Azərbaycan BMT
ilə əlaqələrin inkişafına xüsusi
əhəmiyyət verir
Sürətlə inkişaf edən Azərbaycan Respublikası beynəlxalq arenada da böyük nüfuz sahibinə çevrilmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə diqqətləri üzərinə cəlb etmişdir. Uzun illərdir dünyada ardıcıl olaraq sülh və tərəqqi siyasəti yürüdən ölkəmiz bu gün qlobal təhlükəsizlik sisteminin əsasında dayanan regional təhlükəsizliyə mühüm töhfələr verməkdədir. Avropanın enerji təhlükəsizliyinin təminatında ciddi faktora çevrilən Azərbaycan beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yürüdür, güclü və etibarlı tərəfdaş kimi bütün sahələrdə yeni təşəbbüslərə qoşulmaqla müasir dünyaya inteqrasiya siyasətini uğurla davam etdirir. Bu mənada ölkəmiz dünyanın ən universal beynəlxalq hökumətlərarası təşkilatı olan BMT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Təəssüf hissi ilə qeyd edək ki, müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ almış bəzi qüvvələrin dövlət idarəçiliyindəki naşılığı və siyasi səbatsızlığı nəticəsində Azərbaycanın beynəlxalq qurumlarla, o cümlədən BMT ilə əməkdaşlığı demək olar ki, yox dərəcəsində idi. Bu da yenicə bərpa olunmuş dövlət müstəqilliyimizin davamlı olmasına mənfi təsir göstərir, dünyaya inteqrasiyanın qarşısında ciddi maneəyə çevrilirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişindən sonra yenidən hakimiyyətə gəlişi ilə bütün bunlara tədricən son qoyuldu. Böyük tarixi şəxsiyyətin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətləri və aparıcı ictimai təşkilatları ilə sıx əlaqələr yaratdı. Heydər Əliyev nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı xarici siyasətin prioriteti hesab edərək demişdir: "Respublika qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir".
Ulu öndər Heydər Əliyev BMT ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Çünki bu mötəbər qurumla sıx əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, dünya dövlətləri ilə bərabərhüquqlu faydalı münasibətlər qurmasına da real imkanlar yaradırdı. Bu əlaqələri inkişaf etdirməklə müstəqilliyimizin ilk illərindən Ermənistan silahlı qüvvələrinin ərazi bütövlüyümüzü pozaraq torpaqlarımızı işğal etməsi faktını da mötəbər beynəlxalq təşkilatın tribunasından bütün dünyaya çatdırmaq imkanı əldə etmiş olurduq. Bu məqamda xatırlatmaq yerinə düşər ki, BMT yeganə təşkilatdır ki, beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələri ilə bağlı məsələləri araşdırıb qərar qəbul etmək səlahiyyətinə malikdir. Təşkilatın əsas məramı da məhz beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına, dövlətlər arasında dostluq münasibətlərinin inkişafına yardım etməkdir. BMT, həmçinin dünya siyasətinin aktual məsələlərinin müzakirəsi üçün bir meydandır. Ona görə də dünya birliyinin tamhüquqlu üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə daxil olmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyur.
BMT ilə əməkdaşlığın ilk günündən başlayaraq, Azərbaycan təşkilatın platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan - Azərbaycan münaqişəsinə cəlb etməyə çalışmış və həlledici məqamlarda öz məqsədinə nail olmuşdur. Təsadüfi deyil ki, ölkəmizin təşəbbüsləri nəticəsində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnamə (822, 853, 874 və 884 saylı qətnamələr) qəbul etmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, işğalçı qüvvələrin ölkə ərazisindən dərhal çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının bir milyonu keçməsi beynəlxalq aləmdə də böyük əks-səda doğurmuşdu. Bu səbəbdən BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" Qətnamə qəbul etmişdir. Ümumiyyətlə, 1996-cı ilədək BMT-nin TŞ-nın sədri və BMT Baş katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyən bir sıra bəyanatlarla çıxış etmişlər. 1996-cı ildən başlayaraq BMT Baş Assambleyası "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.
Ölkəmiz BMT Baş Assambleyasının tədbirlərində də fəal iştirak edərək əlaqələrimizin inkişafına və haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasına nail olmuşdur. Belə ki, dövlətimizin başçısı kimi ilk dəfə ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.
Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan Butros Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının öz səylərini artıracağını bildirmişdir.
BMT ilə əlaqələrinin intensiv inkişafına xüsusi əhəmiyyət verən Azərbaycan bu təşkilatın müxtəlif beynəlxalq toplantılarında müntəzəm olaraq iştirak edir, irəli sürdüyü ideya və təkliflərə fəal münasibət bildirir. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, xüsusilə, Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır.
BMT-nin 2000-ci ilin sentyabrında keçirilən Minilliyin Sammitində çıxış edən ulu öndər Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.
2003-cü ilin sentyabrında isə o vaxt Azərbaycanın Baş naziri olan İlham Əliyev BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edərək bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşmazlıqların meydana çıxması şəraitində uyğun çevik və adekvat münasibət göstərə bilmir. O, mövcüd BMT mexanizmlərinin zamanın tələblərinə cavab vermədiyini və bununla bağlı təşkilatda islahatların aparılmasının vacib məsələyə çevrildiyini vurğulamışdır. Azərbaycan hökumətinin başçısının fikrincə, BMT TŞ-də "həm bugünkü, həm də yarıməsirlik reallıqlar öz əksini tapmalıdır". 2004-cü ilin sentyabrında keçirilən BMT Baş Assambleyasının 59-cu sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev yenidən BMT TŞ-nin fəaliyyətinə toxunaraq bu mötəbər qurumun Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırlatmış, onların hələ də həyata keçirilmədiyini və həyata keçirilməsinin işlək mexanizminin yaradılması vacibliyini ümdə məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bildirmişdir ki, "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".
Onu da deyək ki, 2003-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilmişdir.
Son üç ildə Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir. Ümumiyyətlə, Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir və əsrimizdə mövcud təhdid və problemlərə qarşı mübarizədə onun əhəmiyyətini yüksək qiymətləndirir.
Azərbaycanın - BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfüz qazanmasını göstərən ən əhəmiyyətli hadisə, şübhəsiz ki, ötən il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi faktıdır. Bu, həm də 20 illik müstəqillik dövründə diplomatiyamızın qazandığı ən möhtəşəm uğurlardandır. Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyamızın böyük qələbəsi münasibəti ilə verdiyi bəyanatda da qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasına kimi dünyanın ən mötəbər təşkilatına üzv olmaq böyük uğur, möhtəşəm nailiyyətdir. Fərəhləndirici haldır ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək üçün ölkəmiz çox gərgin bir mübarizəni, deyərdik ki, ölkələrin dünyadakı nüfuz mübarizəsi mərhələsini uğurla sona çatdırmışdı. Bu prosesi bir daha yada salmaq istərdik. Çünki məhz həmin səsvermə, dünya ölkələrinin seçim prosesi çox şeyi ifadə edir.
Məlumdur ki, Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olaraq, 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Hər il BMT TŞ-nin 10 qeyri-daimi üzvündən 5-i yenilənir. 2011-ci ildə də 2012-2013-cü illər üşün Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü seçilməli idi. BMT TŞ-nin qeyri-daimi üzvülüyünə seçkilərdə namizədlər regional qruplar tərəfindən irəli sürülür. Belə ki, Afrikadan və Asiya-Sakit okean regionundan dərhal beş ölkə öz namizədliyini irəli sürmüşdür. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo olmuşdur. Onlar 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriya tərəfindən azad olunan yerlər uğrunda mübarizə aparmışlar. İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə - Azərbaycan, Macarıstan və Sloveniya iddia etmişdir. Reqlamentə görə, qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir. Yalnız Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, doqquz namizəd ölkə artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olmuşdu.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə səsvermənin gedişi də çox şeydən xəbər verirdi. Səsvermənin 16-cı mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplamışdı. Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar Azərbaycanın mütləq üstünlük qazandığını qəbul etdiklərini və buna görə də öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirmişdir. Bu məqamda xatırlatmaq istərdik ki, Sloveniya həm Avropa Birliyinin, həm də NATO-nun üzvüdür. Buna rəğmən, yəni həm Avropa ölkələrinin, xüsusən, Fransanın dəstəyinə baxmayaraq hər dəfə səsvermə keçiriləndə Sloveniya daha az səs aldığı üçün Azərbaycan ilə sonadək rəqabət aparmaqdan imtina etdi. O da məlumdur ki, sonuncu səsvermədə Azərbaycan daha bir uğura imza ataraq, ona dəstək verən ölkələrin sayını xeyli artırdı, 155 səs topladı, 24 dövlət bitərəf qaldı, 13-ü isə əvvəlki kimi, yenə öz namizədliyini geri götürən Sloveniyaya səs verdi. Bütün bunlar ölkəmizin dünyada böyük nüfuz qazanmasından xəbər verirdi.
Təsadüfi deyil ki, Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru D.Sammut demişdir ki, bu hadisə Azərbaycanın vacib beynəlxalq oyunçu olduğunu sübut etmişdir. ABŞ Dövlət Departamenti isə bu qələbə münasibətilə Azərbaycanı təbrik etmişdir. Qeyd olunmuşdur ki, Birləşmiş Ştatlar BMT Nizamnaməsində əks edilən prinsiplərin dəstəklənməsi, şuranın işinin səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülh və sabitliyin qorunmasında rolunun artması üçün Azərbaycan ilə yaxından işləyəcəyinə ümid edir. Təbriklərini Azərbaycan Prezidentinə şəxsən çatdıran Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəmizin müstəqillik tarixində ən böyük uğura imza atdığını və Türkiyənin bundan qürur hissi keçirdiyini bildirmişdir.
Bu ilin may ayında ölkəmizin müstəqillik tarixində növbəti mühüm və əlamətdar hadisə baş verdi. Həmin ay Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu, bir daha göstərdi ki, Azərbaycan qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı əldə etmişdir. Bu, həm də Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi qısa müddət ərzində artıq dünyanın təhlükəsizlik siyasətini müəyyən edən əhəmiyyətli ölkələrin birinə çevrildiyinə daha bir sübut idi. Haqlı olaraq hər birimiz bundan qürur hissi keçirdik. Bu, qüruru bizə yaşadan, uğurlu xarici və daxili siyasətin müəllifi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Buna görə də dünyadakı 50 milyonluq Azərbaycan xalqı özünün alternativsiz lideri ilə fəxr edir.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 3.