Qloballaşma fəlsəfəsi və Azərbaycan
Qloballaşma
nədir və son dövrlərdə leksikonumuza daxil olmuş
bu terminin yaranma tarixi nə vaxtdan başlayır? Qloballaşma
və onun mahiyyəti barədə fikirlər ilk olaraq XX əsrin
60-cı illərində səslənməyə
başladı. Dünyada baş verən iqtisadi və siyasi dəyişikliklər,
bir sıra sahələrdə bütövləşmənin,eyniləşmənin
baş verməsi bu terminin istifadəsinə yol açdı.
Buna bütünləşmə, kürəsəlləşmə
kimi adlar da vermək olar. Hansı sahədə olursa -olsun- istər
siyasət,istər iqtisadiyyat,istərsə də mədəniyyət
- bu, bir eyniləşmə prosesidir. Lakin 1983-cü ildə
Teodor Levitin özünün "Bazarların
qloballaşması" əsərini yazmaqla və bu terminin
elmi izahını verməklə, həm də bu sözü
sanki patentləşdirdi.Bundan sonra amerikalı sosioloq-alimlər,
xüsusilə Robertson bu termindən daha çox istifadə edərək
onu elmi-ictimai səviyyədə geniş yaydılar. Azərbaycanda
isə akademik Ramiz Mehdiyev, Səlahəddin Xəlilov və digər
filosof və politoloqlar qloballaşma barədə elmi məqalələr
və əsərlər yazdılar.
Əslində, tarixin
müxtəlif dövrlərinə nəzər salsaq, indi qloballaşma
adlandırdığımız bu fəlsəfi
terminin mahiyyətini görmək
mümkündür.Hələ Makedoniyalı İskəndər
Şərqə yürüş edərkən,onun
əsas amalı Asiyanı fəth etmək və yunan ellin mədəniyyəti
ilə Yaxın Şərq elam mədəniyyətini
birləşdirmək,qədim Aristotel,Platon
fəlsəfəsi ilə Şərq fəlsəfəsini sintez etmək idi. Bu ideyalarla o
dünyaya yeni düzən
vermək və yəni "özü
yaratdığı" dünyanı idarə etmək istəyirdi.
Sonralar xristian dini yarandıqdan sonra ideoloji mərkəzi Roma və Konstantinopol olan dini yayılma arealı meydana gəldi. Bütün Avropa
və Afrikanın böyük bir hissəsi sürətlə
xristianlaşmağa doğru
getdi.Bununla da adət-ənənələrə təsir mexanizmi kimi Avropanın Şərqə doğru genişlənmək istəyi
onun xaç yürüşlərində özünü
biruzə verdi.
Bundan əlavə, İslam dininin Ərəbistan yarımadasında
meydana gəlməsi və hələ də tayfa,qəbilə strukturu ilə yaşayan bədəvi ərəblərin sürətlə
birləşməsinə və
yeni güc mərkəzinin yaranmasına
gətirib çıxardı.Ərəblər
İslam dininin onlara verdiyi ideoloji -mənəvi gücdən qüvvət
alaraq yarımadanın
sərhədlərini aşdılar
və Atlantik okeanından-Hindistana qədər
əraziləri nəzarət
altına aldılar.Nəticədə
yeni din özü ilə yeni yaşama
modeli,yeni həyat tərzi,yeni dil,yeni əlifba gətirərək
bu coğrafiyada hakim mövqeyə çevrildi.Ərəblər
İslam dini vasitəsilə dünyanın
super etnoslarından birinə
çevrilərək bir
çox təsir rıçaqlarına sahib oldular.
Bundan savayı, Osmanlı imperiyasının mövcud
olduğu dönəmdə
türk-islam mədəniyyəti
mərkəzi Avropaya,
İtaliya və Avstriyaya qədər gedib çıxdı.
Lakin digər xalqların yaşam tərzinə zorla deyil, öz
cazibədarlığı ilə
təsir etdi. Qeyd olunan bu ərəb-türk
fəthlər dövrünü
"İslam qloballaşması"
adlandırsaq daha doğru olardı. Bütün bunlar qloballaşmanın tarixi köklərinin hələ qədimlərə
gedib çıxdığını
bir daha sübut edir. Dəyişilən sadəcə
coğrafi arealın dünyanı əhatə
etməsi, qarşısıalınmaz
sürət faktoru,axının Qərbdən
gəlməsi, mühafizəkar
baxışların aradan
qalxması və iqtisadi amillərdir.
Qloballaşma ideyası müasir günümüzdə anqlo-sakson
idarəetmə sisteminin
yeni üsullarından
biri kimi də dəyərləndirilir. Hələ, XVIII əsrin ortalarından başlayan ingilis müstəmləkəçilik siyasəti XX əsrin ortalarına kimi davam etmiş və bir müddət
dünya dövlətlərini
öz iqtisadiyyatından
asılı vəziyyətə
gətirmişdi.Lakin SSRİ-nin ərəb və Afrika dövlətləri üzərində
təsiri və onlara yardımı nəticəsində ingilis
müstəmləkəçilik sistemi 1950-ci illərdən
sonra getdikcə iflasa uğradı. Təşəbbüsü ələ
almağa cəhd edən Amerika isə SSRİ ilə bir çox siyasi məsələlərdə
kompromisə gedir və bu super dövlətin maraqlarına
zidd getməyə bir növ cəsarət
etmirdi.Lakin SSRİ dağıldıqdan
sonra Avropanın və Amerikanın postsovet və Yaxın Şərq ölkələri üzərində
nüfuzu getdikcə artdı və qloballaşmanı həyata
keçirmək üçün
real imkan ələ düşdü. Hazırda
Çini, İranı
və bəzi dövlətləri çıxmaq
şərti ilə bu proses bütün
dünya ölkələrinin
daxil olduğu bir sistem halına
gəlməkdədir. Qloballaşma bir çarx kimi dünya üzərində hərəkət
edir və dövlətlər bir-birinin
ardınca bu çarxın hərəkətinin
iştirakçısına çevrilir. Bu çarx
siyasi,iqtisadi,texniki, sosial və mədəni sahələri
bilavasitə nəzarətdə
saxlamaq,inkişaf etdirmək
və ya iflasa uğratmaq üçün böyük
dövlətlərin, ələxsus
da ABŞ-ın "görünməz silah"ı
kimi də qiymətləndirilir.
Görünən
və görünməyən tərəflər
Əvvəla,
onu qeyd edək ki, qloballaşma ilk növbədə dövlət
və cəmiyyət arasındakı dərin
bağlılığa müsbət və mənfi mənada təsir
göstərən tərəflərə malik prosesdir. Bu barədə
fəlsəfə elmləri doktoru, hörmətli akademikimiz
Ramiz Mehdiyevin fikirləri maraq doğurur: "
Qloballaşmanın milli məkanlara təsiri prosesində
dövlətin daxili siyasi inkişafı böyük əhəmiyyət
kəsb edir. İnteqrasiya proseslərinin təsiri yeni
qavrayış, təfəkkür tərzi
formalaşdırır, sonra isə yeni dövrün bu
komponentlərinə həyat verir. Davranışın yeni
stereotipləri və formaları meydana gəlir. Demokratik
dövlət kimi Azərbaycan hüquqi və demokratik əsasları
möhkəmləndirmək istiqamətində irəliləyir.
Müstəqillik əldə edildiyi gündən 16 il keçəndən
sonra əminliklə demək olar ki, əslində, totalitar dövrün
kütləvi şüur formasının açıq, şəffaf
və demokratik cəmiyyət elementləri ilə zənginləşmiş
şüur forması ilə əvəz olunmasını nəzərdə
tutan ictimai transformasiya baş vermişdir. Bu,
bütövlükdə cəmiyyətdə yeni siyasi oriyentirlərin
formalaşmasına əhəmiyyətli təsir göstərir,
funksional baxımdan yeni siyasi təşkilatların
yaradılmasına gətirib çıxarır. Formalaşan
siyasi məkan xeyli dərəcədə əhalinin
bütün təbəqələrinin mənafelərini ifadə
edir. Demokratik cəmiyyətdə monosentrik siyasi sistemlərdən
danışmağın əsassız olması tamamilə təbiidir.
Lakin siyasi məkan hətta ikiqütblü, yaxud polisentrik olsa
belə, kütlənin tələblərinə cavab verməli,
əhalinin mənafelərini ifadə etməli, inkişafa və
tərəqqiyə kömək göstərməli,
başlıcası isə dövlət müstəqilliyinin əsası
kimi milli suverenliyi, - o cümlədən daxili siyasi məsələlərdə,
- qoruyub saxlamalıdır."
Son illər dünyada baş verən hadisələr onu göstərdi ki, istər iqtisadi olsun,istərsə də siyasi proseslər - bunların hamısı sanki bir nöqtədən idarə edilməkdədir. Qəti demək olmaz ki, bu idarəetmə sükanı sırf ABŞ-a məxsusdur. Nə qədər güclü göstəricilərə malik olsa da ABŞ-a alternativ ola biləcək dövlətlər mövcuddur.Lakin bir şeyi unutmaq olmaz ki, böyük dövlətlər böyük addımları atarkən bir neçə illər onun strateji planını hazırlayır sonra bu işə başlayır. Nəzərə alsaq ki, Qərbin xüsusilə ABŞ-ın sosioloji və strateji institutları dövlətin strategiyasının qurulmasında böyük rol oynayır, onda verilən qərarların, bəlkə də, uzun illər öncə hesablandığı və həyata keçirilməyə start götürüldüyü faktoru dəqiqləşir. Bu baxımdan dövlətin dünyanı əhatəyə alan bu prosesdə cəmiyyətlə olan ənənəvi bağlılığını daha da artırmaq və ölkəmizin qaçılmaz qlobal layihələrdən kənarda qalmaması şərti ilə daxili ideya bütövlüyünü əlində saxlaması son dərəcə vacibdir.
Üç hədəf
Qloballaşmanın
üç hədəfi dedikdə, şübhəsiz ki, siyasət,mədəniyyət
və iqtisadiyyat sahələri nəzərdə tutulur.
Qloballaşmanın siyasi hədəfi əsasən beynəlxalq birliklərin qurulması,inkişaf etdirilməsi, dünya idarəetməsində aparıcı mövqe əldə etməsidir. Bu proses dünyanın hegemon təşkilatları Beynəlxalq Amnistiya Təşkilatı, Beynəlxalq Şəffaflıq Təşkilatı, Avropa İnsan Haqları Məhkəməsi, İnsan Haqları İzləmə Komitəsi və s. kimi transmilli, Avropa Birliyi, NAFTA, BMT kimi beynəlxalq qurumlara həvalə edilməkdədir.Bu beynəlxalq qurumlar siyasi,iqtisadi və mədəni sahələrdə təşəbbüsü ələ almaq,proseslərə müdaxilə etmək, və onları idarə etmək səlahiyyətinə sahib olmağı əsas götürürlər. Bu da öz növbəsində ABŞ-ın dünyadakı pərdəarxası siyasi hakimiyyətini ifadə edir. Bir çox tədqiqatçılar ABŞ-ın həyatımızın bütün sahələrinə təsirinin sübutu kimi belə bir fikiri əsas götürürlər. Vahid dünya dövləti kimi utopik ideyaları irəli sürən qloballaşmaya izah verənlər əslində bu ideologiyanın ABŞ-ın bəşəri dominantlıq istəyinə xidmət etdiyini qeyd edirlər.
Qloballaşmanın mədəni hədəfi siyasi hədəfinə alternativ olaraq aparılır və belə desək "bir güllə atmadan" prinsipi ilə hərəkət etməyi və məqsədə çatmağı əsas götürür. Qloballaşmanın mədəni istiqaməti hədəf götürməsini şərtləndirən amillərdən ən əsası milli-ictimai dəyərlərin arxa müstəviyə keçməsi,kosmopolit dəyərlərin xalqların həyatını əhatə etməsi və öz praktik əhəmiyyətini artırmasıdır.
Dünyada qloballaşma çarxının hərəkəti sürətləndikcə millətlərin minillərdən bəri qoruyub saxladığı adət-ənənə sisteminin fəaliyyəti tədricən səngiyir. Bəzi tədqiqatçılar qloballaşma prosesinin mədəniyyətlərə təsir etmədiyini,bunun sadəcə mühafizəkar alimlər tərəfindən bir kompleks halına gətirildiyini iddia edirlər. Lakin müşahidələr və gerçəklik onu göstərir ki, bu beynəlxalq prosesin milli mədəniyyətlərə və onların fəaliyyətinə təsiri var və bu təsir zahirən hiss edilməsə də öz aktuallığını artırmaqdadır. Doğrudur, dünyada Yaponiya, Tayvan, Sinqapur, Honkonq nümunələrini göstərməklə qloballaşmanın mədəniyyətlərə təsirinin mümkün olmadığı təəssüratını yarada bilərik. Amma nəzərə alaq ki, bu ölkələr həm dini-fəlsəfi dünyagörüşü çox konservativ olan xalqların yaşadığı ölkələrdir, həm də ümumiyyətlə bu dövlətlərdə siyasətin istiqaməti,modeli digər dövlətlərdən fərqlidir. Bundan əlavə, bilmək olmaz ki, gələcəkdə bu ölkələr həmin proseslərdən nə dərəcədə sığortalanmışdır. Çünki müasir kommunikasiya və informasiya texnologiyalarının "ildırımsürətli" inkişafı və yayılması, internet imkanlarının genişlənməsi məlumat bolluğunu elə səviyyəyə qaldırmışdır ki, insanlar başqa məfhumlar barədə fikirləşmək belə istəmir,yalnız yeni fikir,ixtira,icad,hər hansı bir hadisə haqqında düşünür və danışırlar. Məlumatların rəngarəngliyi bəzən xeyirli olsa da, əksər hallarda cəmiyyətin gözləmədiyi şəkildə alt şüur deformasiyasının başlanması ilə nəticələnir. İnsanların aldıqları kortəbii və bol informasiya onların müstəqil düşünmək, fikir yürütmək, əl-qol açmaq,ənənəvi addımları bir də atmaq kimi vərdişlərini minimuma endirir. Artıq cəmiyyət dünyada qürurla qeyd etdiyi özünəməxsusluğunu sanki arxivə atmış olur və tədricən başqa bir cəmiyyətin klonuna çevrilir. Bir sözlə, qloballaşma mədəniyyət çərçivəsində dinə,dilə,sosial həyata,incəsənətə təsir edərək Qərb düşüncə sistemini təbliğ edir.
Qloballaşmanın iqtisadi hədəfi qeyd etdiyimiz hədəflərdən daha sürətli və genişmiqyaslı xarakter daşıyır. Belə ki, iqtisadiyyat hər zaman yaşamın əsas şərti olduğu üçün məqsədyönlü məsələlərdə ən çox istifadə edilən və əhəmiyyəti çox olan sahədir. Bu baxımdan qloballaşmanın ideoloji mahiyyəti iqtisadi qloballaşmanı ön plana keçirməklə, ölkələrin milli iqtisadiyyatlarının vahid bir iqtisadi sistem halında birləşməsi,onların qarşılıqlı asılı vəziyyətə gəlməsi və dövlətlər arasındakı bütün iqtisadi münasibətlərin liberallaşmasıdır.Bu proses əsasən milli dövlətlər arasında hər cür maliyyə,iqtisadi və informasiya sərhədlərini aradan qaldırmalı,azad ticarət,azad rəqabət və tam sərbəstlik üçün əlverişli şəraitin yaradılmasına hesablanmışdır.
Qloballaşmaya iqtisadi baxımdan nəzər saldıqda bəzi komponentləri birmənalı olaraq görmək mümkündür. Məsələn "Coca-Cola", "Adidas", "Samsung", "Nokia", "BMW" ," Mercedes" "Mcdonalds" ticarət nişanlarının dünyada əsas brendlərə çevrilmələri bu kimi transmilli şirkətlərin son dərəcə aktiv fəaliyyət göstərmələrinə gətirib çıxarıb.Lokal bazar və müştəri uğrunda zaman-zaman gedən mübarizə beynəlxalq səviyyədə aparılır. Dünyanın istənilən nöqtəsində oturub istənilən ərazinin bazarlarına daxil olmaq mümkündür.Bütün bunlar iqtisadi qloballaşmanın göstəriciləridir.
İqtisadi qloballaşmanın 2 əsas komponenti var: birinci qlobal bazarın yaranması və ikinci istehsalın qloballaşması. Qlobal bazar tarixən bir-birindən ayrı olan milli bazarların bir yerə cəmləşdiyi nəhəng çətirdir. Yuxarıda sadalanan ticarət nişanlarının bütün dünyada istehlak məhsulu kimi qəbul olunması qlobal bazarın ən bariz nümunəsidir. Müxtəlif milli zövq və seçimlər qloballaşmaya ən böyük maneə kimi görünsə də, artıq qloballaşma dünyada xüsusi vahid zövq, dəb və seçim meydana gətirmişdir. Qlobal bazarın ən əsas və diqqəti cəlb edən xüsusiyyətlərindən biri budur ki, daxili bazarda bir-birinə rəqib olan transmilli şirkətlər artıq vahid dünya bazarı uğrunda rəqabət aparırlar, həmçinin əksinə yerli bazara daxil olan xarici rəqiblərə qarşı mübarizə aparırlar.
İqtisadi qloballaşma kapitalın hərəkətini sürətləndirən və yeni ideyaların tətbiqini təmin edən vahid qlobal maliyyə və informasiya məkanının formalaşması və inkişafı prosesidir. Tanınmış alim Manuel Kastels qlobal iqtisadiyyatı bütün planet miqyasında real zaman rejimində işləmək qabiliyyəti olan vahid iqtisadi sistem kimi xarakterizə etmişdir. Manuel Kastelsə, görə dünya iqtisadiyyatının qloballaşması anlayışı dünya təsərrüfatının inteqrasiyası anlayışından daha genişdir.
Beləliklə faktlar onu göstərir ki, iqtisadi qloballaşma prosesi mədəni və siyasi qloballaşmadan daha sürətlə gedir və "azad iqtisadiyyat" və " azad investisiya" vasitəsilə milli iqtisadiyyatı deformasiyaya uğratmaq və milli sərhədlərin "şəffaflığı"na nail olmaq üçün işlənmiş dahiyanə mexanizmdir.
Azərbaycan: proses düzəlişlərlə
davam edəcək
Nəticə
ondan ibarətdir ki, qloballaşma dediyimiz bu beynəlxalq proses
getdikcə dünyanı əhatə etməkdə israrlı
və qarşısıalınmaz bir qüvvə kimi
görünür. Qlobalistlərin və antiqlobalistlərin bu
prosesə özünəməxsus şərhləri olmaqla
yanaşı,eyni zamanda hər birinin haqlı və haqsız
iddiaları da yer almaqdadır. Fikrimizcə, dünyanı
dövr etməyə israrlı görünən bu
"çarx"ın müsbət və mənfi tərəflərini
olduğu kimi qəbul etmək,düzgün şərh vermək
zamanı çatıb. Bu böyük ideologiyanın qatı əleyhdarı
olub hadisələrə seyrçi qalmağın öz
yanlışlıqları olduğu kimi, hədsiz tərəfdarı
olmaqla da hansısa bir gerçək nailiyyətdən
danışmaq yersiz olar.
Hələ 20 ildir ki, müstəqilliyinə qovuşmuş bir dövlət üçün belə ümumdünya platformasında cərəyan edən hadisələrdən "baş çıxarmaq" nə qədər çətin olsa da, azad,suveren dövlət kimi, biz bu prosesləri müsbətləri və mənfiləri ilə qarşılamağa hazır olmalıyıq.
Qloballaşma Azərbaycana xeyli uğurlar gətirə bilər.Neft- qaz və digər təbii sərvətlər baxımından zəngin olan ölkəmiz üçün bu prosesdə beynəlxalq layihələrə qoşulmaq,transmilli korporosiyalarla qarşılıqlı əməkdaşlıq etmək,ölkəyə kapital axınını sürətləndirmək, beynəlxalq turizm sisteminə qoşulmaq və ondan yararlanmaq və s. amillər ölkəmizin sosial-iqtisadi inkişafı üçün münasib imkanlar açır. Lakin qloballaşmanın gətirdiyi uğurların əksinin də baş verməsi mümkündür. Əgər bir proses lokallıqdan çıxırsa və yaxud qloballaşırsa onda onun xeyrinin və zərərinin miqyasıda qlobal xarakter alır. Bu prosesin güclənməsi milli şirkətlərin sıxışdırılması daxil olmaqla, dünya miqyasında qlobal cinayətlərin,qlobal mənəvi və mədəni dəyişmələrin getməsi üçün yardımçı rolunu oynayır. Narkomaniya,beynəlxalq miqyasda mütəşəkkil cinayətkarlıq, böyük mafiyaların, beynəlxalq terrorun hərəkətləri buna nümunə ola bilər.Bu baxımdan Azərbaycan Respublikası öz siyasi,iqtisadi və mədəni dayanıqlılıq strategiyasını işləyib hazırlamalıdır. Necə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BDU-nun 90 illik yubiley mərasimindəki çıxışında bildirir: "Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə, belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir." Dünyada qaçılmaz prosesə çevrilən bu axının içərisində əriməmək,itib-batmamaq mümkündür. Sadəcə olaraq adekvat tədbirlər görmək,çevik olmaq,hadisələri qabaqlamaq,müsbət və mənfi nəticələri əvvəlcədən müəyyənləşdirib hərəkət etmək tələb olunur. Burada əsas amil dövlətçilik institutunun fundamental şəkildə inkişaf etdirilməsi, savadlı və milli kadrların idarəçilik strukturlarına yerləşdirilməsi və ən başlıcası cəmiyyətin milli-mənəvi kimlik şüurunun bəşəri duyğular çərçivəsində inkişaf etdirilməsidir.
Anar TURAN
Xalq qəzeti.- 2012.- 7 avqust.- S. 5.