Fyodor AMOSOV: Həyatımda heç vaxt belə böyük və möhtəşəm layihədə iştirak etməmişəm

 

Həyatımda heç vaxt belə böyük və möhtəşəm layihədə iştirak etməmişəm. Ona görə də ilk növbədə bu festivalı təşkil edən Heydər Əliyev Fondunun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.

AzərTAc xəbər verir ki, bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, P.Çaykovski adına V Beynəlxalq Müsabiqənin qalibi, ABŞ-ın Klivlend Musiqi İnstitutunun tələbəsi, rusiyalı violonçel ifaçısı Fyodor Amosov jurnalistlərə müsahibəsində demişdir. O, bu festivalda görkəmli sənətkarlarla eyni səhnəni bölüşməyin gənc musiqiçilər üçün çox böyük şərəf olduğunu bildirmişdir.

F.Amosov demişdir: "Dünyanın müxtəlif ölkələrindən musiqisevərlər klassik musiqinin mərkəzinə çevrilən Qəbələyə gəlməkdə davam edir. Burada hər gün kamera musiqisi axşamları keçirilir. Rusiyalı sənətçilər Andrey Yaroşinski, Nadejda TokarevaAleksandr Akimov iki gün dalbadal birlikdə konsert verdik. Bizim ifamızda təqdim olunan musiqi əsərləri ümid edirəm ki, musiqisevərlərin zövqünü oxşadı. Festival uğurla davam edir. Amma biz işimizi başa vuraraq ölkənizdən xoş təəsüratlarla ayrılırıq. Qəbələyə isə heyran qaldıq. Bu kurort şəhəri belə bir festival üçün gözəl bir məkandır. Yenidən bu festivlada iştirakımıza ümid edirik".

 

 

Xalq qəzeti.- 2012.- 5 avqust.- S. 2.