Londonda ARDNŞ və
bp şirkəti Olimpiya komandamızın şərəfinə
ziyafət vermişlər
Londonda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və bp şirkəti tərəfindən Olimpiadada ölkəmizi təmsil edən komandanın şərəfinə ziyafət verilmişdir. Tədbirdə müxtəlif ölkələrdən olan rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, tədbiri giriş sözü ilə açan bp-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir qonaqları bu cür möhtəşəm idman tədbiri münasibətilə təbrik etmişdir. O, daha sonra bp-nin Azərbaycanda həyata keçirdiyi enerji layihələrində iştirakından bəhs etmişdir. Aparılan uğurlu enerji siyasəti nəticəsində Azərbaycanın son illərdə sürətlə inkişaf etdiyinin bildirən bp-Azərbaycan şirkətinin prezidenti gələcəkdə də Azərbaycan hökuməti ilə birgə layihələri həyata keçirməkdə maraqlı olduğunu qeyd etmişdir.
bp-nin prezidenti Robert Dadli şirkətin həm də Azərbaycan Olimpiya komandasının sponsorlarından biri olduğunu qeyd edərək qarşıdakı yarışlarda idmançılarımıza uğurlar arzulamışdır. bp ilə Azərbaycan hökumətinin enerji layihələrində əməkdaşlığını yüksək qiymətləndirən Robert Dadli bu əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində hələ neçə-neçə yeni layihələrin reallaşdıracağına ümidvar olduğunu ifadə etmişdir.
Tədbirdə çıxış edən ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov hələ mübarizəyə qoşulmamış idmançılara uğurlar arzulamışdır. Ölkəmizdə gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzundan danışan E. Nəsirov ARDNŞ-in idman tədbirlərinin təşkilində yaxından iştirak etdiyini bildirmişdir.
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizin müstəqillik qazandıqdan sonra Olimpiya oyunlarında qazandığı uğurlara qısa nəzər salmışdır. İdmana göstərilən dövlət qayğısından söz açan nazir Olimpiya oyunlarının ölkəmizi daha yaxşı tanıtmaq baxımından önəmini vurğulamışdır.
Rəsmi qəbulda çıxış edən Böyük Britaniyanın enerji naziri Çarlz Hendri ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini bildirmişdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğunu qeyd edən Britaniyanın enerji naziri iqtisadiyyatın digər sahələrində də Azərbaycanın ölkəsinin əsas tərəfdaşlarından biri olduğunu diqqətə çatdırmışdır.
Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etmişdir.
AzərTAc
Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 5.