RAGT nümayəndəsi "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektivlər" forumunda bu təşkilatın vəzifələri barədə söhbət açmışdır

 

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) nümayəndəsi Emin Hacıyev Türkiyənin Bodrum şəhərində keçirilən "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektivlər" forumunun iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyevanın təbrikini çatdırmışdır.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilmiş foruma dünyanın müxtəlif guşələrində fəaliyyət göstərən 100-dən çox Azərbaycan diaspor təşkilatının rəhbərləri gəlmişdi. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, habelə Moskva Hökumətinin nümayəndəsi Yuri Artyuxin forumun işində iştirak edirdi.

RAGT idarə heyətinin üzvü Emin Hacıyev forumda məruzə ilə çıxış etmişdir. O, 2007-ci ildə fəaliyyətə başlamış və ötən dövr ərzində nüfuzlu ictimai təşkilata çevrilə bilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının məqsəd və vəzifələri barədə ətraflı söhbət açmışdır. Onun sözlərinə görə, bu gün RAGT sıx birləşmiş vahid təşkilatdır, bu təşkilat aparıcı beynəlxalq və yerli ictimai təşkilatlarla sıx və səmərəli əməkdaşlıq edir.

"RAGT dövlət strukturları və təşkilatlarla bir sıra mühüm müştərək layihələr həyata keçirir. Şübhəsiz, RAGT-nin dinamik inkişafını və aşkar uğurlarını şərtləndirən əsas amil onun lideri Leyla xanım Əliyeva tərəfindən bu təşkilatın ölçülüb-biçilmiş inkişaf strategiyasının həyata keçirilməsidir", - deyən Emin Hacıyev xüsusi vurğulamışdır ki, RAGT-nin əsas vəzifəsi Rusiyada yaşayan azərbaycanlı gəncləri bu təşkilatın vahid platforması çərçivəsində birləşdirmək, onların yaradıcı potensialının üzə çıxarılması üçün şərait yaratmaqbütün təşəbbüslərini dəstəkləməkdir.

Məruzədə o da qeyd edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" sayəsində istedadlı Azərbaycan gənclərinin çoxu Rusiyanın aparıcı ali məktəblərində təhsil alır. Onlar RAGT-nin işində də fəal iştirak edirlər. İşlənib hazırlanmasına gənclər təşkilatlarının nümayəndələrinin cəlb olunduğu "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi də mühüm hadisə olmuşdur. E.Hacıyev demişdir: "Prezident tərəfindən təsdiq edilmiş bu dövlət proqramları həm gənclərin hərtərəfli inkişafı, o cümlədən əla təhsil alması üçün geniş imkanlar yaradır, həm də xaricdəki Azərbaycan diasporunun möhkəmlənməsinə və yenilənməsinə böyük töhfədir, bu diasporun sıraları yeni kadrlar hesabına genişlənəcəkdir".

RAGT nümayəndəsi forum iştirakçılarının diqqətini gənclərin həvəsləndirilməsi məsələsinə cəlb etmişdir. O bildirmişdir ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə "RAGT əlaçısı" mükafatı təsis edilmişdir. Artıq dörd ildir ki, Moskvanın və Rusiyanın digər regionlarının ali məktəblərində təhsil alan 100-dən çox azərbaycanlı tələbə əla təhsilə görə pul mükafatı və xüsusi diplomlar alırlar. Bu, yüksək müvəffəqiyyət üçün ciddi stimuldur. Bundan əlavə, təhsil əlaçılarının elektron məlumat bazası yaradılmışdır. Gələcəkdə azərbaycanlı gənclərin işlə təmin edilməsi üçün zəruri hallarda həmin bazanı Azərbaycan və Rusiya sahibkarlarına təqdim etmək olar.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi gənclər hərəkatının lideri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış, ilk növbədə Rusiya ictimaiyyətinə Qarabağ problemi, qaçqınlar və məcburi köçkünlər, Xocalı soyqırımı, ölkəmizin zəngin tarixi və mədəniyyəti barədə məlumat verilməsi ilə əlaqədar layihələr haqqında da söhbət açmışdır.

Qeyd etmək lazımdır ki, forum çərçivəsində qaldırılmış əsas məsələlərdən biri Azərbaycan gənclərinin inkişafı və diasporlarda nəsillərin dəyişməsi olmuşdur. Forumda bu problemin müzakirələri "dəyirmi masa"lar çərçivəsində və şəxsi söhbətlər zamanı davam etmişdir.

 

 

Asya HACIZADƏ

 

Xalq qəzeti.- 2012.- 8 avqust.- S. 3.