"Rossiyskaya qazeta"da Azərbaycan haqqında "Başqa incəsənət" ölkəsi" sərlövhəli geniş məqalə dərc edilmişdir

 

Məşhur "Rossiyskaya qazeta"da Bakıdakı Müasir İncəsənət Muzeyi haqqında məqalə dərc edilmişdir. "Başqa incəsənət" ölkəsi" sərlövhəli bu məqalədə qeyd edilir ki, sözügedən muzey arzuların təcəssümü və tarixi faktdır. AzərTAc həmin məqaləni təqdim edir.

Bakıdakı Müasir İncəsənət Muzeyinin ayrıca binada deyil, şəhərin mərkəzindəki hündür binalardan birinin iki aşağı mərtəbəsində yerləşməsinə baxmayaraq, öz zahiri görkəmi sayəsində hələ uzaqdan diqqəti cəlb edir. Hətta bu binanın yanından maşınla yüksək sürətlə keçəndə də bütün bina boyunca səkidə ucalan nəhəng metal heykəllərə nəzər salmamaq mümkün deyil. Adama elə gəlir ki, muzey onun üçün ayrılmış məkana yerləşmir və hələ küçədə ikən tamaşaçı ilə ünsiyyətə başlayır. Muzeyin içərisinə daxil olanda başa düşürsən ki, bu həqiqətən belədir. Burada saysız-hesabsız qrafika əsərləri, heykəltəraşlıq obyektləri toplanaraq sərgilənmişdir. Onların arasında parlaq intonasiyalı, tamaşaçını həyəcanlandıran, şövqlü işlər çoxdur. Bu əsərlərin o qədər zəngin enerjisi vardır ki, tamaşaçı özünü püskürən vulkanın kraterindəki kimi hiss edir. Hətta liftin yanındakı kafedə, paltarasanda da dolğun məzmunlu bədii əsərlər sizi müşayiət edir.

Eksponatların bolluğuna baxmayaraq, muzey, necə deyərlər, birnəfəsə baxılır. Görünür, bu ondan irəli gəlir ki, muzeyin bütün konsepsiyasını bir adam yaratmış, kolleksiyanı həmin adam toplamış, ekspozisiyanı o tərtib etmiş, ən son detallara qədər bütün interyeri eyni adam işləyib hazırlamışdır.

Altay Sadıqzadə bu mövzuyaöz muzeyinin predmetinə sadəcə vurğundur desək azdır. Faktiki olaraq o özü muzeydə təmsil olunmuş bədii prosesin bir hissəsidir. Azərbaycan rəngkarlıq, heykəltəraşlıq və qrafika sənətinin bütöv bir dövrünü əks etdirən eksponatları vahid muzey kolleksiyası şəklində toplamaq, bu muzeyin qapılarının tamaşaçılar üçün açıq olması ideyası Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən irəli sürülmüş və dəstəklənmişdir.

Azərbaycanın müasir təsviri sənətində mühüm simalardan biri olan rəssam Altay Sadıqzadə özü gəncliyində mürəkkəb ideoloji durğunluq dövrünün əngəlləri ilə üzləşmişdir. O, yaradıcılıq eksperimentinin sevincini duymaq, cəmiyyətin zorla qəbul etdirdiyi stereotiplərdən azad olmaq istəyən yaşlı həmkarlarının həyatda necə mürəkkəb hallarla üzləşməli olduğunu görmüşdü. Bu, qərb anlamında "avanqard" deyildi.

Hələ 1950-ci illərdə kortəbii şəkildə başlanmış bu hadisəyə dəqiq ad vermək də çətindir. Bəziləri onu "nonkonformizm", digərləri "başqa incəsənət" adlandırırdı. 1980-ci illərin axırlarında rəssamların nə və necə yaratmalı olduğunu heç kəs göstərməyəndə yeni çətinliklər başlanır: indi Qərbin incəsənət bazarlarına yol tapmaqbunun üçün həmin bazarların qaydaları ilə oynamağı öyrənmək lazımdır, əks halda bu sənətkarlar ölkənin daxilində tam unudulmağa məhkumdurlar.

Müasir Azərbaycan incəsənəti ilə əvvəllər tanış olmayan tamaşaçı üçün bu muzeyə getmək Azərbaycanı ağlasığmaz ekspressiya və həyata yeni nəzərlə baxan sənətkarlar ölkəsi kimi kəşf etmək deməkdir. Azərbaycan incəsənətinin fəxri kimi çoxdan tanınmış işlər bu muzeydə yetərincə tam təmsil olunmuşdur. XX əsrin Mark Şaqal, Pablo Pikasso, Salvador Dali kimi sənətkarlarının bir neçə işi də muzeydə özünəməxsus stil referensiyası çərçivəsi yaradır.

Lakin Müasir İncəsənət Muzeyinin əsas mövzusupredmeti vaxtı ilə lazımınca qiymətləndirilməmiş rəssamlardır. Ona görə də bu rəssamların işlərini muzey formatında bəlkə də heç bir başqa yerdə görə bilməzsən. Söhbət Cavad Mircavadov, Rasim Babayev, Əşrəf Murad, Qorxmaz Əfəndiyev, Kamal Əhməd, Gennadi Brijatyuk, habelə müasirlərimiz, bu gün də fəal yaradıcılıqla məşğul olan Mirnadir ZeynalovFazil Nəcəfovdan başlamış Rəşad BabayevNiyazi Nəcəfova qədər müxtəlif rəssamlardan gedir. Bu isə o deməkdir ki, həmin rəssamların əsərlərini qiymətli muzey əşyaları siyahısına daxil etmək üçün daha 50 il gözləməyə ehtiyac yoxdur.

Yeri gəlmişkən, ekspozisiya bədii muzeylər üçün ənənəvi təsnifatlara rəğmən qurulmuşdur və müxtəlif müəlliflərin, müxtəlif dövrlərin və stilistik oriyentirlərin əsərləri muzeyin ayrı-ayrı zallarında və zonalarında bir-biri ilə elə qarşılaşır ki, sanki onlar müəyyən məna məkanlarını əks etdirir, incəsənətə marağı olan hər bir tamaşaçını gözlə görünməyən bir dialoqa dəvət edir.

 

 

Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 2.