O, məşhur Seyidovlar nəslindən idi

 

Tanınmış ictimai xadim Bağır Seyidzadənin anadan olmasının 100 ili tamam olur

 

İrəvan. Azərbaycanın tanınmış ictimai xadimi, diplomat, əsl jurnalist, qeyri-adi tərcüməçi, gözəl ailə başçısı, incə ruhlu insan Bağır Mirqasım oğlu Seyidzadə Aşıq Ələsgərin tərənnüm etdiyi, dünyanın özü qədər qədim, bərəkətli, əzəli Azərbaycan torpağında, vüqarlı dağlar, məğrur qartallar və istedadlı insanlar diyarında, lakin tarixin qəribə təsadüfü və bəlkə də məkrli planlar nəticəsində hazırda Ermənistanın paytaxtı olan bir şəhərdə Seyidovlar ailəsində dünyaya gəlmişdir.

Ağac kökündən su içdiyi kimi, insan da öz köklərindən qidalanır, əcdadlarının hünər və zəfərlərinin nümunəsində tərbiyə olunaraq nəsildən-nəslə ötürülən irsi inkişaf etdirir və zənginləşdirir.

Seyidzadələr nəslinin nisbətən yaxın tarixinə qısa ekskurs edərək biz buna bir daha əmin oluruq.

Bağır Seyidzadənin babası, atadan-anadan yetim qalmış Seyid Məmməd Qəmərli kəndinin varlı maldarlarından birinin təsərrüfatında muzdurluq edirdi. Sonradan bu ailədən olan Ümmunisə ilə evlənərək onlarla qohum olmuşdu. Toydan sonra arvadının qardaşları gənc ailəyə torpaq sahəsi ayırmış, burada ikiotaqlı kiçik ev tikmişdilər.

Seyid Məmmədin əsas məşğuliyyəti təsərrüfat işləri idi. Eyni zamanda, o, müxtəlif müalicəvi ot və bitkilər toplamaqla məşğul olur, xəstələndikdə həkimə müraciət etmək imkanından məhrum olan kənd camaatına cürbəcür dərmanlar hazırlayırdı. Kənddə onu ehtiramla Seyid həkim çağırırdılar. Seyid Məmməd 1870-ci ildə özündən sonra dörd uşaq qoyaraq 40 yaşında dünyadan köçdü.

Bağır Seyidzadənin atası Mirqasım kişionun qardaşı Mirəli çox yaxın idilər. Onlar əsasən ticarətlə məşğul olurdular, sonradan işlərini genişləndirərək İrəvana köçürlər. Burada onlar böyük ticarət şəbəkəsi qururlar. Mirəli birinci gildiya taciri olur. Daha mütəşəkkil adam olan Mirqasım isə qardaşının getdikcə daha çox gəlir gətirən işləri ilə məşğul olur. Ailə varlanmağa başlayır, lakin xoşbəxtlik uzun sürmür.

Bağır Seyidzadənin qızı Dilarə Seyidzadənin xatırladıqlarından: "Onların bir ümumi evi vardı. Bu ev hələ də durur. Sovet dövründə uşaq bağçası idi.

Onlar 1918-ci ildə İrəvanda millətlərarası münasibətlər kəskinləşdikdən sonra şəhəri tərk edirlər. Mirəli artıq vəfat etmişdi. O, tacir kimi səfərdən qayıdarkən Qarsda dünyasını dəyişmiş və elə oradaca dəfn olunmuşdu. Yeri gəlmişkən, mən Türkiyədə onun məzarını axtarıb tapdım. Buna biz Türkiyədə səfərdə olanda ulu öndər Heydər Əliyevin sayəsində nail oldum. Heydər Əliyevə Qars Universitetinin fəxri doktoru adının verilməsi münasibətilə təntənəli mərasim keçirilirdi. Mirəli əminin məzarını ziyarət etmək elə onda mənə nəsib oldu.

Səhəri günü daşnakların qırğın hazırladığını eşidən Mirqasım həm özünün, həm də qardaşının ailəsini götürüb Tiflisə yola düşür. Bunun üçün o, vaqon tutur. Onda Qafqaz cəbhəsi buradan keçirdi, hər yerdə ingilis qoşunları dayanmışdı, müşayiətçi hindu əsgər idi".

Onlar Tiflisdə əsasən azərbaycanlıların yaşadığı Şeytanbazar məhəlləsində yaşayırlar. Mirqasım kişi ticarətini davam etdirir, qazandığı pullarla uşaqlarına mükəmməl təhsil verir.

1925-ci ildə Bağır Seyidzadə Tiflisdən Bakıya gəlir. O, sonralar Leninin adını daşıyan Tağıyevin fabrikində işə düzəlir, fəhlə fakültəsinə daxil olur. 1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay "Kəndli" qəzetinin redaksiyasında korrektor işləyir. Onun bütün gələcək həyatının gedişatını müəyyən edən, qarşısıalınmaz yazmaq, yaratmaq, tərcümə etmək həvəsi, kim bilir, bəlkə də elə o vaxtlar oyanır.

O, Azərbaycan Sənaye İnstitutunu bitirməsinə, neft emalı üzrə mühəndis-texnoloq ixtisası almasına baxmayaraq, qəlbən həmişə jurnalist olaraq qalırdı.

Dilarə xanımın xatirələrindən: "O, hələ məktəbdə oxuyarkən işləməyə başlamışdı - divar qəzeti çıxarırdı. O, institutda tələbə divar qəzeti çıxarır, "Gənc işçi" qəzetinin redaktoru olur. O vaxt belə bir qayda vardı - kim qəzetə başçılıq edirdisə, sonra respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçilirdi. Beləliklə, o, respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçildi və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla birlikdə İrana getdi.

O vaxtlar anam MK-nın Mərdəkandakı sanatoriyasının baş həkimi idi. Atam onunla xudahafizləşməyə gələndə deyir ki, İrana gedir, lakin bu barədə heç kəs bilməməlidir. Anam hamıya onun cəbhəyə getdiyini deməlidir. Anam soruşur: Ağaya da deməyim? Babam seyid idi, onun hətta yaşıl qurşağı vardı. O, bizə deyirdi ki, qurşağı bağlayacaqheç kəs bizə toxunmayacaqdır. Atam cavab verir ki, Ağa da bilməməlidir. O, hərbi formada atasının yanına gəlib deyir: Ağa, mən cəbhəyə gedirəm. Ağa təəccüblənir, axı, oğlunun "bron"u var idi. 1941-ci il sentyabrın 15-də Bağır Seyidzadə İrana yola düşür, atası isə infarktdan dünyasını dəyişir. Anam evə qayıdanda qapının bağlı olduğunu görür. Qapını sındırırlar, babam isə artıq keçinmişdi. Anam qayınatası vəfat etdiyi üçün ərini qaytarmaq xahişi ilə MK-ya zəng edir. Onlar isə cavabında "Biz heç onun harada olduğunu bilmirik" deyirlər. Babamı MK dəfn edir. Sonralar atam uzun illər məzarlığa gedə bilmirdi.

Stalin və Bağırov Əziz Əliyevə müxtəlif profilli mütəxəssislərdən ibarət qrup yaratmağı tapşırırlar. Orada jurnalistlər, yazıçılar, hətta geoloqlar vardı. C.Həsənlinin "Cənubi Azərbaycan. Soyuq müharibənin başlanğıcı" kitabında bu barədə çox yaxşı yazılıb. C.Həsənli yazır ki, İrana gələndə Əziz Əliyev onlara göz qoymağa başlayır, - yeri gəlmişkən, bu fakt Qılman İlkinin xatirələrində də vardır və qərara gəlir ki, atam diplomatik işlə məşğul olmalıdır. Bir qismini "Vətən yolunda" qəzetini çıxarmağa göndərir, digərləri üçün məktəb yaradırlar, üçüncülər daha nə iləsə məşğul olurlar, atamı isə oxumaq üçün Moskvaya diplomatik kurslara yollayır. Atam Moskvada fars dilini mükəmməl öyrəndikdən sonra 1944-cü ildə İrana qayıdır, Azərbaycan komsomolu MK-nın ikinci katibi vəzifəsində qalır.

Qılman İlkinin xatirələrindən: "Mən onunla 1936-cı ildə tanış olmuşam. O vaxt Bağır Seyidzadə Azərbaycan LKGİ MK-nın katibi işləyirdi. Mən "Pioner" jurnalının məsul katibi idim. Bizim əsas işimiz onunla bağlı idi. Mən onunla tez-tez görüşürdüm. O, jurnalın daha maraqlı çıxması üçün çox dəyərli məsləhətlər verirdi. Təklifləri o qədər maraqlı idi ki, onu dinləyərkən böyük zövq alırdıq.

İkinci dəfə Bağır Seyidzadə ilə İranda görüşdük. Məlumdur ki, sovet qoşunları 1941-ci ildə İrana daxil olanda yerli əhali ilə əlaqə yaratmaq üçün oraya azərbaycanlılardan ibarət böyük bir qrup göndərilmişdi. Onların arasında jurnalistlər və yazıçılar da vardı. Qrupun rəhbəri Əziz Əliyev təyin edilmişdi. Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə "Vətən yolunda" qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Bundan əvvəl o, Maku şəhərində vitse-konsul işləyirdi. Kürdlərin arasında işləmək diplomatik istedad tələb edirdi. Bağır Seyidzadə bu işin öhdəsindən məharətlə gəlirdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o, özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda milli hökumətin qurulmasında onun böyük xidməti vardır. Milli hökumətin qələbəsindən sonra Makudan Təbrizə sovet konsulluğunda işə göndərildi. Burada o, əvvəlcə vitse-konsul, sonra konsul işləməyə başladı. Bu işdə böyük diplomatik istedad nümayiş etdirdi. Milli hökumət onu "21 Azər" medalına layiq gördü".

M.Bağırovun maraqlı teleqramları qalmışdı. Həmin teleqramlar dövlətin bu qrupun işinə necə böyük əhəmiyyət verdiyinə dəlalət edir: "Təcili Həsənova, Gildinə, Yemelyanova...

Yoldaş Mustafayev və Seyidzadənin hazırladıqları hesabat Cənubi Azərbaycan haqqında ümumi icmalın yaradılması üçün böyük əhəmiyyət daşıyır..." və sair və ilaxır. Yəni, bu hesabatların böyük əhəmiyyəti vardı və böyük məsuliyyətlə hazırlanırdı.

Dilarə xanımın xatirələrindən: "Oraya gedəndə mənim cəmi 5 yaşım vardı, qayıdanda isə 10 yaşında idim. Atam müəyyən müddət Makuda işlədi, sonra onu Təbrizə vitse-konsul göndərdilər, müəyyən müddətdən sonra baş konsul təyin etdilər. Təbrizdə konsulluq bağlandıqdan sonra atam Bakıya qayıtdı. O vaxtlar İranda, Azərbaycanın 12 şəhərində vitse-konsulluqlar yaradılmışdı və onların hamısı Təbrizdəki baş konsulluğa tabe idi. Konsulluqlara azərbaycanlılar başçılıq edirdi. Yəni onlar Azərbaycan xalqının ən yaxşı nümayəndələri idi. Məqsəd isə SSRİ-nin tərkibinə daxil olduqdan sonra Azərbaycanın nə kimi nailiyyətlər əldə etdiyini iranlı qardaşlara, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılara nümayiş etdirmək idi. Onlar ölkəmizi çox ləyaqətlə təmsil edirdilər. Orada atamın həmkarları - Nuri Quliyev, - sonra o, "İnturist"ə başçılıq etmişdi, - sonralar uzun illər nazir müavini olmuş Mustafa Mustafayev işləyirdilər. Onların orada gördükləri mühüm , əlbəttə, bütün gələcək həyatlarında böyük bir iz qoymuşdu, çünki inanırdılar ki, həqiqətən Azərbaycan üçün çox böyük görürlər.

Ginekoloq olan anam xəstəxanada işləyirdi. Orada böyük çox nüfuzlu sovet xəstəxanası vardı. Baş həkim Səmədov idi. Elə həkimlərin hamısı azərbaycanlılar idi. Orada, həmçinin sovet məktəbi yaradılmışdı. Anam biologiyadan dərs deyirdi. Biz orada oxuyurduq, ancaq məktəb bağlanandan sonra mən qardaşımla qayıtdım, müəyyən müddətdən sonra valideynlərimiz qayıtdılar. Atam artıq Yaxın Şərq üzrə ixtisaslaşmışdı Türkiyəyə getməliydi. Lakin Bağırov qərara gəldi ki, o, Azərbaycanda işləməlidir, onu kinematoqrafiya naziri təyin etdi".

Həmin illərdə Azərbaycanın "Xəzər neftçiləri haqqında dastan" filmi ilk dəfə Kann festivalında beynəlxalq mükafata layiq görüldü.

Bağır Seyidzadənin vəfatı ilə bağlı rəsmi nekroloqda qeyd edildiyi kimi, o, Mətbuat İşləri üzrə İdarə yaratmışdı. Sonradan ona başçılıq etdi, daha sonra həmin idarəni Mədəniyyət Nazirliyi ilə birləşdirdilər. Beləliklə, o, mədəniyyət nazirinin müavini oldu. O, bu vəzifədə yalnız mətbuat və kino ilə məşğul olurdu.

Dilarə Seyidzadənin dediklərindən: "O vaxtlar nazir Abdulla Bayramov idi. Nazirin daha bir müavini vardı - Məmməd Qurbanov. O, teatrlar ilə, atam isə ancaq mətbuat və kino ilə məşğul olurdu, halbuki ixtisasca neftçi-texnoloq idi. Atamın bütün məktubları, hesabatları təsdiq edir ki, o, əla jurnalist olmuşdur. Həyatda qarşılaşdığı bütün çətinlikləri dəf etməkdə atama daim yazmaqla, redaktə və tərcümə işi ilə məşğul olması kömək edirdi. O, mükəmməl tərcüməçi idi. Mərhum Qurviç deyirdi ki, o, tərcüməçi deyil, pulemyotçudur. Çünki həmişə sinxron tərcümə edirdi. Əsas dili Azərbaycan dili idi, çünki ibtidai təhsilini Azərbaycan dilində almışdı. Sonra institutda rus dilində oxumuşdu. Amma rus dilindən Azərbaycan dilinə tərcümə edirdi. O, çoxlu xarici dil, o cümlədən fransız dilini bilirdi. O, "Görkəmli insanların həyatı" silsiləsindən bir sıra əsərlər tərcümə etmişdi".

O, tutduğu vəzifədən əhəmiyyətsiz bir məsələ üstündə azad edilmişdi. Azərinformun (indiki AzərTAc) baş redaktoru Azər Ələsgərov bu barədə deyirdi: "Bağır Seyidzadə nazir müavini işləyə-işləyə iki-üç kitab tərcümə edib onları nəşr etdirmişdi. Bu səbəbdən belə bir məsələ qaldırılmışdı ki, o, tərcümə edərək filan qədər qonorar almışdır. Buna görə də onu işdən azad etdilər. O, Azərnəşrdə kiçik redaktor işləməyə başladı, sonra isə Azərinforma direktor müavini vəzifəsinə dəvət edildi. Yalnız sonralar Azərbaycan KP MK-nın birinci katibi təəssüflə etiraf edəcək ki, Bağır Seyidzadə vəzifəsindən səbəbsiz azad edilmişdir".

Dilarə xanımın dediklərindən: "Atam azad ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, qəlbən jurnalist olaraq qalmışdı. Bu, onun gələcək həyat yolunu müəyyən etdi. Onu nazir müavini vəzifəsindən azad edəndə, - bunu heç vaxt unutmayacağam, - yaman fikir çəkirdi. Atam öz zəhməti, tərcümələri sayəsində dolanan nizam-intizamlı, büllur kimi saf və təmiz insan idi. O istəyirdi ki, ailəsi ehtiyac bilmədən yaşasın. Bizim hər şeyimiz vardı. Firavan həyatımızı təmin edən yeganə mənbə onun tərcümələri idi. Onu isə "xidməti vəzifəsindən istifadə edərək tərcümələrlə məşğul olduğu" üçün işdən çıxarmışdılar. Mən atama "Axı bu, necə ola bilər" sualını verəndə dedi ki, onlar təsadüfi adamlardır. O, hətta bütün bunların ədalətsiz olduğu barədə fikrimə tərəfdar çıxmadı".

Bu məsələdən xəbər tutan hər kəs hesab edirdi ki, o, haqsızlığa məruz qalmışdır.

Xalq yazıçısı Qılman İlkin bu faktı belə izah edir: "Mədəniyyət sahəsindəki böyük xidmətlərinə görə 1967-ci ildə Bağır Seyidzadəyə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilmişdi. Bu sahədəki xidmətlərinə, xeyirxah olmasına baxmayaraq, həsəd aparanları və bədxahları vardı. Hamı bilirdi ki, onun bir dəqiqə də olsun boş vaxtı yoxdur, yarımçıq işlərini bitirmək üçün işdən sonra qalır. Gecələr isə yuxunu israfçılıq sayaraq bədii tərcümə ilə məşğul olur, ailəsinin heç bir şeydə korluq çəkməsinə imkan vermirdi. O, pulsuzluğu özünə rəva görə bilməzdi. Bu da həmkarlarında paxıllıq hissi doğururdu, onlar nəyin bahasına olursa-olsun bu firavanlığa zərbə vurmağa çalışırdılar. Nail oldular da. Onu işdən azad etdilər. İşdən azad edilməsi haqqında əmr gülünc səslənirdi. Orada yazılmışdı: tərcümələrinə və böyük məbləğdə qonorarlar aldığı üçün vəzifəsindən azad edilsin. Sonralar bundan xəbər tutan MK-nın birinci katibi deyəcək ki, onu işdən əbəs yerə çıxarmışlar. Bu, tarixdə görünməmiş bir əmr idi!".

 

(ardı var)

 

 

Tamilla NURİYEVA

 

Xalq qəzeti.- 2012.- 9 avqust.- S. 6.