Azərbaycanın
region ölkələri ilə münasibətləri
dünyada nümunə kimi qəbul edilir
Mühüm geostrateji məkanda yerləşən ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət özünün müsbət nəticələrini göstərməkdədir. Azərbaycanın yürütdüyü siyasət region dövlətlərinin üst-üstə düşən və kəsişən maraqlarının uzlaşdırılmasını, uğurlu qarşılıqlı əməkdaşlığın qurulmasını, bununla da sülhün, sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsini və regional inkişafın sürətlənməsini təmin etmişdir. Bu gün beynəlxalq aləmdə nüfuzu durmadan artan respublikamız strateji müttəfiqləri ilə əlaqələrini genişləndirir, özünün milli maraqlarını ön planda tutaraq bölgə dövlətləri ilə qarşılıqlı əməkdaşlığı müasir dövrün tələbləri çərçivəsində daim inkişaf etdirir, bu zaman elmi əsaslara söykənən tarazlı xarici siyasətin həyata keçirilməsinə, mehriban qonşuluq münasibətlərinin qurulmasına xüsusi önəm verir.
Rusiya - Azərbaycan münasibətləri
ən parlaq dövrünü yaşayır
Bu gün inamla deyə bilərik ki, Şimal qonşumuz - postsovet məkanının ən böyük ölkəsi olan Rusiya Azərbaycan üçün xüsusi əhəmiyyətə malik strateji tərəfdaşdır. Reallıq budur ki, bir sıra qlobal və regional məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür, dövlət mənafelərimiz qarşılıqlı işbirliyin inkişafını tələb edir. Rusiya ilə Azərbaycan arasında mövcud əlaqələr həm rus, həm də Azərbaycan xalqlarının maraqlarına cavab verir. Buna görə də ölkələrimizin prezidentləri tərəfindən müəyyən olunmuş siyasi kurs strateji tərəfdaşlıq istiqamətində davam etdirilir.
Əlaqələrimizin tarixinə qısa nəzər saldıqda görürük ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra hakimiyyətə gələn təsadüfi və naşı "siyasətçilərin" yürütdüyü yarıtmaz xarici siyasət nəticəsində ölkələrimiz arasında münasibətlər xeyli gərginləşmişdi. Yalnız ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başladı. 1993-cü ilin iyun ayından ölkəmizə rəhbərlik edən ulu öndər Rusiya ilə yenidən dostluq münasibətlərinin yaranmasına xüsusi əhəmiyyət verdi, həmin ildən başlayaraq əlaqələr inkişaf etdi, əməkdaşlıq genişləndi. 1997-ci il iyulun 3-də imzalanmış "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə ikitərəfli münasibətlərin inkişafının göstəricisi idi.
Ölkələrimiz arasında siyasi-diplomatik, iqtisadi və mədəni əlaqələr 2000-ci ildə Vladimir Putinin Rusiyanın dövlət başçısı seçilməsindən sonra daha da sürətlə inkişaf etdi. 2001-ci il yanvarın 9-da Rusiyanın Prezidenti Vladimir Putin ölkəmizə işgüzar səfər etdi. Müstəqillik tariximizdə ilk dəfə idi ki, Şimal qonşumuzun rəhbəri Azərbaycana səfər edirdi. Təbii ki, bu, münasibətlərin yeni mərhələdə inkişafına stimul verdi. 2003-cü il fevralın 27-də Bakıda iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq barədə, 2006-cı ilin dekabrın 4-də isə ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı əqli fəaliyyət nəticəsində əldə olunan və istifadə olunan hüquqların qarşılıqlı qorunması barədə hökumətlərarası saziş imzalanmışdır.
Zamanın sınağından çıxmış tarixi əlaqələrimiz bu gün də sabit, mehriban qonşuluq münasibətləri çərçivəsində inkişaf edir. Son illər Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığını bir daha təsdiqləyən mühüm hadisələr baş vermişdir. Birgə səylər nəticəsində hər iki tərəf üçün çox vacib olan məsələlərə dair optimal, qarşılıqlı məqbul və qarşılıqlı faydalı həll yolları tapılmış, dövlət sərhədi haqqında müqavilə imzalanmış, Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi məsələsi həll edilmiş, Xaçmaz rayonunun iki kəndində yaşayan rusiyalı vətəndaşlarla bağlı vəziyyət nizamlanmışdır. Xəzərin statusu barədə Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşdırılması prosesi faktiki olaraq başa çatmışdır. Bu isə perspektivdə bütün Xəzəryanı dövlətlər arasında konsensus əldə olunmasını təmin edə bilər. Qətiyyətlə demək olar ki, qarşılıqlı əməkdaşlığımız bütün sahələri əhatə edir və bu gün Qafqaz regionunda ümumi vəziyyət və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə ilə bağlı məsələlər sərhədyanı əməkdaşlıq əlaqələrimizin vacib tərkib hissəsi olaraq qalır.
Dövlətlərarası əlaqələlərin inkişafını əks etdirən əsaslı məsələlərdən biri də iqtisadi-ticarət münasibətləridir. Faktlar da göstərir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri və birincisi Rusiyadır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, MDB ölkələri ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 50 faizdən çoxu Rusiyanın payına düşür. Keçən il ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord həddə çataraq 2 milyard 828 milyon ABŞ dollarına bərabər olmuş, başqa sözlə, onun həcmi 2010-cu ildəkinə nisbətən 47,4 faiz artmışdır. Bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində heç vaxt belə nəticə olmamışdır. Yəni ticarət əlaqələrimiz hər ötən il daha da inkişaf edir və gələcəkdə yeni ürəkaçan perspektivlər bizi gözləyir.
Bu mənada, bu il iyunun 28-də Bakıda Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən keçirilən "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu əməkdaşlığın genişləndirilməsi baxımından məhsuldar olmuşdur. Forum müasir dövrdə regionlararası əlaqələrin inkişafına böyük təsir göstərən əməkdaşlıq formalarından biridir. Çünki forumda Azərbaycan və Rusiya münasibətlərində işgüzar sahə ilə yanaşı, humanitar, mədəniyyət və gənclər siyasəti istiqamətlərinə də diqqət yetirilir, ölkələrimizin regionları arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunur, mövcud problemlərin həlli yolları axtarılır, qərarlar qəbul edilir. Bu kimi forumların müntəzəm keçirilməsi Prezidentlər İlham Əliyevin və Vladimir Putinin siyasi iradəsi sayəsində mümkün olmuşdur. Hər iki dövlətin rəhbərləri ölkələrimiz arasında tərəfdaşlığın daha da dərinləşdirilməsində, həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişləndirilməsində maraqlıdırlar.
Türkiyə - Azərbaycan əlaqələri
qardaşlıqdan, dostluqdan və qarşılıqlı
etimaddan güc alaraq daim inkişaf edir
Müstəqil Azərbaycan Respublikası dünya dövlətləri ilə əlaqələrində siyasi, iqtisadi, hərbi mənafeyini ön planda tutur, regional və qlobal məsələlərdə öz mövqeyini ortaya qoyur, haqq işimizin müdafiəsi istiqamətində lazımi addımları atır. Bu mənada bizə dəstək verən bütün ölkələrlə münasibətlərimiz təbii olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir, durmadan inkişaf edir. Regionumuzun iki mühüm dövləti - Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında mövcud olan dostluq, qardaşlıq münasibətləri buna ən gözəl nümunədir. Sarsılmaz dostluğa, əbədi qardaşlığa söykənən Azərbaycan - Türkiyə strateji tərəfdaşlığı regionda sülhün, sabitliyin bərqərar olmasına, təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inkişafın daha da sürətlənməsinə istiqamətlənib. Türk dünyasının xarizmatik liderləri - böyük öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyevin "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizi sevincimizdir" və "Biz bir millət, iki dövlətik" kəlamları ilə ifadə etdikləri iki qardaş ölkənin münasibətləri bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır. Məhz hər iki ölkənin möhkəm siyasi iradəsi sayəsində region və dünya üçün mühüm əhəmiyyətə malik olan, Şərq - Qərb enerji dəhlizinin təməl sütunlarını təşkil edən qlobal layihələr, Bakı - Tbilisi - Ceyhan neft boru, Bakı - Tbilisi - Ərzurum qaz ixrac kəmərləri əfsanədən reallığa çevrilmişdir. Dünya əhəmiyyətli digər bir layihə - Şanxay ilə Londonu birləşdirəcək Bakı - Tbilsi - Qars dəmir yolu layihəsi bu gün inamla həyata keçirilir.
Tarix Türkiyə - Azərbaycan dostluğunu, qardaşlığını təsdiq edən bir çox hadisələrin şahidi olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ona ən böyük siyasi, iqtisadi dəstəyi rəsmi Ankara vermişdir. 1991-ci il noyabrın 9-da birinci olaraq Türkiyə cəsarətlə Azərbaycan Respublikasının müstəqilliyini tanıdığını bütün dünyaya bəyan etmişdi. Bu yolda kövrək addımlar atan Azərbaycana hər cəhətdən həyan duran, qazandığı dövlət müstəqilliyini qoruyub saxlamaqda, möhkəmləndirməkdə və inkişaf etdirməkdə ona ən çox dəstək verən ölkə də məhz rəsmi Ankara olmuşdur. Cənab İlham Əliyevin 2003-cü ildə Baş nazir təyin olunduqdan sonra səfər etdiyi ilk xarici ölkənin Türkiyə olması da təsadüfi deyil. Bu, münasibətlərin səviyyəsinin göstəricisi hesab oluna bilər. 2004-cü il aprelin 13-15-də Prezident İlham Əliyevin Türkiyəyə dövlət başçısı kimi ilk rəsmi səfəri də əlaqələrin inkişafı baxımından çox uğurlu olmuşdur.
Türkiyə ilə Azərbaycan arasında "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" , "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu" , "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" və digər bu kimi mühüm əhəmiyyətə malik 150-dək yüksək səviyyəli əhəmiyyətli sənədin imzalanması da münasibətlərin möhkəmlənməsindən, inkişafından xəbər verir.
Bu il iyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərində də ölkələrimiz, regionumuz və hətta ümumilikdə, Avropa və dünya üçün mühüm əhəmiyyət kəsb edən sənəd - Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqavilə imzalandı. Bunun ardınca, BOTAŞ və ARDNŞ arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşma ilə yanaşı, Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında "Ev sahibi hökuməti müqaviləsi" də imzalandı. Bu, iki ölkənin tarixində çox önəmli bir hadisə, iqtisadi, siyasi cəhətdən güclənən Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşacaq transmilli layihənin hüquqi bazasını təşkil edən mühüm sənədlərdir. Bütün bunlar, Türkiyə - Azərbaycan əlaqələrinin daim inkişaf edəcəyinin göstəricisidir.
Qonşu Gürcüstanla əməkdaşlıq
yüksək səviyyədədir
Sürətli inkişafı ilə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan regionda sabitliyin, inkişafın qarantı kimi çıxış edir. Gürcüstan ilə Azərbaycan münasibətləri də bu çərçivədə dəyərləndirilir. İki dost və qonşu dövlət arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Hər iki tərəf əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirərək, müxtəlif sahələr üzrə əməkdaşlıq etməkdədir.
1996-cı il martın 8-də Tbilisidə imzalanmış Azərbaycan Respublikası ilə Gürcüstan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında" müqavilə, eləcə də 2004-cü il martın 4-də Azərbaycan Respublikası və Gürcüstanın dövlət başçılarının Birgə Bəyannaməsi və 2004-cü il iyunun 14-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Gürcüstanın Prezidenti Mixeil Saakaşvilinin Birgə Kommunikesi ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasının əsasını təşkil edən, Azərbaycan - Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsinə yol açan mühüm sənədlərdir.
Ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ötən dövr ərzində ciddi irəliləyişlərə nail olunmuş, yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutmuş və əlaqələrin inkişaf etdirilməsi ücün geniş müqavilə-hüquq bazası yaradılmış, bugünə qədər mühüm əhəmiyyətə malik 100-dək sənəd imzalanmışdır. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi, Bakı - Tbilisi - Ceyhan neft boru, Bakı - Tbilisi - Ərzurum qaz ixrac kəmərlərinin reallaşmasında və fəaliyyətində rəsmi Tbilisinin tutduğu mövqe də önəmli olmuşdur. Bu gün həmin qlobal əhəmiyyətə malik kəmərlər Gürcüstanın həm enerji təhlükəsizliyinin qorunmasında xüsusi rol oynayır, həm də tranzit xərclərdən ölkə büdcəsinə xeyli miqdarda vəsait daxil olur. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə işbirliyi ilə reallaşdırılan Bakı - Tbilsi - Qars dəmir yolu layihəsi də ölkəni nəqliyyat dəhlizinə çevirməklə, onun əhəmiyyətini daha da artıracaq və inkişafının davamlı olmasını təmin edəcəkdir.
Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar cərcivəsində fəal əməkdaşlıq edirlər. 2008-ci il mart ayının 14-də BMT Baş Məclisində "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamənin qəbulu ilə bağlı kecirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs vermişdir. 2009-cu ilin sentyabrın 9-da BMT Baş Assambleyasında Gürcüstanın təşəbbusu ilə irəli sürülmüş "Gürcüstanın Abxaziya və Gürcüstanın Cənubi Osetiyanın Tsxinvali rayonundan olan məcburi köçkün və qaçqınların vəziyyəti" adlı qətnaməyə dair səsvermə zamanı Azərbaycan Gürcüstanı dəstəkləmişdir. 2010-cu il sentyabrın 7-də BMT Baş Assambleyasında "Abxaziya (Gürcüstan) və Cənubi Osetiyada (Gürcüstan) məcburi köçkun və qaçqınların vəziyyəti barədə" qətnamənin qəbulu ilə bağlı səsvermə zamanı da Azərbaycan qeyd olunan sənədin lehinə səs vermişdir.
İki ölkə arasında humanitar və elmi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədə inkişaf etməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər və qarşılıqlı səfərlər yeni-yeni əməkdaşlıq imkanları yaratmış, iki ölkənin mədəni və elmi ictimaiyyətinin bir-birini tanımasına və birgə layihələrin həyata keçirilməsinə kömək etmişdir. Eyni zamanda, hüquq-mühafizə, ədliyyə və digər dövlət qurumları arasında əməkdaşlıq əlaqələri qurulmuş, muxtəlif sazişlər imzalanmış və qarşılıqlı səfərlər təşkil edilmişdir.
Azərbaycan - İran əlaqələri
regional təhlükəsizliyin gələcəyi
üçün önəmlidir
Bu gün regionumuzun qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində Azərbaycanın irəliyə sürdüyü humanist təşəbbüslər dünya dövlətləri tərəfindən alqışlarla qarşılanır, rəsmi Bakının həyata keçirdiyi ədalətli sülh siyasəti onun nüfuzunun daha da artmasına rəvac verir. Azərbaycan bütün qonşularıyla qarşılıqlı, faydalı əməkdaşlığa üstünlük verir, dünyəvilik prinsiplərinə söykənən siyasi idarəçilik sistemindən fərqli quruluşa, rejimə malik olan İran İslam Respublikası ilə də əməkdaşlığı diqqət mərkəzində saxlayır.
Bərabərhüquqlu əməkdaşlığın əhəmiyyətini anlayan hər iki tərəf münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Ölkələrimiz arasında "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" sazişin, "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair protokol"un, "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu"nun və digər mühüm sənədlərin imzalanması da tərəflərin münasibətləri inkişaf etdirməkdə güclü siyasi iradəyə malik olduğunu göstərən amillərdəndir. Azərbaycan - İran əlaqələrinin möhkəmləndirilməsi ölkələrimizlə yanaşı, bölgədə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Münasibətlərin gələcək taleyi həm ölkəmiz, həm də İran üçün çox vacibdir. Lakin zaman-zaman reallığı düzgün qiymətləndirməyən İrandakı bəzi dairələr, bəzən hətta dövlət səviyyəsində əlaqələrimizə mənfi təsir göstərən addımlar atırlar. Bir ölkə qonşu dövlətin siyasi quruluşuna hörmətlə yanaşırsa, onun daxili işinə müdaxilə etmirsə, onda bu, qiymətləndirilməli, münasibətlər də bu çərçivədə müəyyənləşdirilməlidir. Dövlətlər informasiya-təbliğat sahəsində də biri-birinə hörmətlə yanaşmalı, bu yolla ölkələrin daxili işlərinə qarışmağın yolverilməz olduğu bilinməlidir. Belə cəhdlər qarşıdurmaya aparır. Azərbaycan hər şeyə rəğmən regionda təhlükəsizliyin təminində İranın rolunu yüksək qiymətləndirir və onunla mehriban qonşuluq siyasətini davam etdirmək niyyətindədir. BMT Təhlükəsizlik Şurasındakı mövqeyimiz də məhz həmin siyasəti əks etdirir.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 7 avqust.- S. 2.