Satirik sözün cazibəsi

 

Mirzə Ələkbər Sabir - 150

 

Görmə! - Baş üstə, yumaram gözlərim.

Dinmə! - Mütiəm, kəsərəm sözlərim.

Bir söz eşitmə! - qulağım bağlaram.

Gülmə! - Pəkey, şamü-səhər ağlaram.

Qanma! - Bacarmam, məni məzur tut,

Böyləcə təklifi-məhalı unut!

Qabili-imkanmı olur qanmamaq?!

Məcməri-nar içrə olub yanmamaq?

 

Bu qəribə havalı bədii - sintaktik konstruksiya elə bir nidaya köklənib ki, bu nida Sabir deməkdir. Bir əsrdən artıqdır ki, "məcməri - nar" içində yana - yana yazılmış " Hophopnamə" düşünən və düşünmək istəyən oxucusunun əlindən düşmür. Çünki dünyadakı hər şey elə sözdür. Şeiri qidalandıran dil nəticə etibarilə tarixdir. Və tarix poetik sözün təcəəssüm olunduğu zamandır. İnsan yaradıcılığının hər bir məhsulu kimi poeziya da tarixin yetişdirməsidir. Satirik poeziya zamanın və məkanın yetirməsi olaraq özündə zamana xüsusi münasibəti ehtiva edir. Aydın, mənalı, qəribə bir dinamika ilə yazmağa qadir olan Sabirin yaradıcılığı Azərbaycan xalqının aforistik təfəkkürünü, ifadə tərzini elə bir ustalıqla əks etdirir ki, ədəbi - bədii dilimizin gözəlliyi qarşısında mat qalırsan:

 

Səs salma, yatanlar ayılar,

qoy hələ yatsın,

Yatmışları razı deyiləm,

kimsə oyatsın.

Tək - tək ayılan varsa da,

həq dadıma çatsın.

Mən salim olum,

cümlə cahan batsa da batsın;

Millət necə tarac olur olsun,

işim var?!

Düşmənlərə möhtac olur olsun,

işim var?!

 

Bu misralardakı " yatmaq" sözünün təkrarı, " olur olsun", " nə işim var" ifadələri həm incə səs polifaniyası yaradır, həm də klassik şeirimizdən gələn təkrarlar kimi incə və kamil şəkildə düzülərək satirik məna kəsb edir. Sabir yaradıcılığında satirik sözün cazibəsi o qədər güclüdür ki, dəqiq seçilmiş sözlər, xalq dilindən götürülmüş ifadələr oxucunu düşündürür, düşündürdükcə təəssüfləndirir, təəssüfləndirdikcə hıçqırıqlar içində gülüş döğurur. Mirzə Ələkbər Sabir satirik şeiri mükəmməl ictimai - estetik məqama yüksəltmiş, həcvçilikdən uzaq sərt satira yaratmışdır. Sabirin sarsıdıcı dilinin kökü Azərbaycan dilinin ən qədim dövrlərindən başlayır. Millətin özünəməxsus yumoru, frazeologizminin dərinliyi və zənginliyi onun yaradıcılığına hopmuş, satirik səsinin harayının hər telində səslənmişdir. Böyük şairin "Molla Nəsrəddin" səhifələrində Molla Nəsrəddin yumoru ilə yoğrulmuş ifadələri dillər əzbəri olmuşdur:

 

Tərpənmə, amandır,

bala, qəflətdən ayılma!

Açma gözünü, xabi - cəhalətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

 

Boyük sənətkarın işlətdiyi sözlərin leksik - semantik xüsusiyyətləri dilimizin poetik sərhədlərini genişləndirmiş, orijinal ifadə tərzi, xitabları, təkrarları misilsiz bir cəsarətlə insanların ağır həyatını, hüquqsuzluğunu əks etdirmişdir:

 

Məzlumların göz yaşları

dərya olacaqmış,

-Dəryaları, ümmanları neylərdin, ilahi?!

Başqa bir örnəkdə:

Fəhlə, özünü sən də

bir insanmı sanırsan?!

Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

Başqa bir örnəkdə:

Aldı dolu əldən sərü samanını, neylim?

Yainki çəyirtkə yedi bostanını, neylim?

Verdin keçən il borcuna

yorğanını, neylim?

Ol indi palas satmağa amadə , əkinçi!

Lal ol, a balam, başlama fəryadə, əkinçi!

 

Sabir yaşadığı cəmiyyətin mənəvi eybəcərliyini qamçılayarkən heç kəsə bənzəməyən bir üslub yaratdı. Professor Tofiq Hacıyev Sabir haqqında deyir: "Sabir, ümumiyyətlə, son həddi sevir, o, orta mövqe tutan deyildir; şairin göstərdiyi eybəcərlikdən o yana eybəcərlik, gözəllikdən o yana gözəllik, ideal yoxdur; onun üslub prinsipi belədir: ən eybəcər eybəcərlik, bunun müqabilində isə ən gözəl gözəllik"! Bu, böyük şairin inqilabi təfəkkürünün mahiyyətidir. Sabirin pessimizmi dekadans yox, insanların günahlarını yumaq üçün qüdrətli ehtirasdır. Özünün xüsusi yolu ilə gedən şair zamanın tapmacasını həll etməyə, həyatın mənasını, iztirabın cavabını amansızlıq və ədalətsizlik uçurumunda tapmağa cəhd edir:

 

İnsan olanın cahü - cəlalı gərək olsun,

İnsan olanın dövləti, malı gərək olsun.

Hümmət demirəm,

evləri ali gərək olsun.

Alçaq, ufacıq daxmanı

samanmı sanırsan?

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Böyük söz ustası təkrarlanan sözlərin müxtəlif mənalarından çoxmənalılıq, omonimlik yaradırdı:

 

Hər nə çəksən, çək, bəradər,

çəkmə düz mizanını,

Çəkmə sən millət qəmin, çəkmə,

çək öz qəlyanını.

 

" Çək" sözünün şeirdə bu oynaqlığı bədii dili qüvvətləndirir, ifaya gözəllik verir. Sabirin yaradıcılığında sözün maksimum ağırlığı, qüdrəti ümumi kinayəni açmağa, sarkazmı gücləndirmıyə xidmət edir:

 

Bəzi yerlərdə təsadüf olunur aşə, ətə,

Müftə görcək tuturam

kəndimi bözbaşa, ətə!

Nuş olur canıma ət,

xasə o həngamda kim,

Mən yeyəm, xırda uşaqlar baxa,

ağlaşa ətə!

Öylə zəhləm gedir, Allah da bilir,

millətdən,

Oluram süst adı gəlcək,

dönürəm daşa, ətə!

Və ya:

Nuri çeşmanımmısan,

ey pul, canımmısan?

İsmətim, namusum, irzim,

qeyrətim, qanımmısan?

Məzhəbim, dinimmi, ayinimmi,

imanımmısan?

 

Bu şeirin hər sətrində işlənən ədatın yaratdığı güclü kinayə xarakterin açılmasını nə qədər dəqiqləşdirmişdir. Milli dilin qüdrəti şairə özünü istədiyi kimi ifadə etməyə imkan vermiş, o, öz ağrısını, acısını, kədərini, qəzəbini yazdığı sətirlərə səpələmişdir. Böyük söz ustasının ən adi sözlərə də qeyri - adi mənalar verə bilməsi bədii xarakterləri, surətlərin tablosunu yaratmaqda əvəzsizdir. Professor Tofiq Hacıyev - " Sabirin misraları və sözləri şölələnir. Sabirin sənətkar şair qələmi eyni zamanda həm bəstəkar çubuğu, həm də rəssam fırçasıdır. O, yazır, bəstələyir və lövhə çəkir"- deməkdə haqlıdır:

 

Qabaq dişim tökülüb,

Azılarım sökülüb,

Mənə qoca deməzlər,

Bir az belim bükülüb.

Sabir sanki rəssamdır - şair və rəssam - təqdim etdiyi tipin mənəvi keyfiyyətlərini belə yaradır:

Ay adama oxşamaz, bir üzünə baxsana!

Bomboz olub saqqalın,

rəngü həna yaxsana!

Mömin olub bir üzük

barmağına taxsana!

Ta ki desin xasü am: ay barakallah sənə!

 

Bu misallar mənən şikəst, insanlıqdan kənar şəxslərin portretini elə dəqiqliklə göstərir ki, sanki rəsm qalereyasındasan. Sabir bənzərsiz, təkrarsız obrazlar yaratdı, onlara satirik don geyindirdi. Və bu obrazlar rəssamın yaratdığı tabloya düzüldülər. Elə bu anda qulağımıza şairin:

 

Dindirir əsr bizi, - dinməyiriz,

Açılan toplara diksinməyiriz!

 

- fəryadı gəlir. Əsrin tələbinə uyğun onunla danışa bilməyən, elmə, maariflənməyə, mədəniyyətə çağıran topların səsinə diksinməyən vətəndaşlarının dərdi onu ağrıdıb incitmiş, incitdikcə dürüst seçilmiş ifadələri ilə onları amansız satirik atəşə tutmuşdur. Canlı nitq, dinamika, sadə, mənalı ifadə tərzi böyük şairin poetikasının əsas məziyyəti, eyni zamanda, oxucunu məftun edən cəsarətidir. Bu cəsarət onu novator şair kimi tanıdır. Onun şeirlərindəki dialoji nitq maraqlıdır:

 

-Yoldaşım, yatmışmısan?

-Yox, bir sözün varsa, buyur!

-On manat qərz istərəm...

-Yox, yox, bəradər, yatmışam.

 

Sabirin poetikasında klassik şeir ənənələrinə sərbəst münasibət özünü göstərir. O, XX əsr inqilabi - satirik poeziyasını yaratmış, kamil nümunələri ilə həmin poeziyanı zənginləşdirmişdir. Görkəmli ədəbiyyatşünas, professor Cəfər Xəndan Sabir haqqında belə demişdir: " Sabir sənətin elə yüksək bir zirvəsinə çatmışdı ki, oradan hər şey aydın görünür, qaranlıqlar içərisindəki çirkabları da seçmək üçün sənətin gur işıqları ona kömək edirdi". Sabirin hər şeiri bir ustadlıq nümunəsi, Azərbaycan ədəbi dilinin ən zəngin ifadəsidir. O, xalq ifadələrini şeirinə elə asanlıqla, təbii formada gətirirdi ki, bədii kamillik, bədii təsvir xalq bədii təfəkkürünün " babalın boynuma", " bəxtəvər olsun başın", " ağrın alım", " şükr allaha" kimi ifadələri şeirin ideya məzmununun asanlıqla qavranmasına, əzbərlənərək dillər əzbəri olmasına səbəb olurdu:

 

Ağrın alım, ay Məşəd Sijimqulu,

Altmışa yetdin demə oldun ölü,

Şükr ola Allaha, canındır sulu,

Çox da kişi, tutma beş əlli pulu,

Ver pulunu, dadlı, ləzzətli zad al!

Qoy babalın boynuma, get arvad al!

Başqa bir örnəkdə:

Oğlumuz, ay Xansənəm,

bir yekə pəlvan imiş!

Bəxtəvər olsun başın,

bəxtimiz oğlan imiş!

 

Durmuş idim küçədə,

bir də nə gördüm, həman

Ağrısını aldığım Feyzi gəlir lap piyan,

Çatcaq urub bir qoca saili qusdurdu qan,

Gözlərinə döndüyüm

sanki bir aslan imiş!

Bəxtəvər olsun başın,

bəxtimiz oğlan imiş!

Can sənə qurban, Sənəm,

Nəslimiz insan imiş!

 

Bu cür " nəsli" ilə "qürurlanan obrazların" insani keyfiyyətləri başqa şeirində belə təqdim olunur:

 

Bu da sözdür, qazandıqlarımız parələri

Hey verək, boğmalasın

Zəngəzur avarələri.

Bizlərə dəxli nədir,

- yoxdur əgər çarələri,

Qoy ağarsın füqarə gözlərinin qarələri,

Çəksin onlar gecə

- gündüz nigaranlıq, bizə nə?!

Tapmayır ac - yalavaclar güzaranlıq,

bizə nə?!

 

Böyük şairin əsərlərini oxuduqca bu daxili ahəng, şeiriyyətin musiqisi insanın hisslərini ehtizaza gətirir, eyni zamanda, bu duyğuları konkretləşdirir, insan həyatının anlarını milli koloritə bələyir.

Qüdrətli söz sənətkarının uşaqlar üçün yazdığı şeirlərin bədii təsvir forması, uşaq zövqünə aşıladığı estetik həzz, həmin şeirlərin daxili melodiyası, şairin bir rəssam kimi çəkdiyi tablo həddindən artıq məftunedicidir.

Sabirin satirik təfəkkürü, sözlərinin cazibəsi artıq bir əsrdir ki, güldürür, düşündürür. "Molla Nəsrəddin" səhifələrində "türkün açıq ana dilində" yazıb - yaratmış, dilimizin ideal dərəcədə gözəlliyinə bizi inandırmış şairin amalı "pisi pis, əyrini əyri, düzü həmvar yazmaq" idi. "Həq sözü derkən utana bilməyən, göydə günəşi dana bilməyən" şair "ayinədə özlərini əyri görənlərə" həyat dərsi verirdi. Bu dərs ustad şairin ürək ağrıları ilə dolu idi. Bu ağrılara yenilməyən, narahat ömrünü xalqın savadlanması, öz haqqını tapması, hürriyyətinə qovuşması uğrunda məşələ çevirmiş şairin ibrətli nidaları, xitabları, romantik poetikası həmişəyaşardır:

 

Mən gedərsəm, var olsun amalım!

Yaşasın şəhriyari- hürriyyət!

 

 

Fatimat MƏMMƏDOVA,

ADMİU-nun dosenti, kulturologiya

üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 7 avqust.- S. 6.