Turizmin inkişafı prioritet məsələdir

 

2012-ci ilin ötən dövrü ərzində ölkədə turizmin inkişaf etdirilməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Ölkələr arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi turizm siyasətinin prioritet istiqamətlərindən biridir.

Bunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi inkişaf naminə - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, turizm sahəsində mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli və mühüm fəaliyyətini davam etdirmişdir.

Bu ilin yanvar ayında İspaniyanın Madrid şəhərində keçirilmiş "FITUR" beynəlxalq turizm sərgisində və "VI Exceltur Tourism Leadership Forum"unda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətində iştirak etmişdir. Səfər çərçivəsində Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və İspaniya ilə Azərbaycan Respublikası arasında turizm sahəsində əməkdaşlığın müzakirə olunması və turizm sahəsi üzrə gələcək əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə bir sıra görüşlər keçirilmişdir.

Yaponiyanın Sapporo şəhərində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən keçirilən 2011-ci maliyyə ili üzrə "Gənc liderlər üçün təlim proqramı" çərçivəsində "Regionlarda turizmin təşviqi" adlı təlim kursunda da nazirlik təmsil olunmuşdur. Təlim kursunun həyata keçirilməsinin əsas məqsədi regionlarda turizmin təşviqi, daxili turizmin inkişafı üçün mövcud imkanlardan maksimum istifadə və bu sahədə Yaponiya təcrübəsinin öyrənilməsindən ibarət olmuşdur.

Serbiyanın Belqrad şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm üzrə İşçi Qrupunun növbəti iclası olmuşdur. İclas zamanı QDİƏT-ə üzv dövlətlərdə viza prosesinin asanlaşdırılması, dövlətlərin turizm sahəsində çalışan əməkdaşları, turizm şirkətləri və təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, davamlı turizmin inkişaf perspektivləri, balneologiya, dəniz, sağlamlıq, yaradıcı və sair kimi turizm növlərinin Qara Dəniz regionunda inkişafı, ətraf mühitin regionda qorunması, müvafiq seminarların və treninqlərin təşkili, statistik məlumatların mübadiləsi, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, turizm xidmət səviyyəsinin yüksəldilməsi, marketinq-təbliğat işlərinin gücləndirilməsi, QDİƏT regionunun vahid brendinin yaradılması, birgə turizm informasiya mərkəzinin yaradılması, üzv dövlətlərdə təşkil olunan turizm üzrə tədbirlərdə iştirak və digər məsələlər müzakirə olunmuşdur.

Krım Muxtar Respublikasının Yalta (Ukrayna) şəhərində KMR-in KurortlarTurizm Nazirliyi tərəfindən keçirilən "Birinci Beynəlxalq Qara Dəniz Forumu"nda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "Azərbaycanın turizm potensialı: Qara dəniz ölkələri arasında alternativ turizmin inkişafı" adlı məruzə ilə çıxış etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə KMR KurortlarTurizm Nazirliyi arasında əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan Krıma və əks istiqamətdə turist axınının çoxalması, ikitərəfli yeni layihələr, Qara dəniz ölkələri arasında alternativ turizmin inkişafı və digər məsələlər müzakirə edilmişdir.

Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliğ edilməsi məqsədilə nazirlik tərəfindən 2012-ci ilin 11-18 mart tarixində İtaliyanın "Classis Association" şirkətinin, 13-31 mart tarixində "Italian Multimedia Group Sri" şirkətinin, 18-31 mart tarixlərində Cənubi Koreyanın "Educational Broadcasting System" dövlət televiziya kanalının, 16-30 mart tarixində Almaniyanın media nümayəndələrinin, 12-14 aprel tarixində Rusiyanın "Kommersant FM" radiosunun və 5-7 may tarixində "Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu" layihəsi çərçivəsində Yaponiyanın kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları təşkil edilmişdir.

13 aprel tarixində İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm adlı beynəlxalq konfransa Azərbaycan Respublikasının ev sahibliyi barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (BMÜTT) arasında saziş imzalanmışdır.

Bu il həmçinin Ukraynanın Kiyev şəhərində keçirilmiş GUAM-ın turizm üzrə işçi qrupunun növbəti iclasında, Gürcüstanın Batumi şəhərində keçirilmiş BMÜTT-nin Avropa Regional Komissiyasının 54-cü iclası və "Dünyada turizm məkanlarının brendləşdirilməsi" adlı seminarda, Belarusun Minsk şəhərində keçirilmiş MDB-yə üzv dövlətlərinin Turizm Şurasının iclasında, eləcə də İspaniya Krallığının Madrid şəhərində keçirilmiş BMÜTT-nin İcraiyyə Şurasının 93-cü sessiyasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

Bu il həmçinin mədəni turizm marşrutlarının sertifikatlaşdırılması ilə əlaqədar ilkin işlər görülmüşdür. Avropa Mədəni Turist Marşrutları İnstitutu tərəfindən müəyyənləşdirilmiş meyarlara əsasən Aleksandr Düma mədəni turist marşrutunun sertifikatlaşdırılması işinə başlanılmışdır. Həmçinin "Aleksandr Düma Qafqazda" Mədəni Turizm Marşrutu üzrə tədbirlər planının ilkin variantı hazırlanmışdır.

"Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar cari ilin 1-10 mart tarixində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA Bakı Proqram Koordinatorluğu ilə birgə mehmanxana idarəçiliyi, qeyd-qəbul, masa xidməti və xadiməçilik mövzularında 30 mehmanxananın 120 nəfər əməkdaşı üçün təlim-tədris kursları təşkil olunmuşdur.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrasına uyğun olaraq mədəni turizm obyektlərinin reyestri hazırlanaraq təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Avropa Mədəni Turizm Marşrutları üzrə Hissəvi Sazişin rəyasət heyətinə üzv seçilməsi də ilin uğurlu hadisələrindəndir.

Respublika daxilində turizmin imkanlarının genişləndirilməsi üzrə görülən işlər də diqqəti cəlb edir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki rayonu ərazisindəki atüstü turizm marşrutu üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü turist yürüşünün keçirilməsi maraqla qarşılanmışdır.

Muzeylərin fəaliyyətinin yaxşılaşdırılması və xarici dil bilən muzey bələdçilərinin və mehmanxanalarda xarici dil bilikləri olan işçilərin sayının optimallaşdırılması üçün xüsusi təlim kurslarının təşkili ilə bağlı muzeymehmanxana sistemində çalışan 78 nəfər üçün ingilis dili üzrə iki ay müddətində tədris kursları təşkil edilmişdir.

Bununla yanaşı, ölkəmizin turizm potensialının təbliği və təşviqi baxımından Azərbaycan Sənaye Bankı tərəfindən "Eurovision"a gəlmiş qonaqlar üçün ilkin ödəmə məqsədilə "Baku Card" layihəsi həyata keçirilmişdir.

Turizm məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə "Hotelstars Union" təşkilatı ilə danışıqlar aparılmış və onların standart və kriteriyalarının Azərbaycan mehmanxanalarında tətbiqinə razılıq əldə olunmuşdur.

"Kutvan konsaltinq" şirkəti tərəfindən Xaçmaz rayonunun turizm potensialının öyrənilməsi və turizmin inkişaf planının hazırlanmasına dair daxil olmuş layihə təklifləri təhlil olunmuş və icrası üçün müvafiq müqavilə sənədləri tərtib edilmişdir.

Rusiya Federasiyasında 2013-cü ildə keçirilməsi nəzərdə tutulan "Azerbaijan Tourism Roadshow" layihəsi üzrə təhlil aparılmış və ilkin təkliflər hazırlanmışdır. Bundan əlavə, "Mehmanxanalar və digər yerləşdirmə obyektlərinin təsnifatı" standartının ilkin variantı və atçılıq turizminin inkişafı konsepsiyası və marketinq planı üzrə də təkliflər hazırlanmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri dünyanın bir çox ölkələrində beynəlxalq turizm sərgilərində iştirak etmişdir. Bu sərgilər Azərbaycanın turizm potensialının təbliğində əhəmiyyətli rol oynamışdır. Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə "AITF-2012" beynəlxalq turizm və səyahətlər sərgisi keçirilmişdir. Sərgiyə Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və həmçinin Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilmişdir. Sərginin tərəfdaşları qismində "AZAL" şirkəti (rəsmi hava daşıyıcısı), "Hilton Baku", "Qafqaz Point" otelləri (rəsmi mehmanxanalar) və "Greenwich Travel Club" şirkəti (rəsmi tur-operator) çıxış etmişdir.

Bütövlükdə 62 turizm istiqamətini təqdim edən "AITF-2012" sərgisində dünyanın 32 ölkəsindən 201 şirkət və təşkilat iştirak etmişdir.

Azərbaycanın turizm potensialının təbliğinin İran Körfəzi ölkələrində həyata keçirilməsi məqsədilə aprelin 28-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə "Atlantis Holidays" şirkəti arasında müqavilə imzalanmışdır. "Atlantis Holidays" şirkəti tərəfindən Azərbaycanın turizm potensialının İran Körfəzi ölkələrində təbliğ edilməsi məqsədilə ərəb-ingilis dillərində "Azerbaijan" adlı jurnal nəşr olunmuşdur.

Azərbaycanın turizm potensialını əks etdirən 45 və 60 saniyəlik reklam çarxlarının "CNN", "Euronews" və "Travel Channel" telekanallarında nümayiş olunması məqsədilə bu il Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə adları qeyd olunan telekanallar arasında müqavilə yenilənmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Belçikanın "Unicap Television" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, həmin şirkət Azərbaycanın turizm potensialına dair 13 dəqiqəlik film çəkmişdir. İyul ayından Fransanın "TV5 MONDE" telekanalında, Türkiyənin "Kanaltürk" telekanalının "Dünyayı Geziyorum" proqramında Azərbaycana dair filmin yerləşdirilməsi məqsədilə 18-25 mart tarixlərində qeyd olunan telekanalın əməkdaşları Azərbaycana səfər etmişlər. Film aprel ayının 15-dən etibarən "Kanaltürk" telekanalında yayımlanmışdır.

"BMİ Voyager", "Business Year" jurnallarında və "MİTT" sərgisinin rəsmi kataloqunda Azərbaycanın turizm potensialına dair reklam səhifələri yerləşdirilmişdir.

Bu il Ukraynada və Qazaxıstanda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində ölkəmizin turizm potensialını əks etdirən müxtəlif növ reklam-çap məhsulları ziyarətçilərə təqdim edilmiş və Azərbaycanı əks etdirən plakatlar sərgilənmişdir.

Qeyd edək ki, hazırda respublikada 194 turizm şirkəti fəaliyyət göstərir.

Ölkəmizdə turizmin inkişafına diqqət getdikcə artmaqdadır. Turizmin inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilirbu gün Azərbaycana turist kimi gələnlər ölkəmizdə turizmə göstərilən qayğını aydın hiss edir və razılıqla öz vətənlərinə dönürlər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 9 avqust.- S. 5.