Lənkəran: bütün sahələr inkişaf edir, həyat gözəlləşir

 

Cənub bölgəsinin mərkəzi, subtropik zonanın "paytaxtı" sayılan Lənkəran hər zaman Azərbaycanın gəzməli-görməli ünvanlarından olub. Son dövrlərdə rayonun inkişafına dövlət səviyyəsində göstərilən qayğının daha da artırılması nəticəsində Lənkəran özünün ikinci gəncliyinə qovuşmaqda, müasir infrastruktura sahib olmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bölgəyə vaxtaşırı səfərləri zamanı Lənkəranda aparılan abadlıq-quruculuq işlərini layiqincə qiymətləndirmiş, tərəqqi layihələrinin sürətləndirilməsinə daim əməli dəstək göstərmişdir.

Xatırladaq ki, dövlət başçısının 8 iyun 2012-ci il tarixli sərəncamı ilə 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 4 milyon manat vəsait Lənkəran Şəhər İcra hakimiyyətinə ayrılmışdır. Hazırda həmin yolun inşası davam etdirilir. Prezidentin həmin sərəncamı imzalamasından vur-tut 53 gün sonra, avqustun 1-də Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında daha bir sənəd imzalamışdır. Bu sərəncama əsasən Lənkərana daha 5 milyon manat vəsait ayrılmışdır.

Sözügedən sərəncamın imzalandığı ərəfədə cənub bölgəsinə növbəti tarixi səfəri zamanı Lənkərana gələn Prezident İlham Əliyev abadlaşdırma işləri ilə tanış olmuş və lənkəranlıların qurub-yaratmaq səylərini yenə də yüksək dəyərləndirmişdir. Elə məlum sərəncam da Lənkəranda get-gedə güclənən sosial-iqtisadi inkişaf meyllərinin ən yüksək səviyyədə dəstəkləndiyini təsdiqləyir.

Bu ilin aprelində idarəetmə sahəsində böyük təcrübəsi olan Taleh Qaraşov Lənkərana icra hakimiyyəti başçısı təyin ediləndən sonra rayonun həyatında əsl canlanma yaranmış, camaatın fəallığı daha da artmış və dövlət qayğısından ruhlanan hər kəsin doğma diyarın tərəqqisinə töhfələr vermək əzmi güclənmişdir. Abadlıq-quruculuq yürüşünün genişləndirilməsi, hər həftə minlərlə sakinin könüllü şəkildə ümumrayon iməciliklərinə qatılaraq əraziləri səliqə-sahmana salması, şəhəri gül-çiçəyə qərq etməsi vətənpərvərlik məramının layiqincə dəyərləndirilməsinə vəsilə olmuşdur.

İyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Lənkərana gələrək burada yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, Gənclər Mərkəzinin və otel kompleksinin təməllərini qoymuş, Bayraq Meydanını gəzmiş, habelə Dövlət Sərhəd Xidmətinin əsaslı təmir olunan sərhəd dəstəsi qarnizonuna baş çəkmişdir. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlətimizin başçısı demişdir ki, bu, onun Prezident kimi Lənkərana səkkizinci səfəridir. Həyata keçirilən tədbirlərdən razılığını bildirən İlham Əliyev lənkəranlıların quruculuq əzmini təqdir etmişdir: "...Çox şadam ki, Lənkəranda işlər yaxşı gedir. Rayon inkişaf edir, şəhər gözəlləşir, abadlaşır, gözəl binalar ucaldılır. Bu gözəl mərkəz də həm memarlıq, həm funksional baxımdan çox dəyərlidir, qiymətlidir, ulu öndərin xatirəsinə ehtiramın əlamətidir... Biz hamımız ulu öndərin siyasi xəttinə sadiqik, bu xətti davam etdiririk. Lənkəranda son illər ərzində görülmüş işlər bu siyasətin bariz nümunəsidir, onun təzahürüdür".

Diqqət, qayğı və qiymətdən vəcdə gələn yerli ictimaiyyət, sadə vətəndaşlar Prezidentin Lənkərana növbəti dəfə səfər etməsindən hədsiz dərəcədə məmnunluq duymuş, sevinmişlər. Onlar bir daha əmin oldular ki, dövlət başçısının bölgəyə hər səfəri mütləq xeyrə calanır, sosial inkişafı sürətləndirir, gözəllikləri artırır, güzəranın daha da yaxşılaşmasına təkan verir. Görüş zamanı Lənkəranın sosial-iqtisadi inkişafı ilə bağlı yeni sərəncam imzalayacağını söyləyən Prezident bundan cəmi bir gün sonra vədinə əməl etmişdir. Onu da qeyd etmək lazımdır ki, sərəncamın başlıca mahiyyəti - sosial inkişaf üçün samballı həcmdə dövlət vəsaiti ayrılması ilə bərabər, sənədin preambulası da onu oxuyanların qəlbini qürur hissi ilə döyündürür.

Sərəncamda göstərilir ki, zəngin tarixi yol keçmiş Lənkəran şəhəri əsrlər boyu ölkəmizin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayıb. Rayonun ərazisində müasir dövrədək mühafizə olunmuş Bəlləbur qalası, Dairəvi qala, Şeyx Zahid və Seyid Xəlifə türbələri, eləcə də Lənkəran mayakı və digər tarixi memarlıq abidələri maddi mədəniyyətin qiymətli nümunələri sırasındadır. Hirkan Milli Parkı, Qızılağac Dövlət Təbiət Qoruğu və Kiçik Qızılağac Təbiət Yasaqlığı bölgənin flora və faunasının zənginliyini əks etdirir. Füsunkar təbiəti, məhsuldar torpaqları hazırda da Lənkəranın iqtisadiyyatının əsasını təşkil edən qədim ənənəvi əkinçilik və bağçılıq mədəniyyətinin formalaşmasını şərtləndirmişdir.

Xüsusi vurğulanır ki, respublikanın hazırda mühüm sosial-iqtisadi, mədəni və turizm mərkəzlərindən birinə çevrilməkdə olan Lənkəran şəhərində bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Hava limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika, Uşaq Sağlamlıq və Əlillərin Reabilitasiya mərkəzləri, mehmanxana və istirahət obyektləri, sənaye müəssisələri istifadəyə verilmişdir. Bütün bunlar nəzərə alınaraq, Lənkəran şəhərinin tarixi-mədəni irsinin mühafizəsi və bərpası, şəhərsalma, istirahət, turizm infrastrukturunun bölgənin təbiətinə, memarlıq ənənələrinə uyğun müasir şəkildə yenidən qurulması işlərini sürətləndirmək məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır.

Lənkəranlılar tarixi səfərin hər anını sonsuz fəxrlə xatırlayır, rayona qayğıdan hədsiz fərəh və minnətdarlıq hissləri keçirirlər. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov bu barədə deyir:

-Səkkiz ildə səkkizinci dəfə Lənkərana səfər edən möhtərəm Prezidentimiz bununla bizə böyük etimad göstərmişdir. Heydər Əliyev Mərkəzindəki görüş zamanı dövlət başçısının söylədiyi fikirlər, verdiyi tövsiyələr bizi daha məsuliyyətli olmağa, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə daha ciddi yanaşmağa ruhlandırır. İyun ayında 24 kilometrlik kəndlərarası yolun tikintisinə 4 milyon manat, bu ayın ilk günündə isə digər sosial quruculuq işlərinə 5 milyon mamat həcmində vəsait ayrılması ölkənin iqtisadi qüdrətinin, Prezidentin regionların inkişafına daimi diqqətinin göstəricisidir. Bütün bunların sayəsində indi Lənkəran nəhəng inşaat meydanına çevrilib. Lənkəranlılar doğma yurdun tərəqqisi yolunda fədakarlıqlarını əsirgəmir, möhtərəm cənab Prezidentimizin uzaqgörən siyasətini ürəkdən bəyənib dəstəkləyir, etimadı şərəflə doğrultmağa çalışırlar.

Lənkərana budəfəki səfərində dövlətimizin başçısı görülmüş işlərdən razılığını ifadə etdi: "Lənkəranın uğurlu inkişafı demək olar ki, ölkəmizdə gedən bütün prosesləri özündə cəmləşdirir. Biz növbəti illərdə daha da sürətli inkişafa nail olmalıyıq ki, Lənkəran şəhəri də, rayonu da gözəlləşsin, abadlaşsın, insanlar daha da yaxşı yaşasınlar". Cənab Prezident proqram xarakterli nitqində Lənkəranın sosial-iqtisadi tərəqqi proseslərini ardıcıllıqla təhlil etdi, infrastruktur layihələrdən danışdı, turizm potensialını, enerjidaşıyıcıları ilə təchizatı, sahibkarlığın genişləndirilməsi vacibliyini, içməli su və kanalizasiya problemlərinin həllini nəzərə çatdırdı. Məhz Dövlət Proqramının icrasının bu problemlərin həlli üçün əsas mexanizm olduğunu vurğuladı. Rəhbər tövsiyələrin yaxın dövrlərdə əməli işlərə çevrilməsi üçün əlimizdən gələni edəcəyik.

Yaxşı iş üz ağardar, xeyir-bərəkət gətirər, hər kəsə qol-qanad verər. Lənkəranda qısa müddətdə başlanan quruculuq tədbirləri diqqətdən yayınmır, adamların dövlətçiliyə, dövlət orqanlarına inamını gücləndirməklə bərabər, start verilən möhtəşəm işləri eyni vüsətlə davam etdirmək, uğurları daha da artırmaq üçün zəruri maddi-mənəvi stimul da yaradır. Üç ay ərzində icra hakimiyyətinin başçısı rayonun, demək olar ki, bütün yaşayış ərazilərində sakinlərlə işgüzar görüşlər keçirib, problemlərlə maraqlanıb və həllinə kömək edib. Rayonda abadlıq işləri genişlənib, təchizat yaxşılaşıb və yüksəlişin möhkəm təməli qoyulub.

Müsbət saldo rayonun yarımillik göstəricilərində də əksini tapmışdır. Hesabat yığıncağında bildirildiyi kimi, ümumi məhsul buraxılışı 5,5 faiz artaraq 88,5 milyon manata çatmışdır. Bol taxıl, kartof, tərəvəz, xeyli yaşıl çay yarpağı yığılmışdır. On çeşiddə 6,4 milyon litr keyfiyyətli süd məhsulu emal olunaraq həm daxili, həm də xarici bazarda satılmışdır. Müəssisələrdə 20 min ton balıq unu, 110 ton quru çay istehsal edilmişdir. Moskvada keçirilən yeyinti məhsullarının beynəlxalq sərgisində Gilan-Lənkəran konserv zavodunun təqdim etdiyi feyxoa və heyva kompotları, gilas və zoğal mürəbbələri qızıl medala layiq görülmüşdür. Hazırda aqrar sahə və emal sənayesi genişlənir. Eyni zamanda tikinti-quraşdırma işlərinə sərf olunan investisiyanın həcmi 14,9 milyon manat olub.

Abadlıq sahəsində xeyli irəliləyiş var. Küçə və yol kənarlarında olan on minlərcə kvadratmetrlik hasar və istinad divarları suvanıb, rənglənib, səki daşları qaydaya salınıb. Rayonun giriş qapısı sayılan Qumbaşı kəndindən Göyşaban kəndinədək olan ərazidə işıq dirəkləri yeniləri ilə əvəz olunub. Heydər Əliyev Xatirə Parkında Heydər Əliyev Mərkəzinin, ulu öndərin adını daşıyan prospektdə Bayraq Meydanının tikintisi başa çatdırılıb. Dörd hektarlıq park yenidən abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb. Burada asudə vaxtın səmərəli keçirilməsi üçün zəruri şərait yaradılıb. Rayona səfəri zamanı dövlət başçısı ümumi sahəsi on dəfə artaraq 3 min kvadratmetrə çatan, interyeri nəfis tərtibatda işlənən ikimərtəbəli mərkəzi bəyənib.

Mərkəzin muzeyində dahi şəxsiyyət Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər, fotolar toplanmışdır. Muzeylə tanışlıq bir daha göstərir ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə Lənkərana səfərləri rayonun tərəqqisi ilə xarakterizə olunub. Bu səfərlər Lənkəranın tarixinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi düşmüşdür. Mərkəzdə Prezident İlham Əliyevin Lənkərana səfərlərini əks etdirən fotolar da var. Burada 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqvistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və digər intellektual oyun otaqları, kompyuter kursları və virtual sinif yaradılıb. Elektron kitabxana vasitəsilə dünyanın 45 ölkəsinin müvafiq kitabxanaları ilə əlaqə saxlamaq mümkündür.

Mərkəzdəki 300 yerlik akt və 80 yerlik konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait var. Zallar müasir akustika sistemləri ilə təchiz olunmuşdur. Burada ictimaiyyət nümayəndələri ilə görüşən dövlət başçısı sonda onlarla xatirə şəkli çəkdirmişdir.

Mənsur Ağayev, əməkdar müəllim:

-Möhtərəm Prezidenti Lənkəran ictimaiyyəti adından salamlamaq şərəfi mənə nəsib oldu. Mən 40 ilin müəllimi, 20 ilin məktəb rəhbəriyəm. Dövlət başçısına dedim ki, Sizin qayğınız sayəsində Lənkəran sürətlə inkişaf edir, Azərbaycanın mədəni mərkəzlərindən biri kimi tanınır. Lənkəranda dram teatrı, musiqi məktəbləri, muzeylər fəaliyyət göstərir ki, bu da onun zəngin mədəniyyət mərkəzi olmasından soraq verir. Prezidentin sosial sahəyə verdiyi önəmi xüsusi vurğuladım, onun təhsilin maddi-texniki bazasının gücləndirilməsinə daim diqqət göstərməsini məmnuniyyətlə xatırlatdım. Bütün bunlara görə ölkə rəhbərinə lənkəranlıların səmimi minnətdarlığını çatdırdım. Görüşdən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də həmin unudulmaz anların fərəh dolu, xoş təəssüratı qəlbimi tərk etməyib...

Lənkəranda görülən müsbət işlərdən biri də evləri qəzalı vəziyyətə düşən sakinlər üçün 24 mənzilli yeni yaşayış binasının tikilməsidir. Şəhərin sakinləri hələ 9 il öncə yenicə Prezident seçilmiş İlham Əliyevin Lənkəranda başqa bir binanın uçması ilə əlaqədar gecə ilə dərhal Bakıdan hadisə yerinə gəlməsini, vəziyyətlə tanış olub dəymiş ziyanın aradan qaldırılması üçün operativ göstərişlər verməsini, xəstəxanaya yaralılara baş çəkməyə getməsini yaxşı xatırlayırlar. Bu, bir örnək idi. İndi zərərçəkənlərə əməli yardımçı olmaq artıq ənənəyə çevrilib. Altı ayda vətəndaş müraciətlərinə əsasən şəhər icra hakimiyyəti tərəfindən ehtiyacı olan əhaliyə 32 min manat dəyərində tikinti materialı, 70 min manatlıq ərzaq və maddi yardımlar verilmişdir. Yeri gəlmişkən, Lənkəran ictimaiyyətinin nümayəndələri ilə görüşündə cənab Prezident qəzalı vəziyyətə düşmüş məktəb binaları ilə bağlı fikirlərini də açıqlamışdır: "Qəzalı vəziyyətdə olan məktəblər Lənkəranda da, başqa bölgələrdə də hələ ki, vardır. Baxmayaraq ki, son illərdə 2 mindən artıq məktəb tikilmişdir, hələ ki, qəzalı vəziyyətdə məktəblər vardır. Biz çalışacağıq ki, bütün qəzalı məktəbləri gələn ilin sonuna qədər əsaslı şəkildə bərpa edək".

İndinin özündə Lənkəranda məktəb tikintisi sürətlə gedir. Şilavar kəndində 220, Hirkanda 480, Xarxatanda 360, Vilvanda isə 640 şagird yerlik yeni orta məktəb binaları inşa olunur. Səhiyyəyə, idmana, kənd yollarının tikintisinə xüsusi diqqət ayrılır.

Bölgəyə ötən səfərlərində Prezident İlham Əliyev Astarada və Masallıda tikilmiş Gənclər Mərkəzləri ilə tanış olmuş, regionun qabaqcıl gəncləri - sabahın sahibləri ilə görüşmüşdü. Bu səfərində isə Lənkəranda Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir. Orada dövlət başçısına məlumat verildi ki, Lənkəranda inşa edilən yeni yaşayış kompleksi hər biri yeddimərtəbəli 14 binadan ibarətdir. Mənzillər bir-beş otaqlıdır. Gələcək Gənclər Mərkəzinin isə ümumi sahəsi 850 kvadratmetr olacaq, ikimərtəbəli binada asudə vaxtın səmərəliliyi üçün hər cür şərait yaradılacaq. Kafe, diskoteka, tir, kino zalları, kompyuter və oxu zalları, yaradıcılıq studiyaları olacaq.

Sərhəd dəstəsi üçün qarnizonda, otel kompleksində və Bayraq Meydanında da sərgilənən fədakar quruculuq nümunələri, tikinti-abadlıq işləri fərəhli duyğular yaradır. Prezident İlham Əliyev obyektlərlə hərtərəfli tanışlıqdan sonra lazımi tapşırıq və tövsiyələrini vermiş və lənkəranlılara uğurlar arzulamışdır.

Daha bir tarixi səfər beləcə başa çatmış, gələcək xoş günlərin müjdəçisinə çevrilmişdir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 7 avqust.- S. 4.