Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu

 

(əvvəli qəzetin 3,4 avqust 2012-ci il tarixli sayında)

 

Kəmalüddövlə Cəlalüddövləyə yazır: "Despotun zülmünün təsiri və ruhanilərin fanatizminin gücü sənin xalqının zəifliyinə, bacarıqsızlığına, köləliyinə səbəb olmuşdur. Onun qabiliyyət cövhərini pas tutmuşdur. Onu alçaqtəbiətliliyə, zəlilliyə, rəzilliyə, köləliyə, yaltaqlığa, riyakarlığa, nifaqa, məkrə, hiyləyə, qorxaqlığa, ikiüzlülüyə adətkərdə etmişdir. Sədaqət, ədalət, vəfa, cəvanmərdlik, şücaət, alicənablıq, yüksək iradəlilik, könlü-gözü toxluq kimi bütün gözəl və nəcib fitri sifətləri onun təbiətindən silmişdir. Onun xəmirini bu saydığım sifətlərin əksi olan pis sifətlərlə yoğurmuşdur... Sənin padşahın dünyanın tərəqqisindən xəbərsiz öz paytaxtında oturub elə güman edir ki, padşahlıq ibarətdir qiymətli paltarlar geyməkdən, ləzzətli xörəklər yeməkdən, rəiyyətlərin və təbəələrin malına, canına hədsiz-hüdudsuz hakim olmaqdan və ya ondan ibarətdir ki, xalq ona baş əyib səcdə qılsın və alçaq qullar kimi onun qarşısında əmrə müntəzir dursun, axmaq şairlər də onu uşaq yerinə qoyub mənasız mübaliğələrlə tərifləsinlər... Bu bədbəxt padşah bilmir ki, xarici ölkələrdə onun adı çəkiləndə hamı ikrah edir və nifrətlə üz çevirir".

Mirzə Fətəli Axundzadə mütləqiyyətçi Şərqdəki ictimai-siyasi durumu sanki burada baş verən sonrakı prosesləri görürmüş kimi və onun indiki vəziyyətinə bizimlə birgə baxırmış kimi təsvir edir: "Zəlil və bədbəxt olan təkcə İran deyil, baxın, ərəblərin özləri nə günə qalmışlar. Bu gün bütün dünyada ərəblərdən bədbəxt, ərəblərdən unudulmuş xalq tapa bilməzsən. İslam dini nə üçün onların səadət və tərəqqisinə səbəb olmadı?". Bu məqamda Axundzadənin fikirləri alman filosofu Hegelin "Dinin fəlsəfəsi" əsərində irəli sürdüyü müddəa ilə uzlaşır. Hegel də dini inamı ehtiva etməklə insan mənəviyyatının siyasətlə mahiyyətcə necə dərindən bağlanması və dini əqidələrdəki yanılmaların siyasi təsisatları da çökdürməsi xüsusunda maraqlı qənaət hasil edir: "Allah haqqında pis anlayışı olan xalq pis dövlətə, pis hakimiyyətə, pis qanunlara sahib olur" Əlbəttə, elə təsəvvür etmək olmaz ki, Azərbaycan filosofu Allaha inanmır və İslamı bütünlüklə rədd edir. O, "Kəmalüddövlə məktubları"nda açıq şəkildə bəyan edir: "Bəli, məni Allah yaratmışdır... Müsəlman olan hər bir kəs Allahı ədalətli bilməlidir", "İslam dini ancaq o zaman yaşayıb davam edə bilər ki, insanlar dinin mahiyyətini şüur və mərifət əsasında anlamış olsunlar".

Mirzə Fətəli Axundzadə İslamı yox, onun getdikcə dəyərsizləşməsini, fanatizm qəliblərinə sığdırılmasını, İslam əvəzinə insanların beyninə çürük dini ehkamların doldurulmasını, xüsusilə din və siyasət əyanlarının maraqlarına tabe etdirilməsini, bir sözlə, İslamın - dini ucalığından endirilib vasitəyə, alətə çevrilməsini tənqid edir. Axundzadə göstərir ki, İslam o qədər öz mahiyyətindən çıxarılıb ki, buraya hər cür hədyanların, əfsanələrin yerləşdirilməsi mümkün olub. Belə olduqda, insanların əlüstü öz etiqadlarını dəyişməsi, uydurma bir məzhəbin, təriqətin ətrafında yallı getməsi labüddür: "Nə qədər ki, insanların şüurunda puç əqidələr yer salmışdır, görəcəksən ki, ya bir zirək Bab (Babilik hərəkatına işarədir), ya da başqa bir şüurlu məzhəb ixtiraçısı tapıldı və cinə, şeytana, firiştəyə, möcüzəyə, kəramətə və hər cür xariqüladə əfsanələrə inanan bu elmsiz, savadsız xalqı bircə saatın ərzində özünə tərəf çəkdi"

Axundzadəyə görə, İslam özünün ilkin mənasından, vəzifə və məqsədlərindən elə tanınmaz dərəcədə azdırılıb ki, onun bütün məntiqi sanki tərsinə çevrilib: O, Din yox, Ehkam şəklini alıb, Allaha deyil, Şeytana qulluq edənlərin əsarətinə alınıb, ilahi həqiqətlər yoluna yox, cəngəlliyə dönüb. Bu cəngəllikdə İslam vəhşi, kor ehtirasların həmləsi altında parça-parça olub - xırdalanıb, təriqətləşib, şiələşib, sünniləşib və nəticədə süniləşib, təbii insan zəkasının suallarına cavab verə bilməyən bir tapmaca yığınına çevrilib. Cahil ruhanilər dinə elə rənglər qatıblar ki, müəllifin şərhinə görə, "biz həqiqətdə yeganə və misilsiz yaradıcı olan bir Allahın varlığına inansaq, şəkk və şübhəsiz, o xaliq və o yaradıcı bizim peyğəmbərin "Quran"da bizə xəbər verdiyi Allah deyildir... Belə bir əqidə bütpərəstlikdən də pisdir. Kainatı yaradan Allah bu cür sifətlərdən uzaqdır və ona bu kimi sifətləri vermək xalis küfrdür".

Mirzə Fətəli Axundzadə təkcə tənqid etmir, bununla yanaşı, İslam Şərqinin dünyagörüşünü, mədəniyyət və həyat tərzini onu geriyə atan, cəhalətə əsir edən buxovlardan qurtarmaq üçün əsaslı dəyişikliklərə yol açan fikir və mülahizələrini irəli sürür. O, öz mövqeyini hökmlərlə deyil, polemika səpkisində üzə çıxarır, düşüncələrini çağdaşlarının mühakiməsinin ixtiyarına buraxır. Mirzə Fətəli öz zəmanəsi üçün olduqca proqressiv görünən baxışlardan çıxış edərək göstərir ki, dövləti idarə edənlər "xalqla əlbir, ürəkbir müttəfiq olmalıdır. Ölkəni təkcə öz malı hesab etməməlidir. Özünü xalqın bir vəkili kimi düşünməlidir. Xalqın iştirakı ilə qanunlar yaratmalı, parlaman (parlament) təsis etməlidir".

Azərbaycanın milli və ictimai-siyasi düşüncəsinə, ədəbi dilinə ilk dəfə "inqilab", "parlament", "sivilizasiya", "proqress", "patriot", "politik", "liberal", "qadın və kişilərin azadlığı və bərabərliyi", "ictimai qanunlar" və s. söz, ifadə və anlayışları gətirən Mirzə Fətəli Axundzadə insan mənəviyyatında əxlaqı çox yüksək tutur, "insanların gözəl əxlaq sahibi olmasını" onların cəmiyyətə faydalı olan fəaliyyətlərinin əsas şərti hesab edirdi. Böyük ədib özünəməxsus döyüşkən əxlaqla dövrünün çatışmazlıqlarını həyatını belə təhlükəyə qoymaqdan çəkinməyərək, açıq şəkildə ifşa edir, cəmiyyətin inam bəslədiyi ayıq düşüncəli kəsimini də belə bir ictimai əxlaq sahibi olmağa, cəmiyyəti tərəqqi etdirəcək işlərdə qorxmadan səfərbər olmağa səsləyirdi.

Epistolyar publisistikanın örnək nümunələri olan şəxsi məktublarını da Mirzə Fətəli elə əsərlərində qaldırdığı problemlərlə müasirlərini daha yaxından tanış etmək, onlardan ideya və təşəbbüslərinə dəstək almaq məqsədilə yazırdı. Bu məktublarda onun şəxsi təəssürat və münasibətlərindən daha əhatəli məsələlərə toxunulur, bir yaradıcı şəxsiyyət olaraq Axundzadənin daxili çırpıntıları, psixoloji gərginlikləri, xalqı üçün edə bilmədiklərinə təəssüfü, acıları, edə bildiklərinə görə isə bol fərəh və sevinc hissləri öz əksini tapır. Şərqin ilk maarifçi reformatorunun əlifba islahatı uğrundakı mübarizəsinin bütün gərgin prosesini də onun məktublarında izləyirik.

Mirzə Fətəli Axundzadə Azərbaycanda milli-maarifçilik hərəkatının, tənqidi-realistik mədəniyyət düşüncəsinin elə möhkəm təməlini qoymuşdur ki, bu təməl üzərində xalqımızı müstəqilliyə yetirmiş bir neçə nəslin əl-ələ verdiyini görürük. Axundzadənin maarifçi davamçıları, onun ideya və əməllərinə qoşulanlar Azərbaycanda milli mətbuatın və teatrın əsasını qoyur, milli-demokratik mübarizəni Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına qədər yüksəldirlər. Böyük mütəfəkkirin yaradıcılığının dəyəri və təsiri həm də bundadır ki, onun ənənələrini davam etdirən ziyalılar nəsli - Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə, Sultan Məcid Qənizadə, Yusif Vəzir Çəmənzəminli, Abbas Səhhət, Abdulla Şaiq və başqaları sadəcə maarifçiliyin təqlidçiləri deyildirlər, hər birisi Azərbaycan mədəniyyətində "öz dünyalarını" yaratmış, milli ideya və ideologiyamızı inkişaf etdirmiş görkəmli şəxsiyyətlərdir. Təsadüfi deyil ki, elə Mirzə Fətəli Axundzadənin sağlığında - 1873-cü ildə Azərbaycanda maarifçilik hərəkatının genişlənməsində müstəsna rol oynamış "Əkinçi" qəzetinin naşiri və baş redaktoru Həsən bəy Zərdabi və milli dramaturgiyamızda faciə janrının banisi Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Bakı şəhərində böyük komediya ustasının "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara") əsərləri tamaşaya qoyulur, bununla da Azərbaycanda, eləcə də bütün İslam Şərqində peşəkar teatrın əsası qoyulmuş olur.

Firidun bəy Köçərlidən başlayaraq, Mirzə Fətəli Axundzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatının tarixi inkişafı kontekstində geniş şəkildə öyrənilmiş, haqqında dəyərli tədqiqat işləri aparılmış, əsərləri ölkəmizdə və xaricdə dönə-dönə çap olunaraq yayılmışdır. Əlbəttə, yaradıcılığında polemika kifayət qədər qabarıq olan mütəfəkkir yazıçıya münasibət heç də birmənalı olmamış, öz əsərləri də polemika obyektinə çevrilmişdir.

Ümumiyyətlə, biz Axundzadənin tədqiqini üç mərhələyə bölə bilərik: XIX əsrin sonu - XX əsrin əvvəllərində Mirzə Fətəli Axundzadənin ədəbi-bədii fəaliyyətinə, ayrı-ayrı əsərlərinə dövrün mütərəqqi fikirli ziyalıları ilk dəfə yüksək qiymət verir və praktiki olaraq onun yolunu davam etdirirlər; Sovet dövründə Mirzə Fətəli Axundzadənin yaradıcılığı elmi tədqiqatlar müstəvisində araşdırılır, ona dair dissertasiyalar yazılır, lakin dövrün kanonik ideologiyasına uyğun olaraq, burada Azərbaycan mütəfəkkiri birtərəfli şəkildə - daha çox "ateist" və "materialist" qəliblərində təqdim edilir; müstəqillik dövründə elmi tədqiqatlarda böyük Azərbaycan klassikinə hələlik nisbətən az diqqət göstərilsə də, araşdırıcılar ona daha obyektiv qiymət verməyə çalışırlar. Lakin bir sıra yanaşmalarda iki ifrat və vulqar münasibət bu dəfə yeni görsənişlərdə meydana çıxır: onu sovet dövründə olduğu sayaq, təkcə "ateist" və "materialist" deyil, həm də Şərq-İslam mədəniyyətinin dərinliyini və özəlliyini anlamayan, çar Rusiyasının siyasətinə uyğun olaraq, Qafqazda və bütünlüklə Şərqdə oturuşmuş mədəniyyətləri, həyat tərzini bilərəkdən tənqid edib gözdən salan "imperiya təəssübkeşi" kimi də qələmə verməyə çalışanlar olmuşdur.

Lakin bütün obyektiv tədqiqatlar və bu yazıda üzə çıxarmaq istədiyimiz həqiqətlər bunun belə olmadığını deməyə tam əsas verir. Mütəfəkkir filosofun tənqidi -heç də Şərqin inkarı üzərində deyil, əksinə, onun özünütəsdiq zərurəti üzərində qurulub. Əgər o, genişlənən dairələr boyunca Azərbaycanı, Qafqazı və Şərqi sevməsəydi, ümumən dünyada gedən modernləşmə hərəkatının uğuruna, gələcəyinə inanmasaydı, onların ayağından tutub irəliləməyə qoymayan fanatizmi, cəhaləti, ehkamçılığı və mütləqiyyəti bu qədər cəsarət və qətiyyətlə tənqid etməzdi.

Axundzadə mütərəqqi Avropa dəyərlərindən nə qədər bəhrələnsə də, mütəfəkkirlərinin adlarını nə qədər sayğı ilə çəksə də, heç bir halda Avropanı Şərqdən üstün tutmamış, Qərbi Şərqə implantasiya etmək niyyətindən uzaq olmuşdur. Əksinə, o, dünya imperializminin Şərq siyasətini məntiqli dəlillərlə tənqid etmişdir: "Bütün dünya xalqlarına məlumdur ki, ingilislər Hindistan xalqı ilə necə rəftar edirlər. Məgər özlərini mədəni adlandıran və qanun sahibi olan ingilislərin hindlilərlə etdiyi rəftar despotun rəftarından yaxşıdır? Bu rəftarı müqayisə edərkən, despota min rəhmət". Bu mənada, Mirzə Fətəli Şərqin tərəqqisini də elə Şərqin öz potensialında, bu potensialın üzə çıxarılmasında görür.

Azərbaycan mədəniyyət düşüncəsinin milliləşməsində, ictimailəşməsində, siyasiləşməsində, müasirləşməsində və demokratikləşməsində, dünyaya açıqlıq keyfiyyətləri alaraq universallaşmasında həlledici tarixi rol oynayan Mirzə Fətəli Axundzadə ilə, doğrudan da, köhnə dövr bitir, yeni zaman başlayır. Heç şübhə yoxdur ki, həm də Azərbaycanın müstəqilləşməsində, suveren demokratik respublika kimi dünya dövlətləri arasında özünəlayiq yer tutmasında Mirzə Fətəli Axundzadə ideyalarının xüsusi payı və həlledici əhəmiyyəti vardır.

Bütün əsərləri - Axundzadənin öz həmvətənlərinə söylədiyi sanki bitməz bir monoloqdur, onların daim oxuyub bəhrələnəcəyi zəngin bir sərvətdir. Etiraf edək ki, əgər Mirzə Fətəli Axundzadə və onun kimi uzaqgörən, ideyalı, mübariz şəxsiyyətlərimiz olmasaydı, biz öz tariximizi və həyatımızı yox, bizə diktə olunan tarixi və həyatı yaşamağa məhkum olacaqdıq. Bizə öz milli varlığımızı bəzək-düzəksiz, necə var eləcə, bütün reallığı ilə tanıtdıran, həqiqətin gözünə dik baxmağı, ümumxalq əhəmiyyətli problemlərin həllində yaxasını kənara çəkməməyi öyrədən Mirzə Fətəli Axundzadə bu gün bizimlə dövlət və mədəniyyət quruculuğunda çiyin-çiyinədir, gələcək zamanların azərbaycanlıları ilə həmyaşıddır.

Azərbaycanda milli dövlətçilik və milli ideologiyanın inkişaf tarixinə diqqətlə nəzər yetirsək görərik ki, Mirzə Fətəli Axundzadə bu prosesin orta dövrü ilə yeni dövrünü birləşdirən çox mühüm həlqədir. Çünki milli ideologiyanın tarixi inkişafının son nəticəsi milli dövlətin yaradılmasıdır. Əgər Mirzə Fətəli Axundzadə ilə başlayan milli dünyagörüşü, milli ideya və milli ideologiyanın təşəkkülünün bir-birini tamamlayan ardıcıl prosesi olmasaydı, bu gün müstəqil dövlətçiliyimizdən qürur duymağımız da mümkün olmayacaqdı. Milli ideya daşıyıcılığının bu itirilməz ənənəsi üzərində suveren Azərbaycan Respublikasının milli ideologiyası - azərbaycançılıq qərar tutur. Əgər Mirzə Fətəli Axundzadə bu milli ideologiyanın altlayını təşkil edən milli dünyagörüşünün təməllərini yaratmışdısa, onun yuxarıda adlarını iftixarla çəkdiyimiz davamçıları bu ideyanı ideologiya müstəvisinə qaldıraraq iyirminci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdularsa, ölkəmiz Sovet İttifaqının tərkibində olduğu dönəmdə də bu milli ideya özünün reallaşma məqamına addım-addım yaxınlaşmışdı. Müstəqillik dövründə isə ulu öndərimiz Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə milli dünyagörüşü, milli ideya və milli ideologiyanın vəhdətini yaradan bir siyasi düha kimi azərbaycançılıq ideologiyasını irəli sürdü, müdafiə etdi və müstəqil dövlətimizin milli-siyasi platformasına çevirdi.

Azərbaycanda gedən tarixi-siyasi proseslərin mahiyyətini, etnik-mədəni sistemin formalaşma qanunauyğunluqlarını və prinsiplərini dərindən duyan və bu təməl üzərində milli ideologiyanı özünün real statusuna yüksəldən Heydər Əliyev onu bütün inkişaf mərhələlərində qazandığı xüsusiyyətlərlə birlikdə görürdü: "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bugünü və gələcəyi ilə bağlıdır". Heydər Əliyev Dünya Azərbaycanlılarının ilk Qurultayındakı tarixi nitqində birmənalı şəkildə bəyan etmişdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideologiyası azərbaycançılıqdır". Məhz Azərbaycançılıq ideologiyasının Simvolu - Heydər Əliyev didilib parçalanan Azərbaycanı bütövləşdirərək regionun nüfuzlu dövlətinə çevirməyi bacardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin milli dövlətlə yanaşı, həm də milli-siyasi ideologiya quruculuğunda prioritetlərini dəqiq müəyyən edir: "Azərbaycançılıq ideyasının birləşdirici dəyər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin, tariximizin yaşadılması və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi". Doğrudan da, tarixdə ilk dəfə olaraq məhz iyirminci əsrin sonu - iyirmi birinci əsrin əvvəllərində Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası əsasında nəinki ölkəmizdə, həm də beynəlxalq miqyasda dünya azərbaycanlılarının qlobal konsolidasiyası mümkün oldu və onların Vətən naminə birləşmək, fəaliyyət göstərmək səylərinə Azərbaycan yurdundan start verildi. Beləliklə, Mirzə Fətəli Axundzadənin 200 il bundan öncə həyata keçirdiyi maarifçilik missiyası özünün milli müstəqillik ideallarında həqiqi təsdiqini tapdı - ümummilli lider Heydər Əliyev siyasi quruculuq missiyasında həm müasir milli ideologiyamızı, həm də bu ideologiyaya əsaslanan müasir suveren dövləti - Azərbaycan Respublikasını yaradaraq onu etibarlı əllərə verdi. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlət belə bir mükəmməl siyasi, ideoloji və ictimai dayaqlara malikdir.

 

(ardı var)

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 5 avqust.- S. 5.