Azərbaycanın
xarici siyasət strategiyası milli maraqlarımızın qorunmasını təmin
edir
Biz beynəlxalq təşkilatlarda
prinsipial mövqeyimizi həmişə olduğu kimi ifadə
edirik. Hər bir məsələ ilə bağlı bizim
prinsipial, birmənalı mövqeyimiz vardır. Bu mövqe ədalətə,
beynəlxalq hüquqa və Azərbaycan xalqının milli
maraqlarına əsaslanır. Azərbaycan tərəfindən
aparılan xarici siyasət nəticəsində bu gün
dünya miqyasında bizə çox böyük inam və
hörmət vardır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Respublikamızın qarşısında duran
əsas vəzifələrdən
biri Azərbaycanın
mənafeyini dünya miqyasında müdafiə
edə bilən ağıllı, səriştəli
xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr
durur. Bizim xarici siyasətimiz
birinci növbədə
Azərbaycanın dövlət
müstəqilliyini təmin
etməyə yönəldilməlidir.
Vəzifə dünyanın
bütün dövlətləri
ilə bərabərhüquqlu,
qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm
Azərbaycan Respublikasının
beynəlxalq mövqelərini
möhkəmlətmək üçün,
həm də respublikanın iqtisadiyyatını,
elmini, mədəniyyətini
inkişaf etdirmək üçün səmərəli
istifadə etməkdən
ibarətdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Müstəqilliyimizin ilk illərindən hakimiyyətdə olan siyasətçilərin naşılığı nəticəsində ölkəmizin daxili və xarici siyasəti demək olar ki, tamamilə iflic vəziyyətinə düşmüşdü. Azərbaycanın böyük oğlu, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbləri ilə yenidən hakimiyyətə gəldikdən sonra ölkəni düşdüyü faciəvi vəziyyətdən xilas etmək üçün həm daxili, həm də xarici siyasətdə köklü dəyişikliklər apardı, yeni dövrün tələblərinə uyğun, qlobal çağrışlara cavab verən mükəmməl siyasi kurs müəyyənləşdirildi. Ulu öndər ölkənin davamlı inkişafını, müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsini prioritet vəzifə kimi qarşıya qoydu. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün Azərbaycanın xarici əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilməsi zəruri məsələlərdən biri hesab olunurdu. Ölkəmizin mühüm, eyni zamanda həssas geosiyasi məkanda yerləşməsi də qarşıya qoyulan vəzifənin yerinə yetirilməsini əsas məsələ kimi ön plana çəkirdi.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasətini müəyyənləşdirərkən dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməyi, dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiyaya nail olmağı, əlaqələri genişləndirməyi, beynəlxalq təşkilatlara üzv olmağı və digər məsələlərin həyata keçirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində özünə layiqli yer tutur. Qətiyyətlə deyə bilərik ki, respublikamızın xarici siyasət kursu hazırda regiondakı digər ölkələr üçün nümunədir.
Qısa tarixi dövr ərzində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın son illər daxili və xarici siyasət sahəsində nail olduğu nailiyyətlər düzgün müəyyənləşdirilmiş siyasi kursun nəticəsidir. Ötən illər ərzində Azərbaycan xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və diqqət yetirilən ölkəyə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın xarici siyasət kursu, məqsəd və vəzifələri daha da təkmilləşdirilmişdir. Hazırda ölkəmizin dünyanın əksər ölkələri ilə diplomatik əlaqələri vardır. İnkişaf etmiş demokratik dövlətlərlə ikitərəfli sənədlərin imzalanması, qarşılıqlı yüksək səviyyəli rəsmi dövlət sənədləri, beynəlxalq konfranslar və dünya forumlarında fəal iştirak etmək Azərbaycanın gündəlik diplomatik həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəltdi və dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşdu. Xarici siyasət sahəsində əldə olunan uğurlar ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu illər ərzində dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq yaratdıq, həmin qurumlara üzv olduq, NATO kimi mötəbər və qüdrətli qurumun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulduq, müxtəlif sahələrdə genişmiqyaslı tarixi uğurlara imza atdıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçilməsi bunun bariz nümunəsi idi. Bu, ölkəmizin xarici siyasət sahəsindəki uğurlarını əks etdirən daha bir əsaslı faktdır.
Qurumun üzvlüyünə keçirilənə səsvermə prosesi də dövlətimizin beynəlxalq aləmdəki nüfuzundan xəbər verirdi. Belə ki, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvlüyünə Avropanın 3 dövlətindən - Macarıstan, Sloveniya və Azərbaycandan biri seçilməli idi. Birinci mərhələdə Macarıstan az səs toplayaraq kənarda qaldı. Səsvermənin digər mərhələlərində Azərbaycan tədricən Sloveniyanı üstələdi və 9 mərhələnin nəticəsinə görə Azərbaycan 113, Sloveniya isə 77 səs topladı. Göründüyü kimi, fərq o qədər də kiçik deyildi. 2011-ci il oktyabrın 24-də növbəti səsvermənin nəticəsinə görə Azərbaycan tarixində ilk dəfə möhtəşəm bir uğura imza ataraq quruma üzv seçildi. Növbəti seçkilərdə keçirilən səsvermədə Azərbaycanın lehinə 155 ölkə səs verdi. Bu, o demək idi ki, rəsmi Bakının regionda və beynəlxalq aləmdə yürütdüyü siyasət dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır, BMT-yə üzv olan 193 dövlətin 155-i tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanın nüfuzunun getdikcə artması beynəlxalq aləmin də diqqətindən yayınmayıb. Dünyanın mötəbər mətbuat nümayəndələri ölkəmizin şansını yüksək qiymətləndirdilər. Nüfuzlu CNN telekanalı, "Frans Press" agentliyi və digər orqanlar Azərbaycanın qələbəsini yüksək dəyərləndirdilər. Bütün bunlar dövlət başçımızın yeritdiyi uğurlu diplomatik fəaliyyətin parlaq nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə regional əməkdaşlığı sülhün və sabitliyin qorunub saxlanılmasını əsas vəzifələrdən biri hesab edir. Ermənistan istisna olmaqla, Azərbaycan bütün yaxın qonşuları ilə də qarşılıqlı-faydalı münasibətlər qurmuşdur. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bu ölkəni regionda həyata keçirilən bütün iri layihələrə qoşulmaqdan kənarlaşdırıb. Bu gün Azərbaycanın qətiyyətli xarici siyasəti nəticəsində Ermənistan bütün regional və qlobal əhəmiyyətli layihələrdən kənarda qalmışdır. Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft, Bakı - Tbilisi - Ərzurum qaz ixrac kəmərləri, Bakı - Tbilisi - Qars dəmir yolu kimi mühüm layihələrə qoşulmaqdan məhrum edilən rəsmi İrəvan bunun çox ağır nəticələrini təkcə bu gün deyil, gələcəkdə də hiss edəcək, Azərbaycana qarşı təcavüzkar siyasət aparmağın ona nələrə başa gəldiyini görəcəkdir.
Burada bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, neft strategiyasının icrası nəticəsində Azərbaycanın Avropa və bütövlükdə dünya ölkələri üçün etbarlı tərəfdaşa çevrilməsi günün reallıqlarından biridir. Başqa bir məqamı xüsusi vurğulamaq istərdik ki, bu gün Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı xüsusi rola görə Avropa İttifaqının etibarlı tərəfdaşına çevrilib. Eyni zamanda, Avropa iqtisadiyyatı ilə Asiya iqtisadiyyatını bir-birinə qovuşduran Şanxay-London iqtisadi dəhlizinin reallaşdırılmasına rəsmi Bakının verdiyi töhfə hamı tərəfindən yüksək qiymətləndirilir.
Bəzi ekspertlər bütün bunları Azərbaycanın regional və qlobal layihələrdəki nailiyyətləri kimi qəbul edirlər. Ancaq unuddurlar ki, ulu öndər Heydər Əliyevin məşhur "neft diplomatiyası" ifadəsi var idi. Rəsmi Bakı həmin diplomatiyadan böyük məharətlə istifadə edir. Yenə regionun ən dəhşətli münaqişəsini yada salaraq qeyd etmək istərdim ki, bu gün dünyanın bütün beynəlxalq təşkilatlarının Ermənistanı işğalçı dövlət kimi qəbul etməsi, ABŞ, Rusiya, Fransa, Türkiyə, Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, İran, İtaliya, Rumıniya, Polşa kimi ölkələrin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıması məhz həmin diplomatiyanın nəticəsidir. BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Müstəqil Dövlətlər Birliyi, GUAM, Türkdilli Dövlətlər Birliyi və eləcə də, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunmasını tələb edirlər. Onlar qətiyyətlə bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, beynəlxalq təşkilatlar və dünya birliyi Azərbaycan torpaqlarının işğalı faktı ilə artıq barışmaq istəmir, torpaqlarımızın tezliklə azad edilməsini tələb edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün bunlar ulu öndər Heydər Əliyevin formalaşdırdığı xarici siyasət kursunun nəticələridir.
Ölkəmiz iqtisadi və hərbi cəhətdən dəfələrlə Ermənistandan qüdrətli olsa da regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması naminə sülh danışıqlarında iştirak edir, rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyinə rəğmən məsələnin diplomatik yolla həllinə tərəfdar olduğunu bəyan edir. Lakin bu, sonsuza qədər belə davam edə bilməz. Bizim də səbrimiz tükənə bilər və bu zaman region dəhşətli müharibənin şahidi olar. Möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməsə və Azərbaycan danışıqlar prosesində ümidlərin tükəndiyinə əmin olsa, o zaman məsələnin hərbi yolla həlli qaçılmaz olacaq. Dövlət başçımız demişdir: "...Diqqətinizi regionumuzdakı təhlükəsizlik məsələlərinə cəlb etmək istərdim. Ermənistan ilə Azərbaycan arasında hazırkı silahlı münaqişə beynəlxalq və regional sülh və sabitliyə əsas təhdid olaraq qalır. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, bir milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlədən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Ermənistan şəhər və kəndlərimizi, evlərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı olduğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Xocalının günahsız qurbanları arasında yüzdən artıq uşaq olmuşdur". Möhtərəm Prezidentimiz bir daha bəyan etmişdir ki, dünya birliyi bu cinayətlərə, Ermənistanın işğalçılıq siyasətinə daha sərt reaksiya verməlidir. Dövlət başçımız qətiyyətlə bildirmişdir ki, "Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır".
Bugünədək mövcud olan vəziyyəti təhlil edərkən belə bir əminlik yaranır ki, Azərbaycan bir sıra mühüm problemləri həll etdiyi, əfsanə hesab edilən qlobal layihələri reallığa çevirdiyi kimi Dağlıq Qarabağ münaqişəsinin də həllinə nail olacaq, istər danışıqlar yolu ilə, istərsə də hərbi yolla ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəkdir. Ötən dövr ərzində daxili və xarici siyasətdə qazandığımız möhtəşəm nailiyyətlər də belə deməyə əsas verir. Uğurla həyata keçirdiyimiz xarici siyasətin istənilən istiqamətdə müvəffəqiyyətlə nəticələnməsinin bir sıra səbəbləri var. Təbii ki, bu səbəblər sırasında ilk yerdə müəyyən edilmiş siyasi kursun elmi şəkildə əsaslandırılması, yerli, regional və beynəlxalq reallıqların nəzərə alınması, dünyada gedən ictimai-siyasi proseslərin dərindən öyrənilməsidir. Müdrik şəxsiyyət Heydər Əliyev bu amilləri böyük ustalıqla, peşəkarcasına nəzərə almışdı. Ölkəmizin qazandığı diplomatik uğurların digər xüsusiyyətlərindən biri də Azərbaycanın bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi məkanda yerləşməsi və zəngin təbii sərvətlərə malik olmasıdır. Bu gün bir çox ölkələr zəngin təbii sərvətə malikdir və həmin ölkələrin yerləşdikləri geosiyasi məkan heç də Azərbaycanın geosiyasi əhəmiyyətindən az deyildir. Ancaq bu ölkələr beynəlxalq aləmdə Azərbaycan qədər nüfuz, söz sahibi səviyyəsində deyillər. Bunun əsas səbəbi ondadır ki, ölkəmizin həm təbii sərvətlərdən, həm də dövlətçilik təcrübəsindən layiqincə bəhrələnə bilən lideri var. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində özünə layiqli yer tutub.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 5 avqust.- S. 3.