Qarabağ məsələsi: "müzəffər"
ölkənin bədnam vəkilləri
Sovet
dövründə televiziyadakı "Beynəlxalq panoram"
ilə əsas xəbərlər proqramı olan
"Vremya" ("Zaman") bizlər üçün beynəlxalq
siyasət aləminə açılmış bir pəncərə
idi. İdeoloji mülahizələrdən onlar faktları təhrif
etməkdə püxtələşmişdilər. Biz,
"oktyabryat-pioner-komsomol-kommunist" məktəbini
keçmiş insanlar, SovİKP MK Siyasi Bürosunun nifrət
etdiklərinə nifrət edir, dost saydıqlarını
özümüzə dost sayırdıq.
Bu səbəbdən
də Luis Korvalan, Anjela Devis, Fidel Kastro, Yasir Ərəfat və
başqalarının dedikləri bizim üçün
xüsusi maraq kəsb edirdi. Dünyanın qaynar nöqtələrində
- Fələstin, Anqola, Əfqanıstan, Vyetnam və Nikaraquada
Sovet İttifaqının maraqlarını öz şəxsi
marağımız kimi qəbul edirdik. Əgər hər hansı
bir ölkədə avantüristlər çevriliş edərkən
desəydilər ki, onlar sosializm yolu ilə gedəcəklər,
biz sevinirdik.
Artıq
dünya dəyişib. İndi biz əvvəlki Sovet
İttifaqının daxilindəki qaynar nöqtələri
seyr edirik. Dünənin oktyabryat və pionerləri,
komsomolçu və kommunistləri bu gün bir-birlərinə
güllə atırlar. Münaqişə ocaqlarından biri də
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Dağlıq Qarabağdadır. Bu gün bizi daha çox
Qarabağ haqqında edilən çıxışlar və bəyanatlar
maraqlandırır. Son 20 ildə dünyada fövqəldövlətlərin
və nüfuzlu təşkilatların
başçıları dəyişdikcə, onlardan hər
biri Qarabağ haqqında nə isə deyir və
münaqişənin dinc yolla həll olunmasında maraqlı
olduğunu söyləyir. Artıq 2012-ci ildir və
gözümüz önündə münaqişənin
çözülməsi prosesinə az-çox aidiyyəti
olan başqa simalar durubdur. Bu qəbildən olan simaların
söylədikləri bizim üçün müəyyən
maraq kəsb etdiyinə görə onların bəzilərini
nəzərdən keçirək.
9
iyulda ATƏT Parlament Assambleyasının plenar
yığıncağında erməni nümayəndə heyətinin
başçısı, təlxək
çıxışlarına görə Ermənistanda
"Jirinovski" ləqəbini qazanmış, Serj
Sarkisyanın isə "baraban" adlandırdığı
Artaşes Qeqamyan da çıxış etdi.
Azərbaycan
parlamentinin vitse-spikeri Ziyafət Əsgərovun "Minsk qrupu
- ölü təşkilatdır" ifadəsinə
A.Qeqamyanın şizofrenik cavabı erməni siyasi
düşüncəsinin "şedevridir": "təşkilat
ölüdürsə - bəyanat yeraltı Aid
şahlığından gəlib - ancaq ölülər oradan
danışa bilər - prezidentlər ölü hesab edildi -
bununla Rusiya, ABŞ və Fransa təhqir olundu".
Əgər
cənab Ziyafət Əsgərov sabah desə ki, mövcud
olmayan erməni soyqırımının bütün
dünyada qəbul edilməsi üçün Ermənistanın
apardığı təbliğat kampaniyası ölü cəhddir,
onda Artaşes Qeqamyan öz məntiqinə sadiq qalaraq deməlidir
ki, Z.Əsgərov dünyadakı bütün erməniləri
ölü adlandırıb. Çünki Qeqamyanın məntiqi
ilə görülən tədbirlər ölüdürsə,
tədbiri keçirən insanlar ölüdür - tədbiri
erməni xalqı həyata keçirir - deməli, Azərbaycanın
vitse-spikeri bütün erməni xalqını ölü hesab
edib.
Absurddur
başdan-ayağacan! Azərbaycana qarşı bu cür təpkinin
bir adı vardır: ermənilərin üç böyük
dövlətə ucuz və pərdələnməmiş
yaltaqlığı.
NovostNK.ru:
"Sonda Artaşes Qeqamyan Azərbaycanın özünü
belə aparmasının səbəblərindən birini də
göstərdi - "Bakı kürəyi arxasında
Türkiyəni hiss edir..." ( "belə aparması"
deyərkən, Azərbaycanın onu qane etməyən təklifləri
rədd etməsi və ermənilərə cəbhə xəttində
kifayət qədər sərt cavab verilməsi nəzərdə
tutulur - E.T.).
Bəli,
Azərbaycan öz yanında təmənnasız dostunun
çiynini hiss edir. Ermənistan hər üç həmsədr
dövləti özünün siyasi sponsorlarına
çevirdiyi halda, yenə də tarixi çirkinliyindən əl
çəkmir. "Balaca boyu"na baxmayaraq, Ermənistan
aralarında dərin siyasi uçurum olan iki "pərəstişkarına"
kələk gəlmək istəyir: biri ona pulsuz cangüdənlik
etməli, digəri isə onu saxlamalıdır.
Erməni
nümayəndə heyətinin başçısı
Artaşes Qeqamyana bir tarixi faktı da xatırlatmaq
lazımdır ki, Qarabağ müharibəsinin sonuncu
fazasında - azərbaycanlıların Əsgəran şəhərinə
çatmış olduqları vaxt Ermənistan bizə
qarşı "rinqə" ikilikdə daxil oldu. Buna görə
də Ermənistan Cənubi Qafqazda "ən müzəffər"
ölkə haqqında sayıqlamaqdansa, yaxşı olardı
ki, öz dostunun "sapoq"unu divara asıb, hər gün
ona sitayiş etsin!
Ermənistan
Ulu Yaradanı necə qəzəbləndirməliydi ki, Qərb
üçün strateji əhəmiyyəti olan bütün
iri regional lahiyələrdən "müzəffərcəsinə"
qıraqda qalsın, özünün mühüm iqtisadi
obyektlərilə "müzəffərcəsinə"
vidalaşsın, ermənilər tərəfindən
"müzəffərcəsinə" tərk edilsin və
dağlarla sıxılmış dar Ararat dərəsində
qiyamət gününə qədər "müzəffərcəsinə"
sürünsün.
Rusiya
Diplomatları Assosiasiyasının birinci müavini, səfir
Vladimir Kazimirov keçən illər olduğu kimi, bu il də
erməni mətbu orqanlarına verdiyi müsahibələrində
Azərbaycan, onun siyasəti və siyasətçilərinə
qarşı ifrat dərəcədə yolverilməz sözlər
işlətməyə davam etmişdir. Bu il o, bütün
abır-həya hədlərini keçərək, erməni mətbuatında
Azərbaycan və onun rəhbərliyi haqqında yolverilməz
ifadələr işlətməklə özünü Rusiya
diplomatiyasının patriarxlarından biri və əsl Rusiya
intelligensiyasının nümayəndəsi kimi deyil, son dərəcə
tərbiyəsiz bir insan kimi aparmışdır. V.Kazimirovun bu
cür çıxışlarından belə bir qənaətə
gəlmək olar ki, onun ailə tərbiyəsində
qüsurlar olmuşdur. Viperson. ru saytından şübhələrimizə
cavab gəldikdə hər şey öz yerini tutdu:
"Atası ailəsini atanda Vladimirin üç yaşı
var idi. Anası mətbəədə "nakladçitsa"
idi. Özünün sözlərinə görə,
uşaqlıqdan başlı-başına
buraxılmışdı, birtəhər oxuyurdu və əxlaqı
pis olduğu üçün anasını tez-tez direktorun
yanına çağırırdılar. Dözülməz
davranışına görə onu bir məktəbdən o
biri məktəbə atırdılar".
İnsan
təbiətin qanunlarına qarşı getməyə və
özünü tərbiyəli göstərməyə nə
qədər cəhd etsə də, ailə tərbiyəsinin
olmaması mütləq özünü büruzə verir.
Nahaq yerə yaponlar demirlər ki, uşaqlar beş
yaşınacan tərbiyə olunur.
Elxan TAĞIYEV
Xalq qəzeti.- 2012.- 5 avqust.- S. 3.