Vladimir DOROXİN: Bu
musiqi bayramı uzun
illər yaşayacaq və dünyanın
diqqətini hər il Qəbələyə
yönəldəcəkdir
Heyrətamiz
məkan, gözəl insanlar və əla musiqi. Belə bir tədbirdə
iştirakımdan çox məmnunam. Bu musiqi bayramı hələ
uzun illər yaşayacaq və dünyanın diqqətini hər
il Qəbələyə yönəldəcəkdir.
Bu
fikirləri Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi
Festivalında "Moskva solistləri" kamera orkestrinin
konsertini izləyən Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxin jurnalistlərə müsahibəsində
demişdir. Bildirmişdir ki, bu bayram özündə
dünyanın hər yerindən görkəmli musiqiçiləri
və tamaşaçıları birləşdirir.
Səfir
demişdir: "Gözəl meşələrin,
dağların əhatəsində klassik musiqini dinləmək
insana unudulmaz duyğular yaşadır. Burada
tamaşaçılar tərəfindən festival
iştirakçılarına qarşı çox səmimi
münasibət vardır. Yerli tamaşaçılar
savadlıdır, klassik musiqini yaxşı dərk edir və
musiqiçiləri ürəkdən alqışlayırlar.
Festivalın proqramı da olduqca zəngindir. Burada dahi rus bəstəkarlarının
klassik əsərlərini dinlədim. Rusiyanın
tanınmış musiqiçilərindən Yuri Başmetin,
Boris Berezovskinin, Qriqori Kovalevskinin, Aleksandr Akimovun, Aleksandr
Çaykovskinin, Andrey Yaroşinskinin və
başqalarının bu festivalda böyük ustalıqla
çıxışı məni fərəhləndirir.
Tamaşaçıların rəğbətini qazanan gözəl
ifalarına görə onları təbrik edirəm".
AzərTAc
Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 4.