Azərbaycanın
beynəlxalq aləmdə reytinq göstəricilər
reytinq göstəriciləri ildən-ilə
artır
Biz artıq özümüzü
çox gözəl sərmayə mühiti olan ölkə
kimi tanıtmışıq. Azərbaycana birbaşa xarici sərmayə
axını hər hansı MDB ölkəsindən daha
yüksəkdir. İqtisadiyyatın rəqabətədavamlılığı
da artmaqdadır. Davos İqtisadi Forumunun reytinqinə əsasən,
Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına
görə 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır.
Bu, bizim üçün çox mühüm nailiyyətdir.
Belə ki, bu, bizim apardığımız şaxələndirmə
siyasətinin artıq bəhrə verdiyini sübut edir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan
hazırda dünya birliyinin layiqli üzvlərindən birinə
çevrilməkdədir. Bu gün ölkəmiz beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin,
iqtisadi yüksəlişin
məkanı kimi tanınır. Bu, ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi,
möhkəm bünövrə
üzərində sürətlə
inkişaf edən müstəqil dövlətimizin
real mənzərəsidir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla, yüksək dinamizmlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hazırda tərəqqi və yüksəliş dövrünü yaşayır. Regionlarda mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Bütün bunlar yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.
Respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik dəyərlərə, qanunçuluğa və hüquq qaydalarına ciddi şəkildə riayət olunmasına söykənir. Ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, davamlı ictimai-siyasi sabitliyin qorunub saxlanılması sərmayə axınını daha da sürətləndirmişdir. Bu da sürətli iqtisadi tərəqqinin başlıca amillərindən biri kimi dəyərləndirilir. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərə nəzər yetirdikdə bir daha aydın olur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını daha da sürətləndirmiş, sosial,siyasi, iqtisadi və mədəni sahələrdə yüksək artım əldə olunmuşdur. Həyata keçirilən məntiqli iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, əhalinin maddi rifahının durmadan yaxşılaşmasına da öz təsirini göstərib. Müstəqil daxili və xarici siyasət yeridən dövlətimiz yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanınır. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilmişdir. Hazırda respublikamız Cənubi Qafqazda lider dövlətdir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin uğurlu davamı ölkəmizin xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevirmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin daxili və xarici siyasət xəttini daha da təkmilləşdirmişdir. Azərbaycanın uğurlu diplomatiyası sayəsində BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox qətnamələr və qərarlar qəbul edilmişdir.
Dövlət başçımızın həyata keçirdiyi siyasi strategiyanın əsas qayəsini əhalinin rifah halının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin dünya birliyindəki mövqeyinin daha da gücləndirilməsi və əlaqələrinin genişləndirilməsi təşkil edir. Bu yolda irəli sürülən təkliflər, həmçinin həyata keçirilən islahatlar beynəlxalq aləmdə dəstəklənir. Ötən ilin sonunda ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv olarkən də bunun şahidi olduq. Prezident İlham Əliyev çıxışlarının birində beynəlxalq aləmin Azərbaycana dəstək verdiyini diqqətə çatdıraraq demişdir: "Azərbaycan 20 ildir ki, müstəqil dövlətdir. Hamıya məlumdur ki, Azərbaycan müstəqil siyasətə və strategiyaya malikdir. Bizim bütün siyasi təşəbbüslərimiz, xüsusilə regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz çox müsbət zəmin əsasında qurulub. Bizim məqsədimiz xeyli sayda regional dövlətlərin iştirak etdiyi layihələr və əməkdaşlıq vasitəsilə tərəfdaşlıq qurmaqdır. Coğrafi mövqe baxımından Azərbaycan İpək Yolunun üstündə Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşir. Qeyd etdiyim kimi, bizim təşəbbüslərimiz regional dövlətləri əhatə edir və onlar da Azərbaycanın inkişafından və fəaliyyətindən bəhrələnirlər. Beynəlxalq səviyyədə bizə çox böyük dəstək göstərilir. Biz bunu daim hiss edirik. Belə ki, təşəbbüslərimizin çoxu beynəlxalq birlik tərəfindən dəstəklənir. Lakin bu dəstəyin ən yaxşı göstəricisi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilərkən özünü göstərdi. Bu, asan məsələ deyildi. Mühüm məsələ ondan ibarət idi ki, bu seçkilərdə 155 dövlət Azərbaycana səs verdi".
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xarici iqtisadi siyasətin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur. 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ÜDM 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı. İnflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi və bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması və bu yolda inamla irəliləməsi nüfuzlu beynəlxalq qurumların diqqətindən yayınmadı. Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında da islahatçı respublika kimi təcrübəsi təbliğ olunan, MDB ölkələri üzrə lider dövlət statusunu, nüfuzunu qoruyan ölkəmizdə sənaye potensialı gücləndirilmiş, yeni istehsal sahələri yaradılmış, minlərlə yeni obyekt, bir milyona yaxın iş yeri açılmış, sahibkarlığın inkişafına dövlət dəstəyi daha geniş şəkildə davam etdirilmişdir.
Azərbaycanın beynəlxalq aləmdəki reytinq göstəricilərinin getdikcə yaxşılaşdığını düzgün müəyyənləşdirilmiş strategiya və həyata keçirilən sistemli islahatlarla əlqələndirən dövlətimizin başçısı demişdir: "Bizim iqtisadi siyasətlə bağlı planlarımız bax bundan ibarətdir. Biz bu siyasəti uzun illərdir ki, aparırıq, iqtisadi islahatları davam etdiririk. Bu islahatların davam etdirilməsi prosesi hələ getməlidir. Çünki xüsusilə sistem xarakterli islahatlara böyük ehtiyac vardır. Azərbaycan beynəlxalq iqtisadi inkişafla bağlı reytinqlərdə həmişə yüksək yerlər tutur. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı MDB məkanında birinci yerə layiq görür. "Standard and Poors" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb. Hazırda regional güc mərkəzi kimi Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən artıq paya malik olan ölkəmizdə modern islahatlar, müasir texnologiyaların tətbiqi prosesi geniş vüsət almışdır. İqtisadiyyatın şaxələndirilməsi, irimiqyaslı infrastruktur layihələrinin icrası, özəl sektorun genişlənməsi, regionların inkişafı sahəsində mühüm uğurlar əldə edilmişdir. Bu uğurlara beynəlxalq aləmdə də yüksək qiymət verilməsinin növbəti bir ifadəsi olaraq, bu günlərdə nüfuzlu "Standard and Poors" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının mövcud durumunu "stabil"dən "pozitiv"ə yüksəltmişdir".
İqtisadi tərəqqinin dayanıqlı xarakter aldığı respublikamızda sosial rifah göstəriciləri də artmaqda davam edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizdə orta pensiya məbləği 190 ABŞ dollarınadək, orta aylıq əmək haqqı isə 460 dollaradək yüksəlmişdir. Son 8 ildə yeni yaradılan iş yerlərinin sayı bir milyonu ötmüş, hətta, inkişaf etmiş ölkələrdə işsizliyin artdığı bir vaxtda respublikamızda işsizlik səviyyəsi 5,4 faizə enmişdir. Bunlar nəticə etibarilə ölkədə yoxsulluq səviyyəsinin daha da azalmasına səbəb olmuşdur.
Son illər beynəlxalq
maliyyə institutları və ən nüfuzlu
agentliklər tərəfindən hazırlanan reytinq
cədvəllərində və hesabatlarda
Azərbaycanın adı davamlı islahatları sürətləndirən
ölkələr sırasında yer
alıb. Həmin hesabatların bəzilərini diqqətə
çatdırmağı zəruri hesab edirik.
Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etdi
Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair "Doing Business - 2009" hesabatında Azərbaycan 181 ölkə arasında 1 nömrəli islahatçı ölkə elan edilib. Azərbaycan keçənilki göstəricisini (97-ci yer) 64 pillə yaxşılaşdıraraq, bütün MDB ölkələrini və Avropanın bir neçə inkişaf etmiş ölkəsini geridə qoyub və 33-cü yerə yüksəlib. Bununla hesabat tərtib edilmə tarixində ən böyük rekord müəyyən edilib.
Dünyanın nüfuzlu maliyyə və reytinq təşkilatları Azərbaycanın sürətli iqtisadi inkişafını, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olduğunu, liberal iqtisadiyyat qurulduğunu xüsusi qeyd edirlər. Təsadüfi deyil ki, Azərbaycan nüfuzlu maliyyə və reytinq təşkilatlarının hesabatlarında ilk yerlərdən birini tutur.
2008-ci ildə Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan edib. Beləliklə, sözügedən dövlət proqramı qarşıda qoyulan əsas məqsədə, yəni iqtisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsi, rayonlarda vətəndaşların sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafına yönəlmiş tədbirlərin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsinə nail olub.
BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatı - Azərbaycan "Orta insan inkişafı" qrupundan "Yüksək insan inkişafı" qrupuna yüksəlmişdir. Hesabatın əhatə etdiyi 169 ölkə arasında son 5 ildə Azərbaycan ən sürətli irəliləyişə nail olan dövlətdir. 2005-ci ildə 105-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlib. Nəticədə, Azərbaycan "Orta insan inkişafı" qrupu ölkələrini tərk edərək Braziliya, Türkiyə və Malayziya kimi "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub.
Qlobal Rəqabətlilik Hesabatı - Azərbaycan ölkələrin rəqabət qabiliyyəti reytinqində 142 ölkə arasında 55-ci yer, makroiqtisadi mühitin stabilliyi altindeksi üzrə 16-cı, əmək bazarlarının effektivliyi üzrə 14-cü mövqeni tutub.
Dünya İqtisadi Forumu - Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında 1-ci yeri tutur.
"Standard and Poors" beynəlxalq reytinq agentliyi - kredit reytinqi "stabil"dən
"pozitiv"ə yüksəltmişdir.
"Moody's" beynəlxalq reytinq agentliyi - Azərbaycan üzrə reytinq proqnozunu "Stabil"dən "Pozitiv"ə
yüksəltmişdir.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi - ilk dəfə olaraq Azərbaycana investisiya səviyyəli beynəlxalq
reytinq vermişdir. Bu günlərdə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici
valyutada uzunmüddətli
reytinqini BBB- səviyyəsində
və proqnozunu "Pozitiv" səviyyəsində
təsdiqləmişdir.
"Doing
Business" hesabatı - "Doing Business -
2009" hesabatında Azərbaycan
biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə
elan edilmiş,
"Doing Business 2010" və "Doing
Business 2011" hesabatında isə ölkəmiz mövqelərini qoruyub saxlamışdır. "Doing
Business 2011" hesabatında Azərbaycan 183 ölkə
arasında 54-cü yeri
tutmuşdur. Hesabatda
2006-cı ildən etibarən
5 il ərzində
Azərbaycanın biznes
mühiti üzrə əhəmiyyətli islahatlar
apardığı və
biznes mühitinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd
edilmişdir.
"Doing
Business"-2007 hesabatında biznes üçün şərtlərin sadəliyi
səviyyəsi üzrə
175 ölkənin (ötən
ilə nisbətən
20 ölkə çox)
reytinqi göstərilib.
Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan "Biznesin
idarə edilməsi -
2012: daha şəffaf
dünyada biznesin idarə edilməsi"
(Doing business in a more transparent world) reytinqində
66-cı yeri tutub.
Xatırladaq ki, Azərbaycan "Doing
Business - 2011" hesabatında 69-cu yeri tutmuşdu.
"Doing Business" saytında dərc edilən hesabata əsasən, Azərbaycan bir sıra indikatorlar üzrə qlobal reytinqdə öz yerini yaxşılaşdırıb. Həmçinin, müqavilələrin icrası
indikatoru üzrə reytinqdə Azərbaycan
25-ci, mülkiyyətin qeydiyyatı
üzrə 9-cu, vergilərin
ödənişləri üzrə
81-ci, beynəlxalq ticarətin
aparılması üzrə
170-ci yeri tutur. Tikintiyə icazələrin alınması
indikatoru üzrə Azərbaycan 172-ci, biznesin başlanması indikatoru üzrə 18-ci, kreditlərin
alınması üzrə
48-ci, investorların hüquqlarının
müdafiəsi üzrə
24-cü, biznesin bağlanması
üzrə 95-ci, elektrik
enerjisinin alınması
üzrə 173-cü yeri
tutur. Onu da qeyd edək ki, builki
məruzəyə 2010-cu ilin
iyunundan 2011-ci ilin mayına qədər normativ dəyişikliklər
daxildir.
Azərbaycanın uğurları dünya mətbuatında da geniş şərh olunur. Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin bütün sahələr üzrə qazandığı nailiyyətləri dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən düzgün müəyyənləşdirilmiş strategiya ilə əlqələndirirlər. Məsələn, nüfuzlu "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş "The Business Year-Azerbaijan 2011" adlı xüsusi buraxılışında Azərbaycanın ötən ildə qazandığı sosial-iqtisadi göstəricilər önə çəkilmiş və ölkəmiz "İlin dövləti" elan edilmişdir.
Təbii ki, ölkəmizin qazandığı uğurlarda Prezident İlham Əliyevin fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. Bunu beynəlxalq ictimaiyyət də yüksək qiymətləndirir. Fakt üçün diqqətə çatdıraq ki, Böyük Britaniyanın nüfuzlu "The Times" qəzeti 2012-ci ildə dünyanın ən məşhur və nüfuzlu 100 nəfərinin siyahısını hazırlayıb. Təsadüfi deyil ki, "The Times" qəzeti Azərbaycan Prezidentini 2012-ci ilin ən nüfuzlu şəxslərinin siyahısına daxil edib. Bu fakt Prezident İlham Əliyevin nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da peşəkar siyasətçi, qətiyyətli dövlət başçısı və tanınmış dövlət xadimi kimi qəbul olunduğundan xəbər verir. "The Times" qəzeti yazır:" "Azərbaycan Prezidenti ölkəsinin dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu təsdiqləyir və Böyük Britaniya bunu hiss etməyə başlayır: gələcəkdə bizi "Xəzərdə Dubay"la heyrətləndirmək üçün Bakıda ticarət mərkəzləri və beşulduzlu hotellər çoxalır. Azərbaycan mətbəxinin restoranı Naytsbricdə yenicə açılıb və Conde Nast jurnalın beynəlxalq versiyasının (Bakı) nəşrinə başlayıb".
Qeyd edək ki, "The Times" qəzetinin reytinqinə ABŞ Prezidenti Barak Obama, Almaniya Kansleri Angela Merkel, İsrailin Baş naziri Binyamin Netanyahu, Kraliça II Yelizaveta, Apple şirkətinin rəhbəri Tim Kuk, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard və başqaları daxildir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən strategiya Azərbaycanın beynəlxalq aləmdəki reytinq göstəricilərini ildən-ilə yaxşılaşdırır. Bunu dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının hesabatları da təsdiqləyir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 10 avqust.- S. 1.