Ağ Şəmsəddin - İstanbulun fatehi sultan II Mehmetin müəllimi
İstanbulun fəthi 1453-cü il oktyabrın 29- da gerçəkləşdi.
Belə ki, 100 minlik Osmanlı ordusu Konstantinopolu mühasirəyə aldı.Bu
şəhər min ildən
çox idi ki, xristianlığın ideoloji mərkəzi,müsəlman
Şərqinə hücumları
dəstəkləyən bir
imperiyanın paytaxtı
idi. Vaxtilə Məhəmməd peyğəmbər
(s.) demişdi: "İstanbul
bir gün fəth olunacaq. O şəhəri fəth edən ordu nə gözəl ordu! O şəhəri fəth edən sərkərdə nə gözəl sərkərdə!"
Beləcə, o gün gəlib
çatdı. Türk sultanı
II Mehmet öz müzəffər ordusu ilə böyük zəhmət və itki hesabına olsa da, bu
şəhəri fəth
edib, adını ümumtürk tarixinə qızıl hərflərlə
yazdırdı. Sultan
II Mehmetə qədərki
türk fatehlərinin
də ən böyük arzusu bu şəhəri fəth etmək olmuşdu. Lakin bu şərəf
sultan II Mehmetə nəsib
oldu. Səbəb?
Bəlkə də səbəblər çoxdu.
Amma, zənnimizcə,
əsas səbəblərdən
biri bu idi
ki, onların Ağ Şəmsəddin kimi müdrik müəllimi və məsləhətçisi olmamışdı.
Əslən azərbaycanlı olan
Məhəmməd ibn
Şeyx Həmzə (Ağ Şəmsəddin)
1389-cu ildə, bəzi
mənbələrə görə,
Şam şəhərində,
bəzi tədqiqatçıların
fikrincə isə Şamaxı şəhərində
doğulmuşdur.Yetmiş il
ömür sürən
böyük alimin
1459-cu ildə vəfat
etdiyi bildirilir. Dümağ saqqalı olduğu, həmişə
ağ paltarda gəzdiyi üçün
xalq arasında Ağ Şəmsəddin kimi tanınmışdı.
Harada doğulmasından asılı
olmayaraq, Ağ Şəmsəddin məşhur
sufi alimlərindən
olan, həmyerlimiz təbrizli Sührəverdinin
nəslindəndir. Məhz
bu baxımdan onun güclü ilahiyyat bilicisi, uşaq yaşlarından
Quran hafizi və bütün mənəvi-əxlaqi
ölçülərə uyğun şəxs olması təsadüfi deyildi. Böyük İslam alimləri Şeyx Əbdülqadir Geylani, Mövlana Cəlaləddin Rumi, İmam Gəzzalinin əsərlərini dərindən
öyrənsə də
bu, ona kifayət
etməmiş, irfan məktəbi keçmək
üçün mədrəsəni
tərk etmiş və Yaxın Şərqi dolaşdıqdan
sonra, nəhayət, Anadoluda məşhur təsəvvüf alimi Hacı Bayram Vəlinin yanına şagird götürülmüşdür.
Hacı
Bayram Vəli ilə onun tanışlığı
maraqlı olmuşdur.
Belə ki, təsəvvüfə olan
hədsiz marağı
Ağ Şəmsəddini
Anadoluya, özünə
layiq mürşid axtarmağa gətirir. Ona bir çoxları
Hacı Bayram Vəlini məsləhət
görürlər. Deyirlər
ki, qazandığın
bu zahiri elmi məna elmiylə, biliklərini eşq ilə, ağıl vergisini qəlb və könül vergisiylə tamamlamağın gərəkdir.
Bunu da tək
bacarmazsan. Sənə
bir mürşid lazımdır. Qalx və yubanmadan Ankaraya get. Orada Hacı Bayram Vəliyə müraciət
et. O səni tamamlasın,kamilləşdirsin.
Sən bu dünyaya lazımlı bir adamsan.
Ağ Şəmsəddin bu sözlərdən ruhlanaraq
Ankaraya yola düşür. Lakin gördüyü mənzərə
onun xoşuna gəlmir. Ankarada Ağ Şəmsəddin Hacı Bayram Vəlini öz tələbələrinin nəfsini
qırmaq, fəqir-füqəraya
əl tutmaq, səfalətdən əziyyət
çəkənləri sevindirmək
üçün nəzir-niyaz
qəbul edən, bazarda pul yığan
vəziyyətdə gördükdə
bura gəldiyinə peşman olur və daha yaxşı
bir mürşid tapmaq üçün Hələb şəhərinə
gedir.
Hələbdə olarkən gecə
yuxusunda boynuna bir zəncirin taxıldığını, bu
zəncirin bir ucunun Hacı Bayram Vəlidə olduğunu və onu Ankaraya dartdığını
görür. Yuxudan ayılandan sonra bunun ilahi mənasını
anlayaraq, yenidən Hacı Bayram Vəlinin yanına yola düşür. Ankaraya gəlib Hacı Bayram Vəlini tapır. O, müridləri ilə tarlada çalışırdı.Amma
Hacı Bayram ona heç bir iltifat göstərmir.
Ağ Şəmsəddin
də digər tələbələr kimi
tarlada çalışmağa
başlayır. Nahar vaxtı gələndə
Hacı Bayram onun üzünə belə baxmır. Hazırlanan yeməyi tələbələrinə verdikdən
sonra artıq qalanını yaxındakı
itlərin qabağına
tökür. Ağ Şəmsəddin də özü-özünü məzəmmət
edərək düşünür:
"Sən buna layiqsən". Sonra isə itlərin qabağına atılmış
yeməkdən götürüb
yeməyə başlayır.
Ağ Şəmsəddinin
bu hərəkətini
görən Hacı Bayram "Mürid, qəlbimizə girdin, yanıma gəl", - deyərək süfrəsində
otuzdurur. Və əlavə edir: "Zəncirlə, zorla gələn müsafiri belə sınaqdan keçirərlər". Bundan
hədsiz sevinən Ağ Şeyx onun irfan məclislərinə
qoşulur. Hacı Bayram Vəlinin bütün sınaqlarından
uğurla çıxan
Ağ Şəmsəddin
qısa müddət ərzində təsəvvüfün
bütün sirlərinə
yiyələnir...
İstanbulun fəthi
Osmanlı
sultanı II Muradın Hacı Bayram Vəliyə xüsusi
hörməti var imiş. Fürsət düşdükcə
tez-tez onun ziyarətinə gələrmiş. Bir dəfə
dörd yaşlı oğlu şahzadə Mehmet ilə onun
yanına gəlmişdi. Sultan II Murad söhbət əsnasında
Hacı Bayrama Konstantinopolu almaq istəyini, bu şəhəri
bir İslam şəhərinə çevirmək istəyini
bildirir. Hacı Bayram isə cavabında: "Allah
ömrünüzü və dövlətinizi qorusun! Ancaq
İstanbulun alındığını nə sən görəcəksən,
nə də mən", - deyərək üzünü balaca
Mehmetə və Ağ Şəmsəddinə tərəf
tutaraq əlavə edir: "Amma bu şahzadə ilə bizim
mürid görəcəklər."
Zaman keçir, Hacı Bayramın dediyi bu fikir çin
olur. Ağ Şəmsəddinin həyatının
ən parlaq günləri Osmanlı sultanı II Murad tərəfindən oğlu
II Mehmetin müəllimi
vəzifəsinə təyin
edilməsindən sonra
başlayır. Osmanlı
sultanı fateh Mehmetin müəllimi olan Ağ Şəmsəddin
həm də onun ən yaxşı
məsləhətçisinə çevrilir. Sultanı Ağ Şəmsəddindən
ayrı təsəvvür eləmək olmurdu.
Ağ
Şəmsəddin özü, övladları və
bütün müridləri ilə İstanbulun fəthində
iştirak edir. Şəhərə bir-birinin ardınca edilən
hücumlar bir nəticə vermir, əsgərlər, sərkərdələr
arasında həyəcan baş qaldırır. Çox adam bu
fəthin gerçəkləşməyəcəyi
haqqında düşünməyə başlayır. Lakin
Ağ Şəmsəddinin işə dərhal müdaxilə
etməsi,ordunu ruhlandırması, Məhəmməd peyğəmbərin
(s.) bu şəhərin fəthi ilə bağlı dediklərini
dönə-dönə xatırlatmasından sonra orduda əvvəlki
ruh bərpa edilir. Vəziyyət o həddə çatır
ki, Osmanlı ordusu çoxsaylı itki verməkdən nəinki
qorxub çəkindi, əksinə, əsgərlər daha da cəsarətlənərək
şəhərin alınması uğrunda əsl qəhrəmanlıq
nümunəsi göstərdilər. Ulubadlı Həsən
Konstantinopol qalasının divarlarına ilk qalxan
döyüşçü olur. O, Osmanlı
bayrağını qalanın üstünə sancır. Bədəninə
qırxdan artıq oxun sancılmasına baxmayaraq, o,
bayrağı enməyə qoymur. Və öz ölümü
ilə də millətinə xidmət edir. Ordudakı bu
mübarizlik ruhunu yaradan Ağ Şəmsəddin idi.
Lakin
iş bununla bitmir. Ağ Şəmsəddin Konstantinopolun
hansı gün, hansı tərəfdən hücum etməklə
uğur əldə ediləcəyinin də dəqiq
vaxtını və müjdəsini verir. Hətta İstanbulun
fəthində istifadə edilmiş, dünya hərb tarixində
görünməmiş üsulun- gəmilərin üzərlərinə
piy sürtülmüş taxtaların üstü ilə limana
salınması ideyasının da Ağ Şəmsəddinə
məxsus olduğu bildirilir. Beləliklə, Sultan Mehmetin
güclü sərkərdəlik məharəti, Ağ Şəmsəddinin
mənəvi dəstəyi və ağıllı məsləhətləri,
türk ordusunun yüksək şücaəti və əzmkarlığı
ilə İslam Peyğəmbərinin (s.) vəsiyyətinə
əməl olundu. İki qitənin qovuşağında,
strateji əhəmiyyətli məkanda yerləşən bu qədim
şəhər alındı. Bu zəfərdə sultanın
payı nə qədər idisə, Ağ Şəmsəddinin
də bir o qədər xidməti oldu. Təsadüfi deyildir
ki, Ağ Şəmsəddini "İstanbulun mənəvi
fatehi" adlandırırlar.
Osmanlı
sultanı Fateh Mehmet öz müəlliminin əməyini
yüksək dəyərləndirmiş və demişdir:
"Zamanımda Ağ Şəmsəddin kimi bir mübarəkin
tapılmasından duyduğum sevinc, İstanbulun
alınmasından duyduğum sevincdən az deyildir."
Mikrobun kəşfi
Böyük
ilahiyyat-təsəvvüf bilicisi, bütün elmlərə
vaqif olan Ağ Şəmsəddin tibb sahəsi ilə
bağlı dərin biliklərə sahib idi.O, həm cismani, həmdə
ruhi xəstəliklərin müalicəsinə dair
çoxsaylı fikirlər səsləndirmiş, əsərlər
yazmışdır. Lakin bu sahədə onun ən
böyük xidməti mikrobu kəşf etməsi olmuşdur.
"Maddət-ül-həyat" əsərində insan
anatomiyasının müalicəsi ilə bağlı qiymətli
fikirləri ilə yanaşı, o, tibb elmində indiki mikrob
adlanan terminin elmi izahını vermişdir. Bu gün mikrobun kəşfini
Avropa alimi Luiz Pasterin adı ilə bağlayırlar. Amma ondan
400 il əvvəl Ağ Şəmsəddin öz əsərində
bu barədə yazmışdır: "Xəstəliklərin
birdən-birə kütləvi əmələ gəlməsi
fikri yanlış və xətalıdır. Xəstəliklər
insandan insana yayılma surəti ilə keçər. Bu
yayılma gözlə görülməyəcək qədər
kiçik, fəqət canlı toxumalar vasitəsi ilə
keçər". Mənbələr Ağ Şəmsəddinin
tibbi biliklərini kimdən aldığı barədə məlumat
vermir, lakin bir çox tədqiqatçılar, xüsusilə
də Avropa tədqiqatçıları onun bu biliyə
Hacı Bayram Vəlinin yanında yiyələndiyini bildirirlər.
Beləliklə,
Ağ Şəmsəddin İslam və Türk xalqları
tarixində müstəsna xidmətləri olan şəxsiyyət,
İstanbulun mənəvi fatehi və böyük təsəvvüf
və tibb alimi kimi əbədi yerini tapmışdır.
Anar TURAN
Xalq qəzeti.- 2012.- 5 avqust.- S. 5.