Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu

 

(əvvəli qəzetin 3 avqust 2012-ci il tarixli sayında)

 

Axundzadənin dram estetikasına yalnız "mənfi" və yalnız "müsbət" qəhrəmanlar qəlibi yaddır. Onun komediyalarının personajları bütün müsbət və mənfilikləri, dolğun təbiəti, milli koloritinin bütün əlvanlığı ilə təsvir olunan, lakin bədii-dramaturji planda müəllifinin aydın məqsədlərini dəqiq ifadə edən canlı insanlardır. Onların hər biri fərd olmaqdan başqa, həm də Azərbaycanın müəyyən bir əyalətinin özünəməxsus sosial-psixoloji portretidir. Onlar kimlərdir? - "Nuxulular", "lənkəranlılar", "qarabağlılar", "qəzvinlilər" və s. Axundzadə yaradıcılığında həmin fərqli portretlərin ilmələrindən Azərbaycanın bütöv bir milli mənəviyyat xalısı toxunur.

Ustad sənətkar onları çox rəngarəng psixoloji rakursda, dəyişən situasiyaların fonunda aldıqları yeni rəng çalarlarında təsvir edir. Mirzə Fətəlinin estetik idealını və milli dünyagörüşündə yeniləşmə çağırışlarını daha dolğun əks etdirən gənc Şahbaz bəy, cəhalət dünyasına həm də adının semantikası ilə nur saçan Hacı Nuru, dəyişən dünyanın əsintilərinə heç bir reaksiya verməyən, lakin yeri gəldikdə çox müdrik sözlər söyləyən, müsəlmanlarla avropalıları özünəməxsus bir yozumda tutuşduran Hatəmxan ağa, arxaik dünyanın ən bariz simvolu - Lənkəran xanı, pul qazanmaq üçün hətta qaçaqmalçılığa girişən və özünü çox gülünc vəziyyətə salan Hacı Qara və dramaturqun digər personajları - Heydər bəy, Teymur ağa, Bayram, Mirzə Həbib, Tarverdi, Müsyö Jordan.., xüsusilə qadın obrazları (Şərəfnisə, Pərzad, Sona, ziyalı qız Səkinə) məhz belə təbii boyalarla cizgilənmişdir. Dəyişən dünyanın dəyişməz sakinləri - Hacı Zaman, Hacı Kərim, Lənkəran xanının Vəziri və s. ona görə dramaturqun əsas ittiham hədəfləridir ki, onlar nəinki cəhalət qaranlığında mürgüləyirlər, həm də bütün ətraflarını bu qaranlığın girdabına çəkir və bu "cazibə qüvvəsindən" ləzzət alır, milli oyanışın bütün qığılcımlarını bu qaranlığa qərq etmək istəyirlər. Ancaq faciə burasındadır ki, həmin cəhalətdən faydalananlar, ondan "çörək ağacı" kimi istifadə edənlər də var - gümüşü qızıla çevirmək "məharətinə" ("iksirə") malik olan molla İbrahimxəlil kimyagər, Parisi "yerlə-yeksan" edən dərviş Məstəli şah, Hacı Mərdan, Mövlana Cəmaləddin məhz bu personajlardandır. Bu komediyaların "klassik avantüristləri" üçün həqiqətən münbit zəmin vardır - cəhaləti, geriliyi, fanatizmi, xurafatı yetişdirən, bəsləyən, böyüdən, keçilməz tikanlı kolluğa çevirən şərait. Diqqət yetirsək görərik ki, Mirzə Fətəli Axundzadə təkcə bu şəraiti tənqid etmir, həm də onu yaradan səbəblərin kökünü üzə çıxarır: "nuxulular", "lənkəranlılar", "qarabağlılar", "qəzvinlilər" nə üçün hər cür möcüzəyə, sehrə, fala, caduya, iksirə, ağlasığmaz metamorfozalara hətta müqəddəslik dərəcəsində inanır, həm də buna pul xərcləyir, bu möcüzatı edənləri bütləşdirir və özlərinin yolgöstərənləri sayırlar?!

Deməli, insan zəkasının təbii qaynaqları quruduqca, ağıl meyarları itdikcə, hərəkətlərin dəyərləndirmə prinsipləri kəsərdən düşdükcə, onların xurafata etiqadı artır. Din adına xurafat təbliğ olunur və bunu edənlər yuxarı başa çəkilir. Buna görə də Hatəmxan ağanın ailəsi Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üçün (çünki onların nəzərində Parisə getmək - yabançı bir dünyanın əxlaqsız burulğanında batmaq deməkdir) son ümid yeri kimi dərviş Məstəli şaha müraciət edir. Məstəli şah (xurafat ölkəsində lotu - şahdır!) Qarabağa aldatmaq üçün gəlmişdi, Müsyö Jordansa sanki aldanmaq üçün. Dünyanın möhtəşəm mədəniyyət mərkəzlərindən olan Parisdən gəlmiş, rasional zəkanın təcəssümü olan Müsyö Jordan həkimi-nəbatat, İrandan gəlmiş, pozğun əxlaq daşıyıcısı, dərviş Məstəli şah caduküni-məşhura heç özü də bilmədən uduzur. Təbiət alimi olmağı Müsyö Jordana burada heç bir hörmət gətirmir, ona ancaq milli adətlərə görə, qonaq kimi sayğı göstərirlər. Və sonda o, nəinki Şahbaz bəyi Parisə aparmaq kimi bir nəcib missiyanı yerinə yetirə bilmir, hətta özü çıxılmaz və gülməli bir vəziyyətə düşür. İrandan gələn cadugər Parisdən gələn alimə qalib gəlir (onlar komediyada bircə dəfə də görüşməsələr də). Çünki xurafatın yolu Parisə (gələcəyə) yox, İrana (keçmişə) aparır. Məstəli şah Qarabağa gəlir və kişi kimi dediyini də edir - Parisi "partladır": Parisdə inqilab baş verir. Cadu ilə tarix üst-üstə düşür! Daha bu cadunun "reallığına" və "gücünə" necə inanmayasan?! Mirzə Fətəlinin böyüklüyü də bundadır: o, həqiqətin zərif, büllur qabını sındırıb ayaqlar altına tökür ki, onun qırıntıları üzərində ağıl sahibi ayaqyalın yeriyə bilsin!

Mirzə Fətəli Axundzadə çar Rusiyasının imperiya siyasətini komediyalarında birbaşa tənqid etməsə də, bu əsərlərin mətnaltında o tənqidin daha kəsərli mahiyyəti vardır. Bu komediyaların bəzilərində, məsələn, "Hacı Qara"da, "Xırs-quldurbasan"da çar məmurları yeli əhali ilə qarşılaşır, özü də kabinetdə yox, "çölün düzündə". Ancaq bu qarşılaşmalar sanki ayrı-ayrı dünyaların üz-üzə gəlməsi kimi baş verir: bu "dünyalar" bir-birini qətiyyən başa düşmür. Çar məmurlarının xalqın dərd-sərindən nə qədər uzaq olduğu, xalqınsa onları özünə nə qədər yabançı hiss etdiyi açıq-aşkar görünür. Əslində, imperiya siyasətinə də idarə etmək üçün ayıq və oyaq Azərbaycan deyil, gözübağlı Azərbaycan lazım idi. Təkcə komediyalarında deyil, bütün əsrlərinin mətnaltı mənasında Axundzadənin belə bir müdrik ideyasının acı həqiqəti dillənir: Xalq və dövlət o zaman başqa xalqın və dövlətin əsarətinə düşür ki, özünü cəhalət qaranlığında itirir, nə qədər çırpınsa da, tapa bilmir və gözünü açanda özünü onun zəncirlərinə qandallanmış görür. Cahil düşdüyü gerçək vəziyyəti anlamır. Cəhalətlə azadlıq bir yerə sığmır. Nə qədər ağrılı olsa da, Axundzadə şəxsi məktublarının birində "Mənim xalqım hələ fikir azadlığını başa düşmür" - sözlərini yazırdı və naşirə imzasını bildirməməyi inadla təkid edirdi...

Komediyalarından sonra Mirzə Fətəli Axundzadənin Azərbaycanda milli dünyagörüşünün inkişafına təkan verən maarifçiliyi və realizminin vəhdətə gələrək nə qədər gücləndiyini onun "Aldanmış kəvakib" povestinin örnəyində görürük. Azərbaycan, eləcə də Şərq ədəbiyyatında realist nəsrin və daha konkret desək, fəlsəfi povestin ilk nümunəsi olan bu əsər Şərqin tarixi və ictimai-siyasi həyatına mütəfəkkir yazıçının reformator münasibətinin əsas cizgilərini özündə əks etdirir. Bu əsərində ədib, sosial tənqidin kəsəri baxımından komediyalarında olduğundan da dərinə gedir və artıq tabuta çevrilmiş əski dünyagörüşünün ağırlığı altında basılıb əzilən və bu ağırlıqdan xoşallanan cəmiyyətin faciəsini açır. Böyük mütəfəkkir bu əsərdə bir tərəfdən Şah Abbas sarayına yığışan "saraylıları" - o zamanın "siyasi elitası"nı, digər tərəfdən isə cəhalət və xurafat girdabında çabalayan "nuxuluları", "lənkəranlıları", "qarabağlıları" və "qəzvinliləri" sanki bir yerə toplayıb. Siyasi nöqteyi-nəzərdən bu "möhtəşəm" mənzərədə "elitanın" - əyanların başına dolanan cahil kütlə nəinki çürümüş monarxiyadan bezmir, azadlıq uğrunda, demokratik dövlət və cəmiyyət uğrunda mübarizə aparmır, əksinə, əllərinə "göydən" düşmüş azadlığın belə qədrini bilmirlər. Onlar ağıl və məntiqin deyil, münəccimin "layihəsinə" uyğun olaraq, Şah Abbası ulduzların toqquşmasından yer üzünə - konkret olaraq, İran şahının sarayına, burada da heç kimin yox, məhz şahın özünün başına gələcək bəladan qorumaq üçün, "formal bir şahı" - Yusif Sərracı taxta çıxarırlar ki, bu bəla onun başında çatlasın, sonra onlar bu quraşdırılmış "saray çevrilişini" "korrektə" edib, yenidən əziz şahlarını öz əbədi haqqına çatdırsınlar.

Əslində, bu məqam - adi bir şəhər ustası Yusif Sərracın hakimiyyətə gəlməsi məqamı Axundzadəyə çox lazım idi. Birincisi, onun dövlət başçılığında apardığı islahatlar artıq münəccimin yox, Axundzadənin özünün "layihəsi" idi. İkincisi, ədib yaxşı bilirdi ki, Yusif Sərrac kimi sıravi bir adamın hakimiyyətə gəlməsi bu cəmiyyətdə yalnız təsadüf nəticəsində ola bilər. Bu camaat heç vaxt yığışıb, öz içərisindən birini seçib, qayda-qanunla hakimiyyətə gətirə bilməz. Axundzadə Yusif Sərracda obrazlaşdırdığı islahatçılıq fəaliyyətinin cahil kütlə tərəfindən qəbul edilməyəcəyini, bu idealların iflasa uğrayacağını bəri başdan bilirdi. Ancaq ona elə bu "məğlubiyyət" lazım idi, bu "məğlubiyyətin" faciəsində açdığı həqiqət lazım idi! Sonda kim aldanır? - Kəvakib (Ulduzlar)? Yox. - Şah Abbas? Yox. - Bəs kim? - Ulduzları və Yusif Sərracı aldadan "saraylılar" və camaat. Bu cəmiyyətdə yalnız aldatmaq yolu ilə taxtda oturmaq və burada "əbədi" qalmaq olar. Aldatmaq - onların dilində və düşüncəsində ən böyük "siyasətdir". Ancaq bu düşüncənin darlığı və dayazlığı onlara heç vaxt anlatmır ki, özləri bir-birilərini aldada-aldada ən böyük aldanış içərisindədirlər. Bu idi böyük dramaturqun cəmiyyətə çatdırmaq istədiyi həqiqət.

Ölümünə Axundzadənin elegiya yazdığı Puşkin dünya maarifçiliyinin patriarxı Volter [Voltaire - François-Marie Arouet] (1694-1778) haqqında yazırdı: "Volter yeni yolla getdi və Tarixin Arxivində fəlsəfə çırağını yandırdı". Belə bir missiyanı Volterlə taleyi, dünyagörüşü və mübarizə yolu xeyli dərəcədə oxşar olan Mirzə Fətəli Axundzadə - Azərbaycan maarifçiliyinin patriarxı ümumşərq coğrafiyasında həyata keçirirdi. Volter "Zadiq, ya da Tale" ("Zadig, ou La Destinee", 1747) fəlsəfi povestini Şərq rəvayətlərinin motivləri əsasında yazmış, öz dövrünün ictimai-siyasi hadisələrini, mənəvi-əxlaqi dəyərlərini açmaq üçün antik dövrlərə üz tutmuşdu. Mirzə Fətəli də Volterdən təqribən yüz il sonra qələmə aldığı "Aldanmış kəvakib" fəlsəfi povestində tarixi faktlardan istifadə etmişdi, lakin fransız maarifçisindən daha rasional qənaətlərə gəlmişdi.

Hər iki əsərdə tale aparıcı rol oynayır. Volterin Zadiqi Axundzadənin Yusif Sərracı kimi adi bir gənc olsa da, o da təsadüfən saraya gətirilir, burada ağlının gücünə böyük nüfuz qazanır, dövlətin ikinci adamı olur. Lakin sonradan taleyin zərbələri onu gah irəli, gah geri ataraq, qayadan-qayaya çırpır. Həyatdan bezib sarsıldığı, tale qarşısında diz çökdüyü anda, mələk Cəbrail yer üzünə nazil olur, Zadiqə bu həyat fırtınalarının əbəs yerə olmadığını, Allah tərəfindən onun sınağa çəkildiyini, bu dünyada heç nəyin "təsadüfən" baş vermədiyini anladır. Artıq bu dəfə Zadiq saraya taleyinin qulu kimi yox, sahibi kimi daxil olur. Yenə də ağıl və fərasətinin gücünə düşmənlərinə qalib gələrək, hökmdar olur və yeni tipli hökmdar kimi ölkəsində ədalət səltənəti qurur.

Nəsr poetikası baxımından satira və hiperbolanın, fəlsəfə və din baxımından mistika və teologiyanın çox qəribə bir sintez təşkil etdiyi "Zadiq, ya da Tale" əsərində Volter öz ideallarının burulğanlardan necə keçdiyini və qələbə qazandığını, "Aldanmış kəvakib"də isə Mirzə Fətəli işıqlı idealların gerçəkləşə bilməməsinin səbəblərini göstərir. Birincidə taleyi öz məqsədlərinin qanadlı atına çevirən iradəli cəngavər (Zadiq), ikincidə taleyin bütün qapılarını bağlayıb, özünü təsadüflərin ixtiyarına buraxan, taleyini yalnız hökmdarın mindiyi atın dırnaqları altında görən iradəsiz kütlə təsvir olunur. Maarifçilik fəlsəfəsi və estetikası Volter və Axundzadə nümunəsində - Zadiqin qalibiyyəti, Yusif Sərracın məğlubiyyəti ilə əslində, eyni həqiqətin iki yozumunu təqdim edir: Bu həqiqət isə ondan ibarətdir ki, Zəka qalib gəlmək üçün özünə mühit yaratmalıdır! Axundzadənin qənaətinə görə, bu mühit yalnız dünyagörüşünü dəyişməklə, onu milli mənəviyyatın dayaqları üzərinə qaldırmaqla yaradıla bilər.

Şərqdə və Azərbaycanda maarifçilik fəlsəfəsi və ideologiyasının ən parlaq örnəyi - "Kəmalüddövlə məktubları" məhz bu ideyalara meydan açırdı. Mirzə Fətəli Axundzadə məhz bu əsərində Volter də daxil olmaqla, dünyanın bir sıra görkəmli mütəfəkkirlərinin, xüsusilə bəşər mədəniyyətində dönüş yaradan maarifçilərin adlarını çəkir, fikirlərinə müraciət edir, onların mövqelərindən özünə məntiq dayağı axtarırdı. Tarixdə hələ heç kim Axundzadənin bu satirik pamfletində olduğu qədər Şərq cəmiyyətlərinin artıq zəmanə ilə ayaqlaşmayan, yıpranmış ictimai, siyasi, mədəni, dini, əxlaqi quruluşlarını , özünü təcridetmə və özünə qapanıb qalma ətalətini, cəhalət, xurafat və geriliyin girdabında boğulmasını belə kəskinliklə tənqid etməyib. Mirzə Fətəli heç bir əsərinin çapına və yayılmasına bu qədər çox əmək və enerji sərf etməyib. Çünki o, "Kəmalüddövlə məktubları"nın təsir gücünə, inqilabi dərəcədə dəyişdiricilik qüdrətinə inanırdı.

Axundovdan sonra yalnız gələcəkdə Mirzə Ələkbər Sabir "Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə! Heç də tərpənməyir üstündəki yorğan, ölübə!" - deyərək Axundzadəni ağrıdan bu yatqınlığı və batqınlığı qamçılayacaqdı.

İdeyasına görə fəlsəfi traktat, ədəbi janrına görə satirik pamflet adlandırıla bilən "Kəmalüddövlə məktubları" Hindistan şahzadəsi Kəmalüddövlənin İran şahzadəsi Cəlalüddövləyə üç məktubu, sonuncunun ona cavab məktubu və daha üç əlavə məktubdan ibarətdir. Böyük filosof və qüdrətli sənətkar burada elə bir ədəbi üsuldan istifadə edir ki, guya İrana səyahət edib, bu ölkədə gördüklərindən dəhşətə gələn Hindistan şahzadəsi Kəmalüddövlənin Misirdə yaşayan dostu İran şahzadəsi Cəlalüddövləyə göndərdiyi məktubda yazdıqları ilə qətiyyən razı deyil, sadəcə bu "kafirin" fikirlərini ona görə üzə çıxarır ki, Şərq əhalisi görsün, düşünsün və nəticə çıxarsın ki, belə "mürtəd" düşüncə sahibləri də var və İran alimləri onu təkzib edən cavab yazsınlar. Əslində isə, Mirzə Fətəli Axundzadə məhz Kəmalüddövlənin məktubları vasitəsilə özünün milli-demokratik fikirlərini yaşadığı cəmiyyətə - bütün şərqlilərə bəyan edir.

Ölkəsinin Hindistan şahzadəsi tərəfindən belə kəskin tənqidə məruz qalmasından hiddətlənən İran şahzadəsi Cəlalüddövlənin cavab məktubu isə despotizmi müdafiə edən fanatikin mövqeyini əks etdirir. O, dostu Kəmalüddövlənin fikirlərinə qarşı etiraz edərək cavab verir ki, "bəs nə üçün sən bu qədər çirkin işləri öz Vətənində, hindlilər içərisində duyub görmədin? Ancaq beşcə gün İrana gəlməklə, öz xarab fikrinlə bizim əqidələrimizin puç və mənasız olduğunu görüb canıyananlığa başladın?.. Şübhəsiz ki, sənin ağlın çaşıbdır. Bundan sonra mən sənə Kəmalüddövlə deməyəcəyəm, səni Nöqsanüddövlə adlandıracağam" [ərəbcə, Kəmalüddövlə - dövləti kamaldan ibarət olan, Cəlalüddövlə - dövləti gözəllik olan, Nöqsanüddövlə - istehza ilə, "dövləti" nöqsanlardan ibarət olan] (M.F. Axundov. Kəmalüddövlə məktubları, Bakı: Gənclik, 1969, s. 143). Göründüyü kimi, iranlı şahzadə Cəlalüddövlə öz ölkəsini tərk etsə də, az qala Şah Abbasın ideoloqu kimi çıxış edir. Əslində, bu məktublarda həqiqi dialoq - Kəmalüddövlə ilə Cəlalüddövlə arasında deyil, Axundzadə ilə Şərq arasında, mütərəqqi maarifçi ilə Şərq tənəzzülü arasında, milli oyanışla bu oyanışdan qorxan ortodoksalizmin canfəşanlığı arasındadır.

Axundzadənin Kəmalüddövləsi dünya ədəbiyyatının məşhur qəhrəmanları - Hötenin Faustu kimi kabinetdə oturub varlıq problemlərini düşünmür, Şekspirin Hamleti kimi sarayda, onun intriqaları məngənəsində həqiqət axtarmır. Axundzadənin Kəmalüddövləsi daim xalq arasında, Təbrizin küçələrində, şəhər hücrələrində, hamam, meyxanə və məscidlərində, tarixin və öz zəmanəsinin kəsişdiyi yolların üstündədir. Kəmalüddövlənin bəsirət gözü yaşadığı cəmiyyətin indisindən onun bütün keçmişinə, zaman və məkan koordinatlarında həqiqət və ədalət ölçülərinin, ağıl meyarlarının məhz hansı nöqtələrdə itirildiyinə baxır.

Mirzə Fətəli Şərq dünyasında İslamın fanatizmə, yüksək mənəviyyat dəyərlərinin cəhalətə, tərəqqi amallarının gerilik azarına, siyasi uzaqgörənliyin dargözlüyə, rasional zəkanın xurafatçılığa çevrilməsi prosesini və bütün bu tənəzzülün kontekstində, Şərqin Avropaya, bütövlükdə Qərb dünyasına müqavimət göstərmək qüdrətini, özgürlük əxlaqını itirməsi vəziyyətini diqqətlə araşdıra-araşdıra, çox düşündürücü və hətta sarsıdıcı nəticələrə gəlib çıxır.

 

(ardı var)

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 7.