"Mən həyatı da gülüşü sevdiyim qədər sevirdim"

 

Anar Məmmədxanov 2001-ci ildə səhnəni tərk edərkən bu sözləri dedi: "Oyun bitdi" ("İqra zakonçeno"). Dedi və "Bakılı oğlanlar" komandası ilə birlikdə onu çox sevən tamaşaçılarından ayrıldı. Əslində, o, yalnız səhnə ilə vidalaşdı, şən və hazırcavablar klubunun oyununa "əlvida" dedi. Qarşıda isə onu siyasətə aparacaq yeni yollar gözləyirdi.

Anar Məmmədxanovun bitirdiyi "oyunu" həyat davam etdirdi, ondan xəbərsiz. Taleyin oyunu isə ən qəddar, amansız oldu. Heç bir xəbərdarlıq etmədən, qəflətən və ani məqamda gəldi. Həmişə şən və hazırcavab Anar yalnız o anda susdu. Bəlkə də ilk və son dəfə, o müdhiş anda yalnız ölümə cavab verə bilmədi. Həmişə gülən və ağıllı gülüşləri ilə düşündürən Anarın heç nəyə vaxtı qalmadı. Sanki ölüm ondan hayfını almağa gəlmişdi - o şaqraq gülüşlərinə, nurlu çöhrəsinə, qürurlu yerişinə, həyatı sevdiyinə görə. Bəlkə ölüm heç ondan yox, bizdən hayıf çıxırdı - onu çox sevdiyimizə görə. O, xoşbəxt idi səhnədə, biz də onunla birlikdə. Ölümsə bu xoşbəxtliyə qısqanırdı...

1990-cı illərin əvvəllərində xoşagəlməz hadisələrin bir-birini əvəz etdiyi, Rusiya ilə münasibətlərin gərgin olduğu bir vaxtda hər yanda süstlük hiss olunurdu. Müslüm Maqomayevin, Polad Bülbüloğlunun səsi gəlmirdi, Rəşid Behbudov artıq aramızda yox idi. Təkcə "Bakılı oğlanlar" komandası öz fəaliyyətini davam etdirirdi. Elə bir zamanda Anar Məmmədxanovun komandasının Moskvada ermənilərə qalib gəlməsi hamı kimi, məni də çox sevindirdi. Bu möhtəşəm qələbə idi. Bununla yanaşı, ürəyimdə qəribə bir sakitlik, arxayınlıq da yaranmışdı. Mənə elə gəlirdi ki, bu, başlanğıcdır - düşmən üzərindəki qələbəmizin başlanğıcı. Əslində, bu, "Bakılı oğlanlar" komandasının timsalında bütün və bütöv Azərbaycanın qələbəsi idi - gələcəyimizin, gəncliyimizin qələbəsi.

Anar Məmmədxanov özünü dərk etdiyi gündən Vətən, xalq sevgisi qəlbinə hakim kəsilmişdi. O, məmləkətimizi dəlicəsinə sevən əsl azərbaycanlı idi - "köhnə Azərbaycanda" (Orxan Fikrətoğlu demişkən). O, böyük vətənpərvər idi, bayrağımız, gerbimiz, himnimizlə fəxr edirdi. Onun şahanə Vətən sevgisi bütün qələbələrinin rəhni idi. Ümummilli lider Heydər Əliyevin hər il "Bakılı oğlanlar" komandasının konsertlərində iştirakı ona xüsusi stimul verirdi. Elə bu stimul da əzmlə "Qələbə qazanacağıq" deməyə əsas verirdi. Onun üçün əsl qalibiyyət günü isə səhnədə yox, bayrağımızın Şuşada dalğalanacağı gün idi.

... Hər şey hələ məktəb illərindən başlamışdı. Anar həmyaşıdları arasında hazırcavablığı, dərrakəsi, daim hərəkətdə olması ilə seçilirdi. O, məktəbdə də lider idi, yoldaşlarını, dostlarını ardıyca apara bilirdi. Məktəb səhnəsi onun üçün həvəskar uşaqların rol oynadıqları yer deyildi, gələcək parlaq tamaşalarının ilk iştirakçılarının boy verdiyi bir məkan idi. Gələcək kapitan hələ yeniyetməlikdən həm yaxşı aktyor, həm yaxşı rejissor idi. Gələcək məşhur komandanın təməli də məhz o illərdə qoyuldu.

Ən böyük məqsədi ona qədər olmayanı yaratmaq idi. Bu yeniliyi də yaratdı: komandası və internet portalı ilə. O, daim nəsə axtarırdı və maraqlısı da o idi ki, həmişə axtardığını tapırdı. Bəzən adama elə gəlirdi ki, o, bu dünyanın hüdudlarına sığmır...

Dostlarının dediyi kimi, Anar həyatı çox sevirdi, uğurlarına inanırdı. Bu inam çoxlarını gələcəyə səsləyir, heç nədən qorxmadan irəli getməyə ruhdandırırdı.

Bəli, Anar Məmmədxanov maksimalist idi. O, hər şeyi tam və bütöv görmək istəyirdi - Vətəni, vicdanı, sözü, insanları. Elə bu xüsusiyyətlərinə görə də Azərbaycanı respublikamızın hüdudlarından kənarda tanıdan məşhur komandasını yaratdı və sona qədər ən yaxşı kapitan kimi onu layiqincə idarə etdi. Anar Məmmədxanovun devizi də beləydi: "Ləyaqətlə oynamalı və udmalıyıq". O, nadir istedada malik, unikal şəxsiyyət, əvəzedilməz insan idi. Onun gülüşü də ağıllı, dərrakəli idi - özü kimi. Ən əsası isə bu gülüş insanı düşündürür, keçmişi xatırlamağa, gələcəyə boylanmağa səsləyirdi.

O, obyektiv insan idi. Düzgün və aşkar danışmağı xoşlayır və bacarırdı. Məmmədxanov sanki lider kimi gəlmişdi dünyaya - yaşadığı qısa, lakin mənalı ömründə də yaddaşlarda lider kimi qaldı. Elə bu xüsusiyyətləri də onu ciddi siyasətə gətirdi. Bütün stereotipləri qırmağa nail oldu - savadı, cəsarəti, vətənpərvərliyi ilə. Artıq bir komandanın deyil, bir çox insanın taleyi, ağrı-acısı, problemləri onun yaşam tərzinə çevrilmişdi. Cənc millət vəkili bu məsuliyyətli, ağır işin öhdəsindən də şərəflə gəldi. Parlamentdəki çıxışları, çoxsaylı görüşləri, daim narahatlıq, nigarançılıq içində keçən günlərdə o, qələbəyə inanırdı. Anar Məmmədxanov həmişəki kimi - yenə öz yerində idi. Yenə insanlarla təmasda, yenə insanların əhatəsində. Bəzən mənə elə gəlirdi ki, onunla insanlar arasında böyük bir halə əmələ gəlmişdi və o, istəsəydi də buradan çıxa bilməzdi...

Anar Məmmədxanova aid olan qardaş, sirdaş, yoldaş, vətəndaş, dost, oğul, ata sözlərinin qarşısında "mükəmməl" sözünü böyük hərflərlə, tərəddüd etmədən yazardım. Və əlavə edərdim ki, onun dostları doğrudan da bəxtəvər idilər - belə bir böyük insanla dostluq etdiklərinə görə. Onun ölümü bir ailənin faciəsi, bir millətin Anar adlı itkisidir. Bir ananın, bacının sonsuza qədər qurumayan göz yaşları, qəlbinin qubarı, dilinin naləsi, həsrətli baxışlarıdır. Bir qadının ürəyinin odlu ahı, bitib tükənməyən intizarı, nisgili, tənha gecələrinin yoldaşı olan xatirələridir. Uşaqlarının əvəzedilməz, sevimli, həmişə gözləri axtaracaq atasıdır...

Kim deyir ki, Anar aramızda yoxdur? Onu sevənlərin ürəyində, Vətənə sevgisində, doğru sözüylə, düşündürən gülüşləriylə yaşayır Anar. O, həyatda olduğu kimi, ölümə də qalib gələ bildi. Ölüm onu yalnız cismən aldı bizdən. Qəlblərdən, yaddaşlardan, xatirələrdən ki, ala bilmədi. Bu gün sevilə-sevilə anılmağı da Anarın ölüm üzərində parlaq qələbəsidir...

P.S. Son müsahibə... Nə qəribə adlanırdı bu veriliş: "Keçmişə salam". Axı kim biləydi ki, veriliş efirə gedəndə artıq hər şey keçmişdə qalacaq. Və Anarın nurlu çöhrəsi ekrandan keçmişə "Salam" yox, "Əlvida" deyəcək. Sanki bu veriliş onunla son vida anıydı. Ölümündən bir gün qabaqkı müsahibəsi, xoşbəxt gülüşü isə gələcəyə mesajı - "Mən həmişə sizin qəlbimizdə yaşayacağam".

 

 

Aidə ŞÜKÜRLÜ

 

Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 6.