Neftçala: quruculuq işləri genişlənir

 

Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində mövqelərini möhkəmləndirir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca həyatın bütün sahələrində müsbət dəyişikliklər baş verir. Hətta ucqar bölgələrimiz tərəqqi edir. Neftçala da bu baxımdan geri qalmır. Bu rayon indi artıq adının yarandığı neft çalalarından ibarət olan darıxdırıcı ərazi deyil, müasirləşən bir diyardır. 

...Salyan şəhər avtovağzalının qarşısındakı dairədən sola burulub yola davam edəndən bir qədər sonra Neftçalanın ərazisi başlanır. Düzənlikdə yaşıl adalara bənzəyən Surra, Qaramanlı, Astanlı, Xıl və digər kəndlər arxada qalır, Bankə yolundan keçib Neftçalaya yaxınlaşırıq. Asfalt yolun təmirə ehtiyacı olduğu aşkar görünsə də, yolçular nikbindirlər. Çünki son illərdə dövlətimizin artan iqtisadi qüdrəti sayəsində nəinki magistral avtomobil yolları əsaslı şəkildə bərpa olunub genişləndirilir, həmçinin bölgə əhəmiyyətli, hətta kəndlərarası yolların da yenidən qurulmasına start verilib. Elə - iyunun 8-də Prezident İlham Əliyevin sərəncamı ilə 27 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobol yolunun tikintisi məqsədilə Neftçala rayonuna dövlət büdcəsindən 5 milyon manat vəsait ayrıldığını xatırlamaq kifayətdir. İnam var ki, tezliklə Salyan-Neftçala yolu da yenidən qurulacaq, digər infrastruktur layihələr də sürətlə reallaşdırılacaq.

Neftçala ölkəmizin gənc rayonlarındandır. 1940-1959-cu illərdə ayrıca rayon olub. Sonra Salyana birləşdirilib. Nəhayət, 1973-cü ildə yenidən rayon statusu qazanıb. Artıq qırx ilə yaxındır ki, yeni doğulan körpələrin yaş kağızlarına, habelə sənaye və emal müəssisələrinin etiketlərinə "Neftçala" adı ünvan kimi qeyd olunur.

Gözlərimiz hər dəfə Neftçalada bir yenilik, bir dəyişiklik görməyə adətlidir. Bu səfərimdə şəhərin mərkəzi hissəsində ucaldılmış saat qülləsi diqqətimi çəkdi. Saata abidə qoymağın rəmzi mənası varmı, görəsən? Düşünürəm ki, var: indi zamanın sürətlə tərəqqi edən Azərbaycanın xeyrinə işlədiyini anlatmaq üçündür bu saat qülləsi! Axı, ölkəmizin, dövlətimizin hər ili, ayı, günü və saatı "uğur qatarı"na dönüb bizi irəliyə aparır.

Elə Neftçalada da il-ildən uğurlu gəlir. Odlar yurdunun bu nurlu "övladı" sanki Kürün tərkində, bu dəlisov çayın "yalman"ına yata-yata arzu ümmanına qoşmağındadır...

Rayonda hər kəs işində-gücündə, qayğılarının qanadındadır. Bu ilin birinci yarısında ümumi məhsul istehsalının həcmi 11,8 faiz artmış, 81,3 milyon manat olmuşdur. Ümumi tərkibdə sənaye məhsulu 11 milyon 996,7 min manatya 14,7 faiz, kənd təsərrüfatı məhsulu 35 milyon 580 min manatya 43,8 faiz, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 29 milyon 213,4 min manatya 35,9 faiz, tikinti işlərinin həcmi 4 milyon manatya 4,2 faizdir. İstehsalda qeyri-dövlət bölməsinin payı 80,8 faizə çatmışdır. Adambaşına 994,6 manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2011-ci ilin birinci yarısına nisbətən 10,5 faiz çoxdur.

Cari ildə rayonda 4 yeni müəssisə yaradılmış, 381 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 6, fiziki şəxslər üzrə 381, mövcud müəssisə və təşkilatlarda 44, cəmi 431 daimi yeni yeri açılmışdır. Kənd təsərrüfatında mövsümi işlərə 996 nəfər, rayonda aparılan tikinti-abadlıq işlərinə 151 nəfər cəlb olunmuşdur. Yeni yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.

İlin birinci yarısında əhalinin nominal pul gəlirləri 24 milyon 566 min manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz artmışdır. Adambaşına düşən pul gəlirləri 12,4 faiz artaraq 300,6 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əməkhaqqı 251 manat təşkil edir. Bu isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. İlin əvvəlindən əhaliyə 69 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 25,6 faiz artaraq 58,7 milyon manata, pullu xidmətlərin həcmi 13,5 faiz çoxalaraq 9,1 milyon manata, iaşə xidmətlərinin həcmi 14,3 faiz artaraq 1,2 milyon manata çatmışdır.

Rayonda fəaliyyət göstərən 3 bank və 1 qeyri-bank kredit təşkilatının filialları tərəfindən ilin ilk yarısında sahibkarlara və vətəndaşlara ümumilikdə 1 milyon 579,5 min manat, o cümlədən, Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 2 nəfər sahibkara 25 min manat kredit verilmişdir.

Bu ilin əvvəlindən aqrar sahədə irəliləyişlər olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu artaraq 35 milyon 580 min manatya 101,2 faiz olmuş, diri çəkidə 2810,7 ton ət, 9560,1 ton süd, 2 milyon 337 min ədəd yumurta, 236,6 ton yun istehsal olmuşdur. 2012-ci ilin məhsulu üçün 39809 hektar sahəyə taxıl əkilmiş, zəmilərdən 980894 ton məhsul toplanmışdır.

Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədilə meliorativ tədbirlər həyata keçirilir. Su-Meliorasiya İdarəsi tərəfindən 214 kilometr suvarma kanalları, 57 kilometr kollektor-dren sistemi lildən təmizlənmiş, cəmi 65 hidrotexniki qurğunasos aqreqatı təmir edilmişdir.

Heyvandarlıq da inkişafdadır: iribuynuzlu mal-qaranın sayı 41397 baş, qoyun və keçilərin sayı 130162 başa çatdırılaraq ötən illə müqayisədə xeyli artmışdır.

Fermersahibkarlara texnikamineral gübrələrlə yardımı yaxşılaşdırmaq məqsədilə "Aqrolizinq" ASC-nin Neftçala "Aqroservis" filialının fəaliyyəti genişləndirilərək texnikanın sayı 121-ə çatdırılmış, gübrələrlə təminat tam təmin edilmişdir. Rayonun Xol zonasında 18000 hektardan yuxarı suvarılan əkin sahələrinin su ilə tam təmin olunmasında çətinliklərin yaranması ilə əlaqədar ölkə rəhbərliyinin təşəbbüsü ilə Kür çayından Xol zonasından keçən Akkuşa çayına 24,6 kilometr uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisinə altı il öncə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında "Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı"na daxil edilmiş, kanalın 2013-cü ilədək tikilib başa çatdırılması nəzərdə tutulmuşdur. İndiyədək tikintiyə 8 milyon 744 min manat (2012-ci ilin 6 ayında 851 min 415 manat) vəsait ayrılmış və işlər yerinə yetirilmişdir.

Rayon rəhbərliyi ərazidə təmir, tikinti və abadlıq işlərinin keyfiyyətinə xüsusi önəm verir. Rayonun təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən altı ayda yerinə yetirilən işin həcmi 2 milyon 327 min manat (ötən ilin müvafiq dövründən 13,5 faiz çox) olmuşdur.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən 2012-ci ilin son rübündə Neftçala şəhərinin sukanalizasiya sisteminin yenidən qurulmasına başlanacaq. Bu işlərin 2 ilə başa çatdırılması nəzərdə tutulmuşdur. İyulda Prezident İlham Əliyev tərəfindən Hacıqabul rayonunda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində Neftçala nümayəndələri də iştirak etmişlər. Şirvan-Muğan qrup su kəməri ilə nəql ediləcək su Neftçalanın da 44 yaşayış məntəqəsinin su tələbatının ödənilməsinə xidmət göstərəcək.

Neftçala şəhərinin yaşayış binalarının dam örtüyüfasad hissələrində, kanalizasiyasu xətlərində müəyyən təmir işləri aparılır. Rayonun səhiyyə, təhsil, mədəniyyət şöbələrinin və ərazi nümayəndəliklərinin obyektlərində daimi olaraq cari təmir işləri görülür. İlin əvvəlindən prospekt, küçə və parklarda, o cümlədən Bayraq Meydanında, H.Əliyev prospektində on minlərlə manatlıq reallaşmışdır. M.Əsədov, M.Rəsulzadə küçələrində, H.Əliyev prospektində asfalt örtüyü salınmış, böyük bir sahəyə çınqıl əsaslı örtük çəkilmişdir. Çindən gətirilən kommunal xidmət təyinatlı nəqliyyat vasitələrindən məişət tullantıları daşıyan 2 maşın və ölkədə istehsal edilən 140 konteyner rayona gətirilmişdir.

Kür çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 283 evə təkrar baxış keçirilmiş, 78 ev qənaətbəxş, 23 ev qəzalı, 96 ev bərpa-gücləndirməyə, 86 ev təmirə ehtiyacı olan binalar kimi qeydə alınmışdır.

Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqətdə saxlanılır. Belə ki, 1 saylı Mayak kəndində 20 yerlik yeni uşaq bağçası-körpələr evinin inşası başa çatdırılıb, 220 yerlik Xıllı qəsəbə 2 saylı tam orta məktəbinin yeni binası isə növbəti dərs ilində şagirdlərin istifadəsinə veriləcək. 260 yerlik Xəzər kənd, 200 yerlik II Qaralı kənd tam orta məktəbləri üçün yeni binaların tikintisinə də başlanmışdır. Şəhər 2 saylı uşaq bağçası-körpələr evində isə əsaslı təmir işləri aparılır. Bu il 108,5 min manatlıq inventar və avadanlıq alınaraq məktəblərə verilmişdir.

Hazırda rayonda 160 çarpayılıq 2 xəstəxana, 19 tibbi müayinə məntəqəsi fəaliyyət göstərir. Ötən dövrdə rayon üzrə uşaqlar arasında yoluxucu xəstəliklər qeydə alınmamışdır. Lakin səhiyyədə bəzi problemlər həllini gözləyir. Belə ki, mərkəzi xəstəxananın əsaslı təmirinə nail olunmamış, uzun illərdən bəri işləməyən istilik sistemi bərpa edilməmişdir. Həkim məntəqələri uyğunlaşdırılmış binalarda yerləşir. Bu məntəqələr üçün yeni binalara tələbat olduğu kimi, rayon gəncləri üçünmüasir bir mərkəzin və idman kompleksinin inşası arzu edilir. Həmin məqsədlə iki il öncə müvafiq torpaq sahəsi də ayrılmışdır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 9 avqust.- S. 5.