Respublika Bədən Tərbiyəsi Mərkəzində
idmanın kütləviliyi təmin edilir
Təhsil
Nazirliyinin struktur bölməsi olan Respublika Bədən Tərbiyəsi
Mərkəzi (RBTM) bədən tərbiyəsi və
idmanın kütləviləşməsi, əhali arasında
geniş yayılması istiqamətində böyük işlər
görür, bu sahənin tələbə və şagirdlər
arasında geniş təbliğ olunması, yeniyetmə və
gənclərin fiziki cəhətdən sağlam böyüməsi,
idman növləri ilə müntəzəm məşğul
olması üçün bir sıra tədbirlər həyata
keçirir.
Mərkəzin
direktoru Niftalı Quliyevlə görüş zamanı, həmsöhbətim
yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi
cəhətdən inkişafında mühüm rol oynayan bədən
tərbiyəsi və idmanın Azərbaycanda yüksək səviyyədə
inkişaf etdiyini, bütün sahələrdə olduğu
kimi, idmanda da güclü maddi-texniki bazanın
yaradıldığını diqqətə
çatdırdı. N.Quliyev "Bədən tərbiyəsi
və idman haqqında" qanuna uyğun olaraq, təhsil müəssisələrində
bu sahənin inkişafını təmin etmək məqsədilə
tədbirlər planının hazırlandığını
və bunun mərkəz tərəfindən təhsil müəssisələrində
mərhələlərlə həyata keçirildiyini
bildirdi. İdmanın tələbə və şagirdlər
arasında kütləviləşdiyini qeyd edən mərkəz
direktoru gənclərimizin beynəlxalq arenalarda böyük
uğurlar qazandıqlarını vurğuladı: "Ölkəmiz
öz müstəqilliyini bərpa etdikdən sonra bütün
sahələrdə olduğu kimi, bədən tərbiyəsi
və idman sahəsində də güclü inkişaf baş
verib. İdmançılarımız hər il müxtəlif
mötəbər yarışlarda böyük uğurlara imza
atırlar. Bu uğurların əsasını ölkəmizdə
idmana dövlət səviyyəsində göstərilən
diqqət və qayğı təşkil edir. Paytaxt Bakıda,
bölgələrimizdə tikilərək xalqın istifadəsinə
verilən müasir standartlı olimpiya idman kompleksləri,
stadionlar, digər idman qurğuları gələcəyin
qurucusu gənc nəslin sağlamlığına xidmət
edir. Təhsil müəssisələrimizdə
uşaqların idmanla məşğul olmaları üçün
yaradılan şərait getdikcə yüksəlir. Təhsil
Nazirliyinin dəstəyi, təhsil naziri Misir Mərdanovun diqqət
və qayğısı sayəsində təhsil müəssisələrimizdə
bədən tərbiyəsi və idman kütləvi hal
alıb. Mərkəzimiz yeniyetmə və gənclər
arasında keçirilən bədən tərbiyəsi,
kütləvi sağlamlıq işlərinin təşkilinə
metodiki rəhbərliyi və nəzarəti həyata
keçirir".
Respublika
Bədən Tərbiyəsi Mərkəzi kütləvi idman tədbirlərinin
təqvim planına müvafiq olaraq, tədris ili boyunca tarixi
günlər və milli bayramlar münasibətilə ayrı-ayrı
idman növləri üzrə yarışlar və tədbirlər
keçirir. Keçirilən kütləvi tədbirlərdən
biri də spartakiada yarışlarıdır. 2011-2012-ci tədris
ilinin birinci yarısında 7 idman növündə
keçirilmiş və dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunmuş növbəti -
VI spartakiadanın birinci mərhələsində 659 min, ikinci
mərhələsində 100-mindən çox şagird
mübarizə aparıb. Ötəndəfəki spartakiadaya
nisbətən VI Spartakiadada daha çox komanda iştirak edib.
Yarışların təkcə final mərhələsinin
açılış mərasimində respublikanın 35 rayon
və şəhərindən 85 komanda mübarizə
aparıb. Yekun nəticələrə əsasən, şəhərlər
arasında Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin komandası spartakiadanın qalibi olub.
Sumqayıt Şəhəri üzrə Təhsil İdarəsinin
və Mingəçevir Şəhər Təhsil Şöbəsinin
komandaları isə, müvafiq olaraq, ikinci və
üçüncü yerləri tutublar. Rayon komandaları
arasında Cəlilabad və Sabirabad rayon təhsil şöbələrinin
komandaları birinci və ikinci yerlərə layiq
görülüblər. 7, 12 və 9 saylı peşə
liseylərinin komandaları isə peşə məktəbləri
arasında təşkil edilən yarışlarda fərqləniblər.
Niftalı
Quliyev spartakiadanın yüksək səviyyədə təşkilində
Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyini
xüsusi qeyd etdi. O, Gənclər və İdman Nazirliyinin
köməyi ilə yarışların ən yüksək
standartlara cavab verən idman zallarında, stadionlarında təşkil
edildiyini, Təhsil Nazirliyinin diqqət və qayğısı
sayəsində hakimlərin və komandaların yerləşdirilməsi,
onların spartakiadada iştirakı, yarışlar
üçün idman ləvazimatlarının alınması
və s. məsələlərin yüksək səviyyədə
təmin edildiyini vurğuladı. Qeyd etdi ki, ilin sonunda
spartakiadanın yekunlarına həsr olunmuş
mükafatlandırılma mərasimi təşkil edilir,
yarışlarda fərqlənənlər
mükafatlandırılırlar.
Tədris
ilinin ikinci yarısında 8 Mart - Beynəlxalq Qadınlar
Günü münasibətilə ümumtəhsil məktəblərinin
şagirdləri arasında keçirilən voleybol turnirində
153 saylı orta məktəbin, orta ixtisas təhsil müəssisələrinin
şagirdləri arasında bu idman növü üzrə
keçirilən yarışlarda isə Bakı Texniki Kollecin
komandası birinci yeri tutub. İlk peşə ixtisas təhsil
müəssisələri arasında voleybol, basketbol, atletika
üzrə keçirilən birincilik böyük marağa səbəb
olub. Basketbol, voleybol və atletika yarışlarında,
müvafiq olaraq, 14, 7 saylı Bakı peşə liseylərinin
və Şəki rayon peşə məktəbinin
idmançıları birinci pillədə qərarlaşıblar.
Ali məktəblər arasında isə tələbə
idmançılar basketbol, voleybol, atletika və futbol növləri
üzrə qüvvələrini sınayıblar. Oğlanlar
arasında təşkil edilən yarışlarda Bakı
Dövlət Universiteti, Texniki Universitet və Slavyan
Universitetinin komandaları fərqləniblər.
Qızların mübarizəsində Tibb Universiteti, Bədən
Tərbiyəsi və İdman Akademiyası, Dillər
Universitetinin idmançıları üstün olublar. Mərkəzin
təşkilatçılığı ilə keçirilən
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş kütləvi idman tədbirləri və
yarışlarında ayrı-ayrı idman növlərində
minlərlə şagird iştirak edir. Ötən tədris
ilində voleybol, basketbol, atletika və futbol
yarışlarında 3000-dən çox tələbə
bacarığını göstərib. Voleybol
yarışlarında Texniki Universitet, basketbolda Bakı
Dövlət Universiteti, atletika və futbol üzrə isə
Bədən Tərbiyəsi və İdman Akademiyasının
təmsilçiləri daha yüksək nəticə göstəriblər.
Niftalı
Quliyevin sözlərinə görə, təhsil müəssisələrində
keçirilən yarışlarda iştirakçıların
sayı ildən-ilə artır. Yeni tədris ilində, tədbirlər
planına müvafiq olaraq, təhsil müəssisələrində
bir sıra kütləvi bədən tərbiyəsi və
idman tədbirlərinin keçirilməsi nəzərdə
tutulub.
Leyla QURBANOVA
Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 6.