabad Broyler" ASC-nin yeni yem fabrikinin, Cəlilabad - Hamarqışlaq - Sadatlı kəndlərarası avtomobil yolunun və "Avanqard" MMC- nin yeni un fabrikinin açılışı olmuşdur. Göründüyü kimi, dövlət başçısı bir gün ərzində dünya standartlarına uyğun bir neçə yeni müəssisənin fəaliyyətə başlamasına öz xeyir - duasını vermişdir. Təbii ki, bütün bunların hamısı vacib və zəruridir.
Bu gün Azərbaycan idmançılarının dünya miqyaslı yarışlarda uğurlu iştirakını nəzərə alaraq, Cəlilabad Olimpiya İdman Kompleksinin açılışını xüsusi qeyd etmək istərdik. Ən müasir standartlara cavab verən bu idman qurğusu Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmişdir. İnşasına 2007-ci ildə başlanılan Cəlilabad Olimpiya İdman Kompleksinin ərazisi beş hektardır. Kompleksin qapalı idman salonunun sahəsi 1168 kvadratmetrdir. Burada 712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışlara baxa biləcəkdir. Qapalı idman salonunda müxtəlif yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Salonun döşəməsi xüsusi texnologiya əsasında quraşdırılmışdır ki, bu da yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradır. İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada "Hörinq" şirkətinin texnologiyası əsasında atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İdman qurğusunda geniş trenajor salonu fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında eyni vaxtda 10 nəfərə bu qədim oyunun sirləri öyrədiləcəkdir. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunacaqdır.
Bildirildi ki, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. Burada ən müasir nəmalma, havalandırma və istilik sistemi quraşdırılmışdır. Beş yüz kubmetrlik su tutumu olan hovuzun dərinliyi 1,2 metrdən 1,8 metrə qədərdir. İstər üzgüçülər, istərsə də idmanın digər növləri ilə məşğul olanlar üçün ən müasir standartlara cavab verən soyunub-geyinmə otaqları, duş və sauna yaradılmışdır. Kompleksdə cüdoçular üçün xüsusi salon fəaliyyət göstərəcəkdir. Taekvondoçuların məşqləri üçün də hərtərəfli şərait vardır.
Azərbaycan Prezidenti Cəlilabadda Olimpiya İdman Kompleksinin tikintisini böyük hadisə hesab etdi və idmanın inkişafının vacibliyini bildirdi. Dövlətimizin başçısı dedi:"Doğrudan da bu, Cəlilabad rayonu üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda idmanın inkişafı üçün çox vacib olan məsələdir. Mən çox şadam ki, bu kompleks xarici görünüşü və daxili tərtibat baxımından bütün standartlara cavab verir. Həm gözəl üzgüçülük hovuzu, həm böyük idman zalı, trenajor zalı, açıq meydançalar, stadion, mehmanxana. Yəni, əslində bu, təkcə idman qurğusu deyildir. Bu, ümumiyyətlə rayonun inkişafı üçün və Cəlilabadda gedən sürətli inkişaf üçün çox vacib olan obyektdir."
Burada, əlbəttə ki, idman bölmələri yaradılacaqdır. Eyni zamanda, rayon sakinləri də burada öz asudə vaxtlarını keçirə bilərlər. İdman, fiziki sağlamlıq bizim üçün çox vacibdir. İnsanların sağlamlığı, o cümlədən insanların idmana olan münasibətindən asılıdır."
Son illər Cəlilabadın siması xeyli dəyişmişdir. Heydər Əliev Seyrəngahı rayon sakinlərinin ən sevimli yerlərindən birinə çevrilibdir. Prezident İlham Əliyevin büdəfəki səfəri zamanı açılışı olmuş Gənclər Parkı, tamamilə yenidən qurulmuş şəhər parkı, Bayraq Meydanı və digər parklar şəhərə xüsusi gözəllik verir. Beynəlxalq standartlara cavab verən yeni iş yerləri isə işsizliyin aradan qaldırılmasına böyük töhfədir. Məsələn, "Avanqard" MMC bu sahədə böyük rol oynayacaq. 100 tonluq un dəyirmanı və 10 min tonluq taxıl məhsullarının təmizlənməsi və satışı üçün anbar kompleksini özündə birləşdirən müəssisə ən müasir avadanlıqla təchiz olunmuşdur. Yeni müəssisə respublikada taxılçılığın inkişafına təkan verməklə əhalinin il boyu un ilə təmin olunmasına şərait yaradacaqdır.
Azərbaycan Prezidenti Cəlilabad rayonunda aparılan tikinti və abadlıq işlərindən məmnun qaldığını bildirərək dedi:"Mən bir daha demək istəyirəm və çox şadam ki, Cəlilabadın inkişafı çox sürətlidir. Şəhər simasını dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir. Köhnə binalar bərpa edilir. Bir sözlə, inkişaf, dinamika var və bu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir."
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 1.