Lənkəranda "Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması" mövzusunda regional seminar-müşavirə keçirilmişdir

 

Avqustun 3-də Lənkəran şəhərində yenicə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzində Auditorlar Palatasının, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması" mövzusunda regional seminar-müşavirə keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Cənub bölgəsinə daxil olan Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının yerli icra hakimiyyətləri strukturlarının, müvafiq iqtisadi qurumlarının nümayəndələrinin və bələdiyyələrin rəhbərlərinin qatıldıqları seminar-müşavirədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Heydər Əliyev Mərkəzində bu gün respublika əhəmiyyətli ilk tədbirin keçirildiyini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, rayonda aparılan quruculuq işlərində, yerli əhəmiyyətli sosial məsələlərin və ekoloji problemlərin həllində yerli özünüidarəetmə orqanları fəal iştirak edirlər.

Auditorlar Palatasının sədri Vahid Novruzov demişdir ki, bugünkü tədbir Prezident İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq keçirilir.

Maliyyə nəzarəti və şəffaflıq sahəsində Azərbaycanda möhkəm hüquqi bazanın yaradıldığını vurğulayan V.Novruzov bu sahədə hələ də bir sıra problemlərin, yeni qurum olmaq etibarı ilə yerli özünüidarəetmə orqanlarında audit işinin tətbiqi sahəsində həllini gözləyən məsələlərin olduğunu diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, audit təkcə yoxlama, nəzarət deyil, eləcə də, bələdiyyələrə vergi uçotunun aparılması, biznes-planın tərtib edilməsi, bələdiyyə əmlakının qiymətləndirilməsi məsələlərində xidmət edən qurumdur.

Toplantıda çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirmişdir ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr demokratik cəmiyyətin formalaşmasında mühüm rol oynayırlar.

Yerli özünüidarəetmə orqanlarına cəmiyyətin marağının artırılmasında maarifləndirmə işinin düzgün təşkilinin, qarşılıqlı münasibətlərin tənzimlənməsinin, bələdiyyələrin hüquqi təminatının yüksəldilməsinin əhəmiyyətini, maliyyə-təsərrüfat işlərinin düzgün qurulmasında audit xidmətlərinin keyfiyyətli keçirilməsinin rolunu diqqətə çatdıran M.Səlimzadə bəzi bələdiyyələrin fəaliyyətində qanunsuzluqlara yol verildiyini, qanun pozuntuları ilə bağlı 17 bələdiyyənin işinin Respublika Prokurorluğuna təqdim edildiyini diqqətə çatdırmışdır.

Seminar-müşavirədə "Regionda sosial-iqtisadi inkişafın uğurlu nəticələri", "Bələdiyyələrdə auditin keyfiyyətinin yüksəldilməsi", "Lənkəran rayonunun sosial-iqtisadi inkişafında bələdiyyələrin rolu", "Bələdiyyələrdə əlaqədar auditor xidmətindən istifadə istiqamətləri", "Bələdiyyə vergiləri və uçot sistemi", "Bələdiyyələrdə auditin aparılmasına dair proqramın tətbiqi əsasları" mövzularında mühazirələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Tədbirdə Auditorlar Palatasının sədri Vahid Novruzovun və Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərovun iştirakı ilə qarşılıqlı əməkdaşlıq sazişi imzalanmışdır.

Seminar-müşavirəyə yekun vuran Auditorlar Palatasının sədri Vahid Novruzov qaldırılan məsələlərə, verilən təkliflərə münasibətini bildirmiş, bələdiyyələrdə audit xidmətinin keyfiyyətinin yaxşılaşdırmaq məqsədi ilə qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 4.